Aİ səfiri: "Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq"

"Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq". Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko tviterdə yazıb. "Dünən Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”, - deyə o bildirib.

“Kərimə”çilər Azərbaycana təhvil veriləcək? – İran nə etmək istəyir?

Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində saxlanılıblar. Bu barədə hökumətə yaxınlığı ilə bilinən “Azariha” xəbər saytı məlumat yayıb. Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qum şəhərində həbs ediliblər. Sozcu.az Azpolitika.info-ya istinadən xəbər verir ki, uzun müddətdir rahat şəkildə ölkəmiz əleyhinə təbliğat aparan bu şəxslərin birdən-birə həbs edilməsi İran mediasında da təəccüblə qarşılanıb. İddialara görə, İran Azərbaycanla münasibətləri normallaşdırmaq, gərginliyi azaltmaq üçün “Hüseyniyyun” qruplaşmasının liderlərini yaxın vaxtlarda Azərbaycana ekstradisiya etməyi düşünür. Qeyd edək ki, İranın dəstəklədiyi “Hüseyniyyun” son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Bu qruplaşma ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı təxribatçı mövqe sərgiləyən təşkilat kimi tanınır. Orxan Məmmədov və Tohid İbrahimbəyliyə gəlincə, hər iki şəxs barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar. Orxan Məmmədov mütəmadi şəkildə sosial şəbəkələrdə dini kəlamlarla, siyasi analizlərlə vətəndaşları dövlətə qarşı çıxmağa, ixtişaşlar yaratmağa səsləyir. Qumda dini təhsil alıb və bir neçə il öncə daimi yaşayış yeri kimi İranı seçib. Tez-tez Rusiyaya səfərlər edən O. Məmmədov Rusiyada yaşayan azərbaycanlı gənclər arasında “İslam inqilabı” ideyalarını yaymaqla məşğul olan dəstənin nümayəndələrindəndir. Tohid İbrahimbəyliyə gəlincə, o, 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq “Hüseyniyyun” terror təşkilatını yaradıb. “Youtube” sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb. Onu da qeyd edək ki, Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.

Əvəz Zeynallı məhkəmədə qulağına salfet tıxadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.  Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının bəzi hərəkətləri ilə diqqət çəkib. Belə ki, ittiham aktı elan olunan zaman “Xural Tv”nin baş redaktoru Əvəz Zeynallı qulağına salfet tıxayıb. Bundan başqa, məhkəmə zalına gec buraxıldığı üçün Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə hakim arasında mübahisə düşüb. Məlahət Zeynallı prosesi pozduğu üçün hakim Əli Məmmədov ondan zalı tərk etməsini istəyib. Məlahət Zeynallı buna əməl etmədiyi üçün hakim özü zalı tərk edib. Hakim bildirib ki, Məlahət Zeynallı məhkəmə zalını tərk etdikdən sonra proses davam edəcək. Nəticədə Əvəz Zeynallı yoldaşı ilə danışdıqdan sonra Məlahət Zeynallı zalı tərk edib. Proses başladıqdan sonra Əvəz Zeynallı hakimdən həyat yoldaşını zala daxil olması üçün xahiş edib. Beləliklə, Məlahət Zeynallı bir daha yerdən danışmamaq şərti ilə məhkəmə iclasına buraxılıb. /lent.az 

Nazir: “ABŞ-ın səyləri ilə Ermənistan danışıqlara qayıdıb“

“Biz sülh prosesinə inanmasaydıq, bunun təşəbbüskarı olmazdıq”. Sozcu.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan sülh istiqamətində addımlar atıb: “Biz ABŞ-a öz təşəkkürümüzü bildiririk. ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar proesinə qayıtdığını açıqlayılb. Biz bu prosesdə iştirak edəcəyik. Sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”.

