Hindistan Rusiya hərbi texnikasından imtina edir

Hindistan Rusiyadan müdafiə texnikası sifarişlərini kəskin şəkildə azaldıb və indi daha çox Qərb təchizatçılarından alır. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, Hindistan silahlarının yalnız 36%-i ötən il Rusiyadan gətirilib, 2009-cu ildə isə bu rəqəm 76% olub. Bu, ənənəvi olaraq Rusiyadan silah tədarük edən ölkə üçün əhəmiyyətli siyasi dəyişiklikdir. Yüksək rütbəli Hindistan rəsmilərinin dediyinə görə, Hindistan və Rusiyanın birgə helikopter və qabaqcıl döyüş təyyarələri hazırlamaq və istehsal etmək planları daha əvvəl dayandırılıb. Bundan əlavə, Hindistan heyətinə təlim keçmək üçün Rusiyadan sualtı qayığın icarəyə götürülməsi təklifinin də həyata keçirilməyəcəyi ehtimal edilir, çünki Dehli artıq öz gəmilərini inşa edir.

Qaribaşvili "Gürcü Arzusu"nu tərk etdi

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili partiya sıralarını tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” məlumat yayıb. Onun partiyanı hansı səbəbdən tərk etməsi açıqlanmır.

Tramp onu FTB direktoru təyin edir

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keş Pateli Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. "Keş Patelin FTB-nin növbəti direktoru olacağını elan etməkdən qürur duyuram. Keş karyerasını korrupsiya ilə mübarizəyə, ədaləti və Amerika xalqını müdafiə etməyə sərf edən mükəmməl hüquqşünas, müstəntiq və “Amerika hər şeydən öncə” ideyasının çempionudur", - Tramp yazıb. Trampın sözlərinə görə, Patel Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsini ifşa etməkdə kritik rol oynayıb. Tramp FTB-nin yeni direktorunun Amerikada cinayət epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar dəstələri məhv edəcəyinə, ABŞ-ın sərhədindən keçən narkotik və insan alverinə son qoyacağına əmin olduğunu bildirib. Qeyd edək ki, Keş ABŞ-da dərin dövlət nümayəndələrinin siyahısını dərc edən şəxsdir.

NATO Rusiya ilə sərhəddə desant təlim mərkəzi yaradır

Arktikada Rusiyaya qarşı mübarizə aparmaq üçün Norveçdə NATO-nun dəniz desantı təlim mərkəzi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri yazıb. Nəşrin məlumatına görə, ABŞ, Böyük Britaniya və Niderlanddan olan hərbi qulluqçular üçün nəzərdə tutulan təlim bazası ölkənin şimalında yerləşir. Bildirilib ki, Norveçin özünün dəniz desantı yoxdur, lakin onun xüsusi təyinatlı qüvvələrinin bir hissəsi bu bölgədə yerləşir. “Böhran və ya müharibə zamanı Norveçi, şimali regionunu və NATO-nu qorumaq üçün birlikdə təlim keçməliyik”, - Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.

Suriyada silahlılar Moriki ələ keçirdi, Həmaya hücum etdi

Suriyada silahlı qüvvələr Hələb şəhərini və İdlib vilayətini ələ keçirəndən sonra Həma şəhərinə istiqamət alıb. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Məlumata görə, silahlı qruplar Morik qəsəbəsini də tutublar. Qeyd edək ki, bundan öncə "Təhrir əş-Şam"ın Hələbi ələ keçirdiyi bildirilmişdi.

Suriya ordusu Hələb şəhərini tərk etdi

Suriya rejimi ordusu Hələb şəhərindən geri çəkilib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriya hakimiyyəti açıqlama yayıb. Açıqlamada bildirilib ki, ordu müvəqqəti olaraq geri çəkilib: “Məqsədimiz əks-hücuma keçməkdir”. Qeyd edək ki, “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib.

Hələbdən sonra növbəti şəhər... - General

Suriya rejiminin bu qədər tez geri çəkilməsi bizi şoka saldı. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyada müxalif general Əhməd Rahal deyib. O bildirib ki, rejim İranın dəstəyi ilə ayaqda qalır: “Bütün Hələbin Hizbullahın nəzarətində olduğunu bilirik və ümid edirik ki, bu əməliyyatlar genişlənərək Əl-Zəhra bölgəsinə doğru irəliləyəcək. Eyni zamanda, əməliyyatın Tel Rifat bölgəsində davam etməsini istəyirik. Çünki o dəhliz YPG qruplaşmasından xilas olunmalıdır. Fikirləşirik ki, Suriyada Əsəd rejimi və Hizbullahın sürətlə süqutu tez bir zamanda YPG-nin xüsusilə Mənbic və Tel Rifat, eyni zamanda ətraf bölgələrdə sürətlə dağılmasına mütləq təsir edəcək. Bundan sonra Suriyada müxalif qüvvələr rahat nəfəs ala bilər. Eyni zamanda Türkiyədəki miqrantlar da asan şəkildə evlərinə qayıda bilərlər”.

