Sabah Ukraynaya F-16 verilməsi müzakirə olunacaq

Mayın 25-də keçiriləcək növbəti Ramşteyn görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, sursatla təminatı məsələsi müzakirə olunacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. Rayderin sözlərinə görə, F-16 qırıcılarının təhvil verilməsi məsələsi də müzakirə ediləcək məsələlər arasındadır.

MN: Ermənistanın yaydığı bu məlumat yalandır!

Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Vaqner"ə son zərbə vurulacaq

Ukraynalılar Baxmutda "Vaqner"i praktiki olaraq məğlub etdilər. Ancaq çox keçmədən Priqojinin muzdluları son məğlubiyyətlə üzləşəcəklər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşunları qrupunun spikeri Sergey Çerevatı deyib. Onun proqnozuna görə, “Vaqner” Baxmutda tamamilə məhv ediləcək: "Qoy onlar (Baxmutdakı işğalçılar) daimi təhlükə hiss etsinlər. Ya indi, ya da bir az sonra onları mühasirəyə alacağıq, amma o qrup tamamilə məğlub olacaq". Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Baxmutun kənarında düşməni geri sıxışdırır: "Bu arada “Vaqner” artıq bərpası mümkün olmayan itkilərə məruz qalıb. "Vaqner" artıq əvəzolunmaz itkilər verib. Düşmən üzərində canlı qüvvə və mərmi üstünlüyümüz olmamasına baxmayaraq, biz düşməni geri itməyə çalışırıq. Əsas zərbələr harada olacaq, qoy düşünsünlər və narahat olsunlar".

Lavrov gözünün içinədək yalan danışır...

"Biz kimlərəsə qarşı düşmənçilik etmirik, bizə qarşı elan edilməyən müharibəyə cavab verməyə məcburuq..." "Ukraynanın işğal edilməsi bizim planlarımıza daxil deyil..." Moskva öz təşəbbüsü ilə düşmənçilik etmir, indiki şəraitdə elan edilməyən müharibəyə cavab verməyə məcburdur.  Sozcu.az xəbər verir ki, bu paradoksal ifadəni Rusiya xarici və müdafiə siyasəti üzrə Şuranın XXXI assambleyasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov əminliklə ifadə edib. Məlumatı "RİA Novosti" agentliyi yayıb. "Bizim müttəfiqlərimiz az deyil, bizimlə həmrəy olanlar da az deyil, - Lavrov deyib. - Burada çox yaxşı anlamaq lazımdır ki, biz kiməsə qarşı düşmənçilik etmirik". Bundan sonra Lavrov tam ciddi olaraq Rusiya qoşunlarının Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsi, onun ərazisinin bir hissəsinin ilhaqı və Ukraynanın dinc şəhər və kəndlərinin hər gün atəşə tutulmasının məsuliyyətini hansısa kollektiv düşmənin üzərinə qoyub. "Biz bizə qarşı elan edilməyən müharibəyə qətiyyətlə, prinsipiallıqla və ardıcıllıqla cavab vermək məcburiyyətindəyik", - nazir vurğulayıb. "Bu düşmənçilik barrikadaların digər tərəfindən gəlir. Bu barrikadalar öz ağlı və öz xalqının maraqları naminə yaşayanlarla başqasının hesabına yaşayanlar arasından keçir", - nazir iddia edib. Məlum olduğu kimi, 24 fevral 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin müraciətlə çıxış edərək Donbasda üzdəniraq "xüsusi hərbi əməliyat"ın başlanmasını elan edib.  Rusiya lideri qeyd edib ki, "Rusiya Ukrayna ərazisindən qaynaqlanan daimi təhlükə ilə mövcud ola bilməz". "Rusiya hakimiyyəti üçün öz insanlarını qorumaq məqsədilə bu gün istifadə etdiyimiz imkandan başqa heç bir imkan saxlanılmayıb. Ukraynanın işğal edilməsi bizim planlarımıza daxil deyil", - Putin o zaman bəyan edib

