Xaçaturyanın işgəncə verdiyi keçmiş əsir: "Başıma qaynayan çaydanı tökdü"

Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı erməninin ona verdiyi işgəncələrdən danışıb. Sozcu.az xəbər verir ki, Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərində iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb. Mail Məmmədov ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı ermənini tanıyıb və ona olmazı işgəncələr verdiyini deyir: "Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Amma mənə ən çox dözülməz işgəncələr verən isə Vaqif olub. Mənim başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamı ilə sıyırıb çıxartdı. Ürəyi soyumayan erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basdı. Ümumiyyətlə, əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən keçid məntəqəsində saxlanılan Vaqif olub. Ötən gün televiziyada onu görən kimi tanıdım. Və mənə verdiyi işgəncələr gözümün önümə gəldi. Onu televiziyada görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm”. Qeyd edək ki, Ötən gün Laçın keçid məntəqəsində Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçaturyan Vaqif Çerkezoviç saxlanılıb.

Alman müxalifəti çağırış etdi: Bu raketləri Kiyevə verin...

Siyasətçilər və diplomatlar Almaniya hakimiyyətini Ukraynaya “Taurus”raketlərini verməyə çağırırlar. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bundestaqın müxalif Xristian Demokratik İttifaqından deputat Roderix Kizevetter bildirib ki, Berlin təcili olaraq Ukraynaya daha çox “Leopard 2” tankı, minatəmizləmə avadanlığı, zenit sistemləri, sursatlar və “Taurus” qanadlı raketləri verməlidir. Onun sözlərinə görə, hazırda alman ordusunun arsenalında 600 “Taurus” raketləri var. Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketlər verməkdən imtina etmişdi.

İcra başçısının qardaşı oğlu atasını niyə öldürüb?

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı bəzi detallar məlum olub. Sozcu.az xəbər verir ki, mərhumun ailə üzvləri Bizim.media-ya açıqlamasında Azər Qaraşovun oğlu 2005-ci il təvəllüdlü Azay Qaraşov tərəfindən qəsdən ov tüfəngi ilə vurulduğunu bildiriblər. Məlumata görə, mərhum Azər Qaraşov evdə həyat yoldaşı ilə mübahisə edib. Bu zaman bunu görən Azay Qaraşov evdəki odlu silahla atasına bir neçə dəfə atəş açıb. Azər Qaraşov aldığı ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq İdarəsində cinayət işi başlanılıb.

Afrika liderləri Rusiyaya səfərdən imtina etdi

Sankt-Peterburqda Rusiya-Afrika konfransı keçirilib. Keçən dəfəki konfransda Afrikadan 43 lider iştirak etmişdisə, budəfəki sammitə 17 dövlət başçısı qatılıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. “Konfrans Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından on gün sonra baş tutub. Taxıl təşəbbüsü Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələrin əsas ərzaq məhsullarının tədarükünü təmin edərək, 30 milyon ton Ukrayna taxılını Afrikaya ixrac etməyə imkan verirdi. Tədarükün birbaşa kəsilməsi ilə yanaşı, Rusiyanın Ukraynanı blokadaya alması da taxılın qiymətlərini artırır. Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı yaxın iki il ərzində Afrikada ərzaq problemini daha da artıracaq”, - məlumatda deyilir.

Dünən 43 yanğın olub, 7 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən Sozcu.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - TARİX

Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək. Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən, Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək olub. Gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb. Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s, dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qubada ağır qəza: 1 ölü, 3 yaralı

Qubada iki minik avtomobili toqquşub, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Quba-Xaçmaz yolunun Quba rayonu, Zərdabi qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Azər Xantəmirovun idarə etdiyi “Mersedes” markalı avtomobillə 1986-cı il təvəllüdlü Firuz Yusifovun idarə etdiyi Vaz-2107 markalı avtomobil toqquşub. Nəticədə Firuz Yusifov aldığı xəsarətdən hadisə yerində ölüb. “Mersedes” markalı avtomobilin sürücüsü Azər Xantəmirov və avtomobildə olan sərnişinlər Yeganə Kərimova və İlahə Mirzəyeva müxtəlif bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb və araşdırma davam etdirilir.

Azərbaycanla müharibə riski yüksəkdir - Paşinyan

Sülh müqaviləsi imzalanana və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunana qədər Azərbaycanla yeni müharibə ehtimalı yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.

Çin Rusiyaya hərbi yardım göndərir - Makronun müşaviri

Çin Rusiyaya hərbi texnikalar göndərir. Sozcu.az xəbər verir ki, bu barədə Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonnet bildirib. Bonnetin sözlərinə görə, Çindən Rusiyaya hərbi yardımla bağlı siqnallar var. “Çinin bizim istəmədiyimiz şeyləri etdiyinə dair siqnallar var. Onlar Rusiyanı əhəmiyyətli miqdarda hərbi texnika ilə təmin edirlər”, - Fransa rəsmisi vurğulayıb.

Ağcabədidə əməliyyat: saxlanılanlar var

Ağcabədidə müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə rayonun Avşar kəndi ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyatla oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Yuxarı Avşar kənd sakini Aslan Xanlarov olduğu müəyyən edilib. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub. Polis əməkdaşların keçirdikləri digər bir tədbirlə isə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli olan şəxs də saxlanılıb. Onun rayon sakini Vüqar Əliyev olduğu müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı aqrotexniki üsulla yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb. Faktlarla bağlı Ağcabədi RPŞ-də istintaq davam edir.

Sülhməramlıların Ağdamda qurduğu “erməni barrikadası”

Qarabağda separatçıların təşəbbüsü ilə bir qrup erməni Ağdam yolunda barrikadalar qurub: məqsəd erməni əhalisinin ərzaq təminatının Ağdam marşrutu vasitəsilə təmin edilməsinin qarşısını almaqdır. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. Onun sözlərinə görə, reinteqrasiyaya qarşı qurulan barrikadaların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlıları da dayandığı aydındır: “Moskva tərəfindən Qarabağa göndərilən Ruben Vardanyan faktoru bunu təsdiq edir. Barrikada quranlar da Vardanyanın rəhbərlik etdiyi qondarma “artsaxın təhlükəsizlik və ikişafı cəbhəsi” adlı hərəkatın üzvləridir. Artıq “mülki əhali” kartını işə salıblar. Bu halda Bakının ata biləcəyi addım Laçın yolundakı hazırki rejimi – yüklərin buraxılmaması – davam etdirmək və Ağdam marşrutu təklifini gündəmdə saxlamaqdır. Zamanla separatçıların təsir rıçaqları zəifləyəcək və erməni əhalisi bu marşrut üzrə təminatı qəbul edəcək”.