Müharibə Rusiyaya keçir - Strelkov

Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov-Qirkin Tula yaxınlığındakı kiçik Kiriyevsk rayonunda baş verən PUA hücumunu şərh edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. O, müharibə zonasının durmadan genişləndiyinə eyham vurub: "Bütün görünüşlərə görə, "xüsusi əməliyyat" zonası sistematik şəkildə (və hətta vaxtından əvvəl) genişlənməyə davam edir",- o bildirib.

Pilotlar Netanyahunu Londona aparmadı

İsrailin baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya səfəri pilotların onunla birlikdə təyyarədə uçmaqdan imtina etməsi səbəbindən təxirə salınıb. Bu barədə “Deyli Teleqraf” (The Daily Telegraph) Britaniya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Pilotlar Netanyahunun ölkənin məhkəmə sistemində planlaşdırdığı islahatla razılaşmaması nəticəsində yaranan kütləvi etirazlara görə bu addımı atıb. Qeyd edək ki, Netanyahu 23 martda Londona getməli idi. Onun bu gün səfəri reallaşdıra biləcəyi güman olunur.

Qubada əməliyyat: 2 nəfər tutuldu

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kiloqram narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb. Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Qəza səbəbi: Oqtay sükan arxasında qəfildən... - DİN

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib. Sozcu.az xəbər verir ki, qurumdan verilən açıqlamada avtomobili idarə edən Oqtay Əliyevin sükan arxasında qəfil ürəyinin tutduğu bildirilib. "Nəticədə onun idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb”. Qeyd edək ki, Oqtay Əliyev ürək xəstəliyindən əziyyət çəkirdi.

İrəvandan göstəriş: qan ehtiyatı artırılır – Müharibə hazırlığı?

Ermənistan Səhiyyə Nazirliyi xəstəxanalara qan ehtiyatı görməklə bağlı tapşırıq verib. Sozcu.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları Ermənistan Səhiyyə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb. Səbəbləri açıqlanmasa da, ehtimal olunur ki, bu, Ermənistanın müharibəyə hazırlaşması ilə bağlıdır. Qeyd edək ki, bu gün SEPAH-a bağlı Teleqram kanalları Ermənistanın sərhədə ordu topladığı haqda məlumat yaymışdı. Həmçinin iddia edilirdi ki, Paşinyan ofisinin qeyri-rəsmi sözçüləri yaxın iki həftə ərzində Qarabağla bağlı “sürprizlər” ola biləcəyi xəbərdarlığını edib.axar

Bu, Putin üçün daha təhlükəlidir

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi beynəlxalq həbs qərarı Rusiya Prezidenti Vladimir Putin üçün Qərbin bütün sanksiyalarından daha təhlükəli ola bilər. Sozcu.az Axar.az - a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Baunov bildirib. O qeyd edib ki, həbs qərarı hələlik Putin üçün birbaşa hüquqi nəticələr verməyəcək. Lakin bu, Kremlin qlobal Qərblə əlaqəni kəsdikdən sonra qlobal Şərq və Cənub ölkələri ilə münasibətləri düzəltmək cəhdlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər: "Kremlin ən böyük həmsöhbətləri - Çin, Hindistan, Türkiyə də BCM-ni tanımır. Amma demək olar ki, Rusiyanın özünü ona qarşı mübarizədə flaqman kimi təqdim etməyə çalışdığı bütün Afrika və Latın Amerikası bu məhkəməni tanıyır. Bəzi Afrika ölkələri nəinki BCM-ni tanıyır, əksinə, onunla ədalətin həyata keçirilməsində əməkdaşlıq edirlər". Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib

Kürün su problemi bitdi, yoxsa daha ağır günlər gəlir?

