Bakıda iki yaşlı uşağı oğurlayan qadınla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gültəkin Muradova adam oğurluğunda təqsirli bilinib, lakin məhkəmə ittiham olunan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Hökmə əsasən, Gültəkin Muradova 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Gültəkin Muradova son sözündə əməlindən peşman olduğunu deyib. Xatırlatma: 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin oğurlanması barədə polisə məlumat daxil olub. 2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib. İttihamda göstərilib ki, Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə də qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib. Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub. İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz etsə də o, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib. Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyəti üzrə təhvil verilib. Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilib. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanıb. Bununla belə, hazırda təqsirləndirilən şəxs qismində yalnız Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.

Test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq...

Dəyişmək, yeniləşmək zamanın tələbidir. Test Quran ayəsi deyil ki, toxunmaq qadağan olunsun...  Mən Azərbaycanda test üsulu ilə tələbə adını qazanan ilk pionerlərdən biriyəm. Əgər 1992-ci ildə ölkədə test üsulu tətbiq olunmasaydı, bəlkə də indi hansısa dərədə qoyun güdürdüm. İndiki gənclər bilməz, sovet dövründə ali təhsil almaq üçün təkcə yaxşı oxumaq kifayət etmirdi. Həm də yaxşı “dayı”, yaxşı pul lazım idi. Yaxşı “dayın”, yaxşı pulun olmayanda, yaxşı təhsilin əhəmiyyəti olmurdu. Oxuculardan üzr istəyirəm, iki eşşəyin arpasını bölə bilməyən adamlar dədəsinin pulu sayəsində tələbə ola bilirdilər. Nəinki tələbə, hətta məmur da olurdular. Pul bütün qapıları onların üzünə açırdı. Demirəm ki, savadlı, istedadlı gənclərimiz hamısı kənarda qalırdı, amma o vaxt ali təhsil almaq indiki kimi asan deyildi. Yüzdə, bəzən mində bir adama rüşvət vermədən tələbə adını qazanmaq qismət olurdu.  Mən Cəbrayılın ən adlı-sanlı, tanınmış kəndlərindən birində anadan olmuşam. Hələ sovet dövründə kəndimizdən 50-dən çox alim çıxmışdı. Soltanlı kənd orta məktəbinin məzunları bütün SSRİ-yə səs salmışdı. Müxtəlif ali məktəblərdə çalışan alimlərimiz öz qohum-qardaşlarının, yaxınlarının qolundan tutub irəli çəkirdilər. Buna görə də hər il məktəbimizin məzunlarının 70-80 faizi ali məktəblərə qəbul ola bilirdi. Onların arasında savadsız gənclərlə yanaşı, çox savadlı, istedadlı uşaqlar da vardı. Dərd burasındaydı ki, təkcə savadsız deyil, həm də savadlı uşaqların valideynləri qəbul vaxtı qapısındakı danaları bazara çıxarırdı. Nə qədər savadlı olsan da öküzün, davarın pulu olmasaydı, sən də tələbə ola bilmirdin.  Test üsulu kəndlini bu problemdən xilas etdi. 1992-ci ildən bəri heç kim uşağını oxutmaq üçün qapısındakı damazlıq dananı satmır, savadı olan abituriyentlər heç kimin minnətini götürmədən tələbə ola bilirlər.  Son günlər test üsulu ilə bağlı müzakirələr yenidən qızışıb. Hətta bəzi dostlarımız test üsulunun ləğv edilməsini, DİM-in səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə verilməsini təklif edirlər. İnanın, bu sözləri eşidəndə canımı qorxu alır. Kimlərsə bilərəkdən, ya da bilməyərəkdən bizi rüşvətin tüğyan etdiyi sovet dövrünə qaytarmaq istəyir. Elm və Təhsil Nazirliyinə etibar etmək olar?  Sizi deyə bilmərəm, şəxsən mən bu barədə düşünmək belə istəmirəm. Bir nazirliyin ki, tabeliyində olan məktəblərdə hətta süpürgəçini də işə rüşvətlə götürürlər, o quruma qəbul imtahanını həvalə etmək ağılsızlıq olardı. Test üsulundan imtina etsək, sürətlə keçmiş dövrə qayıdacağıq; yenə prokurorun balası prokuror, çobanın balası çoban olacaq... Bəs nə edək? Məncə, testi təkmilləşdirək, ağıllı adamların, mütəxəssislərin verdikləri təklifləri süzgəcdən keçirək, ölçək-biçək, xarici təcrübədən yaxşı nümunələr götürək, pisi atıb yaxşını seçək, amma nə isə edək... Bunu yazmağa əlim gəlmir, çəkinirəm, ehtiyat edirəm, amma belə olacağına yüz faiz əminəm: test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq... Seymur VERDİZADƏ

Tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilir

Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Sozcu.az xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.

"Tərtər işi"ndə təqsirləndirilənlərin məhkəməsi: "Eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib"

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. "Report"un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilirb. Məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi, Ramil Qarayev və Rüstəm Ələsgərov isə hərbi hissələrin kəşfiyyatçıları olublar. Hakim bildirib ki, Vüsal Ələsgərov Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma), 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rəşid Niftəliyev və Ramil Qarayev Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rüstəm Ələsgərov isə Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirli bilinir. Prosesdə təqsirləndirilən şəxslər məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb və ev dustaqlığına buraxılmalarını istəyiblər. İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb. Zərərçəkmişlərdən Emil Orucovun vəsatətində qeyd edilib ki, "Tərtər hadisələri" kimi eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib: "Orada da hərbçilərə işgəncələr verilib. Bu işdə təqsiri olan şəxslərin siyahısı çoxdur". Vəsatətdə general-mayorlar Hikmət Həsənov və Mais Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə Mais Bərxudarovun harada olması ilə bağlı telefon siqnalları vasitəsilə yoxlama aparılsın. Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəstətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb. Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını qeyd edib. Hakimlər müaşvirəyə yollanıb. Müşavirə zamanı zərərçəkmişlər 4 müttəhimlə söhbət etməyə çalışıb. Zərərçəkmişlər Hikmət Həsənovun məsuliyyətə cəlb olunacağı təqdirdə onları bağışlayacaqlarını bildiriblər. Müşavirədən sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəstətlər isə baxılmamış saxlanılıb. Proses martın 28-də baxışa təyin olunub.

Ordumuz 19 dəfə atəşə tutuldu

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Suraxanıda kuryerlərin mopedlərini oğurlayan şəxs tutulub

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-dən məlumat verilib. Araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb. Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Ə.Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.

Rusiyalılar əsgərlərinin alt paltarları üçün pul toplamağa başladı...

“Dünyanın ikinci ordusu” həm ayaqyalın, həm çılpaq, silahsızdır və  həm də insani prinsiplərə malik deyil..." Ukraynada Rusiya Federasiyası ordusunun genişmiqyaslı işğalının əvvəlindən işğalçı əsgərləri "bomjlar ordusu" adlandlrmağa başlayıblar.  Çünki işğalçılar yanı üstdə olan və ukraynalıların sülh dövründə əldə etdikləri hər şeyi daşıyırlar.  Amma indi “bomjlar ordusu” ifadəsi tamam başqa məna kəsb edir. Rusiyalı könüllülər Rusiya hərbçiləri üçün alt paltarları tikmək üçün parça almaqdan ötrü pul yığmağa başlayıblar. Sozcu.az xəbər verir ki, bu barədə daha ətraflı Rusiyanın "ASTRA" telegram- kanalı məlumat yayıb. Permdən olan yerli könüllü sosial şəbəkələrdə elan yerləşdirərək sakinlərdən hərbçilər üçün şortlarin tikilməsinə köməklik göstərmələrini xahiş edib. O, elanla yanaşı, sakinlərin gətirdiyi parçadan hərbçilər üçün alt paltarının fotosunu da yerləşdirib. Həvəskar üçün rəngləmə - solğun mavi parça üzərində mavi çiçək:  rus işğalçısına uyğundur. Könüllü həmçinin səngərdə şamları düzəltmək üçün dəmir qutular istəyib, həmçinin yastıq üzlükləri və alt paltarlarının tikilməsi üçün kömək istəyib. Elanda şortların həm cəbhəyə, həm də xəstəxanalara göndərildiyi bildirilir. Daha əvvəl  bildirilmişdi ki, ruslar kütləvi şəkildə bir-birlərinə qarşı donoslar yazmağa başlayıblar. Rusiya ordusunu “diskreditə etmək” ittihamları şəxsi söhbətlərdə səsləndirilən bəyanatlarla bağlı daha çox yayılıb.

