Xəzər niyə insanları “udur”? - Dənizdəki görünməz təhlükə bu imiş...

Dənizdə baş verən boğulma hadisələri artıq yay fəslinin faciəsinə çevrilib. Demək olar ki, hər il analoji hadisələr yaşanır. İllər keçdikcə isə, Xəzər dənizi sanki daha çox insanı öz ağuşuna alır. Nəticə isə acı sonluqdur. Bir çoxları bunun səbəbini məsuliyyətsizlik, laqeydliklə əlaqələndirib, qoyulan qaydalara əməl etmədikləri üçün insanları günahlandırır. Ancaq bir qisim şəxslər də var ki, batmağa səbəb kimi dənizin dibində olan zəlzələ çuxurlarını göstərir.  Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev “Yeni Sabah”a açıqlamasında zəlzələnin dənizdə yaratdığı çuxurların bu hadisələrlə əlaqəsini izah edib:  “Seysmoloq olaraq müşahidə etmişəm ki, son illər 2023-cü ildən etibarən Xəzər dənizində zəlzələnin baş verməsi kəskinləşib və aktiv şəkildə özünü büruzə verir. 2024-cü ilin sonuna qədər belə davam edəcək. Ümumiyyətlə isə, Xəzər dənizi çox mürəkkəb tektonikliyə malikdir. Burada bir neçə qırılmalar, tektonik pozuntular, qırışıqlar, xırda miqyaslı tektonik hərəkətlər mövcuddur. Təbii ki, zəlzələlərin tez-tez baş verməri Xəzərin dibinə də öz təsirini göstərir. Son zamanlar dənizin suyunda enmə müşahidə olunur. Enməyə səbəb kimi bir neçə versiya göstərilir ki, parlama, iqlim dəyişikliyi və s. proseslərlə əlaqələndirilir”.  Ekspert insanları dənizdə riskli hərəkətlər etməməyə səsləyib:  “Bir seysmoloq kimi, mən mövcud vəziyyəti Xəzər dənizinin dibinin dəyişməsi ilə əlaqələndirirəm. Çünki Xəzər dənizinin dibi son illər aktiv hərəkətdədir və burada yerdəyişmələr mövcuddur. Həmçinin, çuxurlar da əmələ gəlir. Bu həm dərinliklər, həm də səthə yaxın ərazilər üçün keçərlidir. Bu səbəbdən əhali çox ehtiyatlı davranmalıdır. Tövsiyə olunan və təhlükəsiz ərazilərdə üzməlidir. Unutmaq olmaz ki, Xəzər dənizində çuxurlar mövcuddur. Hətta icazə verilən səthi yerlərdə belə çuxurlar çoxdur. Əhalini ehtiyatlı olmağa və çox riskli hərəkətlər etməməyə çağırıram. “Bura dayazdır, bir az da üzərək qabağa gedim” deyərək çox da uzaqlaşmasınlar. Çuxurlarla üzləşə bilərlər və belə olduqda onların həyatını xilas etmək təəssüf ki, mümkün olmur”. 

“Uşaq Qaynar Xətti”nə son altı ayda ŞOK MÜRACİƏTLƏR DAXİL OLUB

Əsas məqsədi çətinliklə üzləşmiş azyaşlılara sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Uşaq Qaynar Xətti” 2024-cü ilin yanvar-iyun aylarında 851 müraciət qəbul edib. Müraciətlər hüquqi dəstək (335), psixoloji problemlər (195), sosial məsələlər (120), təhsil (68), səhiyyə (18) və digər (115) mövzuları əhatə edib. Xidmətə müraciət edənlərin 719-nu böyüklər, 77-ni azyaşlılar, 55-ni anonimlər təşkil edib. Daxil olan müraciətlərdən 393-ü ilkin, 458-si isə təkrar olaraq qeydə alınıb. “Uşaq Qaynar Xətti”nin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar şəxsləri əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş zorakılıq və qısnama (bulling) kimi ciddi məsələlərə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, yarandığı 2010-cu ildən bu dövrədək xidmətə 72.800-dən çox müraciət daxil olub.

Rayonlara leysan yağış yağıb - Faktiki hava

İyulun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 13-ü saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.  Düşən yağıntının miqdarı Naxçıvan, Balakən, Şəmkir, İsmayıllıda 1 mm-dək olub.  Şimal-şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub. 

Beqlaryanın məhkəməsi keçirilir

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Rəşid Beqlaryanın növbəti məhkəməsi başlayıb. Sozcu.az xəbər verir ki, məhkəmə iclası Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilir.

MİQ-in test imtahanı mərhələsinin nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Təhsil institundan məlumat verilib. Bildirilib ki, 2-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edilib ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Zabitimizin necə həlak olduğu bilindi

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir. S.Məhərrəmov ailənin böyük oğlu olub. Kiçik qardaşı da özü kimi hərbçidir. Qeyd edək ki, hərbçimiz Vətən müharibəsində iştirak edib. “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub.

Zolağa girənlərin nömrəsi avtobusdan çəkiləcək - Rəsmi

Paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır. Bu barədə Sozcu.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. “Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir” - məlumatda qeyd olunur.

DİN vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Sozcu.az xəbər verir ki, müraciət qurumun “X” hesabında yayılıb. “Əziz vətəndaşlar, dələduzların saxta vədlərinə və yalanlarına inanmayın. Dəqiq məlumatlar üçün rəsmi mənbələrə müraciət edin və şübhəli şəxslərlə təmasdan çəkinin. Təhlükəsizliyiniz üçün hər zaman diqqətli olun”, - müraciətdə bildirilib.

Qeyri-sabit hava sabah gündüzədək davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun 8-i gündüzədək davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzurda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Rusiyanın itkiləri 550 minə yaxınlaşır

Ukrayna müharibənin 864-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 549 840 hərbçi, 8 153 ədəd tank, 15 629 ədəd zirehli döyüş maşını, 14 897 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 878 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 053 ədəd avtomobil texnikası, 11 809 ədəd PUA, 2 351 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 479 xüsusi avadanlıq itirib.

İlham Əliyev Xocalı hava limanında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı hava limanında olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

II və III ixtisas qrupları üzrə imtahanın vaxtı...

II və III ixtisas qrupları üzrə iyulun 7-də qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Sozcu.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur. Həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İştirakçılar iyunun 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub. İmtahanda II ixtisas qrupu üzrə 17431 ,III ixtisas qrupu üzrə 21193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896 nəfər olmaqla, ümumilikdə 47520 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək. İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.