ABŞ İsraili əmin etdi: İranın istənilən hücumuna qarşı...

Pentaqon rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qalanta telefon danışığında bildirib ki, İsrail İranın hücumlarına qarşı müdafiədə ABŞ-ın tam dəstəyinə arxalana bilər. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. “Dövlət katibi Ostin açıq şəkildə bildirib ki, İsrail İran və onun regiondakı əlaltılarının istənilən hücumuna qarşı özünü müdafiə üçün ABŞ-ın tam dəstəyinə arxalana bilər”, - bəyanatda deyilir.

Böyük müharibə başlayır: İrana uçuşlar dayandırıldı, Fransa xəbərdarlıq etdi

Fransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb. Nazirliyin “X” hesabında yayılan rəsmi məlumatda bu çağırış İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib. Eyni zamanda, vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş olunub. Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki təhlükəli vəziyyətlə əlaqədar İrana uçuşları müvəqqəti dayandırır. Maraqlıdır, bu baş verənlər nədən xəbər verir? İran ilə İsrail arasında gözlənilən müharibə başlayır? Sozcu.az Global.info-ya istinadla xəbər verir ki, Sədrəddin Soltan deyib ki, İran ilə İsrail arasında müharibə faktiki olaraq gedir: “SEPAH-ın Qüds qolu Suriyada, Livanda, Yəməndə, Fələstində, İsrail və ABŞ-ın maraqlarına qarşı mübarizə aparır. Bu günə qədər bu mübarizə gizli aparılırdısa, HƏMAS-ın İsrailə hücum etməsi fonunda açıq hal almağa başladı. İran ölkənin Qərbində hava hücumlarını azaldıb. Hərbçilər döyüş vəziyyətinə gətirilib. Analoji hal İsraildə də müşahidə edilir. Bununla belə böyük güclər birbaşa qarşıdurmanın yaşanmaması üçün tərəfləri çəkindirməyə çalışır. İranın İsraili birbaşa hədəf alması mövcud hakimiyyət üçün ciddi problemlərə səbəb ola bilər. Buna görə indiki məqamda total bir toqquşma baş vermə ehtimalı azdır. Lakin İran İsrailin paytaxtı Təl-Əvivi, Hayfanı, ya da digər bir şəhərini hədəfə ala, raket zərbələri endirə bilər. Məsələ ondadır ki, İsrailin Suriyada İran konsulluğunu vurmasına dair hələ dəqiq məlumat yoxdur. Bu, İranın iddiasıdır. Bununla belə, İran İsrail ərazilərini vurarsa və faktiki olaraq müharibəyə başlayarsa, bu, ciddi problemlər yaradacaq. İran bu riski ala bilməz”.  

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 779-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 451 730 hərbçi, 7 146 ədəd tank, 13 698 ədəd zirehli döyüş maşını, 11 486 ədəd artilleriya sistemi, 1 042 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 755 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 339 ədəd avtomobil texnikası, 9 161 ədəd PUA, 2 087 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 888 xüsusi avadanlıq itirib.

Qəzzada ölənlərin sayı 33 min 545-ə çatıb

Qəzza zolağında ölənlərin sayı 33 min 500-ü ötüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstinin səhiyyə qurumu məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 63 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikdə 33 min 545 fələstinli həlak olub.

Abdullahian pərt oldu: heç kəs qarşılamadı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın aprelin 8-də Suriyaya səfəri zamanı onu Dəməşq hava limanında heç bir Suriya rəsmisi qarşılamayıb. Sozcu.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb. Bildirilib ki, Abdullahian Dəməşqdə olan iranlı diplomatlar tərəfindən qarşılanıb. Bir sıra mənbələr bildirir ki, aprelin 1-də İsrailin Dəməşqdə 7 SEPAH üzvünü öldürməsindən sonra Tehranla Dəməşq arasında problemlər yaranıb. Bunun SEPAH komandirlərinin yeri və gizli iclasları ilə bağlı Suriya hökumətinin məlumat sızdırdığı ehtimalı ilə bağlı olduğu iddia edilir.

Pakistanda bombalı hücum: ölü və yaralılar var

Pakistanın cənub-qərbində bomba yüklü motosikletin partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə AP polisə istinadən məlumat yayıb. Partlayış əyalətin paytaxtı Kvetta ilə qonşu Sind əyalətinin Karaçi liman şəhərini birləşdirən əsas magistral yolda yerləşən Xuzdarda baş verib. Yerli polis komissarının müavini Məhəmməd Arif Zarkon yaralananlar arasında bir qadın və iki polisin olduğunu bildirib.

Rusiyaya qonşu olmaq baha başa gəlir - Stoltenberq

NATO üzvü olan bütün ölkələr son nəticədə Ukraynaya uzunmüddətli yardım üçün hərbi fondun yaradılması ideyasını dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib. “Bütün üzv ölkələr razılaşdılar ki, NATO-nun rolunu gücləndirməyi planlaşdırmağa başlamalıyıq. İkincisi, bu xərclərdən qaçmağın heç bir mənası yoxdur. Rusiyaya qonşu olmaq baha başa gəlir. Ukraynanın suveren, müstəqil ölkə kimi qələbəsini təmin etmək baha başa gəlir. Bu mövzunu müzakirə etməyin ən yaxşı yolu ödəniş edib-etməmək deyil, necə ödəməyi müzakirə etməkdir”, - Stoltenberq bildirib.

