Abramyan: Bakı sülh sazişindən bu müzakirəni çıxartdı

Əsas problemimiz odur ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı konsensusa malikdir. Azərbaycanın dərc etdiyi beş prinsip və Ermənistanın əlavələri göstərir ki, sülh müqaviləsinin bağlanması Bakı üçün danışıqların uğurla başa çatması deməkdir. Sozcu.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib. “Çünki danışıqların aparıldığı və açıq şəkildə deyilənlərin heç biri Ermənistanın maraqlarını əks etdirmir. Öz müqəddəratını təyinetmə hüququ danışıqlardan çıxarılıb. Bu, artıq onu göstərir ki, ermənilərin heç bir müsbət gözləntiləri ola bilməz və Qarabağın Azərbaycanın nəzarətinə keçməsi İrəvan hakimiyyətini xüsusi qıcıqlandırmır”, - o bildirib. Abramyan qeyd edib ki, danışıq sırf Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunur: “Amma Rusiya da bu prosesdən kənarda qalmayıb. Bölgəmizdəki proseslərə nəzarəti ələ keçirməklə bağlı Qərblə Rusiya arasında dərin qarşıdurma var. Rusiya iştirakını təmin edir, lakin 4-6 aydan sonra nə olacağını demək çətindir”.

Nicat Mahmudov vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb. Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub./APA

"Tehran bu addımı atsa, 40 min soydaşımız fars-molla rejiminin altını-üstünə çevirəcək"

İranın Hatəm əl-Ənbiyadakı Mərkəzi Qərargahının komandiri , general-mayor Qulam-Əli Rəşidinin İsraillə əməkdaşlıq edən hər bir ölkəni təhdid etməsi fars-molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoyub. Düşmənimizlə kordinasiya və əməkdaşlıq edən bütün mərkəz və bazaları hədəfə alacağıq deyən iranlı generalın sözlərini ciddi qəbul edənlərin sayı az olsa da, cinayətkar Tehran rejimindən hər cür riyakarlıq gözləyənlər kifayət qədərdir. Bəs görəsən İranın bu hədələri nə dərəcədə real ola bilər? İsraillə əməkdaşlıq edən ölkələrə Tehranın təcavüz etməsi mümkündürmü?  Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, İran rəsmilərinin bu cür riyakar və həyasız bəyanatları heç bir məntiqə sığmır: “Onlar öz işləri ilə deyil konkret olaraq terrorçuluq və iqtisadi cinayətlərlə məşğuldurlar. Bu cür təhdidlər artıq bizi təəccübləndirmir və buna alışmışıq. Digər tərəfdən İranın İsraillə əməkdaşlıq edən ölkələrə qarşı guya savaş elan etməsi həqiqətə uyğun deyil və riyakarlıqdır. Təbii ki, burada əsas hədəf Azərbaycandır. Əgər İran doğurdan da İsraillə əlaqə saxlayan, orada səfirlik açan və nümayəndəliyi olan ölkələri hədəf seçibsə, o zaman niyə Ermənistana indiyə qədər bu barədə irad bildirməyib. Əksinə Tehran İrəvanı daha çox dəstəkləyib və mehriban münasibətlər qurub. Digər tərəfdən dünyada 200-ə yaxın dövlət mövcuddur və onların mütləq əksəriyyəti İsraillə əməkdaşlıq edir və münasibətlər qurur. Bu baxımdan İran rəsmisinin fikirləri blefdən başqa bir şey deyil. Rəsmi Tehran İsraillə əlaqə quran dövlətlərə qarşı heç vaxt savaş aça bilməz”. Politoloq əlavə edib ki, İranın təhdidləri hay-küy salmaqdan başqa bir şey deyil və rəsmi Tehran Azərbaycanın güclənməsindən qorxuya düşüb: “Hesab edirəm ki, İran terrorist və cinayətkar rejimin idarə etdiyi bir dövlət olaraq istənilən avantüraya getmək haqda düşünə bilər. Amma bunları gerçəkləşdirmək imkanları kifayət qədər məhduddur. Çünki Tehran Arazdan şimala yan baxmağa cəhd etsə, o zaman başına gələcəklərə görə özü məsuliyyət daşıyacaq. Ən azından bizim 40 minə yaxın soydaşımız fars-molla rejiminin altını-üstünə çevirər, Azərbaycanın güclü ordusu İranın fitnəkarlığına layiqli cavab verər. Digər tərəfdən Türkiyə kimi müttəfiqimiz rejimin cinayətkar əməllərini cavabsız qoymaz. İran bunu yaxşı anlayır. Bu cür riyakar və cinayətkar şəxslər İranda nə qədər ki, hakimiyyətdədir, Tehranın təhdidləri olacaq. Amma fars-molla rejimi heç bir təhdidin cavabsız qalmayacağını anlamalıdır”.

