“Qırmızı körpü” gömrük postunda sıxlıq - mindən çox yük maşını gözləyir

Son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar olaraq yük nəqliyyat vasitələrinin hərəkətində fasilələrin yaranması müşahidə edilir. Həmin nəqliyyat vasitələrinin alternativ variant kimi ölkəmizin Gürcüstanla sərhədindəki “Qırmızı körpü” gömrük postuna istiqamətlənməsi nəticəsində yük nəqliyyat vasitələrinin keçidində sıxlıq yaranıb. Sozcu.az xəbər verir ki, bir neçə gündür Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı körpü” gömrük postunda sıxlıq müşahidə edilir. Hazırda 1100-dən çox yük avtomobili günlərdir buradakı parkda gözləyir. Beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüləri gecəni nəqliyyat vasitələrində, TIR parklarında keçirmək məcburiyyətində qalırlar. TIR sürücüsü olan türkiyəli Mehmet Usta deyib: “Rusiyadan, Moskva şəhərindən gəlmişəm. Azərbaycan ərazisindən getməklə Türkiyəyə keçid edəcəyəm. Samurdan gələndə sıxıntı olmadı, rahat keçdik. Burada isə sıxlığa görə dörd gündür ki, gözləyirik”. Təkcə Türkiyə və İrandan gələn deyil, digər ölkələrdən olan sürücülər də növbə gözləyirlər. Onlar deyirlər ki, burada qaldıqca, xərcləri də çox çıxır. Ona görə də bir an öncə yola düşmələrini istəyirlər. “Qırmızı körpü” gömrük postundan verilən məlumata görə, ilin sonuna doğru yük nəqliyyat vasitələrinin dövriyyəsindəki xarakterik artım növbələrin yaranmasına öz təsirini göstərməkdədir. “Vəziyyətlə bağlı bildiririk ki, son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb. Ləngimələrlə əlaqədar olaraq, həmin nəqliyyat vasitələrinin sürücüləri alternativ yol kimi ölkəmizin “Qırmızı körpü” gömrük postuna yönləndirilmişdir. Nəticə etibarilə həmin nəqliyyat vasitələrinin ölkəmizin ərazisinə daxil olması sıxlığın artması ilə nəticələnib. Bununla əlaqədar bildirmək istəyirəm ki, gömrük-sərhəd buraxılış məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədilə qarşı tərəflə danışıqlar aparılır”, – deyə “Qırmızı körpü” gömrük postunun böyük inspektoru Rüfət Səfərov əlavə edib. Qeyd edək ki, hazırda avtomobillərin tıxac uzunluğu kilometrlərlə davam edir. Gün ərzində isə qarşı tərəfə 350-400-dən çox avtomobil keçir.

Antibiotik vurdurdu, şoka düşdü və öldü... - Bu, niyə baş verir?

