Sərhəddə vəziyyət gərginləşdi: daha 2 erməni yaralandı

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə yenidən vəziyyətin gərginləşdiyini iddia edib. Sozcu.az xəbər verir ki, nazirlik daha 2 erməni əsgərin yaralandığını açıqlayıb. Qeyd edək ki, 10 mayda erməni təxribatına Ordumuzun endirdiyi cavab zərbələri nəticəsində 4 erməni əsgərin yaralandığı bildirilmişdi. Erməni təxribatı nəticəsində isə Ordumuz bir şəhid verib, bir əsgərimiz isə başından ağır yaralanıb (snayperlə).

Ermənistanın yaralılarının sayı artdı – Son dəqiqə

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətində törətdiyi təxribata cavab olaraq Ordumuzun gördüyü tədbirlər nəticəsində erməni ordusunun itkiləri artıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN açıqlama yayıb. Bildirilib ki, saat 10:25-ə olan məlumata görə, yaralıların sayı 4-ə qalxıb. Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Ordumuz cavab tədbirləri görür.

Ermənistanın təxribatı davam edir: Yaralımız var

Ermənistanın təxribatı nəticəsində hərbçimiz ağır yaralandı Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Tramp təqsirli bilindi - 5 milyon dollar ödəməlidir

ABŞ məhkəməsi keçmiş Prezident Donald Trampı jurnalist Ceyn Kerrolla təcavüz etməyə cəhddə təqsirli bilib. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, habelə Trampın köşə yazarına böhtan atdığı da məlum olub. 2024-cü ildə yenidən prezident seçilmək istəyən Tramp zərərçəkmişə 2 milyon dollar, habelə böhtan və köşə yazarının nüfuzuna vurulan zərərə görə əlavə 3 milyon dollar təzminat ödəyəcək. Qeyd edək ki, C. Kerroll Trampın 1996-cı ildə Nyu-Yorkdakı “Bergdorf Goodman” adlı mağazanın soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini bildirib. Tramp isə “o qadın mənim tipim deyil” deyərək ittihamları rədd edib.

DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi mayın 14-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə (şagirdlərə) müraciət edib. Sozcu.az müraciətin mətnini təqdim edir: "İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 14 may 2023-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub. 1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; 3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; 4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; 5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; 6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı. 1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=74 keçidindən istifadə etməlidirlər. 4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 keçidindən istifadə etməlidirlər. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Unutduğu telefonu təhvil verdiyi üçün imtahan zalından qovulan şagirdlə bağlı YENİ QƏRAR

Bir müddət əvvəl qoşulduğu imtahanda üzərində telefon aşkar edilən Nur Əhmədovla bağlı yeni qərar verilib.  Sozcu.az xəbər verir ki, bu haqda Nurun anası, aktrisa Ellada Sarvan sosial şəbəkə hesabında məlumat yayıb.  O bildirib ki, qızı imtahana buraxılacaq: “Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim”. Bir neçə gün əvvəl imtahanda iştirak edən qızı, Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Nur Əhmədovanın imtahana buraxılmamasından şikayətçi olan aktrisa artıq övladı üçün yenidən imtahan keçiriləcəyini qeyd edib: “İmtahan günü imtahan rəhbəri protokolda hadisəni düzgün qeyd etdiyinə görə bu gün müsbət cavab ala bildik. Mən şəxsən Məleykə Abbaszadəyə təşəkkürümü bildirirəm”. Qeyd edək ki, Nur Əhmədova imtahana girməzdən qabaq gödəkçəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Ellada Sarvan şikayətlənərək bunun ədalətsiz yanaşma olduğunu bildirmişdi. Dövlət İmtahan Mərkəzi isə şagirdin imtahana yenidən buraxılmasının mümkünsüz olduğu barədə məlumat yaymışdı.

Ali Radanın deputatı: "Azərbaycan xalqına ehtiramımı bildirirəm"

"Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan və ümumilikdə Krımın ilhaqından keçən 9 il ərzində ölkəmizin bütün vətəndaşları kimi azərbaycanlılar da özlərini yaxşı tərəfdən göstəriblər". Bunu  Ukrayna Ali Radasının etnik-mədəni məsələlər komitəsindən deputatı Svyatoslav Yuraş bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşı olan azərbaycanlılar ölkənin müdafiəsinə qalxıblar: "Şəxsən özüm Lisiçansk ətrafında döyüşlərdə iştirak edən azərbaycanlıları görmüşəm. Mən Ukraynanın müdafiəsi uğrunda oğullarını qurban verən Azərbaycan xalqına hörmət və ehtiramımı bildirirəm. Eyni zamanda ukraynalıların da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçməsi ilə qürur duyuram. Bakıda olarkən mənə 90-cı illərin müharibəsi və bəzi ukraynalıların ölkəni tərk etməyərək onun müdafiəsində iştirak etməsi barədə danışmışdılar. Ölkələrimizin sülh təsəvvürləri eynidir. Biz ərazi bütövlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Çox sağ olun ki, bu yolda bizimləsiniz", - o əlavə edib.

DİM növbəti imtahanla bağlı məlumat yaydı

Dövlət İmtahan Mərkəzi mayın 7-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən Sozcu.az-a verilən məlumata görə, həmin gün eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı olacaq. İmtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər. İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur: - dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); - dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq; - oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq). İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Bu il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda ümumilikdə 23 108 (Bakıda 15624, Sumqayıtda 875, Abşeronda 809, Naxçıvanda 70, Gəncədə 1530, Şəmkirdə 84, Tovuzda 168, Mingəçevirdə 215, Yevlaxda 109, Şəkidə 152, Zaqatalada 337, Balakəndə 222, Qəbələdə 193, Qaxda 194, Bərdədə 231, Göyçayda 258, Şirvanda 308, Lənkəranda 363, Qubada 243, Qusarda 498, Xaçmazda 625) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

3 ömürlük məhbusun əfvi üçün müraciət edildi

Ömürlük məhbuslar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun azad olunması ilə bağlı Əfv Komissiyasına müraciət olunub. Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. “Onlar eyni iş üzrə 27 ildir həbsdədilər. Adlarını Əfv Komissiyasına təqdim etmişik. Ümidliyik ki, azad ediləcəklər...” - Qocamanlı bildirib. Qeyd edək ki, E.Əmiraslanov, A.Kazımov və S.Poladov keçmiş OMON-un – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olublar. Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Hər üç məhkum vətənə xəyanət maddəsi ilə ittiham olunub.

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az-ın xəbərinə görə, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Mirzəzadə Aydın Azər oğlu etibarnamə əsasında idarə etdiyi "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Məmmədzadə Eldar İsmayıl oğlunu vurub. Daha sonra piyada Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Lakin o, göstəril bütün tibbi yardımlara baxmayaraq, mayın 1-də orada ölüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir: 1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

İranın qurduğu daha bir gizli silahlı dəstə üzvünün məhkəməsi başlayır

İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən Eltun Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vüqar Əhmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd: Eltun Şükürov ötən il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar. Xatırlatma: Daha əvvəl Haqverdiyev Tural Səfər oğlunun cinayət işi yekunlaşararaq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.