Rusiya çevrilişə hazırlaşırdı, uğursuz oldu - Sandu

Moskva yaz aylarında Moldovada avropayönümlü hakimiyyəti devirib, rusmeyilli qüvvələri hakimiyyətə gətirmək istəyib. Sozcu.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu deyib. “Bu yaz hakimiyyəti devirmək planları var idi, lakin uğursuz oldu. Çünki bu barədə kifayət qədər informasiyaya malik idik. Əminəm ki, onlar yeni cəhdlər edəcək. Kremlin planları bəllidir: bu, Kişinyovda hakimiyyətin rusyönümlü qüvvələrə dəyişməsi və onlardan müharibədə Ukraynaya qarşı istifadə edilməsidir”, - deyə Sandu bildirib.

Bölgələrdə yaxın 3 gündə hava necə olacaq?

Yaxın günlərdə - mayın 19-u və 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Sozcu.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, may ayının 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyi əsəcəyi ehtimal olunur: "Bölgələrdə isə yaxın üç gündə - mayın 19-u, 20-si və 21-də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır".

Abşeronda evdən 30 000 manat pul oğurlanıb

Abşeronda evdən 30 000 manat pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30 000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Hərbi vəzifəlilərin növbəti toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir. Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.

Şəhid Xudayar Yusifzadənin ailəsində ağır itki

II Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib. Sozcu.az xəbər verir ki, Xudayarın babası Şimşad Şikar oğlu Məmmədov vəfat edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib: “Xudayarı hər gün yuxuda görürəm”, deyirdi Şimşad baba… Onun yoxluğu ilə barışa bilmirdi. Deyirdi “Elə hey məni çağırır, baba, sənin üçün darıxıram, gəl gedək Şuşaya… Məni tək qoyma…” Bu dəqiqə Xudayar babasına qovuşdu. Nəvəsi üçün çox darıxan Şimşad baba nəvəsinə qovuşdu. İndi onların hər ikisinin ruhu birlikdə Vətən göylərindən boylanır. Yeri behişt olsun, Şimşad babanın”. Xatırladaq ki, Xudayar Yusifzadə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olub. O, 2020-ci il 27 sentyabarında Vətən müharibəsi zamanı əvvəl Füzulidə sərhəd məntəqəsində xidmət edib, daha sonra da Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

ANAMA azad olunan ərazilərə səfər edən vətəndaşlara müraciət edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşları xəbərdaredici nişanların göstəricilərinə əməl etməyə çağırıb. Sozcu.az xəbər verir ki, qurumun müraciətdə deyilir: "İnsanlar təhlükəsizlikdən tam əmin olmadıqları hər hansı bir bölgədə hərəkət etdikdə diqqətli olmalıdırlar. Belə ki, vətəndaşlar çarpaz qoyulmuş çubuqları və daş yığınını, tarım çəkilmiş məftil və ya ipi, əl ilə yazılmış qeydi, yaxud darvaza və ya hasarı, beton dirəklərin üstündəki işarələri, torpağa sancılmış taxta çubuqları, ortasında kəllə və çarpaz sümük işarəsi olan üç və ya dördbucaq lövhələri gördükdə həmin bölgəyə yaxınlaşmamalı, oradan uzaq durmalıdırlar”.

DİM qəbul imtahanı ilə bağlı məlumat yaydı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. DİM-dən Sozcu.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Azərbaycanda özünü buraxan partiyaların sayı 20-yə çatdı

1992-1993-cü illərdə Azərbaycanın Baş Prokuroru olan İxtiyar Şirinov tərəfindən yaradılan Milli Konqres Partiyası fəaliyyətinə son verib. Sozcu.az xəbər verir ki, 1998-ci ildən fəaliyyət göstərən partiyanın buraxılması haqqında bəyanatı sədr müavini Hikmət Şirinov imzalayıb. Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 20-yə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır: 1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası