Rusiyanın Ukraynadakı itkiləri 405 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1230 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 404 950 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 36 zirehli döyüş maşını, 40 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

“Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü" - Navalnının həyat yoldaşı

Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var. Sozcu.az xəbər verir ki, Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb. Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib. “Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur... Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” - o deyib.

Navalnı 14:17-də ölür, 2 dəqiqə sonra... - Müəmma

Siyasi məhbus Aleksey Navalnının saxlandığı İK-3 “Qütb canavarı” cəzaçəkmə müəssisəsində gərgin hadisələr fevralın 15-də axşam saatlarında başlayıb, bu isə o deməkdir ki, müxalifətçi Rusiyanın bildirdiyindən xeyli tez ölmüş ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Novaya qazeta” (Europe) nəşri həmin cəzaçəkmə müəssisəsindəki məhbusa istinadən yayıb. “Navalnının ölüm şəhadətnaməsində müxalifətçinin fevralın 16-da cümə günü saat 14:17-də öldüyü bildirilir. Federal Penitensiar Xidmət bu barədə inanılmaz sürətlə, elə həmin gün saat 14:19-da rəsmi açıqlama yayıb. Çox güman ki, siyasi məhbus bir gün əvvəl dünyasını dəyişib. İK-3-də cəza çəkən məhbus iddia edir ki, fevralın 15-nə keçən gecə cəzaçəkmə müəssisəsində “anlaşılmaz ajiotaj” başlayıb. Onun sözlərinə görə, məcburi axşam yoxlaması “çox sürətləndirilib” və bundan sonra məhbuslar ağır mühafizə altında kazarmalara yollanıblar. Həmin gecə zonaya çoxlu avtomobilin daxil olduğu da eşidilib. Məhkumun dediyinə görə, fevralın 16-da səhər, yoxlamanın gözlənilmədən gəlməsi ilə əlaqədar olaraq, cəzaçəkmə müəssisəsinin işçiləri “ümumi axtarış” aparıblar. Koloniya üçün nəzarət tədbirləri adi haldır, lakin əvvəllər onlara ən azı bir ay əvvəldən məlumat verilirdi. Mənbə iddia edir ki, onlar Navalnının ölümü barədə danışmağa fevralın 16-da səhər saat 10-da başlayıblar. Hakimiyyət müxalifətçinin öldüyünü rəsmən elan etdikdən sonra “Qütb canavarı”nda təcili yardım maşını peyda olub. Federal Penitensiar Xidmətin məlumatına görə, guya Navalnı fevralın 16-da gəzinti zamanı özündən gedib və həkimlər onu xilas edə bilməyiblər. Rəsmi versiyaya görə, həkimlər zəngdən 7 dəqiqə sonra qonşu şəhərdən cəzaçəkmə müəssisəsinə gəliblər. Bu mümkün deyil. Belə məsafəni 7 dəqiqəyə qət etmək üçün təcili yardım maşını 300 km/saat sürətlə getməlidir. Rəsmi versiyadakı bu cür məqsədyönlü uyğunsuzluqlar göstərir ki, Moskva onların sözlərinə etimad göstərməkdən çəkinməyib. Navalnının ölümünün bütün dünya elitasını bir araya gətirən Münhen Təhlükəsizlik Konfransının başlanğıcında açıq şəkildə elan edilməsi də vacibdir...” - məlumatda deyilir.

İrəvan rəsmisi KTMT tədbirinə qatılmadı

Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb. Sozcu.az xəbər verir ki, bu, toplantıda çəkilən xatirə fotosundan məlum olub. Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur. İclasa MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin sədrlik edib. Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.

Özbəkistan Rusiyaya qarşı sanksiyalara qoşuldu

Özbəkistan hakimiyyəti Rusiyaya qarşı Qərbin maliyyə sanksiyalarına faktiki qoşulmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb. Belə ki, Özbəkistan parlamenti sanksiya tətbiq edilən fiziki və hüquqi şəxslərin ölkədə bank əməliyyatlarını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Rusiyanın itkiləri 400 minə yaxınlaşır

Ukrayna müharibənin 722-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 399 090 hərbçi, 6442 ədəd tank, 12 090 ədəd zirehli döyüş maşını, 9 620 ədəd artilleriya sistemi, 984 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 671 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 691 ədəd avtomobil texnikası, 7 404 ədəd PUA, 1 882 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 524 xüsusi avadanlıq itirib.

"Qadınları və uşaqları güllələyin" - İsrailli nazir

Qəzza zolağında müharibəni davam etdirən və günahsız dinc sakinləri qətlə yetirən İsraildən bir-birinin ardınca qalmaqallı açıqlamalar gəlib. Sozcu.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir İsrail ordusuna fələstinli qadın və uşaqları güllələmək əmri verib. O, bu barədə  Nazirlər Kabinetinin iclasında bəyanatla çıxış edib. İfrat sağçı İsrail millət vəkili Vaturi isə Qəzzada öldürülən mülki vətəndaşları “terrorçu” adlandırıb və “onlar ölməyə layiqdilər”, - deyə qeyd edib.

ABŞ senatoru Putini hədələdi: “Onu peşman edəcəyik”

"ABŞ Rusiya prezidenti Vladimir Putini Amerikanın liderliyinə meydan oxumağa cəsarət etdiyi günə peşman edəcək". Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer bildirib. “Biz dediklərimizi başqalarına, məsələn, Çin sədri Si Cinpinə çatdıracağıq ki, bizi sınamasınlar. Eyni zamanda, biz NATO-dakı müttəfiqlərimizə aydın ikitərəfli mesaj göndərəcəyik”, - o, çıxışında bildirib.

