İsrail qaçqın düşərgəsinə zərbə endirdi: 400 ölü və yaralı

İsrail qırıcıları Qəzzada Cəbaliyə qaçqın düşərgəsinə zərbələr endirib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində azı 100 nəfər həlak olub. Məlumata görə, dinc sakinlərin yaşadığı binalara 6 zərbə endirilib. *** Qaçqın düşərgəsinə zərbə nəticəsində ölən və yaralananların sayı 400-ə çatıb. Bu barədə Qəzza Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Ölənlərin əksəriyyəti qadın və uşaqdır.

Ağır silahları məhv edib, maşınların nömrəsini dəyişiblər... - Separatçılar Qarabağdan belə qaçıb

Qondarma rejimə məxsus “Artsax Müdafiə Ordusu” 19-20 sentyabr antiterror əməliyyatları çərçivəsində ləğv edildikdən sonra “ordu”nun bir çox silah-sursatı Rusiyaya təhvil verilib.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. KİV sözügedən aksiyanın detallarını açıqlayıb.  Erməni nəşri iddia edib ki, həmin vaxt hərbi maşınlardan hərbi nömrələr çıxarılıb və onların yerinə mülki nömrələr taxılaraq Qarabağ ermənilərinin bölgədən çıxarılmasında istifadə edilib. Qəzet yazır ki, çıxarılması mümkün olmayan texnika isə mümkün qədər məhv edilib və azərbaycanlıların əlinə keçməməsi üçün yarasız hala salınıb.  Qeyd edək ki, bu proses sülhməranlıların gözü qarşısında baş verib. Amma nədənsə, onlar ağır silahların və texnikanın yararsız hala salınmasına göz yumublar. Hazırda "Artsax" "ordu"sundan geriyə Rusiya istehsalı olan köhnə avtomatlar qalıb. 

Azərbaycanda 10 gündə 3-cü tələbə ürəktutmadan öldü

Azərbaycanda tələbə ürəktutmasından dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Məlumata görə, Azərbaycan İqtisad Universitetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi olan Elmin Rzayev ürəktutmasından vəfat edib. Qeyd edək ki, son 10 gün ərzində üç tələbənin ürəktutmasından vəfat etdiyi haqqında xəbər yayılıb.

ABŞ amfibiya hücum gəmisi Aralıq dənizə doğru hərəkət edir - Təcili

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Bataan" amfibiya hücum gəmisi Aralıq dənizinin şərqinə doğru hərəkət edir. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Gəmi hazırda Qırmızı dənizin sularındadır və onun tezliklə Süveyş kanalından keçərək Aralıq dənizinə çıxacağı gözlənilir. Dəniz piyadalarının yerləşdirilməsi qərarı Pentaqonun Fələstin-İsrail münaqişəsinin şiddətlənəcəyindən və bütün regionu bürüyəcəyindən ehtiyat etdiyi üçün verilib. Bölmə genişmiqyaslı təxliyə və humanitar yardım göstərmək məqsədilə 2 mindən çox dəniz piyadasından ibarətdir.

İsrail Qəzzaya gedən daha bir su kəmərini açdı

Oktyabrın 28-də İsrail Qəzza zolağına gedən üç su kəmərindən ikincisini açıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. “İsrail Qəzza zolağına su verən üç su kəmərindən ikincisini şənbə günü yenidən açıb”, - məlumatda deyilib. Nəşr bildirib ki, hazırda anklavda humanitar ehtiyacları ödəmək üçün yetərincə su və qida var.

HƏMAS-ın girov götürdüyü şəxslərdən 33-ü uşaqdır

HƏMAS-ın girov götürdüyü şəxslərdən 33 nəfəri uşaqdır. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 10-u 5 yaşından aşağıdır. Qeyd edək ki, HƏMAS-ın girov götürdüyü şəxslərin ümumi sayı 229-a çatıb.

ABŞ yeni nüvə bombası hazırlayır

ABŞ yeni növ nüvə bombası olan B61 istehsal etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

“Rus komandirləri bu əsgərləri edam edirlər”