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, Ukrayna ordusunun baş əsgəri İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub. Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.

Bakıda bir ailənin 3 üzvü dəm qazından öldü

Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Sülhməramlılar İrəvanın əmrində - Qarabağda qanunsuz daşımalar davam edir

İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlıları tibbi yardım göstərməyib; qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatını sülhməramlı kontingentin müşayiət etdiyi sübutlarda... Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qanunsuz erməni silahlı dəstələrinin hərbi daşımalarına dair yeni görüntülər əldə edilib. Görüntülər “Caliber” kanalında yayılıb.  Kanal bildirir ki, görüntülər martın 7-də qeydə alınıb. Videoda qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür. Kadrda Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus “Ural” yük maşını və su çəni olan “KamAZ”, sonda isə üzərində Rusiya bayrağı olan BTR-82A zirehli maşınının hərəkəti əks olunub. Məsələ ilə əlaqədar Azərbaycan tərəfi Rusiya sülhməramlılarına da xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bəzi ekspertlərin fikrincə, Qarabağdakı erməni silahlı dəstələri birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən  maliyyələşdirilir və silahlandırılır. Ermənistan 44 günlük müharibədə məğlub olsa da, Qarabağda olan separatçılara hələ də öz dəstəyini göstərir.  Amma o da sirr deyil ki,  erməni silahlı dəstələri rus sülhməramlılarının gözü önündə mövqelərini gücləndirir. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, 10 noyabr sazişinin 4-cü bəndi yerinə yetirilməyib. Təbii ki, baş verənlərdə rus sülhməramlılarının da birbaşa məsuliyyəti var. Necə olur ki, Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazidən ermənilər silah-sursat daşıyır, onlar isə bunun qarşısını almırlar. Yeri gəlmişkən,  Müdafiə Nazirliyi bildirib ki, insident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib", - rəsmi açıqlamada qeyd olunub. Yada salaq ki, Paşinyan hökuməti bir müddət əvvələdək Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edirdi, hətta onların BMT sülhməramlı kontingenti ilə əvəzlənməsini istəyirdilər. Belə görünür ki, Qarabağda gərginlik indilikdə təkcə İrəvanın deyil, sülhməramlı kontingentin də maraqlarına uyğundur. Sülhməramlılar Paşinyanın əmrində, separatçı ermənilərin xidmətində deyilsə, o halda erməni silahlılarının dərhal Qarabağdan çıxarılmasını təmin etməli, İrəvanın işğalçılıq maraqlarına uyğun addımlar atmaqdan çəkinməli deyilmi? Prosesin indiki vəziyyətdə davam etməsi haraya aparır? Rusiya tərəfi Azərbaycana qarşı törədilmiş təxribatı niyə görməzdən gəlir? Murad Sadəddinov  Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, 5 martda Şuşa yaxınlığında baş vermiş hadisəyə gətirib çıxaran əsas səbəbkar Rusiyanın ərazidə yerləşən sülhməramlı qüvvələridir. Ona görə ki, Rusiya tərəfi 10 noyabr üçtərəfli bəyanatına əsasən bölgəyə sülhməramlılarını daxil edərkən paralel olaraq erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etməli idi. Amma iki ildən artıqdır Rusiya sülhməramlı qüvvələri bəyanatın bu tələbini yerinə yetirməyiblər: “Ona görə də əslində sülhməramlı qüvvələr əgər erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasını təmin etmədikləri üçün onların özlərinin orada qalması qanunsuzdur. Çünki sülhməramlıların ərazidə yerləşməsi, dediyimiz kimi, erməni silahlı birləşmələrinin tərk-silah edilməsi və Qarabağdan çıxarılması ilə paralel həyata keçirilməli idi. Rusiya sülhməramlılarının bunu etməməsi gətirib indiki gərginliklərə, erməni təxribatlarına çıxarıb. Erməni silahlı birləşmələrinin, erməni terror qruplarının orada qalması, fəaliyyət göstərməsi, hərəkətləri Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Ermənilər bundan ruhlanırlar və təxribatlar törədirlər. Martın 5-də həyata keçirdikləri təxribat da bundan qaynaqlanır. Rusiya sülhməramlı qüvvələri Ermənistandan separatçı ermənilərə silah, mərmilər, minalar daşınmasına açıq-aşkar şərait yaradır. Bütün qanunsuz daşımalar məhz rus sülhməramlıların gözləri qarşısında reallaşdırılır. Bu vəziyyəti Azərbaycan uzun müddətdir müşahidə edirdi və bu barədə istər