Nazir müavini: "Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq"

"Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq". Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda da zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və monitorinqlərin keçirilməsi lazımdır: "Çünki bundan heç kim və heç bir dövlət sığortalanmayıb. Türkiyədə 40 saniyəyə 50 mindən çox insan həlak oldu. Bu hadisənin dəhşətindən xəbər verir. Təkcə FHN-nin xilasediciləri 53 insanı dağıntılar altından xilas edib. Oradakı insanlar əzizlərini zəlzələnin deyil, binaların öldürdüyünü qeyd edirdi. Bu həqiqətdir. Çünki oradakı binaların 60 faizi yerlə yeksan olmuşdu".

İncenin partiyası yavaş-yavaş “incəlir”: Daha 150 istefa

Türkiyədə prezidentliyə namizəd Muharrem İncenin sədri olduğu, CHP-dən qopmuş Məmləkət Partiyasında növbəti dəfə kütləvi istefa olub. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə partiyanın Zonquldak vilayət təşkilatından 150 nəfər istefa verib. Məlumatı təsdiqləyən yerli təşkilatın sabiq sədri Mukadder Yalçın istefaların İncenin siyasətinə və deputatlığa namizəd seçiminə etiraz xarakteri daşıdığını vurğulayıb. Qeyd edək ki, bundan əvvəl partiyanın Hatay vilayət təşkilatından da 350 nəfər istefa vermişdi. Muharrem İnce 14 mayda keçiriləcək prezident seçkilərində müxalifətin səslərini böləcəyi ittihamı ilə tez-tez tənqid olunur. 

Ağcabədidə sursat aşkarlanıb

Ağcabədidə sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib. Belə ki, oradan 4 ədəd qumabaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda bank kartından 2000 manat pul oğurlandı

Vətəndaşın bank kartından 2000 manat pul oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 13-də Neftçala rayon sakininin bank kartından 2000 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Samux rayon sakini Kristina Miraşiçenko müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

CNN: “Rusiyanın tank ehtiyatı tükənir”

Rusiya hakimiyyəti Ukrayna ilə müharibədə getdikcə daha çox köhnə texnikadan istifadə etməyə başlayır. Moskva döyüş bölgəsində İkinci Dünya Müharibəsindən sonra istehsal edilən tankları yerləşdirir. Məlumata görə, Rusiya tank ehtiyatlarını köhnə nəsil texnika ilə doldurmağa çalışır. Ölkə müharibədə getdikcə daha öncəki tank modellərinə arxalanır. “Onlar T-80 və T-90-larla müharibəyə başladılar, sonra T-72-lərə keçdilər. İndi isə biz ilk T-55-lərin döyüşə girmək üçün təmirdən çıxdığını və artilleriya ilə də eyni vəziyyətin olduğunu görürük”, - deyə məlumatda bildirilir. Xatırladaq ki, T-90 tankı ilk dəfə 1992-ci ildə, T-80 tankı 1976-cı ildə, T-72 1972-ci ildə, T-55 isə 1948-ci ildə İkinci Dünya Müharibəsindən sonra istifadəyə verilib. Mənbə: CNN

BQXK nümayəndələri Ermənistanda saxlanılan Azərbaycan vətəndaşlarına baş çəkiblər

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkiblər. BQXK-nin Bakı ofisindən Sozcu.az-a bildirilib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-dən bildirilib.

Ukraynaya daha çox silah göndərməliyik - NATO

Kiyevə böyük həcmdə silah verilməsinə baxmayaraq, alyans Ukraynaya daha çox silah göndərməlidir. Sozcu.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Biz Ukraynaya külli miqdarda silah-sursat verdiyimizi etiraf edirik, lakin daha çox iş görməliyik”, - baş katib bildirib.

İrandan narkotik gətirən şəxslər SAXLANILDI

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar. Sozcu.az xəbər verir ki, tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib. İlkin sorğu zamanı Aydin Şirinov və Novruz Nəcəfov onlardan aşkar olunmuş narkotik vasitəni İran vətəndaşı “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.