Makron yeni hökumətin tərkibini təsdiqlədi

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Fransua Bayru ilə görüşündə ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib, əsas postlarda əvvəlki kabinetin üzvlərini saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Yelisey sarayının baş katibi Aleksis Koler məlumat yayıb. Məlumata görə, ölkənin xarici işlər naziri, müdafiə naziri və daxili işlər naziri vəzifələrində dəyişiklik olmayıb. Qeyd edək ki, hökumətin tərkibi ilə bağlı Makronla Baş nazir Fransua Bayru arasında fikir ayrılıqları var.

Qrenlandiyadan Trampa: Biz satılmırıq!

Qrenlandiya bizimdir. Satılmırıq və heç vaxt satılmayacağıq. Sozcu.az xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Mute Egede ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatlarını şərh edərkən bildirib. “Biz azadlıq uğrunda uzun sürən mübarizəmizi itirməməliyik”, - baş nazir deyib. Qeyd edək ki, daha öncə Tramp açıqlamasında ölkəsinin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu bəyan edib.

Bundestaq terrorla bağlı fövqəladə iclas çağırır

Bundestaqın Daxili İşlər Komitəsi və Kəşfiyyat Xidmətlərinin Fəaliyyətinə Nəzarət Komitəsi dekabrın 30-da xüsusi iclaslarında Maqdeburqda Milad yarmarkasına hücumu müzakirə etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə DPA agentliyi Bundestaqdakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Kəşfiyyat Xidmətlərinin Fəaliyyətinə Nəzarət Komitəsinin iclası yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00), Daxili İşlər Komitəsinin iclası isə saat 12:00-da (Bakı vaxtı ilə 15:00) başlayacaq. Qeyd edək ki, dekabrın 20-də Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Mask ABŞ prezidenti ola bilməz - Tramp

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp onun yerinə iş adamı İlon Maskın dövlət başçısı vəzifəsini icra edəcəyindən narahat deyil. Sozcu.az xəbər verir ki, bu barədə Tramp Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest” konfransında deyib. “Trampın prezidentliyi İlon Maska verməsi ilə bağlı yeni söz-söhbət ortaya çıxıb. Xeyr, bu baş verməyəcək. O, prezident olmayacaq, mən təhlükəsizlikdəyəm. Bilirsinizmi niyə o, ABŞ prezidenti ola bilmir? O, bu ölkədə doğulmayıb”, - Tramp bildirib. Qeyd edək ki, İlon Mask 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-a köçüb. ABŞ qanunvericiliyinə görə, ABŞ-da doğulmayan şəxs prezidentliyə namizəd ola bilməz.

Rusiyada PUA anbarı yandırıldı

Rusiyada “Şahid” PUA-larının detallarının saxlanıldığı anbar yandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, yanğın Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonasının ərazisindəki anbarda yanğın baş verib. Bildirilib ki, anbarda 400 ədəd “Şahid-136” PUA-sının hazırlanması üçün nəzərdə tutulmuş füzelajlar, mühərriklər, naviqasiya sistemləri və teplovizorlar saxlanılırdı. Ümumilikdə dəyəri 16 milyon dollar olan detalların hamısı məhv edilib.

Tramp Rusiyaya təzyiqi davam etdirməlidir - Sallivan

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Sallivan bildirib ki, Tramp Kiyevə silah verməkdən imtina etməməlidir: Onun sözlərinə görə, respublikaçı Rusiyaya siqnal göndərməlidir: “ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək, siz ədalətli dünya qurmaq üçün ədalətli şərtləri qəbul etməyənə qədər Avropa Ukraynanı dəstəkləyəcək. Keçmişdə Rusiya hakimiyyət orqanları təzyiq altında olduqlarını hiss etdikləri müddətcə sövdələşmələrə hazır olduqlarını göstəriblər. Ona görə də düşünürəm ki, Tramp təzyiqi davam etdirməlidir”.

Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi

2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb. “2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 45 259 nəfərə yüksəlib, daha 107 627 nəfər yaralanıb” – məlumatda qeyd edilir. Qəzza Səhiyyə Nazirliyi onu da bildirir ki, son 24 saat ərzində İsrailin anklavı atəşə tutması nəticəsində 32 nəfər ölüb, daha 54 nəfər yaralanıb.

Rusiyaya qarşı yeni SANKSİYALAR

Avropa İttifaqı (Aİ) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Sozcu.az-ın məlumatına görə, bu barədə "Welt am Sonntag" Aİ-dəki mənbələrə istinadən bildirib. Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb. Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub: "Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də sanksiyalarla əhatə olunmayan və ya kifayət qədər əhatə olunmayan konkret sahələrinə qarşı tədbirləri ehtiva edəcək".

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1033-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 774 100 hərbçi, 9 609 ədəd tank, 19 870 ədəd zirehli döyüş maşını, 21 284 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1030 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 31 972 ədəd avtomobil texnikası, 20 735 ədəd PUA, 2 947 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 661 xüsusi avadanlıq itirib.

Qardaş ölkədə terror aktı törədildi - 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı 16 Pakistan hərbçisi ölüb, beş nəfər ağır yaralanıb. Sozcu.az bu barədə “The Times of India”ya istinadən xəbər verir. Məlumata görə, hadisə şənbə gecəsi Pakistanın Əfqanıstanla sərhədindən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib. Hücumda 30 yaraqlı iştirak edib və onlarla döyüş bir neçə saat davam edib. Bildirilib ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.

Trampdan Ukraynaya xoş xəbər - FT

Donald Trampın komandası Avropa rəsmilərinə ABŞ-ın yeni prezidentinin Ukraynaya hərbi yardımı davam etdirməyi planlaşdırdığı barədə məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb. Nəşr qeyd edir ki, daha öncə - seçki kampaniyası zamanı Tramp Ukraynaya yardımı kəsəcəyini və Kiyevi dərhal sülh danışıqlarına başlamağa məcbur edəcəyini vəd etsə də, indi o, andiçmə mərasimindən sonra Kiyevə Amerika silahlarının verilməsini davam etdirmək niyyətindədir. Bu məlumatı nəşrə danışıqlarla tanış olan üç nəfər təsdiqləyib. Eyni zamanda, Tramp NATO müttəfiqlərindən müdafiə xərclərini iki dəfədən çox artırmağı tələb etməyi planlaşdırır. Əgər hazırkı hədəf ÜDM-in 2%-dirsə (alyansın 32 üzvündən yalnız 23-ü bu standarta cavab verir), Tramp bu göstəricini 5 faizə qaldırmaq istəyir. Nəşrin həmsöhbətlərindən biri deyir ki, Tramp yəqin ki, sonda 3,5%-lə razılaşacaq. Eyni zamanda, görünür, ABŞ-ın yeni prezidenti böyük müdafiə xərclərini ABŞ-la ticarətin daha əlverişli şərtləri ilə açıq şəkildə əlaqələndirməyi planlaşdırır.

Bayden Avropaya gəlir

ABŞ Prezidenti Co Bayden yanvarın 9-12-də Romaya səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilib. “Bayden 9-12 yanvar tarixlərində Romaya səfər edərək Papa Fransisk, İtaliya Prezidenti Serjio Mattarella və Baş nazir Meloni ilə görüşlər keçirəcək. Yanvarın 10-da prezident Bayden Papa ilə görüşü zamanı dünya sülhünü təşviq etmək səylərini müzakirə edəcək”, - məlumatda qeyd olunub.