Ukrayna Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında baş vermiş silahlı hücumda Ukraynanın əli olması ilə bağlı Rusiya rəsmilərinin səsləndirməyə başladığı ittihamları qəti şəkildə rədd edir.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna XİN bəyanat verib.
“Biz bu cür ittihamları Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını daha da qızışdırmaq, dövlətimizə qarşı cinayətkar təcavüzdə iştirak etmək üçün Rusiya vətəndaşlarının səfərbərliyinin gücləndirilməsinə şərait yaratmaq və Ukraynanı beynəlxalq ictimaiyyətin qarşısında nüfuzdan salmaq məqsədilə Kremlin planlı təxribatı hesab edirik”, – nazirlik diqqətə çatdırıb.
Qurum vurğulayıb ki, Rusiyanın 1999-cu ildə Kaşirskoye şossesində törədilmiş terror aktı kimi xüsusi xidmət orqanlarının qanlı təxribatlarının uzun tarixi var.
XİN qeyd edib ki, Kreml üçün qırmızı xətt mövcud deyil: “Ukraynaya qarşı müharibə zamanı raket zərbələri, artilleriya atəşi və işgəncələr nəticəsində minlərlə Ukrayna vətəndaşını qətlə yetirdiyi kimi, siyasi məqsədlər üçün öz vətəndaşlarını da öldürməyə hazırdır”.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ukraynanın Krasnoqorskdakı hadisədə iştirakı ilə bağlı Rusiyanın ittihamlarını qətiyyətlə rədd etməyə və Rusiyanın cinayətkar təcavüzünə qarşı mübarizədə Kiyevə dəstəyi gücləndirməyə çağırıb.
Xatırladaq ki, daha öncə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Kiyevin Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqəsinin olmadığını bildirərək hadisənin təxribat olmasına işarə edib.
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.