“Salyanda suyun səviyyəsinin artması insanlarda elə fikir yaratmasın ki, iyun-avqust aylarında da belə olacaq. Təxminən iyun ayının ortalarından sonra Azərbaycanda su ilə bağlı daha ciddi çətinliklər yaranacaq”. Bunu “Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov bu günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsinin qalxmasına münasibət bildirərkən deyib. O, bunu son iki gündə dağ rayonlarında intensiv yağan yağışlarla əlaqələndirib: “Türkiyənin, Gürcüstanın əksər bölgələrində də intensiv yağışlar yağıb. Yağış yağanda nə baş verir? Mən əvvəlki müsahibələrimdə demişdim ki, qarşıdan yaz gəlir, intensiv yağışlar yağacaq. Yağışlar çaylarda su bolluğu yaradacaq və müvəqqəti olaraq suya olan ehtiyac ödəniləcək. Amma iyul-avqust aylarında biz daha ciddi problemlə üzləşəcəyik”.  Vahid Məhərrəmov qeyd edib ki, intensiv yağan yağışlardan sonra suyu anbarlarda yığmaq lazımdır: “Su anbarları lillə dolub, onlar təmizlənməlidir. Xüsusən də böyük anbarlar. Mingəçevir Su Anbarı dolub, indi əvvəlki həcmdə su saxlamır. Hazırda anbarda daha az su yığılır. Buna görə də mövcud olan su anbarları lildən təmizlənməlidir”.

Buraxılış imtahanında riyaziyyatdan suala "belə bir paralelepiped yoxdur" yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək

Buraxılış imtahanında riyaziyyat fənnindən paralelepipedlə bağlı salınmış sualı həll edib və "belə bir paralelepiped yoxdur" yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, həmçinin, sualın hansı formada həll edildiyinə də baxılacaq: "Buna uyğun 1 bal, 2 bal, yoxsa yarım bal veriləcəyi müəyyənləşdiriləcək. Açıq sualların necə yoxlandığına dair meyarlar öncədən verilib".

Yanvarda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 3979 nikah və 1370 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6, boşanmaların sayı isə 1,6 olub.

500 min sənədsiz tikili ilə bağlı yeni açıqlama: “Kupça” yalnız bu evlərə veriləcək

