Araik və digər bəşəri cinayətlər törədənlər Bakıda qalacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.  Sozcu.az xəbər verir ki, Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.  32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil.  Onlar Bakıda qalacaqlar və törətdiləri cinayətlərin cəzasını çəkəcəklər.

Zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: “Qaçılmazdır, 2024-cü ildə...”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda güclü zəlzələ baş verib. Təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb.  Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisəndə hiss olunub.  İlkin məlumata görə, zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələ insanlar arasında təşvişə səbəb olub, insanlar yaşadıqları binadan çıxıblar.  Zəlzələ yenidən baş verə bilərmi?  Məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev 2024-cü il ərzində də belə hiss olunan zəlzələlərin baş verəcəyini söyləyib:  “Hiss olunan zəlzələlər qaçılmazdır. 2024-cü ildə də bu davamlı şəkildə olacaq. Hazırda tektonik blok aktivləşib.  Yanındakı qonşu bloklar da aktivləşəcək. Mərkəzi Xəzər və cənubi Xəzər blokları oyana bilər. Aktivləşmə davamlı surətdə gözləniləcək. Lakin dağıdıcı zəlzələlər gözlənilmir", - Q.Babayev vurğulayıb. 

Bakıda qızılca panikası: Şagirdlər arasında davamiyyət aşağı düşüb

Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, təhsil müəssisələrində mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qabaqlayıcı tədbirlər intensivləşdirilib. Qeyd olunur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərin temperaturu ölçülür. Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Xəstəliklə bağlı vəziyyət müvafiq səlahiyyətli qurumlar tərəfindən mütəmadi izlənilir. Yoluxma sayına uyğun olaraq əyani tədris formasının dəyişdirilməsini zərurətə çevirən qərar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilə bilər. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslərin 14 gün müddətinə distant formada keçirilməsi ilə bağlı qərar verilib. Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir".

Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ

Seysmoloq, professor Naci Görür Türkiyədə seysmoloji vəziyyətlə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib. Sozcu.az xəbər verir ki, o, dünən İstanbul da daxil olmaqla bir neçə rayon və şəhərlərdə hiss edilən 5.1 ballıq zəlzələ ilə bağlı açıqlamalar verib. Candaş Tolqa Işığın verilişində qonaq olan Naci Görür, Kahramanmaraş zəlzələsindən əvvəl də xəbərdarlıqlar etdiyini xatırladıb. O, bildirib ki, tədbir görülməsə, 18 vilayətin taleyi Kahramanmaraş və Hatay kimi olacaq: "18 vilayət və bir çox rayon fay xətləri üzərində yerləşir. Bunlardan biri Maraş və Hatay idi. İndi onlar getdi. Fay xəttində yaşayan vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq". Naci Görürün 7 və ya daha çox bal gücündə zəlzələ gözlədiyi 18 rayon və şəhər bunlardır: "Eskişehir, Dənizli, Muğla, Ərzincan, Kayseri, Şile, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkesir, Burdur, Manisa, Hakkari". "Bu fay Şimali Anadolu fayının cənub qolunun bir hissəsidir. Cənub qolu yavaş-yavaş hərəkət edən ancaq gərginlik toplayan faydır. 1999-cu il zəlzələləri zamanı enerji itirdi. İndi şimal qolunda zəlzələni gözləyirik. Hazırda heç bir problem görmürəm, amma Gəmlikdə tədbir görülməlidir və bu yaşayış sahəsi zəlzələyə davamlı olmalıdır. Bu şəhərin yerləşdiyi yer çox təhlükəlidir və birbaşa Gəmlik qırağındadır”, - professor əlavə edib.