ŞİMALA YENİ YOL: 21-Cİ ƏSRDƏ SÜVEYŞ KANALINA ALTERNATİV NƏ OLACAQ?

"Şimal – Cənub" beynəlxalq nəqliyyat dəhlizi (INSTC) və Şimal dəniz yolu Avrasiyada yük daşımaları sürətləndirməklə əvvəlki dəniz marşrutlarına sərfəli alternativ ola bilər. 2024 — cü ildə "Şimal – Cənub" genişmiqyaslı logistik layihə "Rusiya-İslam dünyası: KazanForum" 2023 Beynəlxalq İqtisadi Forumunda müzakirə olunduğu kimi yeni bir inkişafa nail olacaqdır. Avrasiya ölkələrinin yük daşıyıcıları Hind okeanı və Fars körfəzindən Xəzər dənizi bölgəsinə, Baltikyanı və şimal dənizlərindəki Rusiya limanlarına — dəmir yolu ilə yeni sürətli yolun açılmasını gözləyirlər. İranda Rəşt şəhəri vasitəsilə ölkənin dəmir yolu şəbəkəsini Xəzər dənizinin liman infrastrukturu ilə birləşdirən yekun xəttin tikintisi artıq başa çatdırılır. Paralel olaraq, Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycan, Qazaxıstan və Türkmənistandan keçməklə Xəzər dənizi ətrafında qərb və şərq quru yolları inkişaf etdirilir. Ötən il Rusiya və İran arasında layihənin qərb qolunun Rəşt və Astara şəhərləri arasında sonuncu dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalanıb. Rusiya "Şimal – Cənub" dəhlizinin inkişafına 2030-cu ilə qədər 280 milyard rubl sərmayə qoymağı planlaşdırır. Gələn il Rusiya Baş nazirinin birinci müavini Marat Hüsnullinin KazanForum 2023-də səsləndirdiyi proqnozlara görə, Rusiya ilə Xəzər regionu, Cənubi Və Cənub-Şərqi Asiya, Fars körfəzi ölkələri arasında yük dövriyyəsi "iki dəfə – ən azı 30 milyon tona, 2030 – cu ilə qədər isə 35 milyon tona qədər artmalıdır. Bu, 2021-ci ilə nisbətən 155% çoxdur." Mütəxəssislərin fikrincə, nəqliyyatın orta qiyməti 30-40% -dək azala bilər. Yük axınlarının həcmi nəzərəçarpacaq dərəcədə artacaq, tranzit potensialı güclənəcək və layihəyə üzv ölkələrin xarici bazarlarına çıxış genişlənəcək. Bu işdə əməkdaşlıq etmək Xəzər dənizi ətrafındakı bütün ölkələr üçün faydalıdır”, - İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Əlireza Peyman-Pak KazanForum 2023-də bildirib.  Şimal-Cənub yüksək sürətli nəqliyyat dəhlizi multimodal xarakter daşıyır. Dəniz, dəmir yolu və avtomobil yolları ilə birləşir və Baltikdən Hind okeanına qədər olan marşrutun ümumi uzunluğu 7200 km-dir. Layihə çərçivəsində infrastrukturun inkişafı və birgə logistika məsələlərinin həlli artıq marşrutların müxtəlif nəqliyyat növləri ilə keçdiyi bir sıra ölkələri birləşdirir: Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran, Hindistan, İraq, Tacikistan, Özbəkistan. Qitədə, o cümlədən Şimal Dəniz Marşrutu boyunca yüklərin sürətləndirilmiş və etibarlı çatdırılması üçün yeni imkanlar İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iştirakı ilə 2024-cü ilin mayında keçiriləcək növbəti KazanForumunda müzakirə olunacaq

HƏMAS-ın daha iki komandiri öldürüldü

Rəfah şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın daha iki komandiri öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, PUA zərbəsi nəticəsində HƏMAS-ın Rəfah bölgəsində yüksək səviyyəli komandiri Əhməd Əliakubi öldürülüb. Zərbə zamanı HƏMAS komandiri İman Rantisi də həlak olub.

Qəzzada həlak olanların sayı 28 mini ötdü

Qəzzada həlak olanların sayı 28 064 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatlar zamanı 67 611 nəfər yaralanıb.

Saakaşvilidən növbəti çağırış: Küçələrə çıxın!

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili həmkarı, hazırkı prezident Salome Zurabişviliyə Avropaya inteqrasiya üçün yaradılan ictimai platformanı “küçələrə çıxarmağı” təklif edib.  Sozcu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, Vahid Milli Hərəkat Partiyasının bu halda Zurabişvilinin ideyasına qoşulmağa hazır olduğunu əlavə edib.  "Təbii ki, indiki prezidentə müdriklik öyrətmək fikrində deyiləm, sadəcə deyəcəyəm ki, onun yerində olsaydım, xalqın tribunasını küçələrə çıxarardım. Geniş Azadlıq Meydanı kiçildi. Salome xanıma tanış olan hippodrom artıq praktiki olaraq yoxdur, amma Rustaveli hələ də mövcuddur, onu doldurmaq olar, hamı bunu birlikdə edə bilər. Əgər prezident bu təşəbbüslə çıxış edərsə, biz onu dəstəkləyəcəyik”, - Saakaşvili bildirib. Partiyalar və vətəndaş cəmiyyəti ilə danışıqlara gəlincə, Saakaşvili ən vacib vəzifəni seçkilərin ədalətli keçirilməli olduğunu bəyan etmək deyil, bu ədalətin necə təmin olunacağından danışmaq olduğunu hesab edir.