Rusiyanın daha bir neft zavodu VURULDU

Martın 17-nə keçən gecə Rusiya Krasnodar diyarının Slavyansk-na-Kuban şəhərində yerləşən zavodlardan birində yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb. Bildirilir ki, zavoda pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. “Baza” kanalanın məlumatına görə, ən azı bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib. Məlumata görə, zavod neft emalı ilə məşğul olan müəssisədir. Burada ildə 4 milyon neft emal olunur. Qeyd edək ki, Ukrayna son həftələrdə Rusiyanın neft infrastrukturunu ciddi şəkildə hədəfə alıb və Rusiyasının Avropa hissəsindəki neftayırma zavodlarını vurub.

Makron: “Fransa Ukraynada Rusiyaya qarşı əməliyyat keçirə bilər”

Fransa Prezidenti Emmanuel Makron Ukraynada Rusiya qoşunlarına qarşı durmaq üçün quruda əməliyyat keçirə biləcəyini istisna etməyib. Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien yazıb”. “Mən bu təşəbbüslə çıxış etmirəm və etməyəcəm də, amma ola bilsin ki, nə vaxtsa Rusiya Silahlı Qüvvələrinə qarşı durmaq üçün quruda əməliyyatlar aparmaq lazım gələcək”, deyə fransalı lider qeyd edib. Makron əlavə edib ki, Fransanın gücü ondan ibarətdir ki, Fransa bunu etmək iqtidarındadır.

60 nəfər soyuqdan donaraq öldü

Əfqanıstanda 3 həftədən çox davam edən şaxtalar nəticəsində azı 60 nəfər soyuqdan donaraq həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Canan Saiq bildirib Onun sözlərinə görə, güclü qar yağması səbəbindən dağlıq ərazilərdə davam edən şaxtalı hava nəticəsində daha 34 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb: “Bu müddətdə qar çovğunu və tufan nəticəsində kənd yerlərində 1600-dən çox ev dağılıb, yollar bağlanıb”.

Britaniya Yəmən sahillərində gəmisinə yeni hücum barədə məlumat verib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının Koordinasiya Mərkəzi (“United Kingdom Maritime Trade Operations”, UKMTO) Yəmən sahillərindəki gəmiyə naməlum şəxslərin yeni hücumunu elan edib. Sozcu.az bu barədə TASS-a istinadən xəbər verir. "UKMTO, Yəmənin Hudeydə şəhərindən 65 dəniz mili qərbində, Qırmızı dənizdə baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisənin şərtlərini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - rəsmi sənəddə deyilir. UKMTO-nun hücum kimi təsnif etdiyi hadisə ilə bağlı məlumat Bakı vaxtı ilə saat 23:45-də gəminin kapitanından daxil olub. Hələlik əlavə məlumat verilmir.

Ukraynaya silahları bu yolla alacağıq - Şoltsa

Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirlər Ukrayna üçün silahların alınmasına sərf olunacaq. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Fransa və Polşa liderləri ilə birgə mətbuat konfransında deyib. “Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəliri Ukraynaya silahların alınmasına maliyyə dəstəyi üçün istifadə edəcəyik”, - kansler vurğulayıb. Şolts bildirib ki, NATO və müttəfiq ölkələrin müdafiə nazirləri bu addımın konkret icrasını müzakirə etmək üçün bazar ertəsi Ramşteyndə görüşəcəklər.

Ukraynanın raket atəşi Belqorodda Putinin seçkilərini dayandırdı...

Martın 15-də səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində RM-70 “Vampire” reaktiv yaylım atəş sistemindən buraxılmış yeddi raketi vurub. Atışma zamanı Belqorod və Belqorod vilayətində hava hücumu xəbərdarlığı elan edilib.  Sozcu.az xəbər verir ki, “Meduza” nəşrinin rəsmi kanallara istinadla yaydığı məlumata görə, raket təhlükəsi səbəbindən Rusiyada prezident seçkilərində səs verməyə gələn insanlar seçki məntəqəsini tərk edərək gizləniblər. 15 dəqiqədən sonra raket xəbərdarlığı ləğv edilib və səsvermə davam etdirilib. Eyni zamanda, yerli sakinlərin fotoşəkilləri və videolarına əsasən, Belqorodun özündə bir neçə avtomobil və evə ziyan dəyib. Ən azı bir avtomobil yanıb. Yerli hakimiyyət orqanları atəşin nəticələri barədə hələlik məlumat verməyib.