Müxtəlif xəstəliklərdə, o cümlədən, virusa yoluxma zamanı ilk ağla gələn dərman preparatlarından biri antibiotiklərdir. İnsanlar bəzən həkimə getmədən belə dərmanlardan istifadə edirlər. Bu, əksər hallarda xəstələrin həyatı üçün təhlükə yaradır. Mövzu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında antibiotik qəbulunu yalnız həkimin müəyyən etdiyini bildirib. Onun sölərinə görə, istənilən dərman preparatından insan şoka düşə, allergik funksiyalara məruz qala bilər: “Bunun daha ağır forması anafilaktik şokdur. Antibiotiklər müxtəlif təsirlərə malikdir. Bu dərman vasitələrinə qarşı mikrobların davamlılığı günü-gündən artdıqca antibiotiklərin də daha güclü təsirə malik olan növləri istehsal olunur. Təbii ki, onların hər biri müxtəlif yan təsirlərə malikdir. Bir qrup antibiotiklər allergik reaksiya verə bilir, digər bir qrupu qanın göstəricilərini dəyişir, bəzi növləri başqa fəsadlar törədir. Sadəcə olaraq, burada diqqət edilməli məqam var. Antibiotik qəbulunun həddi həkim tərəfindən təyin olunur. Bu, beynəlxalq protokol və meyarlara əsasən həyata keçirilir. Məsələn, C reaktiv zülalın qanda təyini, müxtəlif iltihab göstəriciləri, mediatorların miqdarının müəyyən edilməsi ilə antibiotikin təyin olunma miqdarı öyrənilir”. A.Qeybulla yalnız ciddi bir səbəb olduqda antibiotikdən istifadəyə ehtiyac yarandığını vurğulayıb: “Antibiotikin xəstəyə təyin olunması üçün ciddi əsaslar lazımdır. Həmçinin, onların təyin olunma müddəti konkret meyarlarla ölçülməlidir. Təəssüf ki, adi virus xəstəlikləri zamanı belə insanlarımız özbaşına antibiotiklərdən istifadə edir. Bu həm sözügedən preparata qarşı həssaslığı azaldır, həm də digər fəsadlara səbəb ola bilir. Həkim təyin etmədən evdə antibiotik qəbulundan şoka düşən və dünyasını dəyişən insanların sayı yetəri qədər çoxdur. Bunların hamısı xəstələrin heç bir həkim məsləhəti olmadan özbaşına hərəkət etdiyini göstərir. Xəstəxanalarda da bəzən həmin məsələ ilə bağlı problemlər yaşana bilir”.

"Netanyahu mənim yaxın dostumdur, amma onun getməsi lazımdır" - Bayden

“İsrailin baş naziri Benyamin Netanyahu hazırkı hökumətinin tərkibini dəyişdirməlidir. Əks təqdirdə, mövcud durum beynəlxalq ictimaiyyətin Həmas ilə münaqişədə İsraili dəstəkləməsini çətinləşdirir”. Sozcu.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. “Bu, İsrail tarixindəki ən mühafizəkar hökumətdir. Netanyahu mənim yaxın dostumdur, amma onun getməsi lazımdır”, – deyə Bayden əlavə edib. ABŞ prezidenti həmçinin İsrailin beynəlxalq dəstəyi itirməyə başlamasından narahatlığını ifadə edib.

Ukrayna Belqorodu “Toçka-U” ilə vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus “Toçka-U” raketini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, noyabrdan bəri Ukraynanın Belqoroda “Toçka-U” raketi ilə ikinci hücumudur. İlk hücum zamanı Rovenki qəsəbəsində 7 ev dağılmışdı.

Salyan Mərkəzi Xəstəxanasının sabiq şöbə müdirinə hökm oxunub

Salyan rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasova hökm oxunub. Sozcu.az xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseyinovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub. Sabiq şöbə müdiri 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş cəza 2 il şərti cəza ilə əvəz olunub. İttiham aktına əsasən, o, əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil edib. Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.report

Tükürpədici OLAY: 13 yaşlı uşağı 28 yaşlı kişi ilə nişanladılar - FOTO

Konyada 8-ci sinif şagirdi olan 13 yaşlı C.S., özündən 15 yaş böyük Əli G. ilə atasının zoru ilə nişanlanıb. Evdə keçirilən nişan mərasiminin görüntüləri sosial mediada paylaşıldıqdan sonra Ailə və Sosial Xidmətlər Müdirliyi istintaqa başlayıb. İstintaq çərçivəsində polis C.S. Onun nişanlı olduğu Əli G. və ailə üzvlərinin ifadələrini alıb. Araşdırma davam edir.

Qəzza zolağında döyüşlər daha iki ay DAVAM EDƏCƏK

Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək. Sozcu.az İsrailin “Kan” dövlət radiosuna istinadən xəbər verir ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolaqda yerli əməliyyatlar Qəzzanın daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək. “Kan”ın məlumatına görə, İsrail oktyabrın 7-də radikallar tərəfindən oğurlanmış və sektorda saxlanılan girovların azad edilməsi üçün bu iki ay ərzində əlavə danışıqlar aparmağa çalışmağa davam edəcək. Radiostansiya diqqətə çatdırıb ki, qarşıdakı iki ay ərzində İsrail bəzi Qəzza sakinlərinə evlərinə qayıtmağa icazə verəcək, çünki “bu, ABŞ-nin tələbidir” və eyni zamanda “əməliyyat zərurətinə” uyğun gəlir.

