ARB TV-nin "Günə Son”verilişində psixoloq Əfsanə Rüstəmovanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Məişət zorakılığı mövzusunun gündəmə gətirildiyi efirdə psixoloq emosional ehtiyacı ödənməyən qadının boşanmaq haqqının olduğunu deyib. O, fikirlərini belə əsaslandırıb:
"Mənim üç minlik telefon kimi emosional bir ehtiyacım varsa, həyatım yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi bir şansım var. Ər rahat kreslosunda oturub, üç min manatlıq telefonu almırsa, boşanmağa getməyin tərəfdarıyam. Şillə dəyəndən sonra hər şey üçün gecdir”.
Birmənalı qarşılanmayan fikirlərə klinik psixoloq Rövşən Nəcəfovun münasibətini öyrəndik. Demokrat.az-a açıqlama verən mütəxəssis bakalavr təhsili psixologiya olmayan və sosial platformalarda özünü fenomen psixoloq kimi təqdim edən şəxslərlə mübarizə aparılmalı olduğu qənaətindədir:
"Vətəndaşlara psixoloq yanına gedərkən diplom tələb etməyi tövsiyə edirəm. Reklam olunan sertifikatlara inanmasınlar. Özünü psixoloq kimi təqdim edən şəxslərdən psixologiya üzrə bakalavr diplomu, özünü klinik psixoloq kimi təqdim edən şəxslərdən isə klinik psixologiya üzrə magistr diplomu tələb etmək lazımdır. Xaricdə təhsil aldığını deyən şəxslərdən də Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş sənəd tələb edilməlidir. Bunları tələb etmək müraciətçilərin haqqıdır. Psixologiya üzrə bakalavr təhsili almış şəxslər psixologiyanın elmi istinad mənbələrini bilir. Media subyektləri də verilişlərinə və ya hansısa layihələrinə psixoloq dəvət edəndə qeyd etdiklərimi nəzərə almalıdır”.
R.Nəcəfov deyib ki, özünü cəmiyyətə psixoloq kimi təqdim edən şəxslərlə bağlı hüquqi müstəvidə addımlar atılmalıdır:
"Aidiyyəti dövlət qurumları bununla bağlı qanunun sərt üzünü göstərməlidirlər. Özəl bağça, məktəbəqədər və digər təhsil müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində, tibb mərkəzləri və klinikalarda ixtisası psixologiya olmayan, müvafiq ixtisas üzrə diplomu olmayan şəxslər psixoloq xidməti göstərirlər. Özəl müəssisələrdə aidiyyəti dövlət qurumları tərəfindən yoxlamalar aparılmalıdır”.
Ekspert onu da əlavə edib ki, heç bir elmi əsası olmayan "NLP”, "Access Bars”, "Yaşam koçluğu”, "Şəxsi inkişaf” kimi fəaliyyətlər psixologiya deyil:
"Amma bunları insanlara psixoloji xidmət olaraq təqdim edirlər. İnsanların xoşbəxtlik axtarışından sui-istifadə etmək olmaz. Psixologiya empatiyanın olduğu sahədir. Kiminsə yaxşı dinləyici olması onun peşəkarlığını ifadə etmir. Psixoloqlar insanların təşvişləri, asılılıqları və digər psixoloji pozuntuları ilə məşğul olan, elmi əsaslı metod və konsultasiyaları icra edən ixtisas sahibləridirlər”.