İysiz və rəngsizdir, 7 dəqiqədə adamı öldürür - EVİMİZDƏKİ TƏHLÜKƏ

Dəm qazı günümüzün acı bəlasına çevrilib. Hər gün analoji hadisədən zəhərlənmə və ölüm halları yaşanır. Bu hal xüsusilə soyuq havalarda özünü büruzə verir. Maraqlıdır, evimizdəki gizli düşməndən özümüzü necə qoruya bilərik? Hansı məqamlara diqqət etmək bizi bu bəladan sığortalayar? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bir sıra önəmli məqamlara toxunub: “Payız-qış aylarında havaların soyuq keçməsi istiliyə olan təlabatı və qızdırıcı qurğulardan istifadəni artırır. Belə cihazları istifadə edərkən bir sıra vacib məqamlara diqqət etməliyik. İlk növbədə, standartlara cavab verən, sertifikasiyası olan məhsullardan istifadəni seçmək lazımdır. Sexdə kustar üsulla istehsal edilən qızdırıcılardan istifadə insan həyatını təhlükə qarşısında qoyur. Lakin iş bununla bitmir. Həmin qızdırıcının quraşdırılma məqamı da önəmlidir. Bu qurğuların quraşdırılması yalnız peşəkar şəxslər tərəfindən həyata keçirilməlidir. Peşəkar şəxslər deyəndə, bu işlə məşğul olan və rəsmi akreditasiyadan keçən müəssisənin əməkdaşları nəzərdə tutulur. Bu kimi cihazların dost-tanış ya da qonşuda olan şəxslər tərəfindən quraşdırılması tövsiyə edilmir. Çünki həmin proses zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl edilməlidir”. Ekspert hansı hallarda məkandaxilinə yerləşdirilən qızdırıcıların təhlükəli olduğundan da danışıb: “Açıq oddan istifadə edilən qızdırıcıların quraşdırılması zamanı otağın həcminə diqqət etmək ən vacib qaydadır. Hündürlüyü 2-3 kvadrat metrdən az olan, plastik qapılı hamamlarda bu kimi qurğuların yerləşdirilməsi təhlükəlidir. Əgər bu qurğu daxildə quraşdırılırsa, bu zaman otaqda havalandırma sistemi, nəfəslik və qapının aşağı hissəsində xırda dəliklər olmalıdır. Digər önəmli bir məsələ, tüstü bacalarının təmizlənməsidir. Bəzən insanlar bu məqamı nəzərə almırlar. Lakin illərlə təmizlənməyən tüstü bacalarında olan zəhərli maddələr küləkli havalarda məkanın içinə toplanır. Bu zaman yanma prosesi pozulur. Nəticədə iysiz və rəngsiz olan dəm qazı içəri dolur və 7 dəqiqədə insan həyatına son qoyur”. Mütəxəssis bildirir ki, qızdırıcı qurğuların ən təhlükəsizi kombilərdir: “Hər gün dəm qazından ölüm hallarının baş verməsi xəbərləri ilə qarşılaşırıq. Bunun səbəbi qızdırıcılarla bağlı təhlükəsizlik məsələlərinə düzgün riayət etməməkdir. Əksər ölüm hadisələri açıq oddan istifadə olunan qızdırıcıların quraşdırıldığı məkanlarda yaşanır. Ola bilməz ki, evində yaxud hamam otağında kombi quraşdıran şəxsin başına belə bir hadisə gəlsin. Buna görə, kombilər daha təhlükəsizdir”.

“Vosmoy bazarı”nı bu qüvvələr ələ keçirir – VİDEO

Artıq bir neçə gündür ki, “8-ci km bazarı” ilə bağlı müzakirələr başlayıb. Sözügedən bazarın ya bağlanacağı, ya da digər əraziyə köçürüləcəyi bildirilir. Bazar rəhbərliyi yayılan məlumatların yalan olduğunu söyləyib, buna baxmayaraq, orada çalışan satıcılar, alış-veriş edən vətəndaşlar narahatdırlar. Çünki indiyə qədər bu cür söz-söhbət yaranan ticarət mərkəzləri sonda bağlanıb və ya başqa əraziyə köçürülüb. Globalinfo.az məsələ ilə bağlı “8-ci km bazarı”nda çalışan satıcı və sahibkarlarla danışıb. Onlar bildiriblər ki, hələlik konkret bir məsələ olmasa da, çox narahatdırlar. Ətraflı videoda:

Kəlbəcərdə saxlanılan erməni diversantının MƏHKƏMƏSİ KEÇİRİLİR

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Sozcu.az xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutur. Hakim prosesdə elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Bununla yanaşı, ona hüquqlarını izah edib. Qaqik Voskanyanın anket məlumatları  dəqiqləşdirilib. Belə ki, o, 1983-cü ildə İrəvan şəhərində anadan olub, subaydır və orta təhsillidir. İrəvanda Davtaşen küçəsində 17 nömrəli məhəllədə qeydiyyatdadır. Qaqik Voskanyanın hüquqlarını dövlət hesabına vəkil Dilsuz Məmmədov müdafiə edəcək.

Həkimlərin səhv qoyduğu diaqnozlar - Xəstələr nə etməlidir?