Zelenski: “Ərdoğan başa düşməlidir ki…”

“Ərdoğan başa düşməlidir ki, Rusiya ilə danışıqlar üçün təkcə Türkiyə kifayət deyil”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Türkiyə məhbuslarla bağlı məsələdə bizə kömək etdi. Bu, bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi kifayət deyil. Bizim üçün sülh sammitinin formatı daha yaxşıdır. Mən Türkiyənin təkbaşına Putinin siyasətini sıxışdıra biləcəyini düşünmürəm”, – Zelenski bildirib. Ukrayna liderinin sözlərinə görə, Türkiyə vasitəçilik missiyasını yerinə yetirəcək ölkələrin siyahısında yer alacaq. “Bu gün bizim planlaşdırdığımız format çox mürəkkəbdir. Çünki müxtəlif ölkələri bir araya gətirməliyik. Hamısını toplamalı, format tapmalı və necə davam etməyin yollarını müzakirə etməliyik. İnanıram ki, bu ölkələr Rusiyanı sülhə məcbur edə bilər”, – deyə Zelenski vurğulayıb.

Rusiya aerodromuna hücum: 6 təyyarə məhv edildi

Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri kütləvi dron hücumuna uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev sözügedən ərazidə kütləvi PUA hücumu olduğunu bildirib: “İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”. Ukraynalı bloqçular yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib. *** Rusiyanın Rostov vilayətindəki Morozovsk aerodrumuna PUA hücumu nəticəsində azı 6 təyyarə məhv edilib. Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. “Azı 6 hərbi təyyarə məhv edilib, 8 təyyarə isə ciddi zədə alıb. Hərbi texnika ilə yanaşı, hücum nəticəsində 20-yə yaxın hərbçi ölüb”, - məlumatda qeyd olunub.

Blinken: “Ukrayna NATO üzvü olacaq”

Ukrayna NATO-ya üzv olacaq, zirvə toplantısında məqsədimiz onun alyansa daxil olması üçün körpünün qurulmasına kömək etməkdir. Sozcu.az  xəbər verir ki, bunu Entoni Blinken Brüsseldə alyansın yaranmasının 75-ci ildönümündə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məsələ iyulda Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq. ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, NATO üzvü olan ölkələrin Ukraynaya dəstəyi “qaya kimi möhkəm” olaraq qalır.

Haaqada 44 dövlət Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəklədi...

Haaqada keçirilən “Ukrayna üçün ədalətin bərpası” konfransının siyasi bəyannaməsi 44 dövlət tərəfindən imzalanıb. Sənəddə təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını və Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi təşəbbüslərini dəstəklədiyini bildirir. Sozcu.az xəbər verir ki,  “Yevropeyskaya pravda” bu haqda Hollandiya hökumət portalına istinadla məlumat yayıb. Yekun sənədi hələlik Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, Ukrayna, Böyük Britaniya və ABŞ imzalayıb. Konfransda ümumilikdə 57 ölkə iştirak edib. Bəyannamədə ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü beynəlxalq hüququn və asayişin kobud şəkildə pozulması kimi pisləyir və BMT məhkəməsinin 2022-ci il martın 16-da Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur edən qərarını xatırladırlar. Ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı törətdiyi bütün beynəlxalq hüquq pozuntularına, o cümlədən təcavüz cinayətinə görə lazımi təhqiqat və məsuliyyətin təmin edilməsi üçün birgə səyləri artırmağa çağırır. Ölkələr konfransda müxtəlif dövlətlərin təhqiqatları daha da dəstəkləmək üçün verdiyi vədləri alqışlayır və Vladimir Putin üçün misli görünməmiş həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, artıq işdə iştirak edən bütün qurumların rolunu qeyd edirlər. Bəyannamədə ötən il Ukrayna və Birgə İstintaq Qrupunun (JIT) üzvü olan beş dövlətin iştirakı, ABŞ və milli araşdırmalara dəstək verən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunun da cəlb edilməsi ilə koordinasiya platforması kimi "Yevrojust"-da Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəzin (ICPA) yaradılması alqışlanır.  Ölkələr Rusiya Federasiyasının ali hərbi-siyasi rəhbərliyinin cəzalandırılmasına töhfə verəcək Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiyanı məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılması üzərində işləmək niyyətlərini təsdiqləyir və bu istiqamətdə əhəmiyyətli irəliləyişi alqışlayır, dövlətləri və beynəlxalq təşkilatları bu prosesi başa çatdırmaq üçün hüquqi bazanın və beynəlxalq dəstəyin hazırlanmasına kömək etməyə çağırır. Sənəddə həmçinin Hollandiyanın bu xüsusi tribunalı qəbul etməyə hazır olması alqışlanır.

Bayden və Szinpin qlobal məsələləri müzakirə etdilər

ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Szinpinlə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, liderlər ABŞ və Çin arasındakı ikitərəfli əlaqələri, kommunikasiya kanallarının gücləndirilməsinin davamlı əhəmiyyətini, Vaşinqton və Pekin rəqabətinin məsuliyyətli idarə olunmasını və bir sıra regional və qlobal məsələləri nəzərdən keçiriblər.