Ermənistanla sülh sazişi bağlamaq istəyirik - Əmirbəyov

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində deyib. Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri barədə məlumat verib. Bildirib ki, anti-terror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi: “Bu, bizim suveren ərazimizdə olan Ermənistan silahlı qüvvələrinə aid qoşuna qarşı idi. Üç il idi Ermənistan öz üzərinə bu məsələ ilə əlaqədar öhdəlik götürmüşdü ki, qoşunlarını bizim ərazimizdən çıxarsın. Amma o, bundan imtina edirdi. Üstəlik onların son iki həftədəki təxribatları bizim çoxsaylı hərbçimizin və mülki şəxslərimizin həlak olmasına səbəb olmuşdu. Ona görə də bu, bizim reaksiyamız, cavabımız idi. Hədəfimiz qəti surətdə mülki şəxslər deyildi. Yenə deyirəm, hədəfimiz legitim hərbi hədəflər idi”. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub: "Onlar özləri öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. “Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”. İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub. “Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır. Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün.”, - E.Əmirbəyov əlavə edib.

Qarabağda partizan mübarizəsinə hazırlaşan erməni qızlar - Yeni görüntülər

"VoMa" qruplaşmasının təlimindən yeni görüntülər yayılıb. Milli.Az bildirir ki, fotolarda qızların və uşaqlara təlim keçilməsi əks olunub. Qeyd edək ki, PKK-nın erməni qolu olan "VoMa" qruplaşması Qarabağda partizan mübarizəsinə başlayacaqlarını bildirib. Onlar erməni uşaqlarına təlimlər keçir. Adı ilk dəfə 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı eşidilən "VoMa"nı erməni əsilli Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edəcəklər.

Erməni yazıçıdan Rusiyaya ŞİLLƏ kimi sözlər

"Fransa XİN rəhbərinin Ermənistana səfəri yaxın vaxtlarda İrəvana hərbi yardım göstərmək üçün gündəmin formalaşmasına səbəb ola bilər". Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bunu Marseldəki Abovyan Kollecinin rəhbəri, yazıçı Karen Xurşudyan deyib. Onun sözlərinə görə, Paris artıq siyasi dəstək verib, Zəngəzurda baş konsulluq açmaq qərarına gəlib. Xurşudyanın fikrincə, bu, Cənubi Qafqazı itirmiş Rusiya üçün ciddi bir sillə idi.

Zəngəzur dəhlizinə görə müharibə olacaq? - “Artıq Ermənistanla Azərbaycan arasında... ”

“Ermənistan Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”. Sozcu.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. “Qarabağ məsələsinin bitməsi, Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsi Ermənistanla sülh müqaviləsinin önündəki maneələri qaldırdı. Azərbaycan zəhərli ideologiyalarının üstündən xətt çəkməklə ermənilərin separatçı arzularının reallaşmasına keçid yeri qoymadı. Ermənilər çətin də olsa, yeni, əslində belə olmalı olan reallıqla barışacaqlar. Hesab edirəm ki, Paşinyan hakimiyyətini qoruyub saxlasa, Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Hakimiyyətini qoruyacağına isə əminəm. Hazırda Ermənistan daxilində siyasi vəziyyət gərgin olsa da, müxlifət hakimiyyəti dəyişəcək gücdə deyil”, - ekspert bildirib. Məhəmməd Əsədullazadə Fransanın Ermənistandakı fəallığına da diqqət çəkib: “Qənaətimə görə, Fransanın Ermənistanda müdafiə missiyası yaratması da, Paşinyanın müdafiəsi və mühafizəsi üçündür. Paşinyan “Qarabağ səhifəsi”ni bağlayıb. Sadəcə Azərbaycanla sülh müqaviləsində güzəştlər qoparmaq üçün spekulyasiyaya yol verir. Qarabağ isə heç vaxt sülh müqaviləsində mövzu olmayacaq, bunu Ermənistan da bilir. Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında müharibə gözlənilən deyil. Zəngəzur dəhlizi ilə bağlı məsələnin hərbi yox, diplomatik müstəvidə həll olunacağını düşünürəm. Azərbaycanın hərbi qələbəsi diplomatik zəfər üçün də münbit zəmin yaradıb. Ermənistan Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”.

