Ermənistan mina xəritələrini Azərbaycana verdi

Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib. Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib. Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir.

Uşaq qənimi qızılca nə vaxt bitəcək...

Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb. Hadisə rayonun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib.  Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Ötən gün daha bir nəfər qızılcadan vəfat edib. Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.  Bəs 2024-cü ilin ilk 40 gününün tendensiyası nə deyir, ölüm halları getdikcə azalır, yoxsa? Uşaq qənimi virus nə vaxt dayanacaq? Hazırda ölkə boyu daha hansı viruslar tüğyan edir? Ölkə ərazisində müşahidə olunan və qış fəslinə xas olmayan mülayim-isti hava şəraiti yoluxmalara necə təsir edə bilər?  Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) həyəcan təbili çalır. ÜST ötən il Avropada qızılcaya yoluxma hallarının 45 dəfə artdığını bildirib. 2022-ci ildə 941, 2023-cü ildə 42,200 hadisə qeydə alınıb. Peyvənd qızılcadan qorunmaq üçün ən təsirli strategiyadır. Peyvənd olunduqdan sonra qızılcaya yoluxma ehtimalı çox aşağı olur və insan ömürlük qorunmuş sayılır. Bununla belə, peyvənd olunmuş hər 100 nəfərdən biri virusa məruz qaldıqda hələ də qızılca xəstəliyinə tutula bilər.  ÜST mütəxəssisləri bildirirlər ki, Avropada qızılca xəstəliyinin yayılması COVİD-19 pandemiyası səbəbindən uşaqlıqda peyvəndlənmə nisbətlərinin aşağı olması ilə bağlıdır.  “Təəccüblüdür ki, indiki nəsil valideynlər bir vaxt qızılcaya qarşı peyvənd olunublar. Və praktiki olaraq xəstələnmədilər. Amma bu gün valideynlər nədənsə övladlarının peyvənd edilməsinə ehtiyac olmadığını düşünürlər. Hazırda qızılcaya yoluxanların əksəriyyəti müxtəlif yaşlarda olan uşaqlardır”, - deyə tibb elmləri doktoru Aleksandr Marçenko qeyd edib. O qeyd edib ki, bu gün qızılca ilə bağlı epidemioloji vəziyyət qeyri-sabitdir və narahatlıq doğurur: “Axı indiyə qədər bu virus üçün xüsusi bir müalicə təklif edilməyib, bundan yalnız dayanıqlı immunitet xilas edə bilər. Hər halda, qızılca ilə bağlı epidemioloji vəziyyət Rospotrebnadzor və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Bəli, biz epidemiya əleyhinə tədbirlər görməliyik. Lakin gec-tez həmin immun təbəqə və ya kollektiv immunitetin lazımi səviyyəsi əldə olunacaq ki, bu da gələcəkdə bu epidemioloji vəziyyətin inkişafına imkan verməyəcək”, - epidemioloq əmin edib.  Virusoloq alim, N.F.Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun interferonlar və interferonogenez laboratoriyasının müdiri Feliks Erşov bildirib ki, hadisələrin axını gənc valideynlərin şüurundan asılı olacaq.  UNİCEF-dən isə bildirilir ki, COVİD-19 pandemiyası müddətində peyvəndlənmənin azalması nəticəsində Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları artmaqdadır. QPM peyvəndi ilə tam peyvənd olunmamış uşaqlar pnevmoniya, ömürlük beyin zədələnməsi, eşitmə qabiliyyətinin itirilməsi və hətta ölümlə nəticələnə bilən qızılca virusuna yoluxma riski ilə üzləşir.  Dünyadakı həkimlərin və alimlərin böyük əksəriyyəti QPM peyvəndini məsləhət görür və peyvəndin təhlükəsizliyinə və effektivliyinə inanır. QPM peyvəndi uşağını qızılca, parotit və məxmərəyə qarşı qoruyur. UNICEF mütəxəssisləri bir neçə virusun yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq edirlər. Qeyd edilir ki, qızılca yüksək yoluxduruculuğa malik virus mənşəli bir xəstəlikdir.  