sülhməramlıların komandanlığına, istər Moskvaya, istər Brüsselə və digər beynəlxalq təşkilatlara məlumat verib, bu qanunsuzluğa son qoyulması tələbini irəli sürüb. Amma bütün bunlara baxmayaraq ermənilərin bu qanunsuzluqlarının qarşısı alınmayıb”. Politoloq qeyd etdi ki, Azərbaycan tərəfi öz suveren hüquqlarına uyğun olaraq, BMT nizamnmasindəki prinsipləri əsas götürərək öz ərazisində qeyir-qanuni daşımalar həyata keçirilməsinin qarşısını almaq istiqmətində qanuni tədbir görüb: "Amma Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlama və bülletendə birmənalı olaraq qanunsuzluğa, təxribata yol verən erməni separatçılarının mövqeyindən çıxış edilir. Bu, artıq tamamilə təsdiqləmiş oldu ki, ermənilərin qanunsuzluqlarının, təxribatının arxasında Rusiya sülhməramlı qüvvələri durur. Ona görə də Azərbaycan cəmiyyəti artıq Rusiya sülhməramlı qüvvələrinin ərazilərimizi tərk etməsi tələblərini dilə gətirir. Rusiya bu vəziyyətin geniş miqyas almasını istəmirsə, sülhməramlı qüvvələrinin separatçı ermənilərin xidmətində olmadığını sübut etmək istəyirsə, ilk növbədə erməni silahlılarının dərhal Qarabağdan çıxarılmasını təmin etməli, İrəvanın işğalçılıq maraqlarına uyğun addımlar atmaqdan çəkinməlidir. Əks halda, Azərbaycanın öz ərazisində suveren hüquqlarını təmin etməsi üçün yenə də vaxt gəlib çatır. Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini güc yolu ilə həyata keçirdiyi kimi, bu dəfə 10 noyabr üçtərəfli bəyanatının tələbini öz gücü ilə təmin etməlidir və edəcək. Çünki Rusiya sülhməramlı qüvvələri öz üzərlərinə düşən öhdəliyi ya qəsdən yerinə yetirmirlər, ya da yerinə yetirmirlər. Sülhməramlıların etməli olduğunu Azərbaycanın güc strukturları edər. Azərbaycan Laçın yolunun yalnız humanitar məqsədlər üçün istifadə olunmasını təmin etməlidir və edəcək. Bunun alternativi yoxdur”. Tofiq Zülfüqarov Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, Rusiya Qarabağda yerləşdirdiyi sülhməramlılardan öz məqsədi üçün istifadə edir: “Rusiya siyasətinin əsas məqsədi iki ölkə arasında münaqişənin davam etməsindən ibarətdir. Onlar bu və ya digər vasitələrlə hər iki ölkəyə təsir etmək niyyətindədir. Rusiya sülhməramlıları da bu siyasətin alətidir. Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratsa, onların orada imkanları kəskin şəkildə azalacaq. Yəni onlar istədiklərini edə bilməyəcəklər. Hesabat texniki sənəddir və siyasi ağırlığı yoxdur. Onların bu cür hesabat verməyi də normaldır. Yəni biz məgər Rusiya sülhməramlılarından ədalətli mövqe gözləyirik? Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisələrlə bağlı hansı hesabatı verirsə, mənim üçün bu yetərlidir. Yəni Ermənistanın və Qarabağda yerləşən rus sülhməramlılarının yaydığı informasiyanın heç bir əhəmiyyəti yoxdur”. Elman Məmmədov  Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, Rusiya tarixin heç bir dövründə bölgədə sülhün olmasını istəməyib: “Onlar bilirlər ki, bölgədə sülh olsa, Rusiya sülhməramlılarına ehtiyac olmayacaq. Təbii ki, Rusiya da bunun olmasını istəmir və bir növ bölgəyə nəzarət etmək fikrindədir. Rusiya hər zaman Azərbaycanla Ermənistan arasında gərginliyin olmasına çalışıb. Təbii ki, Rusiya bizim qonşumuzdur, ancaq qeyd olunan məqamlar reallıqdır”. Elman Məmmədovun fikrincə, rus sülhməramlıları təxribatla bağlı hesabat verməməklə öz günahlarını gizlədir: “Ekoaktivistlərimizin Laçın-Xankəndi yolunda dinc aksiya keçirməsindən sonra həmin yolla separatçılara silah daşınmasının qarşısı alınıb. Bunu görən separatçılar alternativ yollarla Ermənistandan silah daşımaq istəyib. Mən həmin ərazini çox yaxşı tanıyıram. Onların gəldiyi alternativ yola da Rusiya sülhməramlıları nəzarət edir. Sülhməramlıların razılığı olmadan heç bir yük maşını oradan rahat keçə bilməz. Sülhməramlıların öz hesabatlarında separatçıların törətdiyi insident haqqında məlumat qeyd etməməsi isə birbaşa olaraq öz günahlarını ört-basdır etməkdən ibarətdir. 10 noyabr sazişində qeyd olunur ki, Rusiya sülhməramlıları Qarabağda olan silahlı dəstələri çıxarmalıdır. Onlar bu müddəanı yerinə yetirmək əvəzinə separatçılarla əməkdaşlıq edir. Buradan iki qənaətə gəlmək olar: ya sülhməramlılar öz vəzifələrini yerinə yetirə bilmir, ya da separatçılara bilərəkdən şərait yaradır”. (müsavat.com)