“Rus komandirlər əmrləri yerinə yetirməkdən boyun qaçıran əsgərləri güllələyir, həmçinin geri çəkilməyə cəhd etsələr, bütün bölmələri gülləbaran edəcəkləri ilə hədələyirlər”. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi keçirdiyi brifinqdə danışıb. ABŞ rəsmisinin sözlərinə görə, Rusiya öz əsgərlərinin həyatına biganəlik nümayiş etdirməkdə davam edir: “Biz son vaxtlar rusların hərbi itkilərinin minlərlə olduğunu, hətta onların bəzilərinin öz komandirlərinin əmri ilə edam edildiyini bilirik”,-deyə Kirni qeyd edib. Ağ Evin sözçüsü Rusiyanın yeni səfərbər edilmiş qüvvələrini keçən ilki uğursuz qış hücumu zamanında olduğu kimi hələ də zəif təchiz edilmiş və hazırlıqsız olduğunu söyləyib. “Görünür, Rusiya ordusu hələ də  “insan əti” adlandırdıqları taktikadan istifadə edir və sadəcə olaraq bu zəif təlim keçmiş əsgərlərin kütləsini müvafiq texnika, komandanlıq olmadan, resurslar, dəstək olmadan döyüşə atırlar",- Kirbi bildirib. Ağ Evin yüksək rütbəli rəsmisi Rusiyanın Avdeyevka, Liman və Kupyansk əraziləri də daxil olmaqla bir neçə istiqamətdə yeni hücumunun onlar üçün “gözlənilməz olmadığını” söylədi. “Prezident Putin Ukraynanı fəth etmək fikrinə hələ də sadiqdir və biz Ukraynaya öz ərazisini müdafiə etmək üçün lazımi vasitələrə verəcəyik”, – deyə Kirbi bildirib. Kirbinin sözlərinə görə, oktyabrın 11-də Rusiya bu hücum zamanı Avdyevka ərazisində azı 125 zirehli texnika və bir batalyondan çox maşın da daxil olmaqla, əhəmiyyətli itki verib. Bununla bərabər ABŞ Rusiyadan yeni hücumların olacağını gözləyir. "Bu dinamik münaqişədir və biz yadda saxlamalıyıq ki, Rusiya hələ də bəzi hücum imkanlarını saxlayır və yaxın aylarda bəzi taktiki nailiyyətlər əldə edə bilər", - deyə Ağ Ev rəsmisi etiraf edib.

“Rusiya “sülhməramlı”ları Qarabağda imitiasiya ilə məşğuldurlar...”

Hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, “bölgədə Rusiya “sülhməramlı”larına artıq heç bir ehtiyac yoxdur”. Sozcu.az xəbər verir ki, ekspert bu haqda “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib. "Rusiya hərbçiləri indi özlərinə guya ehtiyac olduğunu nümayiş etdirmək üçün hansısa fəaliyyəti imitasiya edirlər. Amma onlara praktiki olaraq ehtiyac yoxdur. Əgər onlar silah-sursatı qoruyurlarsa,  bunu Azərbaycan ordusu özü edə bilər. Yolları qorumağa isə ehtiyac yoxdur. Ümumiyyətlə,  sual olunur ki, onlar kommunikasiyaları, yolları kimdən qoruyurlar? Aydındır ki, siyasi qərar ərəfəsində onlar özləri-özlərinə hansısa vəzifələr düşünürlər”, - deyə Üzeyir Cəfərov vurğulayıb.

Bu ölkə Ermənistana yenə silah göndərir

Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir. Sozcu.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, ilk tədarük iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçirilib: “Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Müqaviləyə uyğun olaraq, Hindistan əvvəllər Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərmişdi. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılıb”, - məlumatda deyilir. Qeyd edək ki, son illər Hindistan və Fransa Ermənistanın silahlanmasında xüsusi rol oynamağa başlayıb.

Küçəyə atılan bacı-qardaş Bakıdakı körpələr evinə göndərildi

Gəncə şəhərində nənənin küçəyə atdığı qardaş və bacısı Bakı şəhərində yerləşən körpələr evinə göndərilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, 2 yaşlı oğlan və 3 aylıq körpə qız aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq Bakı şəhərində yerləşən körpələr evinin birinə aparılıb. Xatırladaq ki, Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi qərarına gəlinib.

