Kirayə mənzil bazarında vəziyyət kritikdir – Qiymətlər kəskin bahalaşdı

Hazırda paytaxt ərazisində kirayə mənzil bazarında həm bahalaşma, həm də qıtlıq müşahidə olunur. Yeni tədris ilinin başlamasına az bir vaxtın qaldığını və universitetlərdə təhsil almaq üçün Bakıya axın edən tələbələrin sayını nəzərə alsaq indiki tendensiya heç də ürəkaçan görünmür. Bəs çıxış yolu nədir?

Məsələ barədə “Yeni Sabah”a açıqlama verən əmlak eksperti Vüqar Oruc mənzillərin satış və kirayə qiymətlərini bahalaşdıran amillərdən söz açıb:

“İyun-iyul aylarında keçirilən imtahanlardan sonra tələbə adını qazanan abituriyentlər artıq avqustun sonu və sentyabrda Bakı şəhərinə üz tuturlar. Bu da daşınmaz əmlak bazarının kirayə seqmentində çox böyük tələbat yaradır. Hər il bu məsələ qiymətlərə təsir göstərir. Hazırda bir az fərqli situasiya ilə üz-üzəyik. Təkcə sözügedən amil yox, eyni zamanda COP29, həmçinin, digər beynəlxalq tədbirlər, ölkəmizə artan investisiya maraqları qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bu səbəbdən qiymətlərin yüksəlməsi mövsümi xarakter daşımayacaq və bu tendensiya davam edəcək. Bakı artıq bir müddətdən sonra kirayə mənzillərin baha olduğu bir məkana çevriləcək. Həkim tap

Söhbət təkcə kirayə qiymətlərindən getmir. Alqı-satqı sahəsində də çox ciddi bahalaşma var. Bazarda fantastik dərəcədə təklif qiymətləri yüksəlir. Ötən ilin bu vaxtı ilə müqayisədə qeyri-yaşayış sahələri, metro yaxınlığında yerləşən, yaxud ticari əhəmiyyətli ərazilərdə inşa edilən əmlaklar 30-35 faiz yüksək qiymətlə təklif olunur. Kirayə mənzillər də 10-15 faiz artıma məruz qalıb.  Əsas məsələ isə bazarda müəyyən qıtlığın hiss olunmasıdır”.

V.Oruc bildirib ki, artıq təkliflər tələblərə uyğun deyil və bu, tələbələri çox çətin vəziyyətdə qoyur:

“Böyük iş adamları, sahibkarlar istifadə olunmayan böyük yaşayış evləri, villaların daxili planlamasında dəyişikliklər edərək, müəyyən otaqlara ayrılması və kirayəyə verilməsi prosesinə start veriblər. Bu özü bazardakı situasiyanın aydınlaşması üçün ciddi faktordur. Problemi aradan qaldırmaq üçün yataqxanaların, yaxud bu tipli yaşayış məkanlarının tikilməsinə start verilməlidir.       

Tələbələr adətən, tədris müəssisələrinə daha yaxın yerlərdə mənzil kirayələmək fikrində olublar. Amma hazırda təhsil müəssisələrinin yerləşdiyi yerlər şəhər müəssisələridir. Düzdü, belə bir layihə var idi ki, tədris müəssisələrini kamp variantina keçirsinlər və şəhərdən kənara daşısınlar. Beləliklə, şəhərciklər salınsın və tələbələr də həm yaşayış yeri ilə təmin olunsun, həm də təhsil ala bilsinlər. Bu məsələ Bakıda tıxacların və hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün çox ciddi həll yoludur. Təbii ki, bu proyekt gündəmdə olsa da, yaxın müddətdə reallaşacağı gözlənilmir”.

Share on Facebook