O, yoluxmuş şəxsin öskürməsi və ya asqırması zamanı yayılaraq başqalarına keçə bilər. Digər insanlar çirklənmiş hava ilə nəfəs aldıqda və ya virusun olduğu səthə toxunduqdan sonra göz, burun və ya ağıza toxunduqda virusa yoluxa bilər.  Qızılca virusu havada iki saata qədər qala bilər.  Onun yoluxuculuğu o qədər yüksəkdir ki, bir nəfər bu xəstəliyə yoluxubsa, ona yaxın olan və qızılcaya qarşı immuniteti olmayan insanların 90%-ə yaxını yoluxa bilər. Bir çox insanlar xəstəlik yoluxmuş şəxsin dərisində olan səpgilərə səbəb olduqda ondan xəbərdar olur. Lakin qızılca həm də yüksək hərarət, öskürək və burun axmasına da səbəb ola bilər. Ağır hallarda, o, pnevmoniya, tənəffüs və nevroloji ağırlaşmalara səbəb olur və ölüm ilə nəticələnə bilir.  Qızılcanın simptomları virusla təmasdan 7-14 saat sonra başlayır və adətən yüksək hərarət, öskürək, burun axması və gözlərdə sulanma ilə təzahür edir.  Qızılca səpgiləri ilk simptomlardan 3-5 gün sonra başlayır. Uşağı qızılcadan qorumağın ən yaxşı yolu onun QPM (qızılca-parotit-məxmərək) peyvəndi almasını təmin etməkdir. Parotit yüksək yoluxduruculuğa malik virus mənşəli xəstəlikdir. Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya asqırdıqda biz də yoluxa bilərik. O, həmçinin yoluxmuş bir şəxs burnuna və ya ağzına toxunduqdan sonra başqa birinin toxuna biləcəyi səthə toxunanda da yayılır.  Simptomlar çox vaxt yüngül olur və adətən bir neçə gündən sonra başlayır. Ən çox nəzərəçarpan simptomlar yanaqlarda şişkinlik və qulaq və çənə arasındakı nahiyədə boyun ağrısıdır. Digər simptomlara baş ağrısı, yüngül hərarət, iştahasızlıq, boğaz ağrısı və çeynəmədə ağrı hissi daxildir.  Lakin parotit ciddi fəsadlara, o cümlədən eşitmə qabiliyyətinin itirilməsinə, ürək problemlərinə və baş beyin və onurğa beyninin zədələnməsinə gətirib çıxara bilər.  Parotitin müalicəsi yoxdur.  Övladlarımızı parotitdən qorumağın ən yaxşı yolu onların peyvənd edilməsini təmin etməkdir. QPM (qızılca-parotit-məxmərək) bir inyeksiya vasitəsilə uşaqlarımızı hər üç xəstəlikdən qoruya bilən, inanılmaz dərəcədə təhlükəsiz, kombinə edilmiş  vaksindir. Məxmərək virus mənşəli yoluxucu infeksiyadır.  Yoluxmuş şəxs yanımızda öskürdükdə və ya asqırdıqda biz də bu infeksiyaya yoluxa bilərik. Bundan əlavə, yoluxmuş bir şəxsin toxunduğu və nəticədə məxmərək virusu ilə çirklənmiş səthə toxunduğumuz və sonra gözümüzə, ağzımıza və ya burnumuza toxunduğumuz zaman da bu infeksiya yayılır.  Məxmərək keçmişdə “alman qızılcası” adlandırılırdı. Bəziləri indi də onu bu cür adlandırır. Lakin ona qızılcanı törədən virus səbəb olmur.  Məxmərəyə yoluxan azyaşlı uşaqlarda adətən 2-3 həftə sonra yüngül simptomlar meydana gəlir. Ən çox rast gəlinən simptom bədən nahiyələrində qırmızı səpginin meydana çıxmasıdır. Digər simptomlara yüngül qızdırma, ürəkbulanma və yüngül konyunktivit daxildir.  Son günlər əhali arasında azyaşlıların göy öskürək infeksiyasına da yoluxduğu bildirilir.  Göy öskürək xəstəliyinin əlamətləri və yayılma yollarından danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova ATV-yə bildirib ki, bakterial infeksiya hava damcı yolu ilə yayılır: “Bu dövrdə uşaqlarda asqırma, öskürmə, burun axması və qızdırma kimi siptomlar müşahidə edilir. Özəlliklə gecə boğulma şəklində öskürəklər olur”. “Yeni Müsavat” 