Paşinyan sabah sərhədimizə gələcək

Nikol Paşinyan Su Patrul Xidmətinin fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak etmək üçün sabah Göyçə gölünə yola düşəcək. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Qeyd edilib ki, bu ildən Göyçə gölündə Su Patrul Xidməti fəaliyyət göstərəcək. Yeni yaradılan bölmə Ermənistan Daxili İşlər Nazirliyinin Polis Patrul Xidmətinin Göyçə bölməsinin nəzdində fəaliyyət göstərəcək.

İrəvandan Azərbaycana gələn dəmir yolu xətləri ilə bağlı AÇIQLAMA

Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasının dəyəri ilə bağlı hesablamaları son iki ildə kəskin şəkildə dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan “Civilnet”ə müsahibəsində bildirib. Ermənistanın maliyyə naziri Vahe Ovannisyan bildirib ki, “Dünyanın kəsişməsi” layihəsi təxminən 400-500 milyon dollara başa gələcək. Bura 318 milyon dollara Hrazdan – İcevan – Qazax – Ağstafa, 61,5 milyon dollara Yeraşx – Horadiz və 8-9 milyon dollara Gümrü – Türkiyə ilə sərhəd hissələrinin bərpası daxildir. Bu hesablamalar 2021-2022-ci illərdə, təkcə Hrazdan-İcevan-Azərbaycan sərhədi sahəsinin 496 milyon dollar dəyərində qiymətləndirildiyi əvvəlki hesablamalardan xeyli aşağıdır ki, bu da cari hesablamalardan 1,5 dəfə bahadır. Eyni zamanda, Yeraşx – Horadiz 226 milyon dollar, Gümrü – Türkiyə sərhədi isə 16,8 milyon dollar hesablanıb.

Araik və digər bəşəri cinayətlər törədənlər Bakıda qalacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.  Sozcu.az xəbər verir ki, Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.  32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil.  Onlar Bakıda qalacaqlar və törətdiləri cinayətlərin cəzasını çəkəcəklər.

Zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: “Qaçılmazdır, 2024-cü ildə...”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda güclü zəlzələ baş verib. Təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb.  Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisəndə hiss olunub.  İlkin məlumata görə, zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələ insanlar arasında təşvişə səbəb olub, insanlar yaşadıqları binadan çıxıblar.  Zəlzələ yenidən baş verə bilərmi?  Məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev 2024-cü il ərzində də belə hiss olunan zəlzələlərin baş verəcəyini söyləyib:  “Hiss olunan zəlzələlər qaçılmazdır. 2024-cü ildə də bu davamlı şəkildə olacaq. Hazırda tektonik blok aktivləşib.  Yanındakı qonşu bloklar da aktivləşəcək. Mərkəzi Xəzər və cənubi Xəzər blokları oyana bilər. Aktivləşmə davamlı surətdə gözləniləcək. Lakin dağıdıcı zəlzələlər gözlənilmir", - Q.Babayev vurğulayıb. 

Bakıda qızılca panikası: Şagirdlər arasında davamiyyət aşağı düşüb

Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, təhsil müəssisələrində mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qabaqlayıcı tədbirlər intensivləşdirilib. Qeyd olunur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərin temperaturu ölçülür. Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Xəstəliklə bağlı vəziyyət müvafiq səlahiyyətli qurumlar tərəfindən mütəmadi izlənilir. Yoluxma sayına uyğun olaraq əyani tədris formasının dəyişdirilməsini zərurətə çevirən qərar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilə bilər. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslərin 14 gün müddətinə distant formada keçirilməsi ilə bağlı qərar verilib. Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir".