Bayden Trampın andiçmə mərasiminə qatılacaq

Ağ Ev ABŞ Prezidenti Co Bayden və xanımı Cill Baydenin yanvarın 20-də yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimində iştirak edəcəyini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts deyib. “Prezident söz verdi ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, andiçmə mərasimində iştirak edəcək, o, birinci xanımla bu vədi yerinə yetirəcək və andiçmə mərasimində iştirak edəcək”, - o bildirib.

Pakistanda toqquşma: İslamabada ordu yeridildi

Pakistan Daxili İşlər Nazirliyi müxalif “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının rəhbərlik etdiyi polislə etirazçılar arasında ilkin toqquşmalardan sonra İslamabada ordu qüvvələrinin göndərildiyini elan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb. “Daxili İşlər Nazirliyi Pakistan ordusunun İslamabada yeridildiyini açıqlayıb. Təhlükəsizlik qüvvələrinə iğtişaşçıları yerindəcə güllələmək də daxil olmaqla, ekstremal tədbirlər görməyə və təşviqatçılara, eləcə də iğtişaşçılara qarşı qətiyyətlə hərəkət etmək üçün ciddi göstəriş verilib”, - məlumatda deyilir. Nazirlik həmçinin Pakistan ordusuna asayişi qorumaq üçün lazım bildiyi təqdirdə istənilən bölgədə komendant saatı tətbiq etmək səlahiyyəti verib. Qeyd edək ki, Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın təsis etdiyi “Təhrik-e-İnsaf” partiyası noyabrın 24-də ölkə hakimiyyətini parlament seçkisinin nəticələrinə yenidən baxmağa və siyasi məhbusları, o cümlədən, Xanın özünü də azad etməyə məcbur etmək məqsədilə ümummilli etiraz aksiyası keçirib.

Trampın komandası Ukraynaya görə Bayden administrasiyası ilə çalışacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası bu il Ukraynadakı vəziyyəti həll etmək üçün hazırkı Amerika administrasiyası ilə birgə çalışacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı, Trampın milli təhlükəsizlik məsələləri üzrə gələcək köməkçisi Mayk Vals bildirib. “Tramp açıq şəkildə bildirib ki, bu münaqişəyə ya razılaşma, ya da atəşkəs yolu ilə son qoymaq lazımdır. Hər iki tərəfin danışıqlar masası arxasına necə gətiriləcəyi və sövdələşmənin parametrləri müzakirə olunmalıdır. Bu, yanvar ayına qədər və ondan sonra bu administrasiya ilə işləyəcəyimiz şeydir", - Mayk Vals “Fox News”a müsahibəsində deyib. O əlavə edib ki, artıq hzırkı milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivanla görüşüb və ABŞ rəqiblərinin keçid dövründən faydalana bilməyəcəklərini qeyd edib.

Fransa meydan oxudu: Kiyevə ordu, SCALP-la zərbə...

Ukrayna özünümüdafiə məntiqi ilə Rusiya ərazisindəki hədəflərə qarşı Fransanın verdiyi uzaqmənzilli SCALP raketlərindən istifadə edə bilər. Sozcu.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində deyib. “Prinsip qurulub. Prezident Zelenskiyə mesajlarımız yaxşı qarşılandı”, - o bildirib. Nazir vurğulayıb ki, Qərb müttəfiqlərinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəklə bağlı qırmızı xətləri olmamalıdır. “Bu, Prezident Makronun əvvəllər dediyi kimi, Fransanın döyüş bölgəsinə qoşun göndərə biləcəyi anlamına gəlirmi” sualına Barro bildirib ki, Parisdə heç bir seçim rədd edilmir: “Ukraynanı lazım olduğu qədər uzun müddət və intensiv şəkildə dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhdid edilir. Rusiya ordusu hər dəfə bir kilometr irəlilədikdə Avropaya bir kilometr yaxınlaşır”. O, həmçinin əlavə edib ki, Fransa Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyə açıqdır və müttəfiqlərini buna inandırmağa çalışır.

Qəzzada ölənlərin sayı AÇIQLANDI

Qəzzada son sutkada 35 fələstinli ölüb, 94 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 44 211 nəfərə, yaralananların sayı 104 567 nəfərə çatıb. Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

ABŞ xəritə tərtib etdi: Rusiyanın 200 hərbi obyekti...

ABŞ Ukrayna ordusunun ATACMS raketləri ilə hücum edə biləcəyi 200-ə yaxın Rusiya hərbi obyektinin xəritəsini tərtib edib. Sozcu.az xəbər verir ki, bu barədə “Volt Strit Jurnal” yazıb. Nəşrin məlumatına görə, növbəti hücum Rostov vilayətindəki obyektlər ola bilər: “Ukrayna Silahlı Qüvvələri Rusiyanın bu regionunda yerləşən bir neçə hərbi aerodromu vurmağa cəhd edə bilər”.

Tramp NATO baş katibi ilə görüşdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla NATO Baş katibi Mark Rutte arasında görüş baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, onlar Alyansın qarşısında duran bir sıra qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Baş katib, eyni zamanda, konqresmen Mayk Uolts və prezidentin milli təhlükəsizlik komandasının üzvləri ilə də görüşüb. Xatırladaq ki, D.Trampın qərarı ilə Mayk Uolts prezidentin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.

“Bizi ot kimi biçirlər” - Rusiya əsgərləri

Rusiya Silahlı Qüvvələrinin 394-cü motoatıcı polkunun 2-ci batalyonunun əsgərləri cəbhədə ağır şəraitdə olduqlarını bildirərək kömək üçün müraciət ediblər. Sozcu.az xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb. Əsgərlərin sözlərinə görə, onlar dəstək və düzgün planlaşdırma olmadan döyüşə göndərilir. Batalyon ağır itkilər verir: əsgərlər “ot kimi biçilir”, pilotsuz uçuş aparatlarının davamlı hücumları isə heç bir fasilə imkanı tanımır. Hərbiçilər təminatın tamamilə çatışmadığını, yaralıların döyüş meydanında köməksiz buraxıldığını vurğulayırlar. Evakuasiya və tibbi yardımın olmaması vəziyyəti daha da ağırlaşdırır. İddia olunur ki, komandirlər təhlükəsiz mövqelərdə qalaraq “Geri addım atmayın!” əmrləri verməyə davam edir və əsgərləri ölümə məhkum edirlər./Müsavat

Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq - Starmer

İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya daxil olarsa, həbs olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Keyr Starmerin Ofisi məlumat yayıb. “Böyük Britaniya hər zaman milli və beynəlxalq hüquqda müəyyən edilmiş hüquqi öhdəliklərinə əməl edəcək”, - ofisdən verilən açıqlamada bildirilib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

Zelenskiyə yeni silahlar vəd olunur: ABŞ "Patriot" sistemlərini gücləndirə bilər

Ukrayna ABŞ ilə qitələrarası ballistik raketləri (ICBM) zərərsizləşdirməyə qadir olan müasir silahların təmin olunması məsələsini müzakirə edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, müzakirələr həm də "Patriot" zenit-raket komplekslərinin modernləşdirilməsi üzərində fokuslanır. Mənbələrin sözlərinə görə, bu, Ukraynanın müdafiə imkanlarını daha da gücləndirəcək və Rusiyanın müharibədə tətbiq edə biləcəyi yeni təhlükələrə qarşı effektiv cavab olacaq. Hər iki tərəf arasında bu istiqamətdə əməkdaşlıq detalları və mümkün vaxt qrafiki hələ açıqlanmayıb.

