Amerika Birləşmiş Ştatları yanvar ayında İranla gizli danışıqlar apararaq, Tehranı Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirən Yəmənin husi üsyançılarına təzyiq göstərməyə inandırmağa çalışıb.
Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Amerika və İran rəsmilərinə istinadən məlumat yayıb.
Mövcud məsələ üzrə ilkin danışıqlar 10 ay əvvəl Omanda reallaşıb. Vaşinqtonu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib.
İki nümayəndə heyətinin üzvləri birbaşa deyil, Omandakı vasitəçilərlə əlaqə saxlayıblar. Məsləhətləşmələrin ikinci raundu fevralda baş tutmalı idi, lakin ABŞ-ın Qəzza zolağında münaqişəni həll etmək səyləri fonunda təxirə salınmışdı.
Tərəflər Qırmızı dənizdə və Ədən körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsindən əlavə, İranın nüvə proqramını müzakirə ediblər.