Həyatda hər kəs səhv edə bilər. Ancaq elə peşələr var ki, burada yol verilən kiçik səhv belə ağır nəticələrə səbəb ola bilir. Tibb sahəsinə də sözügedən mövzuya aiddir. Bəzən həkimin gözdən qaçırdığı nüans, ya da yalnış təsbit insanın həyatını qaralda, hətta onu sonlandıra bilir. Bu kimi təhlükələrdən yayınmaq üçün nə etməliyik? Yaxud həkimlərin səhv təyin etdiyi diaqnozun kökündə hansı məsələ var? Bu barədə həkim-radioloq Aydın Əliyev “Yeni Sabah”a danışıb. Həkim bildirir ki, səhv diaqnoz qoyulan xəstələr ona da rast gəlib: “Yanlış diaqnozla bağlı hadisələr mənim də qarşıma çıxıb. İstər bölgələrdən, istərsə də paytaxt sakinlərindən bu barədə müraciət edənlər olur. Təəssüflər olsun ki, belə hallarla qarşılaşırıq. Həkim olaraq, hamımızda səhv ola bilər. Təbii ki, heç kəs ideal deyil. Bunu dünyanın hər bir yerində müşahidə etmək mümkündür. Amma burada vacib məqam ondan ibarətdir ki, kobud səhvlərə yol vermək olmaz. Çünki bu bəzən xəstənin həyatı bahasına başa gələ bilər. Bu problemin əsasında düzgün müayinələrin və yoxlamaların aparılmaması dayanır. Bunun qarşısını almaq üçün KİV vasitəsilə insanlar maarifləndirilməlidir. Həkim müalicə yazmadan əvvəl xəstə ondan öz diaqnozunu soruşub öyrənməlidir. Bu diaqnoz isə xəstəyə sübutla göstərilməlidir. Məsələn, “soyuqdəymə” deyə bir diaqnoz yoxdur. Ya da hər hansısa bir nahiyə ağrayan zaman həkim “sinirin sıxılır” deyirsə, xəstə sual verməlidir ki, bunu sübut edən nədir? Doğrudur, hər kəs bu məsələlərdə o qədər də məlumatlı deyil. Amma bu sualları verdikdə həkim özündə bir məsuliyyət hiss edir. Xəstəliyin hansı üsullarla təsbit edildiyi haqda məlumat almağa pasientin hüququ var”. Həkim ölkə ərazisindəki tibb müəssisələrindəki çatışmazlıqlardan da söz açıb: “Bu kimi halların yaşanmaması üçün ilk növbədə ölkədə diaqnostik təbabətin inkişafına böyük bir ehtiyac var. Diaqnostik təbabətin əsas hissəsini radiologiya əhatə edir. Bu sahə üzrə institut yoxdur. Lakin radiologiya institunun yaradılması mütləq məsələlərdəndir. Digər bir məsələ ilə ölkə ərazisindəki tibb müəssisələrinin maddi-texniki bazasının zəif olmasıdır. Bu məsələ qaldırılmalıdır. KT, MRT, ultrasəs və digər cihazlar bütün klinikalarda mövcud olsun. Aidiyyatı qurumlar sözügedən problemdən danışan zaman 1-2 məhşur klinikaların adını çəkib, orada həmin cihazların olduğunu nəzərə çatdırırlar. Ancaq bununla kifayətlənmək olmaz”.

Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, bir müddət bundan əvvəl erməni KİV-ləri Ermənistan hökumətinin Türkiyə ilə sərhəddəki Əlican sərhəd-buraxılış məntəqəsinin özünə aid hissəsində gömrük məntəqəsi tikmək niyyətində olduğunu yazmışdı. Qərarın Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilməsi də vurğulanmışdı.

Nəcməddin Sadıkov "Tərtər işi"nə görə niyə dindirilmir ?