Avropa nüvə təhlükəsi ilə üz-üzədir - Ukraynadan AÇIQLAMA

Son bir neçə gündür Rusiyanın Ukrayna paytaxtına kütləvi raket zərbələri gözləntisinə görə diplomatik korpusların əməkdaşları təhlükəsizlik səbəbindən sığınacaqlara göndərilir. Ötən gün səhərdən etibarən isə ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın ciddi hava hücumu ilə bağlı diplomatik korpusa xəbərdarlıq edib. Ehtiyat tədbiri olaraq, səfirliyin bağlanacağını bildiriblər. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edib. ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.  Günün ikinci yarısından etibarən isə digər səfirliklər, eyni zamanda Azərbaycanın Ukraynadakı diplomatik korpusu da çağırış edib. Qeyd edilib ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq. Ukrayna Xarici İşlər Nazirliyi Kiyevdəki bir neçə səfirliyin bağlanmasını “əlavə məlumat axını” adlandırıb. "Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə də əvvəlki min gündə olduğu kimi reaksiya verməsi düzgün olardı", - açıqlamada bildirilir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə bəyan edib ki, Ukrayna şəhərlərinə “xüsusilə kütləvi” raket və bomba hücumları ilə bağlı sosial şəbəkələrdə və Baş Kəşfiyyat İdarəsinin adından messencerlərdə yayılan xəbərlər saxtadır. Ukraynalı politoloq Oleq Starikov Modern.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın yeni silahlardan istifadə edəcəyi xəbəri müharibə üçün "soyuq effekt" yaratmaq üçün ola bilər: “RS-26 "Rubej" raketinin istifadəsi ilə bağlı sual hələ də müəmmalıdır. Əgər bu raket həqiqətən də bizim üçün təhlükə yaradırsa, bizim daha güclü müdafiə sistemlərinə ehtiyacım var. Daha güclü sistemlər üçün amerikalılara müraciət etməmiz lazım gələ bilər. Orta mənzilli raketlərə qarşı durmaq üçün bizə "THAAD" kimi sistemlər lazımdır ki, bundan amerikalılar bu yaxınlarda İsraili müdafiə etmək üçün istifadə edirdilər. Əgər Rusiya bu silahdan istifadə edərsə, bizim daha çox imkana sahib olmağımız lazımdır.  Bilmək lazımdır ki, RS-26 “Rubej” raketi yaxşı işlənmiş Rusiya layihəsidir və sınaqdan uğurla keçib. Rusiyanın qiymətləndirmələrinə görə, hələ 2018-ci ildə yerləşdirilməyə hazır olub. Bununla belə, Kremlin təhlükəli silahları yerləşdirilməsi Avropanın yarısının Rusiyanın nüvə təhlükəsi altına düşməsi deməkdir. Belə bir məqamda müttəfiqlərin, eyni zamanda Ukraynanın üzərinə böyük vəzifə düşür. Bu təhlükəni aradan qaldırmaq üçün birlikdə işləmək lazım gələcək".

Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...

Bu gün yeni bir Rusiya raketi atıldı. Bütün xüsusiyyətləri – sürət və yüksəklik baxımından – qitələrarası ballistik raketlərə uyğun gəlir. Hazırda ekspertiza prosesi davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski təcili müraciətində deyib. "Bu gün başdanxarab qonşumuz bir daha göstərdi ki, o, əslində kimdir. O, insan ləyaqətinə, azadlığa və ümumilikdə insanların həyatına necə hörmətsizlik etdiyini nümayiş etdirdi. Eyni zamanda, necə qorxduğunu da sübut etdi. O qədər qorxur ki, artıq yeni raketlərdən istifadə edir və dünya boyu silah axtarır: gah İranda, gah da Şimali Koreyada... Aydındır ki, Putin Ukraynanı poliqon kimi istifadə edir. O, normal həyatın onun yaxınlığında mövcudluğundan, insanların sadəcə ləyaqətli yaşamasından və ölkənin müstəqil olmaq haqqına sahib olmasından qorxur”. Qeyd edək ki, bu gün səhər tezdən Rusiya qitəlararası ballistik raketlərlə Dneprə ağır zərbələr endirib.