Bakıda hansısa ərazi plana düşən zamanı sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında müəyyən anlaşılmazlıqlar meydana çıxır. Adətən evlərin ölçülərinin təyin olunması və təyin olunan ölçünün qiymətləndirilməsi zamanı vətəndaşlar nəticədən narazı qalır. Məsələn, sökülən obyektin yaşayış və qeyri-yaşayış sahəsi olmasından asılı olaraq, qiymətləndirmənin düzgün aparılması ilə bağlı mübahisələr yaranır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev söküntülərin 2 formada aparıldığını qeyd edib:
“Hazırda söküntülər 2 formada aparılır. Birincisi, özəl şirkətlər tərəfindən köhnə evlər sökülüb yerində yeni binalar tikilir. Adətən, belə olduqda söküntünü həyata keçirən şirkət vətəndaşa yeni binadan mənzil verir. Bu qanunun tələbidir. Vətəndaş mənzil təklifi ilə razılaşmayanda bazar dəyərinə uyğun pul verilir. Digər söküntü işləri isə dövlət tərəfindən aparılır. Qanunda da qeyd olunduğu kimi, hər hansısa bir ərazi dövlət ehtiyacı üçün tələb olunursa, həmin ərazinin ölçüləri götürülür və bazar dəyərindən 20 faiz artıq kompensasiya verilir. Əgər verilən məbləğ və ölçülərlə bağlı vətəndaşın hansısa narazılığı varsa, hansısa memarlıq şirkətinə müraciət edərək bu məsələni məhkəmədə mübahisələndirə bilər”.
Ekspert qeyri-yaşayış obyektlərinin daha yüksək dəyərdə hesablanmalı olduğunu vurğulayıb:
“Əslində, plana düşən zaman obyektin qiyməti mənzildən daha yüksək dəyərdə hesablanır. Əgər bir ərazinin sənədi qeyri-yaşayış təyinatlıdırsa, təbii ki, mənzildən daha bahadır və əraziyə görə dəyişir. Məsələn, ev söküntüsü zamanı yeni tikilən binadan vətəndaşa 1 mənzil təklif edilirsə, qeyri-yaşayış obyekti söküləndə 2 hətta 3 mənzil də təklif oluna bilir. Digər tərəfdən, yeni tikilən binadan sənə məxsus olan qeyri-yaşayış təyinatlı obyektini yenidən tələb etmək də mümkündür. Əgər bu dövlət əhəmiyyətli söküntüdürsə bu zaman qiyməti dövlət özü təyin edir. Yenə də vətəndaşa verilən məbləğ onu qane etmirsə, qiymətləndirmə şirkətlərinə müraciət edib, nəticə əsasında məhkəmədən real bazar dəyərini tələb edə bilər”.