Haaqada 44 dövlət Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəklədi...

Haaqada keçirilən “Ukrayna üçün ədalətin bərpası” konfransının siyasi bəyannaməsi 44 dövlət tərəfindən imzalanıb. Sənəddə təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını və Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi təşəbbüslərini dəstəklədiyini bildirir. Sozcu.az xəbər verir ki,  “Yevropeyskaya pravda” bu haqda Hollandiya hökumət portalına istinadla məlumat yayıb. Yekun sənədi hələlik Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, Ukrayna, Böyük Britaniya və ABŞ imzalayıb. Konfransda ümumilikdə 57 ölkə iştirak edib. Bəyannamədə ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü beynəlxalq hüququn və asayişin kobud şəkildə pozulması kimi pisləyir və BMT məhkəməsinin 2022-ci il martın 16-da Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur edən qərarını xatırladırlar. Ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı törətdiyi bütün beynəlxalq hüquq pozuntularına, o cümlədən təcavüz cinayətinə görə lazımi təhqiqat və məsuliyyətin təmin edilməsi üçün birgə səyləri artırmağa çağırır. Ölkələr konfransda müxtəlif dövlətlərin təhqiqatları daha da dəstəkləmək üçün verdiyi vədləri alqışlayır və Vladimir Putin üçün misli görünməmiş həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, artıq işdə iştirak edən bütün qurumların rolunu qeyd edirlər. Bəyannamədə ötən il Ukrayna və Birgə İstintaq Qrupunun (JIT) üzvü olan beş dövlətin iştirakı, ABŞ və milli araşdırmalara dəstək verən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunun da cəlb edilməsi ilə koordinasiya platforması kimi "Yevrojust"-da Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəzin (ICPA) yaradılması alqışlanır.  Ölkələr Rusiya Federasiyasının ali hərbi-siyasi rəhbərliyinin cəzalandırılmasına töhfə verəcək Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiyanı məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılması üzərində işləmək niyyətlərini təsdiqləyir və bu istiqamətdə əhəmiyyətli irəliləyişi alqışlayır, dövlətləri və beynəlxalq təşkilatları bu prosesi başa çatdırmaq üçün hüquqi bazanın və beynəlxalq dəstəyin hazırlanmasına kömək etməyə çağırır. Sənəddə həmçinin Hollandiyanın bu xüsusi tribunalı qəbul etməyə hazır olması alqışlanır.

Bayden və Szinpin qlobal məsələləri müzakirə etdilər

ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Szinpinlə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, liderlər ABŞ və Çin arasındakı ikitərəfli əlaqələri, kommunikasiya kanallarının gücləndirilməsinin davamlı əhəmiyyətini, Vaşinqton və Pekin rəqabətinin məsuliyyətli idarə olunmasını və bir sıra regional və qlobal məsələləri nəzərdən keçiriblər.

Biz İranla müharibə istəyirik - Kohen

Biz çox açıq şəkildə deyirik ki, İran və Hizbullahla müharibə etmək istəyirik. Hələ başa düşmürsüz?  Sozcu.az xəbər verir ki, bu sözləri israilli jurnalist İdi Kohen X hesabında yazıb. Onun tvitinə münasibət bildirən X istifadəçiləri isə illərdir iki ölkənin bir-biri ilə sözdə müharibə etdiyini, lakin nəticədə ölənlərin ərəblər olduğunu bildirib.  Xatırladaq ki, aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına hücum edib. Hücum nəticəsində bina tamamilə dağılıb, İranın yüksək rütbəli 7 zabiti həyatını itirib. İranlı diplomatlarında öldüyü bildirilir. 

SEPAH-dan lətifə kimi açıqlama: ABŞ-dan öndəyik

İran cümhuriyyət və demokratiya sahəsində ABŞ və Avropadan irəlidədir. Sozcu.az xəbər verir ki, bunu Tehranın İran parlamentindəki nümayəndəsi, SEPAH komandiri İsmayıl Kövsəri deyib. “Bu sahədə dünyada birinci yerdəyik”, - o bildirib. İranlı internet istifadəçiləri istehza ilə İsmayıl Kövsəridən İranı Avropa və ABŞ səviyyəsinə geri qaytarmağı xahiş ediblər.

Rusiyada daha bir zavod yanır

Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yerləşən “Uralmaşzavod”da böyük yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yanğın 800 kvadrat metr ərazini əhatə edir. Qeyd edək ki, şəhərdə Mərkəzi Hərbi Dairənin qərargahı, Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Rəyasət Heyətinin və 35 federal hökumətin ərazi orqanları yerləşir.

Gürcüstan-Rusiya sərhədində sıxlıq müşahidə olunur

“Yuxarı Lars” keçid məntəqəsindən 4 100-dən çox yük maşını keçmək üçün gözləyir. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi bildirib. Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün isə ümumilikdə 4 132 yük avtomobili gözləyir. Hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.

Rusiyalı polkovnik də “Krokus”da öldürülüb

Moskvadakı “Krokus Siti Holl”da baş verən terr aktı nəticəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinin polkovniki Timur Myasnikov da ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Onun Ukraynadakı hərbi əməliyyatlarda da iştirak etdiyi bildirilib.