Dövlət Xidmətindən saxta sənədlərlə bağlı müraciət

Dövlət satınalmaları ilə bağlı yekun protokollar təhlil edilərkən sahibkarlıq subyektləri tərəfindən bəzi dövlət orqanları adından hazırlanan sənədlərə müdaxilə edilərək saxtalaşdırılmasına dair ilkin dəlillər aşkarlanıb. Bu barədə Sozcu.az-a Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında bəzi qanun pozuntusu halları ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib. Belə ki, Maybo Calibration MMC, Ural As Servis MMC, Kremon MMC, Tean LM MMC, Fərid-FB MMC və fiziki şəxs Vüqar Rafiq oğlu Təhməzov tərəfindən müxtəlif dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair aşkarlanmış ilkin dəlillər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Nüvə müharibəsi gözlənilir

ABŞ Rusiya və Çinlə mümkün qarşıdurma halında nüvə başlıqlarının və sistemlərinin sayı məsələsinə yenidən baxmalıdır. Sozcu.az Axar.az - a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentininn keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. “İndi iki əsas nüvə rəqibi qarşısında ABŞ təcili olaraq döyüş başlıqları və döyüş sursatlarının çatdırılması sistemlərinə dair tələbləri yenidən nəzərdən keçirməlidir. Vaşinqton iki düşmənlə qarşılaşmadan əvvəl nüvə ehtiyatının nə qədər böyük olması ilə bağlı fundamental məsələləri həll etməlidir”, - Bolton bildirib. Onun sözlərinə görə, ABŞ-ın Rusiya ilə nüvə qarşıdurmasına getmə riski var və Vaşinqton bu münaqişədən qalib çıxarsa, bu dəfə Pekinlə dərhal nüvə qarşıdurması ilə üzləşəcək.