2023-cü ilin mart ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək. Bu fikirlər dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklərin müzakirəsində səslənib.  Ancaq bu çıxarışların əsasən hansı evlərə şamil olunduğu ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Hətta uzun müddətdir ki, "500 min evə çıxarış veriləcək” fikrinin 40 minlə məhdudlaşacağı da deyilir.  Bəs əslində dəyişiklilər nədən ibarətdir, bu sənədlə hansı evlərə çıxarışların verilməsi nəzərdə tutulur?  Millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış (kupça) ilə təmin ediləcək:  "Bu, o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək. Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı, növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək”.  Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, burada söhbət 40 min qeyri-yaşayış obyektindən, həm də əlavə 500 min evdən gedir: "Bu 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikilib, həmin obyektlərə "kupça” verilmir. Çünki evlərdə olduğu kimi qeyri-yaşayış obtyektlərində də sənədlər qaydasında deyilsə, torpağın təyinatı ilə üst-üstə düşmürsə, ona çıxarış verilmir. Həmin obyektlərin əksəriyyətində tikinti normativləri qorunmayıb. Məsələn, bir vətəndaş yolun kənarında 1 sot torpaq alıb, nəsə tikib. Yaxud bir hissəsində ev, digər qismində obyekti var. İlkin olaraq həmin obyektlərin sənədləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub ki, sənədləşdirilsin. Çünki bu obyektlər illərdir ki, fəaliyyət göstərir. Ünvan olaraq vergilərdən qeydiyyatdan keçib, kassa aparatları quraşdırılıb, vergi ödəyirlər. İşıq, su,qaz xətləri çəkilib. Obyektdirsə, mənzil kimi yox, qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Çəkilən bütün kommunikasiya xətləri texniki şərtlə qeyri-yaşayış obyekti kimi çəkilir. Bütün bu göstərilənlər varsa, niyə sənəd verməsinlər? Bu baxımdan ilkin növbədə 40 min qeyri-yaşayış obyekti, daha sonra da 500 min fərdi yaşayış evinə sənəd verilməsi nəzərdə tutulur. Həyət evlərinin də normativlərə uyğun olanlar çıxarışla təmin olunması məsələsi qaldırılıb. Çünki bəzi yerlər var ki, qadağan olunmuş ərazilərdir və orada qanunla tikintiyə icazə verilməməlidir. Tikinti normativlərinin pozulması halları var”.  Ekspert deyir ki, söhbət təhlükəsizliyin deyil, normativlərin pozulmasından söhbət gedir:  "Normativlər odur ki, məsələn, bir obyektlə digər obyekt arasında ara məsafəsi olmalıdır. Yaxud hündürlüyü, eni ilə bağlı müəyyən normativlər pozulsa belə, onlara çıxarışının verilməsi məsələsi qabardılıb. Milli Məclisdə bu mövzuda dəfələrlə çıxışlar olub, ancaq nəticə yoxdur. Sənədsiz evlərlə bağlı ölkə baçısının tapşırıqları çox olsa da, onu icra etmirlər. İcra mexanizmini qurmaq lazımdır. Məsələ qabardılır, yenə də əvvəlki vəziyyətinə qayıdır. Ümumiyyətlə, burada həm də məsələ bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gedir. Bələdiyyə torpaqları üzərində tikilən evlərə çıxarışlar veriləcək. Burada ziyan daha çox dövlətə dəyir. İnsanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Satılanda da dövlətə vergi verilmir. İndi ən böyük problem  qeydiyyatdır. İnsanları qeydiyyatdan çıxarıblar. Onların 90 faizinin evləri var, sadəcə çıxarış olmadığına görə öz evlərinə qeydiyyata düşə bilmirlər. Yəni burada çox problem var və onun həlli yolu çıxarışın verilməsindən keçir. Normalda torpaqlar hərrac vasitəsilə satılıb özəlləşdirilir. Ancaq indi hərrac olmayacaq. Çünki üzərində evlər tikilib. Bələdiyyə qanunvericiliyində göstərilir ki, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır”. 

Gürcüstan hakimiyyəti polşalı həkimlərə Saakaşvilini müayinə etməyə icazə verdi

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin bir qrup polşalı həkim tərəfindən müayinə olunmasına icazə verib. Bu barədə “Radio Svoboda”nın jurnalisti Rikard Jozvyak məlumat verib. Jozvyak adı açıqlanmayan Avropa İttifaqı rəsmilərinə istinad edib. “Polşanın həkim komandasına Saakaşvilini görməyə icazə verilib”, - deyə o, “Twitter” hesabında paylaşım edib. Jozvyak qeyd edib ki, söhbət Saakaşvilinin Polşaya göndərilməsindən getmir, polşalı həkimlər onu Gürcüstanda müayinə edəcəklər. Lakin polşalı həkimlərdən ibarət nümayəndə heyətinin bu ölkəyə nə vaxt gedəcəyi hələlik məlum deyil.

Arif Əliyev: "Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir"

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir.Ümumiyyətlə, Azərbaycanda həmkarlıq ittifaqı sistemi işləmir". Bu fikirləri "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, ictimai əlaqələr üzrə tanınmış mütəxəssis Arif Əliyev bildirib. O deyib ki, bu sistemin işlədilməsinə vaxtilə neftçilər tərəfindən cəhdlər edilsə də, ancaq bu, onlara çox ağır başa gəldi: "Bəlkə o dərs oldu, bəlkə başqa məsələlər də var idi. Fikrimcə, Həmkarlar İttifaqında adətən işə götürənlərlə işə alınanların münasibətləri tənzimlənir. Ancaq hesab edirəm ki, Azərbaycanda Həmkarlar İttifaqı Konfederasiyasının fəalliyəti demək sıfıra bərabərdir. Bəzi yerlərdə onlar sosial məsələlərlə məşğul olurlar, əmək hüquqları ilə məşğul olduqları müşahidə olunmur".Demokrat.az