Hüseyn Axundova 20 il həbs verildi

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.  Bakupost.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Zəngəzur mis-molibden kombinatının gözətçisini “qətlə yetirməkdə təqsirləndirilib”. Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilib. Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bakıda 11 yaşlı oğlan bıçaqlandı

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs qadına görə 11 yaşlı oğlanı bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarına gəlincə, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

“Vizanın ləğv olunması quru sərhədinin açılmasına hazırlıqdır” — NATİQ CƏFƏRLİ

“Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi  quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir”. Azpost.info bildirir ki, bu sözləri iqtisadçı -ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda nəhayət ki, Operativ qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq koronavirus məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var. “Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək – artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək”. N.Cəfərli deyib ki,  bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı  indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın: “Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.

Ordumuz Zod və Arazdəyəni atəşə tutub? - Rəsmi

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilib.

Biçilmiş sahələri yandıran şəxslərə xəbərdarlıq

Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtləşdirilə bilər. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illərin statistikasına əsasən, Azərbaycanda biçənək sahəsinin istifadəçiləri yanlış təsəvvürlə həmin əraziləri yandırmaqla oradakı zərərvericiləri məhv etməyi düşünürlər: “Halbuki onlar bu addımla torpağın münbit qatını məhv edirlər. Bu kimi yanğınlar sonradan meşə yanğınları ilə nəticələnir. Onsuz da ölkəmiz az meşəsi olan ölkədir”. H.Əlizadə vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib: “Belə hallara yol verən biçənək sahiblərinə münasibətdə sərt cəza tədbirləri görüləcək. Onlara verilən subsidiyalar geri alına, müvəqqəti sahələrlə əlaqəli icarə müqavilələri ləğv edilə bilər. Hətta onların məsuliyyətsizliyi meşə yanğınlarına səbəb olsa, onlarla bağlı cinayət işinin başlanılması da planda var”. Qurum rəsmisi həmçinin əlavə edib ki, Azərbaycanda tullantıların idarəolunması səviyyəsi çox da yüksək deyil: “Hər bir insan tullantılarla davranışda böyük məsuliyyət hiss etməlidir. Ətraf mühitin tullantılardan təmizlənməsi həm də yay mövsümündə baş verən yanğınlardan mühafizə üçün çox vacibdir. Ötən illər baş verən yanğın hadisələrinin 90-95 %-i bilərəkdən ya da ehtiyatsızlıq səbəbindən baş verib”.

Zəngilanda İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 16-da saat 01:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayı sahilində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 215 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Balakəndə 21 yaşlı gənc bıçaqlanıb

Balakəndə 21 yaşlı gənc bıçaqlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon sakini, 2002-ci il təvəllüdlü Seyidov Gəncəliyevin bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. İlkin araşdırma zamanı S.Gəncəliyevə bıçaqla xəsarət yetirən şəxsin Pərviz Abdullayev olduğu müəyyən edilib . Keçirilən tədbir zamanı o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

"Qaçqınkom"dan bu məcburi köçkünlərə verilən “çörəkpulu”nun dayandırılacağı barədə məlumata MÜNASİBƏT

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi VÖEN-i olan məcburi köçkünlərə verilən “çörəkpulu”nun dayandırılacağı barədə məlumata münasibət bildirib. Dövlət Komitəsindən Sozcu.az-a bildirib ki, bəzi media subyektləri “VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacağı” barədə məlumat yayıblar. Vurğulanıb ki, məcburi köçkünlərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir, onlara dövlət büdcəsindən ayrılan vəsait hesabına vahid aylıq müavinət ödənilir. Müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir və hər ay ödəniş aparılır. Qaydanın 2.13. bəndinə əsasən, məcburi köçkün statusu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir. Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlirgətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir. Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürmək olan fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olanlar dövlət vergi orqanında qeydiyyata alınır və onlara Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir. Vergi orqanında qeydiyyata düşərək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məcburi köçkünə öz yaşayış səviyyəsini yaxşılaşdırmaq imkanı qazandırır, dövlət belə şəxslərin sahibkarlıq imkanlarının genişləndirilməsinə dəstək verir və onlar sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar. Məlumatda qeyd edilib ki, VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır. İqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər. Belə halda vergi orqanına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşın vahid aylıq müavinət almasına yenidən imkan yaranır. Bir daha xatırladırıq ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır.

Gəncədə 14 yaşlı oğlan qonşusunun avtomobilini qaçıraraq qəza törədib

Gəncə şəhərində azyaşlı qonşusuna məxsus avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib. Sozcu.az xəbər verir ki, şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədov qonşusunun evinin qarşısında saxladığı “Vaz 2107” markalı avtomobili qaçırıb. O, avtomobili bir müddət idarə edib, sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpılıb. Nəticədə xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.apa

Nazirdən “Son zəng”lə bağlı ƏMR

Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb. Sozcu.az xəbər verir ki, əmrə əsasən, “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.