2017-ci ilin aprel-iyun aylarından sonra mütəmadi olaraq mətbuatda işıqlandırılan, cəmiyyətdə də birmənalı qarşılanmayan “Tərtər işi” ilə bağlı zaman-zaman müxtəlif detallar üzə çıxır. Zərərçəkənlər dindirildikcə yeni sirlərin üstü açılır və prosesdə əli olan simaların adı çəkilir. Məsələnin maraqlı tərəfi isə yüksək rütbəli şəxslərin verdiyi ifadələrdə öz əksini tapır. Belə ki, dindirilənlər prosesdə sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkir və israrla onun da dindirilməsini tələb edirlər. Bu isə bir sual yaradır: belə olan halda Nəcməddin Sadıkov “Tərtər işi” ilə bağlı niyə dindirilmir və ümumiyyətlə, onun ifadə verməsi gözləniləndirmi? Mövzunu KONKRET.az  – a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirir ki, “Tərtər işi” ilə əlaqədar ilk gündən bəri tək Nəcməddin Sadıkov yox, prosesdə adı hallanan digər iri fiqurların da məsuliyyətə cəlb olunması, istintaq tərəfindən dindirilməsi və təkcə icraçıların deyil, həm də tapşırıq verənlərin cinayətə cəlb olunması ilə bağlı fikirlər səsləndirilib: “Hərçənd bir zamanlar hakimiyyət bu hadisələri inkar edirdi, ancaq yenidən gündəmə gəldi və nəticədə məhkəmələr oldu, günahsız yerə cəza çəkənlər bəraət aldı, müəyyən günahkar şəxslər cəzalandırıldı. Məncə, bu proses yenə də davam edəcək. O ki qaldı Nəcməddin Sadıkov və onun timsalında rəhbərlikdə təmsil olunanların hələ də məsuliyyətə cəlb olunmamasına, mən burada siyasi səbəblər görürəm. Çünki bunun başqa izahı yoxdur. Əminəm ki, siyası səbəblər istintaqa təsir göstərməsə, bu prosesi 1-2 ay ərzində ədalətli şəkildə həll etmək olar. Amma müxtəlif siyasi və dövlət maraqları, daxili münasibətlər sistemi bu istintaqın ədalətli və şəffaf aparılmasına imkan vermir”. Partiya sədrinin sözlərinə görə, icraçılar tutulub cəzalandırılırsa, sifarişçilər də həbs olunmalıdır: “Yəni burada səbəb sırf siyasidir, nəinki texniki. Bir sözlə, siyasətin istintaq prosesinə müdaxiləsi dayanan kimi bu məsələ də həllini tapacaq”. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev da hesab edir ki, “Tərtər işi”ndə ən çox adı hallananlardan biri Nəcməddin Sadıkovdur: “Bu səbəbdən də, təbii ki, o, mütləq dindirilməlidir. Bu, çox həssas cinayət işidir. Bu işdə günahı, cinayəti sübut olunan hər kəs tutduğu vəzifədən asılı olmayaraq, çox sərt surətdə cəzalandırılmalıdır”, – deyə BAP sədri əlavə edib.

"Şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq"

"Məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq". Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin xəsarət almasına münasibət bildirərkən deyib. "Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olan barədə tədbir görürük", - nazir qeyd edib.

Psixoloqlara daha çox hansı peşə sahibləri MÜRACİƏT EDİR? – Qalmaqallı AÇIQLAMA

Dünyada və dünyanın bir parçası olan ölkəmizdə psixoloqa ehtiyac duyanların sayı artır. Ailədə, işdə yaranan gərginlik, gündəlik qayğıların yaratdığı narahatlıqdan qurtulmağın yolu həm də psixoloji sakitlik və rahatlığın tapılmasındadır. Bu rahatlığı təmin edənlər psixoloqlardır. Əvvəllər cəmiyyətimizdə psixoloqun məsləhətlərindən yararlanmaq adət olmasa da, indi bu xidmətdən istifadə edənlər kifayət qədərdir.  Maraqlıdır, daha çox hansı peşə sahibləri psixoloqa müraciət edir? Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Vəfa Rəşidova gördüyü işdən asılı olmayaraq psixoloqun məsləhətlərindən yararlananların olduğunu deyib: “Bütün sahənin insanları müraciət edir desəm, inanmayacaqsınız. Məmurundan tutmuş soyuducu ustasına qədər seanslara üz tuturlar. Bu məsələ insanı çox düşündürür. Bəzən elə bir sahənin insanı ilə rastlaşırsan ki, çox önəmli bir işin sahibidir. Amma o insanın belə psixoloqa ehtiyacı olur və psixoloqla görüşür”. Psixoloq seanslara müraciət edənlər barədə məlumatların məxfi saxlanıldığını desə də, onların arasında, müəllimlərin çoxluq təşkil etdiyi qənaətindədir:  “Bütün sahənin insanları, xüsusən, müəllimlər və digərləri müraciət edirlər. Məmurlar, iş adamları da müraciət edir. Bütün oxumuş, təhsilli, özünə hörmət qoyan və psixoloqa dəyər verən insanlar bu xidmətdən yararlanırlar. Hər bir peşə sahiblərinin müraciəti gözəl bir haldır. Deyirlər ki, bir psixoloqa iki psixoloq lazımdır, yəni psixoloqun özü də psixoloqa müraciət edir. Psixoloqsuz indiki zamanda addım atmaq olmur, indi düşüncə dəyişib, hər şey fərqlidir, heç nə əvvəlki kimi deyil”.