Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu hadisələrin 180-ni Bakıda, 440-ı isə rayonlarda qeydə alınıb.

Azərbaycanlılar İrəvanda ev ala bilər? - Rəsmi

Azərbaycan və Türkiyə vətəndaşları standart prosedura uyğun olaraq Ermənistanda daşınmaz əmlak ala bilərlər. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan jurnalistlərin sualına cavabında deyib. “Ölkəmizdə yalnız kənd təsərrüfatı torpaqları üçün daşınmaz əmlakın alınmasına məhdudiyyətlər var. Başqa dövlətlərin vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı torpaqlarını ala bilməzlər. Bütün digər hallarda prosedur eynidir. Hər kəs müraciət edib müvafiq müqaviləni imzalayaraq daşınmaz əmlak ala bilər”, - komitə rəsmisi bildirib.

"Sehrli xalat"-ın Rəşidi 2 həftə əvvəl vəfat edib - Oğlu

Xəbər verdiyimiz kimi "Sehrli xalat" filminin Rəşidi dünyasını dəyişib. Sənətçinin oğlu Moderator.az-a özəl açıqlama verib: "Mənim adım Mikayıldır. Azər Qurbanovun oğluyam. Atam uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Çox təəssüf ki, onu itirdik. Təxminən 2 həftə öncə atam dünyaya gözlərini əbədi yumdu" deyə bildirib. Qeyd edək ki, Azər Qurbanov uzun illərdir Amerika Birləşmiş Ştatlarında yaşayırdı. Atam təxminən 2 həftə öncə vəfat edib.

Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

“Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib. Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil”.  Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. Onun sözlərinə görə, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat “real vaxt rejimi”ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır: “İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır. Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bugünkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil. Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir”.

Ararat Mirzoyandan mina xəritələri ilə bağlı ŞOK ETİRAF

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib. O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub. O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib. Qeyd edək ki, 30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. 2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə azad olunmuş ərazilərdə hazırda minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb. İndiyə kimi 342 nəfər mina terrorunun qurbanı olub. Azərbaycan xeyli vaxtdır ki, Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edir.

“Nikosayağı”nın məhkəmədən GÖRÜNTÜSÜ

Xəbər verdiyimiz kimi, bu gün “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.az xəbər verir ki, "Unikal"ın əməkdaşı Nicat Şakirlinin məhkəmədən çıxdığı anı əks etdirən görüntüləri lentə alıb. "Nikosayağı" "Range Rover" markalı avtomobilinə əyləşərək məhkəmə binasının qarşısından uzaqlaşıb.

Əzablı yollarla: Bakıdan Sumqayıta getmək niyə məşəqqətə çevrilib?

Ötən həftə Sumqayıt avtovağzalından Bakı Beynəlxalq Avtovağzalına sərnişinlərin daşınmasını həyata keçirəcək ekspres marşrutların fəaliyyəti başlayıb. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə sözügedən avtobusların Bakı-Sumqayıt yolunda  tıxacda qalması ilə bağlı kadrlar geniş müzakirələrə səbəb olub. Sumqayıtdan Bakıya və əks istiqamətdə sərnişinlərin gediş-gəlişini rahatlaşdırmaq məqsədi ilə fəaliyyətə başlayan ekspres avtobuslar görünür ki, gözlənilən effekti verməyəcək.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli yeni fəaliyyət göstərən ekspres avtobusların gecikmə və tıxac problemini həll etməyəcəyini qeyd edib.  “Bu məsələ illərdir ölkənin belə desək, ən aktual problemlərindən biri olaraq qalır. Bakı-Sumqayıt arası nəqliyyatın daha səmərəli təşkili istiqamətində müzakirələr, təkliflər aparılır amma hələ də konkret addımlar yoxdur. Yeni istifadəyə verilən ekspres avtobusların gediş haqqı 80 qəpik nəzərdə tutulub. Sual yaranır ki, burada məqsəd daha çox 1 manatlıq taksi kimi tanınan nəqliyyat vasitələrinin müştərilərini cəlb etməkdir yoxsa sərnişinləri daha sürətli formada Bakıya çatdırmaq? Düzdü, digər yollarda olduğu kimi, Bakı-Sumqayıt yolunda da avtobuslar üçün alternativ yol da yaradıldı, amma magistralın imkanları sərnişindaşımanın təminatına bəs eləmir. İstəyirsiniz adını ekspres xidməti və ya başqa bir şey qoyun demək olar ki, fərq yoxdur. Burada Bakı Nəqliyyat Agentliyi sadəcə öz maliyyə maraqlarına diqqət edir. O yoldan istifadə edən hamı yaxşı bilir ki, Xırdalan dairəsindən “20 Yanvar” metrosuna qədər gəlib çıxmaq günün pik saatlarında mümkünsüz hala çevrilir. İstənilən qədər avtobus marşurtu yaradılsa belə, nəticədə “butulka effekti” adlandırılan daralmada ilişib qalacaq”.  Ekspert məsələnin həllinin sadəcə bu istiqamətdə bir neçə ötürücü yolun inşasında görür.  “Problemin həlli üçün dünyanın böyük şəhərlərinin təcrübəsindən istifadə etmək lazımdır. Biz artıq çoxpilləli yol ötürücülərinin inşasını tətbiq etməliyik. Bunun xaricində məsələsinin həlli yolu qalmır. Bakı Avtovağzalına çatmamış estakadalar üzərindən 2 və yaxud 3 yol ötürücüsünun inşasına başlaya bilərik. Bu ötürücülərin biri Biləcəri üzərindən birbaşa 9-cu mikrorayon istiqamətinə, digəri isə sağ istiqamətdə Yasamal üzərindən şəhərə girişi təmin edə bilər. Təbii ki, bu mütləq hal deyil və bunun üçün kommunikasiya və lazımi infrastruktur təmin olunmalıdır. Bu bəlkə də qismən həmin yolu tıxacdan xilas edə bilər”. 