Ya Zəfər Günü, ya da ilin sonunda... - azadlığa onlar da buraxılacaq

Əfv Komissiyasının üzvündən yayılan xəbərlərə reaksiya; hüquq müdafiəçisi: “Prezidentin əfv sərəncamı imzalaması həm də dünyaya bir mesaj olardı...” Azərbaycan xalqı Zəfər Gününün 3-cü ildönümünü qeyd etməyə hazırlaşır. Qarabağa nəzarətin ələ alınması sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverinliyimizin tam təmin olunması builki Zəfər Günü ab-havasını daha fərqli edəcək. 8 Noyabr Zəfər Günü ilə bağlı böyük əfv sərəncamının imzalanıb-imzalanmayacağı da maraq doğurur. Yada salaq ki, Heydər Əliyevin 100 illiyi ilə bağlı may ayında artıq 500 nəfəri əhatə edən çox böyük əfv sərəncamı icra olunub. Daha bir iddiaya görə isə bu ilin sonu - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində mərhum prezident Heydər Əliyevin 100 illiyi münasibətilə əfv sərəncamı imzalanacaq. Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, İlham Əliyev tərəfindən imzalanacaq əfv sərəncamı təxminən 1500 məhkuma şamil olunacaq. Bu isə son illərin ən böyük əfv sərəncamı deməkdir. Azadlığa çıxacaq şəxslər arasında mərhum prezident Heydər Əliyevin komandasında olmuş bəzi məhbusların da olacağı deyilir. Məlumata görə, artıq əfvə düşəcək şəxslərin bəziləri ilə bağlı cəzaçəkmə müəssisəsindən Əfv Komissiyasına müvafiq sənədlər daxil olub. Əfv Komissiyasının üzvü Rəşad Məcid “Yeni Müsavat”a dedi ki, bu il əfv sərəncamının veriləcəyini gözləmir: “Əfv Komissiyası adətən yanvar ayından iclaslara başlayır. Daxil olan müraciətlər əfv sektorunda araşdırılır və uyğun gələn müraciətlər Əfv Komissiyasına təqdim olunur. Komissiyanın iclaslarında hər bir müraciət müzakirəyə çıxarılır. Bu il əfv sərəncamı imzalanıb. Çox güman ki, komissiya yenə də yanvar ayından iclaslara başlayacaq. Onu da qeyd edim ki, əfv sərəncamı Prezidentin müstəsna hüququdur. Müraciət daxil olan məhbuslar barədə cəzaçəkmə müəssisələrindən rəylərin alınması və digər sənədlərin toplanması isə adi prosedur qaydadır”. Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, hüquq müdafiəçisi Xəzər Teyyublu qalib Azərbaycanın hazırda belə bir sərəncama çox ehtiyacının olduğunu qeyd etdi: “Bu çox aktual bir məsələdir. Konkret olaraq, bu, insan hüquq və azadlıqları məsələsidir. 8 Noyabr Azərbaycan tarixi üçün çox böyük Zəfər Günüdür. Biz də eşitmişik ki, həmin tarixlə əlaqədar, yaxud da ilin sonunda əfv sərəncamı verilə bilər. Amma təbii ki, bu, ölkə başçısının müstəsna səlahiyyətidir. Ölkəmiz artıq qələbə mühitini yaşayır. Azərbaycanda siyasi marağı olan dövlətlər də etiraf edirlər ki, Qarabağ məsələsi bitib, bu konflikt yekunlaşıb. Sadəcə, sülh müqaviləsi qalıb və bu məsələ də yəqin ki, həllini tapacaq. Qalib ölkə kimi də təbii ki, bir barış mühitinə ehtiyac var. Onun üçün də əfv sərəncamı verilsə, çox yaxşı olardı. Siyasi məhbuslar daxil, digər məhbuslar da var ki, azad edilsələr çox müsbət olardı. Hətta mən gözləyirəm ki, "Qızıl amnistiya" verilsin. O zaman nəinki 1500, daha çox şəxsin bu amnistiyaya düşmə şansı var. Ölkəmiz artıq quruculuq mərhələsinə daxil olur. Bəzi məhbuslar var ki, azadlıqda olsalar, töhfələri bu proseslərdə çox ola bilər. Bu il Azərbaycan üçün çox tarixi bir ildir. Belə bir ildə də bu sərəncam verilsə, hamımız üçün çox sevindirici olardı. Əfv Komissiyası öz siyahılarını hazırlayacaq. Amma əfv etmək Prezidentin, əvvəldə dediyim kimi, müstəsna səlahiyyətlərindən biridir. Hər zaman da belə humanist addımların şahidi olmuşuq. Bu il də ümid edirəm ki, olacağıq". Hüquq müdafiəçisi sentyabrın 19-dakı antiterror tədbirlərimizdən sonra xaricdən ölkəmizə yönəlik təzyiqlərin, qəbul edilən qətnamələrin fonunda da əfv sərəncamının verilməsini olduqca vacib sayır: “Prezidentin əfv sərəncamını imzalaması həm də dünyaya bir mesaj olardı. Azərbaycan tolerant ölkədir və burada çoxmillətli xalqlar yaşayır. Əfv sərəncamı və ya amnistiya bu millətlərə də aid ediləcək. Dünya da bunu görəcək və mütləq bu məsələ müsbət qarşılanacaq. Qarşıdan hüquq müdafiə təşkilatlarının, siyasi partiyaların, medianın fəaliyyətinə xüsusi önəm verilən mərhələ gəlir ki, Azərbaycan bu mərhələdən uğurla keçməlidir. Ermənilər basılıb, amma bilirsiniz ki, hər zaman güclü lobbiləri olub. Fransa artıq ikitərəfli şəkildə Ermənistanla silah satışı məsələsində saziş imzalayıb. Buna cavab olaraq, Avropa dünyası ilə münasibətlərimizi daim yaxın etməliyik. Oradan bizə yönəlik daim ikili mövqelər gəlir, qətnamələr qəbul olunur. Biz də çalışmalıyıq ki, insan haqları və digər məsələlərdə onların əlinə fürsət verməyək. Bu addımı atan xaricdəkiləri fakt qarşısında qoymalıyıq. Biz əfv etməklə onların bəyanatlarını içi boş edəcəyik. Tarixə düşəcək amnistiyanın verilməsi, sadəcə, cəmiyyət tərəfindən alqışlanacaq”.(musavat.com)