Tramp anlayacaq ki, Putinlə mümkün deyil - Conson

Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə razılaşmanın mümkünsüz olduğunu anlayacaq. Sozcu.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib. Consonun sözlərinə görə, Trampın seçkilərdəki mümkün qələbəsindən panikaya düşmək lazım deyil, çünki xələfi Barak Obamadan fərqli olaraq, o, Ukraynaya silah verən ilk şəxs idi: “Tramp nə vaxtsa Putinlə danışıqlar aparmağa qadir olduğunu düşünə bilər, amma başa düşəcək ki, Putinlə heç bir sövdələşmə mümkün deyil. Ona görə də düşünürəm ki, sonda o, demokratiyanın qorunmasına kömək edəcək və Ukraynanı dəstəkləyən bir prezident olacaq. Ukraynaya yardımın əleyhinə olan ultra-respublikaçılara gəlincə, düşünürəm ki, bu, prezident seçkilərindən sonra dəyişəcək”.

ABŞ-dan qayıdan Dudanın təyyarəsində problem yarandı

Polşa Prezidenti Andjey Dudanın təyyarəsində problem yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Dudanın ABŞ-dan qayıtmaq üçün istifadə edəcəyi hökumət “Boinq” təyyarəsinin nasaz olduğu ortaya çıxıb. O, alternativ təyyarə ilə uçmalı olacaq, lakin proqram dəyişməyib. Duda ABŞ-dan sonra Brüsselə yollanır və burada NATO-nun baş katibi ilə görüşəcək”, - məlumatda deyilir.

Blinken və Borrell Çinin Rusiyanın müdafiə sənayesinin bərpasındakı imkanlarını müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken və Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Rusiya hərbi sənaye kompleksinin yenidən qurulmasında kömək etmək üçün Çinin göstərdiyi səyləri müzakirə ediblər. Sozcu.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Onlar Qırmızı dənizdə və Ədən körfəzində naviqasiya azadlığının qorunmasında qarşılıqlı marağımızı, habelə Çindən gələn ümumi çağırışlara cavab tapmaqda transatlantik birliyin əhəmiyyətini, o cümlədən Çindən Rusiya müdafiə sənayesininin bərpası istiqamətindəki təchizatla bağlı narahatlıqları müzakirə etdilər”, - diplomat qeyd edib. Bundan əlavə, Blinken və Borrellin "Ukraynaya dəstək üçün sarsılmaz transatlantik birliyi vurğulayıblar". Onlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi, Qəzza zolağının sakinləri üçün humanitar yardımın həcminin artırılması imkanlarını müzakirə ediblər.

ABŞ-da səsvermə: Tiktok qadağan olunur...

ABŞ-da Tiktok sosial şəbəkəsi qadağan olunur. Sozcu.az xəbər verir ki, bunun üçün qanun layihəsi Nümayəndələr Palatasında səsə qoyulub. Səsvermədə qanun layihəsinin lehinə 352 deputat səs verib, yalnız 65 deputat bunun əleyhinə çıxıb. Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi “ByteDance” şirkətindən Tiktokun ABŞ-dakı səhmlərini 6 ay ərzində satmağı tələb edir. Əgər şirkət satmasa, platforma ABŞ-da qadağan ediləcək. Qanun layihəsinin Prezident Co Baydenə təqdim olunacağı gözlənilir.

Ukrayna yarım milyon əsgər toplayır

Ukrayna yarım milyon insanı səfərbər etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Ukrayna MN-ə istinadən məlumat yayıb. Məlumatda onlardan 330 min nəfərinin cəbhə xəttindəki hərbçilərin əvəz edilməsinə cəlb olunmasının planlaşdırıldığı qeyd olunub.

Ukraynanın AB üzvlüyü ilə bağlı mühüm qərar

Avropa Komissiyası martın 12-də Ukraynanın Avropa Birliyinə üzvlük üçün danışıqlar çərçivəsini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bəyanatla çıxış edib. "Avropa Komissiyası Ukraynanın Avropa Birliyinə üzv olması ilə bağlı danışıqlar formatını təsdiqləyib. Müvafiq təkliflər AB Şurasına təqdim edilib", - deyə Baş nazir bildirib. Şmıqal qeyd edib ki, Ukrayna danışıqların başlanmasına və Avropa Birliyinin üzvlüyünə bir addım yaxınlaşıb: "Bu addım Ukraynanın nailiyyətlərinin, bizim transformasiyamızın və Ukraynanın mütləq AB-nin üzvü olacağı faktının sübutudur. Hökumətimizin prioriteti bunun mümkün qədər tez baş verməsinə əmin olmaqdır".