Daha bir azyaşlı qızılcanın qurbanı oldu - Foto

Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib. İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib. Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Tehran İrəvanla Araz çayına görə memorandum imzaladı

Araz çayının çirkəndirilməsi ilə bağlı İşçi Qrupu yaradılır. Sozcu.az xəbər verir ki, bunu İranın vitse-prezidenti, Ekologiya Təşkilatının sədri Əli Səlaceqe “Şəfəqna” saytına müsahibəsində deyib. O, məsələnin nəzarətə götürüldüyünü bildirib: “Bizim Ermənistanla bu sahədə əlaqələrimiz çox yaxşı səviyyədədir. 18 il ərzində bu məsələyə Energetika Nazirliyi cavabdeh idi. Artıq bir neçə aydır ki, ölkənin Ekologiya Təşkilatına həvalə olunub. Xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib. Həmin görüşdə birgə bəyanat və memorandum imzalanıb. Memorandumda Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç əsas işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin”.

Orduya həyəcan siqnalı verildi, döyüş texnikası atəş mövqelərinə çıxarıldı - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bacısını döyüb öldürən şəxsə hökm oxundu

Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktında qeyd edilib ki, hadisə ötən il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı - 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılıb, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb. A.Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Zurabişvilinin Paşinyanla görüşünə icazə verilmədi

Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində yanvarın 26-da Tbilisiyə səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilməməsindən təəssüfləndiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.  “Gürcüstan prezidenti Ermənistanın baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə qəbul etmək imkanı verilmədiyinə görə təəssüflənir. O da təəssüf doğurur ki, aidiyyatı qurumlar ölkədə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə dövlət başçısına məlumat vermirlər”, - Gürcüstan dövlət başçısının bəyanatında deyilir. Zurabişvili bundan əvvəl şikayət etmişdi ki, ona tədbirlərdə danışmağa icazə verilmir və çox vaxt ona məhəl qoyulmur.

7,4 bal gücündə zəlzələ olacaq - Xəbərdarlıq

Zəlzələşünas Naci Görür daha bir ciddi xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, alim Türkiyənin iki əyalətinin risk altında olduğunu deyib. Yedisu fayına diqqət çəkən zəlzələ mütəxəssisləri, xüsusilə Tunceli və Bingöl bölgələrinin təhlükə altında olduğuna diqqət çəkib. O bu ərazilərdə 7,4 bal gücündə zəlzələnin olacağını vurğulayıb.. "Tunceli təhlükə altındadır" deyən Görür Yedisu fayına diqqət çəkib. "Bəlkə bunu ilk dəfə burada deyəcəm. Tunceli təhdid altındadır. Bu gün Tuncelidən danışan yoxdur, amma təhdid altındadır. Ərzincan ilə Karlıova arasında Yedisu fayı var. Bu qırıq sonuncu dəfə 1790-cı illərdə zəlzələ törədib. Hər 250 ildən bir zəlzələ törətmə potensialına malikdir. Xüsusilə, Ərzincan ilə Karlıova arasında olan ərazidə güclü zəlzələ olacağını gözləyirik. Bu qırıq zəlzələ yaratsa gücü 7,4 bala çata bilər".

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu hadisələrin 180-ni Bakıda, 440-ı isə rayonlarda qeydə alınıb.

Azərbaycanlılar İrəvanda ev ala bilər? - Rəsmi

Azərbaycan və Türkiyə vətəndaşları standart prosedura uyğun olaraq Ermənistanda daşınmaz əmlak ala bilərlər. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan jurnalistlərin sualına cavabında deyib. “Ölkəmizdə yalnız kənd təsərrüfatı torpaqları üçün daşınmaz əmlakın alınmasına məhdudiyyətlər var. Başqa dövlətlərin vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı torpaqlarını ala bilməzlər. Bütün digər hallarda prosedur eynidir. Hər kəs müraciət edib müvafiq müqaviləni imzalayaraq daşınmaz əmlak ala bilər”, - komitə rəsmisi bildirib.

"Sehrli xalat"-ın Rəşidi 2 həftə əvvəl vəfat edib - Oğlu

Xəbər verdiyimiz kimi "Sehrli xalat" filminin Rəşidi dünyasını dəyişib. Sənətçinin oğlu Moderator.az-a özəl açıqlama verib: "Mənim adım Mikayıldır. Azər Qurbanovun oğluyam. Atam uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Çox təəssüf ki, onu itirdik. Təxminən 2 həftə öncə atam dünyaya gözlərini əbədi yumdu" deyə bildirib. Qeyd edək ki, Azər Qurbanov uzun illərdir Amerika Birləşmiş Ştatlarında yaşayırdı. Atam təxminən 2 həftə öncə vəfat edib.

Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

“Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib. Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil”.  Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. Onun sözlərinə görə, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat “real vaxt rejimi”ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır: “İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır. Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bugünkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil. Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir”.