Pentaqon Ukrayna üçün 5,2 milyardlıq yardım ehtiyatına malikdir

Pentaqonun Ukraynaya hərbi yardım göstərmək üçün 5,2 milyard dollar vəsaiti var. “The Wall Street Journal”ın Amerika Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən verdiyi məlumata görə, indiki xərclər səviyyəsində bu, təxminən altı aya kifayət edəcək. Nəşr qeyd edir ki, bunlar bir il əvvəl Ukraynaya dəstək üçün ayrılmış vəsaitin qalıqlarıdır. Beləliklə, yaxın gələcəkdə Kiyev ABŞ-da büdcə qanunu ilə bağlı mübahisələrə görə hərbi təchizatın dayandırılması təhlükəsi ilə üzləşməyəcək. Lakin mövcud vəziyyət planlaşdırmaya təsir edə bilər. Nəşr qeyd edir ki, bu vəsait növbəti büdcə qəbul olunana qədər Ukrayna qüvvələrinin əməliyyatlarını maliyyələşdirmək üçün kifayət etməyəcək. Xatırladaq ki, dünən prezident Co Bayden Konqresdəki resbublikaçıların Ukraynaya yardım ayrılması məsələsini büdcə sənədindən ayrılıqda müzakirə etməyə söz verdiklərini və bu yardımın dayanmayacağını bəyan edib.

VOMA Qarabağda partizan mübarizəsinə başlayacaqlarını açıqladı

Erməni silahlı təşkilatı VOMA Qarabağda silahlı partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, Gucci-nin erməni modeli Armine Arutyunyan da “Azərbaycanla qeyri-adi döyüşə hazırlaşırıq” deyərək təşkilata qoşulub.konkret)

“Onlar xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədib”

“Ermənistanın hərbi-siyasi rəhbərliyi, eləcə də Qarabağdakı erməni separatçıları yalnız Azərbaycan xalqına qarşı deyil, xalqımızın timsalında bütün insanlığa qarşı cinayət törədib”. Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, erməni cinayətkarlarının törətdikləri cinayətlərin  miqyasına da, onların cəzalandırılmasına da məhz bu aspektdən yanaşılmalıdır: “Ermənilər uzun illər ərzində xalqımıza qarşı çoxsaylı soyqırımları, qətliyamlar həyata keçirib, 30 ilə yaxın müddətdə bir çox ərazilərimizi işğal altında saxlayıblar. Hərbçilərimizlə yanaşı, mülki şəxslərimizin hədəfə alınması, yaşayış məntəqələrimizin bombalanması, əsir və girovların amansız işgəncələrə məruz qalması da yaxın tariximizin acı reallıqlarındandır. Təbii, bu cinayətlərin başında Ermənistanın hərbi-siyasi rəhbərli, vaxtiylə Qarabağda mövcud olan separatçı rejim dayanmışdı. Hansı ki, bu gün dövlətimizin, onun əlaqədar qurumları xalqımıza qarşı cinayət törədən separatçıları ələ keçirməkdə, onları qanun qarşısında məsuliyyətə cəlb etməkdədir. Onlar bütün bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərdir. Bu şəxslər insanlıq tarixində misli görünməmiş vəhşiliklərə imza atıb, barbarlıq və vandalizm aktları törədiblər. Ona görə də onların cəzalandırılması bütün insanlığın marağı və mənafeyi, yerli və beynəlxalq qanunlar baxımından zəruri və mütləqdir”.

Xankəndidə separatçıların "bayrağ"ı yığışdırılıb

Xankəndinin mərkəzindən yeni görüntülər yayılıb. Sozcu.az xəbər verir ki, yayılan görüntülərdə artıq buraxılan, keçmiş qondarma "respublika"nın əski parçası gözə dəyməyib. Bu isə o deməkdir ki, artıq separatçılar Azərbaycanın mərkəzi hakimiyyətinin tələblərini qeyd-şərtsiz yerinə yetirməyə davam edirlər. Belə ki, qondarma respublikanın əski parçasının mərkəzi binaların önündən yığışdırıldığı aydın şəkildə görülür.

Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır

Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır. Bu barədə "Hayeli.am" məlumat yayıb. Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, "keçmiş xarici işlər naziri" Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir. "Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, "Röyter"in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı - Artak Beqlaryanın isə harada olduğunu bilmir", - deyə sayt bildirib.//news24.az

Sərsəng su anbarına nəzarət bərpa edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sozcu.az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarıda bizim nəzarətimizə keçib. Artıq su anabrının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.      1976-cı ildə Tərtərçay çayınının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar,sahil xəttinin uzunluğu - 50,25 km-dir. Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının  ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. 

Paşinyanın sözçüsü “Artsax” sözünə görə ÜZR İSTƏDİ

Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan “Artsax” sözünün işlədilməsinə görə üzr istəyib. Sozcu.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb. Qeyd olunub ki, “Artsax” sözünü işlətməmək üçün dövlət qadağası var. Məlumata görə, bunun Azərbaycanın tələblərindən biri olduğu bildirilir.

Müşahidə missiyasında israrlılığın əsasında Qarabağ üçün də Kosovo variantı dayanmır ki?..

“Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...” “Hesab edirəm ki, Azərbaycan DSX Azərbaycanı tərk edən ermənilərin sayı haqqında həqiqəti əks etdirən rəqəmləri sonda deyil, bu günlərdə açıqlayacaq...” “Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır...” “Mən təsdiq edərdim ki, bütövlükdə Dağlıq Qarabağa münasibətdə biz atəşkəsin qorunmasını, humanitar ehtiyacların ödənilməsini, həmçinin şəffaflığı təmin edəcək və Dağlıq Qarabağın sakinlərinə inam yaradacaq müstəqil beynəlxalq missiyanın tezliklə yaradılmasını vacib hesab edirik. Mövcud vəziyyət üzərində işləmək bizim üçün prioritet məsələdir.” Bu sözlər ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Millerə məxsusdur. Miller onu da əlavə edib ki, bu təklifi xarici müttəfiqləri və tərəfdaşları ilə müzakirə edirlər. Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti  İlham Əliyevlə telefon danışığında beynəlxalq müşahidə missiyasının Qarabağda fəaliyyət göstərməsinə şərait yaradılması məsələsini xahiş etmişdi. ABŞ və onun müttəfiqlərinin müşahidə missiyasında israrlı görünməsinin əsasında nə dayanır? Kosovo variantımı? Kosovonu tərk edənləri də Qərb beynəlxalq təminat adı ilə geri qaytarıb Kosovonu müstəqil dövlət kimi  tanıdı. Qarabağdakı mövcud vəziyyət Kosovo ilə eyni olmasa da, Qərbin müşahidə missiyasının xoşməramlı olması şübhəlidir. Azərbaycan Bakıda fəaliyyət göstərən BMT nümayəndəliyinin rezident-kordinatorunun müşahidə missiyasını həyata keçirməsinə etiraz etmədiyini bildirib, amma görünür bu format ABŞ-ı qane etmir və daha geniş heyətlə fəaliyyətə başlamağı planlaşdırır. Əgər Azərbaycan dövlət strukturları hələ Xankəndidə və Rusiya sülhməramlılarının hələlik nəzarət etdikləri digər ərazilərdə fəaliyyətə başlamayıblarsa, müşahidə missiyası nəyi müşahidə etmək istəyir? 