2024-cü ildə Azərbaycanda güclü zəlzələ olacaq? - Palçıq vulkanları aktivləşir

Yanvarın 19-da axşam saat 22:05 radələrində Azərbaycanda zəlzələ baş verib. Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.  Zəlzələ dağıntı və itkilərə səbəb olmasa da, Kürdəmir və Şirvanda yerləşən evlərin divarında çatlar yaranmasına səbəb olub.  Ertəsi gün Şirvan ərazisində yenidən zəlzələ qeydə alınıb. Bu dəfə maqnituda kiçik olsa da, sosial şəbəkələrdə yenidən təkanların ola biləcəyi barədə müzakirələr başlayıb. Həqiqətən, yeni təkanlar daha böyük ola bilərmi? Məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev deyir ki, il ərzində hiss olunan zəlzələlərin olması qaçılmazdır: "Zəlzələ geniş ərazini əhatə etdi və hiss olundu. Bakıda da bir neçə insan zəlzələni hiss etmişdi. 2023-cü ildə baş verən sonuncu zəlzələdən sonra dediyim kimi, 2024-cü il ərzində hiss olunan zəlzələlər baş verəcək. Nəinki Azərbaycanda, digər dünya ölkələrində də zəlzələlər olacaq. 2023-cü ilin sonlarında bu sözü demişdim. Məhz 2024-cü ilin ilk günlərində Yaponiyada zəlzələ baş verdi. Arxasınca isə sunami hadisəsi meydana gəldi və bir sıra dağıntılara səbəb oldu. Bu il ərzində aktivlik davam edəcək. Hətta mən 2024-cü ili superaktiv adandırıram. Bu, 2023-cü illə müqayisədə belədir. Aktivlik dövri xarakter daşıyır. Bu dövrilikdə yaşayırıq, dövrilik adətən 10,15,20 il ərzində müşahidə olunur.  2025-ci ildə vəziyyətin necə olacağını isə bizə 2024-cü il göstərəcək. Dünyada və Azərbaycanda maqmatik və palçıq vulkanlarının püskürməsi də istisna deyil. Azərbaycanda palçıq vulkanları mövcuddur. Abşeron yarımadasının özündə, həm də dənizdə palçıq vulkanlarının püskürməsi ehtimal olunur. Buna səbəb isə yenə deyirəm ki, bu ilin tektonik, superaktiv kimi qeyd olunmasıdır. İnsanlar özlərini necə aparmaqla bağlı mütəmadi olaraq maarifləndirilməlidirlər. İlk növbədə panikaya və təşvişə düşməməlidirlər və titrəyişlərin gücləndiyini hiss etdikdə kandar qapısını açıq qoymalıdırlar ki, kilitlənməsin". Q.Babayev zəlzələ nəticəsində Şirvanda bəzi evlərdə çatların yaranmasının səbəblərindən də danışıb: "Binalara gəlincə bununla bağlı şərh verə bilmərəm. Çünki məsələyə xüsusi dövlət qurumları və təşkilatları cavabdehdir. Çat verən evlər yəqin ki, köhnə konstruksiyalı evlərdir. Seysmoloq kimi, deyə bilərəm ki, çatların səbəbi müxtəlif ola bilər. İlk növbədə evlərin yararlılıq müddəti bitib. Bəlkə də, yeni konstruksiyalar orada  ev sahibləri tərəfindən əlavə olunub. Ola bilər ki, bina hansısa qurumun ərazisinin üzərində tikilib və seysmik parametrlər vaxatilə nəzərə alınmayıb. Dəqiq  səbəbi bilmək üçün məsələ tədqiq və təftiş olunmalıdır. Versiyalardan bir-ikisi əsas səbəblər kimi göstərilə bilər".

Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapıldı

İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

General və zabitlər məhkəmə qarşısında: 143 milyonluq mənimsəmə

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun məhkəməsi başlayıb.  Sozcu.az “Qaynarinfo”ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ayrı-ayrı hərbi hissələrin maliyyə rəisləri şahid qismində ifadə veriblər. Nizami Məmmədovla yanaşı zabitlər – Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə də mühakimə olunurlar. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini həll etmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin etmək əvəzinə digərləri ilə əlbir olaraq 143 milyon manat pul vəsaitini mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə – xüsusilə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Adıçəkilən şəxslərin təqsiri sübuta yetiriləcəyi təqdirdə bu maddələrlə onları 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qazaxda məktəbli qızılcadan ÖLDÜ

Qazaxda 13 yaşlı  yeniyetmə  qızılca xəstəliyindən dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndində baş verib. Belə ki, Şabanzadə Nəzrin Fərrux qızı qızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya  aparan zaman yolda dünyasını dəyişib. Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib. Həmin vaxt vəziyyəti çox  ağır olub. Xəstə müayinə edildikdən sonra  Gəncəyə  göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada  qızılca  xəstəliyinə  yoluxmanın sayında xeyli artım var.

Azərbaycanda yanğınlar: Günahkar kimdir? FHN, yoxsa...

Son günlər ard-arda baş verən yanğınlar obyektlərdə yanğın və təhlüksizlik tədbirləri ilə bağlı məsələni gündəmə gətirib. Sosial şəbəkələrdə bir çox insan əksər yaşayış və qeyri-yaşayış obyektlərinin təhlükəsizlik baxımından ciddi mühafizə olunmadığını düşünürlər.  Mütəxəssislər hesab edirlər ki, paytaxtda və ölkənin digər şəhər və rayonlarında ölümlə nəticələnən yanğın hadisələrinin baş verməsinə görə obyekt sahibləri ilə yanaşı, həm də əlaqədar dövlət qurumlarının rəhbərləri məsuliyyət daşıyırlar.  Son illər ölkədə yanğın və partlayış hallarının intensiv xarakter alması, xüsusilə ötən gün paytaxtda baş verən partlayış nəticəsində 9 nəfərin ölməsi gözləri yenidən bu sahəyə mənsub olan dövlət qurumlarına çevirib.  Fövqəladə Hallar Nazirliyi nədən effektiv nəzarət mexanizmi yarada bilmir?  Obyektlərdə, idarə və müəssisələrdə təhlükəsizlik qaydalarının lazımi səviyyədə təmin olunmaması yeni faciələrə yol aça bilərmi? Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, analoji halların qarşısını almaq üçün rəsmi qurumlarla yanaşı, sahibkarlar, idarə və müəssisə rəhbərləri də diqqətli olmalıdırlar.  Ekspert Yenisabah.az-a açıqlamasında deyib ki, xüsusilə yanğın potensialı daha yüksək obyektlərin bu məsələyə daha diqqətli yanaşılmalı olduğunu qeyd edib.  “Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair normativləri, standartları, o cümlədən obyektin yanğın təhlükəsizliyi ilə bağlı təchizatları təmin etməlidir. Obyektdə çalışan işçilərin yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının formalaşması olduqca vacibdir. Alışabilən, yanma qabiliyyəti yüksək olan avadanlıq və qurğularla yanğın təhlükəsizliyinin tələblərinə uyğun şəkildə rəftar etməklə bağlı qaydalar tətbiq edilməli, işçilərin də bu qaydalara riayət etməsi təmin olunmalıdır. Mütləq qaydada bütün obyektlərin yanğın təhlükəsizliyi normalarına və standartlarına uyğun olaraq ehtiyat su çəninin, yanğınsöndürmə dolablarının, xəbərdaredici siqnalizasiya qurğularının, ilkin yanğınsöndürmə vasitələrinin olması vacibdir. Bütün bu sadalanan qayda və təchizatlar düzgün şəkildə təşkil olunarsa, yanğınların qarşısı daha tez və effektiv şəkildə aradan qaldırılar. Xüsusilə təhlükə riski daha yüksək olan obyektlərdə tezalışan, partlamayameyilli maddələrin saxlanması, daşınması zamanı təhlükəsiz istismar olunmasına diqqət yetirilməlidir. Bunlar hamısı kompleks şəkildə görülməli olan tədbirlər planıdır. Ona görə bütün müəssisələrdə yanğın təhlükəsizliyi rejimi yaradılmalı, işçilərin bu barədə bilik və bacarıqlarının təmin olunmasına, yanğın və partlayış riski yüksək olan avadanlıqlarla, qurğularla düzgün davranış qaydaları öz əksini tapmalıdır”.