Niderland Ukraynaya “Patriot” silahı verdi

Niderlandın müdafiə naziri Ruben Brekelmans ölkəsinin Ukraynaya “Patriot” zenit-raket sistemləri tədarük etdiyini bildirib. Sozcu.az-ın məlumatına görə, bu barədə BBC-nin məlumatında qeyd edilib. “Hava reydləri davam etdiyi üçün ukraynalıları sərt qış gözləyir. Buna görə də biz onları üç “Patriot” buraxıcısı ilə təmin etdik”, - Brekelmans bildirib.

Sülhə güclə nail olacağıq - Trampın xüsusi elçisi

Donald Tramp administrasiyasında Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə namizəd olan Keyt Kelloq ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın sözlərini təkrarlayaraq “sülhü güc vasitəsilə” təmin edəcəyinə söz verib. Sozcu.az xəbər verir ki, Kelloq bu barədə "X"-də bildirib. "Mən Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə köməkçisi və xüsusi elçisi kimi xidmət etməkdən şərəf duyuram. Prezident Trampla işləməkdən xoşbəxtəm Güc vasitəsilə sülhü təmin etmək və Amerikanın maraqlarını inkişaf etdirmək üçün yorulmadan çalışmağı səbirsizliklə gözləyirəm", - deyə o yazıb. Respublikaçılar komandasının sözçüsü Kerolayn Livitt daha əvvəl bildirmişdi ki, Tramp Ağ Evə qayıtdıqdan sonra “sülhü güc vasitəsilə sülhü bərpa edəcək”. 1981-1989-cu illərdə ABŞ lideri olan Reyqan xarici siyasət prioritetlərini təsvir etmək üçün “güc vasitəsilə sülh” anlayışından istifadə edib. Siyasətçi iddia edirdi ki, “güc balansı illüziyadır, sülhü güc vasitəsilə axtarmaq lazımdır".

Türkiyənin dəstəklədiyi qrup hücuma keçdi, şiddətli döyüş gedir

Suriyada dörd illik dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlandı. İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin dəstəyi ilə Hələb şəhərinə doğru irəliləməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tsarqrad” məlumat yayıb. Mənbələrin məlumatına görə, “Heyət Təhrir əş-Şam”ın hücumu kütləvi xarakter daşıyır: “Radikallar artıq Suriya ordusuna qarşı döyüşə giriblər. Zirehli maşınlardan istifadə edilib. Dəstə Hələbə gedən yolda artıq bir neçə yaşayış məntəqəsini keçib. İdlibdə və Anadan ətraflarında toqquşmalar qeydə alınıb. Əgər bu alınsa, yaraqlıların şəhərin qərb kənarına yolunu açacaq. Bu, dörd il əvvəl münaqişənin dondurulmasından bəri ən böyük eskalasiyadır. Öz növbəsində Suriya ordusu yanacaqla bağlı ciddi problemlər yaşayır. Bundan əlavə, terrorçular taktiki uğur qazanırlar. Suriya ordusunun müdafiəsi bazaların və dayaq məntəqələrinin sıxlığının az olması səbəbindən dağılır. Cihadçılar əsirlərin foto və videolarını fəal şəkildə yayırlar. Rusiya xüsusi təyinatlılarının texnikası da görünür. Fotolarda ən azı bir nəfərin cəsədi açıq-aydın slavyan görünüşlüdür. Terrorçular isə onun rus olduğunu iddia edirlər”. “Heyət Təhrir əş-Şam” və “Fəth əl-Mubin” əməliyyat mərkəzinin qrupları Hələbin qərbində Suriya ordusunun mövqelərinə hücum edərək, bəzi mərkəzlərə nəzarəti ələ keçirdikləri iddia edilir. Suriya hökumət qoşunları Atarib şəhəri, Darat İzza və ətraf kəndlərdə qruplaşmaların arxa mövqelərini atəşə tutub. Rusiya hərbi təyyarələrinin də “Heyət Təhrir əş-Şam” qüvvələrinə qarşı hücum etdiyi bildirilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1008-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 735 410 hərbçi, 9 449 ədəd tank, 19 304 ədəd zirehli döyüş maşını, 20 830 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 126 ədəd avtomobil texnikası, 19 616 ədəd PUA, 2 765 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 687 xüsusi avadanlıq itirib.

Umerov silah almaq üçün Seula gedir

Ukraynanın müdafiə naziri Rustem Umerov silah tədarükü xahişi ilə Cənubi Koreyaya getmək niyyətindədir. Sozcu.az xəbər verir ki, məlumatı “South China Morninq Post” mənbəyə istinadən yazıb. Bildirilib ki, Ukrayna Seuldan zenit raketləri və artilleriya qurğuları almaq istəyir. Yerli ekspertlər hesab edirlər ki, müdafiə nazirinin məqsədinə çatacağı ümidverici görünmür. Ola bilsin ki, Cənubi Koreya Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığını və Trampın hərəkətlərini müşahidə edərək gözləmə mövqeyi nümayiş etdirəcək.