24 saatlıq lokal əməliyyat bitib, tərksilah prosesi gedir, erməni əhalisinin nümayəndələri ilə humanitar və digər məsələlərlə əlaqədar görüşlər keçirilir, separatçı rejim özünü buraxdığını elan edib. Qarabağ ermənilərini köçməyə biz deyil, məhz erməni “başbilənlər” özləri məcbur edir ki, Azərbaycanı yalançı “etnik təmizləmə”də ittiham edib beynəlxalq məhkəməyə versinlər və sairə. Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyəti isə hələlik rəsmən mövcud deyil. Kənardan humanitar yardım müxtəlif qurumların simasında davam edir. Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...  Bu, məsələnin bir tərəfidir. Azərbaycan qərəzsiz müşahidə missiyasından çəkinmir, əksinə onların obyektiv mövqe tutmaqla ermənilərə göstərdiyi humanitar yardımlara, perspektivdə isə tam təhlükəsizliklərinin təmin edildiyinə, hüquqlarının qorunmasına şahidlik etməsini istəyir. Təəssüf ki, Samanta Pauer Gorusda müsahibə verərkən Azərbaycanı ittiham edəcək sübutlar axtardığını və perspektivdə ABŞ Prezidenti Baydenə məruzə edib hansı qərarların qəbul ediləcəyindən danışır. Hər zaman olduğu kimi indi də Qərb mediası “etnik təmizləmə”dən danışır, Ermənistan ərazisinə daxil olmuş Qarabağ ermənilərindən müsahibə alıb,  onların yalanlarını tirajlayırlar. Biz Qərbin bu ikili standartlarına adət etmişik, bizim üçün yenilik deyil... Azərbaycan üçün ilin sonunadək həqiqətən fürsət zamanıdır. Üç ay ərzində Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardımlarını genişləndirməli və sosial proqramlarını elan edib, həm də Azərbaycan Konstitusiyası çərçivəsində hüquqlarınının qorunduğunu praktiki şəkildə həyata keçirməlidir. Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır. Açığını deyək ki, hazırda erməniləri daha çox əmlakları, evləri, bir sözlə şəxsi mülkiyyətləri düşündürür. Sabah bir erməninin əmlakına qanuni sahib olduğu və onu satdığı nümunə olaraq çox tərəddüdləri aradan qaldıracaq. Biz bunu zamanında -Birinci Qarabağ müharibəsində də görmüşük və ermənilər mülkiyyətləri ilə bağlı özlərinin qərar verdiyini biləndə situasiya tamam dəyişəcək, o zaman yalançı “etnik təmizləmə” keçməyəcək...  Odur ki, beynəlxalq müşahidə missiyası bizim üçün problem yarada bilməz. Əlbəttə, missiyanın azsaylı tərkibi və fəaliyyət müddəti Azərbaycanla razılaşdırılmalı və heç bir hərbi strukturun daxil olmasına imkan verməməliyik. Qeyd edək ki, Rusiya hərbi kontingenti də Qarabağda qaldığı müddətdə oraya başqa ölkənin hərbi heyətinin daxil olmasına etiraz edəcək. Beynəlxalq müşahidə missiyasının yekun rəyinin bizim üçün müsbət və ya mənfi məzmun daşımasından asılı olmayaraq  nə siyasi, nə də hüquqi xarakteri yoxdur. Azərbaycanı tərk edən ermənilərin sayı haqqında Ermənistan tərəfdən verilən rəqəmlər inandırıcı deyil və Azərbaycana qarşı növbəti və bəlkə də sonuncu “arqumentdi”.  Hesab edirəm ki, Azərbaycan DSX sonda deyil, bu günlərdə həqiqəti əks etdirən rəqəmləri açıqlayacaq.  Ermənilər hazırda özlərindən başqa bütün dünyanı günahkar hesab edirlər, sanki bəşəriyyətin problemi daşnakların iddialarını təmin etmək olmalıymış. Bu iddiaları ilə dünya ölkələrini də bezdirdiklərinin fərqində deyildilər. Odur ki, yekun mərhələyə daxil olan Qarabağ məsələsi yalnız Azərbaycanı deyil, dünyanı da rahatlatdı. Müşahidə missiyaları, hansısa bəyanatlar erməni gözündən pərdə asmaq üçündür, sadəcə, bu pərdə arxasından onların bir daha Azərbaycan torpaqlarına baxa bilməsinə imkan verilməməlidir...moderator İlham İsmayıl