Stoltenberq: Müharibənin sonu Rusiya ilə münasibətlərimizi normala qaytarmayacaq

"Soyuq Müharibənin sonunda bir çoxumuz Rusiya ilə daha yaxşı münasibət qura biləcəyimizə inanırdıq, amma prezident Putin əməkdaşlıqdan və dialoqdan uzaqlaşmağı seçdi, o, yerinə yetirilməmiş vədləri yerinə yetirməyi buraxdı". Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Helsinkidə Nordik İşçi Hərəkatının Əməkdaşlıq Komitəsinin (SAMAK) sammitində çıxışı zamanı deyib. "Putin qlobal təhlükəsizliyin fundamental prinsiplərini darmadağın etdi, qonşu ölkələrə hücum etdi və bizim demokratiyalarımızı sarsıtmağa çalışdı". Stoltenberq Moskvanın beynəlxalq normalara hörmət etməməsinin son nümunəsi kimi Rusiyanın nüvə silahlarını məhdudlaşdıran Yeni START Müqaviləsində iştirakını dayandırmasını göstərib. "Biz etiraf etməliyik ki, bu müharibənin sonu Rusiya ilə münasibətlərimizi normala qaytarmayacaq. Geriyə dönüş yoxdur. Daha təhlükəli bir dünyada müdafiəni istəyə bağlı seçim hesab etmək artıq mümkün deyil. Bu zərurətdir", Stoltenberq vurğulayıb.

Kəramət Böyükçöldən Natiq Cəfərliyə sarkazmla cavab: “Soruşdu ki, çantanda nə var? Dedim, maladır”

Yazıçı Kəramət Böyükçöl REAL Partiyasının funksioneri Natiq Cəfərliyə sarkazmla cavab verib. Sozcu.az xəbər verir ki, K.Böyükçöl bildirib: “Hüseyn Cavid parkının böyründən yolu keçirdim. Kürəyimdə içi kitablarımla dolu qırmızı çanta vardı. PA serialı bahalı bir maşın məni görən kimi əvvəlcə sağ tərəfimdən sürtdü. Mən qorxub yolun kənarına çəkildim, ordan da parkın içinə keçdim. Maşın da qaz verib səkinin üstündən parka girdi. Mən qaçırdım, PA serialı maşın da arxamca düşmüşdü. Ağacın arxasına gizlənmək istəyəndə sürücü maşından aşağı düşüb üstümə qışqırdı. Dedim, mən sizə nə etmişəm? Nə deyirsiniz, onu da eləyirəm. Mənlə nə işiniz var? Dedi ki, sən Kəramət deyilsən? Dedim, yox. Soruşdu ki, bəs kimsən? Dedim, Natiq Cəfərli. Birdən maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşdü. Dedi, Natiq müəllim, üzr istəyirəm, sürücünü tənbeh edəcəm. Elə bilib Kəramət Böyükçölsən. Soruşdu ki, bəs çantanda nə var? Dedim, maladır. İşə gedirəm. Qalstuklu müəllim mənə uğur arzuladı, sonra da maşına oturub getdi”. Qeyd: N.Cəfərli Bakıda tıxacda başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. O, PA seriyalı avtomobilin sürücüsü ilə yaranan mübahisəni belə nəql edib: ““6-cı paralelnidə” tıxacda zülmlə gedirik, PA serialı bahalı bir maşın vurnuxur, soldan-sağdan keçməyə çalışır, rəsmən belimə minib. Pəncərəni açıb, "qardaş, nə olsun e PA seriyalısan, minəcəksən bizi", deyə irad bildirdim. Sürücü coşdu, ağzına gələni, hətta təhdidlə nəsə deməyə başladı. Maşını söndürüb düşdüm, sürücü də endi, sonra o maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşüb, “Natiq müəllim, əsəbləşməyin, üzr istəyirəm, sürücünü tənbeh edəcəm”, dedi. Açığı, xoşuma gəldi, tanımadım kimdir, amma mədəni davranışını bəyəndim və bir anlıq düşündüm ki, həmin sürücünün əlinə səlahiyyət keçsə, hamımızı minər...” Onun statusu müzakirələrə səbəb olub.

İranda güclü partlayış: yaralananlar var

İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib, altı nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib. Partlayışın “Baba Qulam” Sənaye Birliyinin buz fabrikində ammonyak qazı çənində baş verdiyi bildirilib. Əlavə məlumat verilmir.

Nazirliyin keçmiş şöbə müdirinin həbs müddəti uzadılıb

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin keçmiş müdiri İlkin Nəsibovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qərara görə, İ.Nəsibovun həbs müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin keçmiş Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.