Avtobus körpüdən aşdı: Hamı öldü, yalnız o sağ qaldı

Cənubi Afrika Respublikasında (CAR) avtobusun körpüdən aşması nəticəsində azı 45 sərnişin ölüb. Sozcu.az xəbər verir ki, SABC radiostansiyası məlumat yayıb. Hadisə Limpopo vilayətində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi körpüdən aşıb və Mokopane ilə Marken arasındakı dağ aşırımına düşərək yanıb. Hadisə nəticəsində 45 nəfər ölüb. Məlumata görə, yalnız 8 yaşlı qız faciədən sağ qurtulmağı bacarıb.

İllinoysda bıçaqlı hücumda 4 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-nin İllinoys ştatının Rokford şəhərində dörd nəfər bıçaq yaralarından ölüb, beşi isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Associated Press” bildirib. Məlumata görə, şübhəli şəxs artıq saxlanılıb. Hadisənin səbəbləri bəlli deyil. Yaralılardan birinin vəziyyəti ağırdır.

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Fransanın əsas turizm obyektlərindən olan Strasburq kafedralı bomba qoyulması xəbərinə görə təxliyə edilib. Sozcu.az xəbər verir ki, naməlum şəxs polisə zəng edərək kilsəyə qoyulmuş bombanın axşam saatlarında partlayacağını bildirib. Dini məbəd dərhal boşaldılıb, ərazidə axtarış aparılıb. Binanın daxilində və ətrafında axtarış zamanı heç bir təhlükəli predmet aşkar edilməyib. Bir neçə saatlıq yoxlamadan sonra kafedral yenidən ziyarətçilər üçün açılıb.

İŞİD Putini yeni terrorla hədələdi: daha bir qətliam gözləyin!

Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall”da törədilən terror aktı Rusiya vətəndaşlarını şoka düşüb. 139 nəfərin ölümünə, 152 nəfərin yaralanmasına səbəb olan bu hadisəni tərədən 4 şübhəli saxlanılıb. Şübhəlilərin görünüşünü əks etditən virdeokadrar onlara “işgəncə” verildiyi iddialarını gündəmə gətirib. Modern.az saytı Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, saxlanılanlarla bağlı görüntülərdən sonra “Crocus City Hall”dakı hadisəni öz üzərinə götürmüş İŞİD terror təşkilatı Rusiya prezidenti Vladimir Putini hədələyib. Təhdid mesajında ​​“Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və sarsıdıcı zərbələr olacaq. İnşallah, bir qətliam gözləyirik. Çox tezliklə!" ifadə edilib. Amerikanın “Newsweek” nəşri bu mesajı oxucularına “İŞİD-dən Putinə yeni təhdid” başlığı ilə təqdim edib. İngiltərənin “Daily Mail” qəzeti məlumatı “İŞİD Putini və rusları qətl etməklə hədələyir” başlığı ilə yayıb. Başqa bir ingilis qəzeti “Daily Star” isə "İŞİD Putinə "qırğın gözləyin!" söylədi" yazıb. Böyük Britaniyanın “Mirror” nəşri bildirib ki, “İŞİD Putini “qanlı intiqam” almaqla hədələdi”. Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da “Piknik" qrupunun palanlaşdırılan konsertindən əvvəl atışma və yanğın baş verib. Bir neçə kamuflyajlı və maskasız şəxs zala daxil olub, onlar insanları güllələyiblər. Rusiya İstintaq Komitəsinin son məlumatına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 139 nəfər ölüb, 152 nəfər xəsarət alıb. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, terror aktını törədən 4 nəfərin hamısı tapılaraq saxlanılıb – onlar qaçmağa cəhd ediblər. Rusiya Daxili İşlər Nazirliyi saxlanılanların əcnəbilər olduğunu bildirib. Prezident qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir. Rusiya prezidenti Vladimir Putin terrorçuların Ukrayna istiqamətinə qaçmağa çalışdıqlarını iddia edib. O, hətta "Kiyev rejiminin Rusiyaya hücumların bir hissəsi” olduğunu deyib. Bu iddia Ukrayna lideri Vladimir Zelenskini hiddətləndirib. O, Putini iftira atmaqda suçlayıb.

Bu ölkələrdə terror təhlükəsi yüksək səviyyədədir

Avstriya və İspaniyanın hüquq-mühafizə orqanları terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin "Krokus Siti Holl"da baş vermiş terror aktı ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görmək niyyətində deyil. Sozcu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Avstriya Daxili İşlər Nazirliyi bildirib ki, onlar 2023-cü ilin oktyabrından terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin hazırda onu maksimum dərəcəyə qaldırmaq üçün heç bir əsas görmürlər: "Hazırda konkret təhlükənin əlamətləri yoxdur". Oxşar məlumatı İspaniya Daxili İşlər Nazirliyi də qeyd edib: "Terror təhlükəsinin səviyyəsi dördüncü (yüksək) olaraq qiymətləndirilir, lakin onu maksimum beşinci səviyyəyə qaldırmaq planları yoxdur".