Həyatda hər kəs səhv edə bilər. Ancaq elə peşələr var ki, burada yol verilən kiçik səhv belə ağır nəticələrə səbəb ola bilir. Tibb sahəsinə də sözügedən mövzuya aiddir. Bəzən həkimin gözdən qaçırdığı nüans, ya da yalnış təsbit insanın həyatını qaralda, hətta onu sonlandıra bilir. Bu kimi təhlükələrdən yayınmaq üçün nə etməliyik? Yaxud həkimlərin səhv təyin etdiyi diaqnozun kökündə hansı məsələ var?
Bu barədə həkim-radioloq Aydın Əliyev “Yeni Sabah”a danışıb.
Həkim bildirir ki, səhv diaqnoz qoyulan xəstələr ona da rast gəlib:
“Yanlış diaqnozla bağlı hadisələr mənim də qarşıma çıxıb. İstər bölgələrdən, istərsə də paytaxt sakinlərindən bu barədə müraciət edənlər olur. Təəssüflər olsun ki, belə hallarla qarşılaşırıq. Həkim olaraq, hamımızda səhv ola bilər. Təbii ki, heç kəs ideal deyil. Bunu dünyanın hər bir yerində müşahidə etmək mümkündür. Amma burada vacib məqam ondan ibarətdir ki, kobud səhvlərə yol vermək olmaz. Çünki bu bəzən xəstənin həyatı bahasına başa gələ bilər.
Bu problemin əsasında düzgün müayinələrin və yoxlamaların aparılmaması dayanır. Bunun qarşısını almaq üçün KİV vasitəsilə insanlar maarifləndirilməlidir. Həkim müalicə yazmadan əvvəl xəstə ondan öz diaqnozunu soruşub öyrənməlidir. Bu diaqnoz isə xəstəyə sübutla göstərilməlidir. Məsələn, “soyuqdəymə” deyə bir diaqnoz yoxdur. Ya da hər hansısa bir nahiyə ağrayan zaman həkim “sinirin sıxılır” deyirsə, xəstə sual verməlidir ki, bunu sübut edən nədir? Doğrudur, hər kəs bu məsələlərdə o qədər də məlumatlı deyil. Amma bu sualları verdikdə həkim özündə bir məsuliyyət hiss edir. Xəstəliyin hansı üsullarla təsbit edildiyi haqda məlumat almağa pasientin hüququ var”.
Həkim ölkə ərazisindəki tibb müəssisələrindəki çatışmazlıqlardan da söz açıb:
“Bu kimi halların yaşanmaması üçün ilk növbədə ölkədə diaqnostik təbabətin inkişafına böyük bir ehtiyac var. Diaqnostik təbabətin əsas hissəsini radiologiya əhatə edir. Bu sahə üzrə institut yoxdur. Lakin radiologiya institunun yaradılması mütləq məsələlərdəndir. Digər bir məsələ ilə ölkə ərazisindəki tibb müəssisələrinin maddi-texniki bazasının zəif olmasıdır. Bu məsələ qaldırılmalıdır. KT, MRT, ultrasəs və digər cihazlar bütün klinikalarda mövcud olsun. Aidiyyatı qurumlar sözügedən problemdən danışan zaman 1-2 məhşur klinikaların adını çəkib, orada həmin cihazların olduğunu nəzərə çatdırırlar. Ancaq bununla kifayətlənmək olmaz”.