Britaniya Rusiyaya növbəti sanksiyalar tətbiq etdi

Britaniya hakimiyyəti Rusiyanın 10 rəsmisinə və dövlətlə əlaqəli gənclər təşkilatına sanksiya tətbiq edib. Onlar məcburi deportasiya və ukraynalı uşaqlara ideologiya aşılamaq cəhdlərində təqsirli bilinirlər. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb. Bildirilib ki, Rusiyanın Ukraynanın mədəni və milli kimliyini silmək üçün sistemli cəhdlərində iştirak edənlərə qarşı sanksiyalar tətbiq edilib. Qeyd edək ki, Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya işğalı başlayandan sonra 19 mindən çox uşaq Rusiyaya aparılıb.

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bu qədər ARTIRILIR

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır. Sozcu.az xəbər verir ki, bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə dair rəyində bildirlib. Məsələ bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılıb. Belə ki, yeni büdcə layihəsində 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir. Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində müəyyən olunmuşdu. Qeyd edək ki, yaşayış minimumu öz növbəsində ehtiyac meyarı əsasında müəyyən edilir. Yeni büdcə layihəsində 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir. Xatırladaq ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyənləşdirilir.

Mask iranlı diplomatla gizli görüş keçirdi

İlon Mask İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ilə görüşüb və onunla Tehran və Vaşinqton arasında gərginliyin azaldılması yollarını müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” adı açıqlanmayan iki İran rəsmisinə istinadla məlumat yayıb. Məlumata görə, İlon Maskın istəyi ilə baş tutan bu görüş bir saatdan çox davam edib və İrəvaninin seçdiyi gizli bir yerdə keçirilib. Nəşrə məlumat verən mənbələr Mask və İrəvani arasında keçirilən görüşü müsbət və xoş xəbər kimi qiymətləndiriblər. Mask nəşrin gizli görüşlə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Azərbaycanda istilik mövsümü BAŞLAYIR

Azərbaycanda sabahdan istilik mövsümü başlayır. Sozcu.az xəbər verir ki, “Azəristiliktəchizat” ASC noyabrın 15-dən Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik verəcək. İstilik mövsümünə hazırlıq çərçivəsində 557 qazanxana, 88 istilik məntəqəsi tam hazır vəziyyətə gətirilib. Qeyd edək ki, istilik mövsümü aprelin 15-nə qədər davam edəcək.

Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sozcu.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Həkimdən vacib xəbərdarlıq: Bunu etməyənlərin xəstəlikləri çoxalacaq

Dərman vasitələrini həkim məsləhəti olmadan, özbaşına qəbul etmək insan həyatı üçün bir sıra fəsadlar yaradır. Ancaq vitamin və qida əlavələrini insanlar reseptsiz alıb istifadə edə bilirlər. Həm də dozasız və müddətsiz bir formada. Bəs sözügedən maddələrin orqanizmə hər hansı əks təsiri ola bilər? Məsələni “Yeni Sabah”a şərh edən professor, həkim Adil Qeybulla bir sıra məqamlara aydınlıq gətirib: “Biz vitaminləri, müxtəlif mineral maddələri, yağları, karbohidratları imkan daxilində qida vasitələri ilə qəbul etməyə önəm verməliyik. Çünki bu həm də mədə-bağırsaq traktının normal işini təmin edir. Amma bununla yanaşı, mədə-bağırsaq xəstəliyi olan, müxtəlif əməliyyat keçirənlər və orqanizmdə xəstəlik ucbatından yaranan defsitlər olan şəxslər mütləq dərman maddələri ilə təmin edilməlidir. Son olaraq, əgər qana, bədənə həmin mineral və vitaminlər lazımı miqdarda çatmırsa, kənardan sözügedən maddələri qəbul etmək olar. Vitaminlərin defsiti orqanizmdə həyati vacib, mühüm proseslərin ləngiməsinə, müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Buna görə də həmin maddələrin orqanizmdə normal konsenterasiyasına nəzarət edilməlidir. Bu olsa, yetərlidir”. Həkim həmçinin qeyd edib ki, deyilənlərlə yanaşı, fiziki aktivliyi də artırmaq lazımdır: “Hazırda bütün dünyada vitamin D əskikliyi geniş yayılıb. Xeyli vitaminlərin defisiti geniş yayılıb. Bundan əlavə, bədəndə əvəz olunmayan amin turşular var ki, onlar da mütləq kənardan qəbul edilməlidir. Bu baxımdan normal və sağlam qidalanma vacibdir. Hər hansı bir xəstəlik ucbatından orqanizmdə yaranan defisitin bərpası onun normal çalışması üçün lazımdır. Ona görə hər bir şəxsdə bu məsələlər fərdi həll olunmalıdır”.

Bu məktəblər qazla isinəcək - RƏSMİ

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 təhsil müəssisəsi bu ildən qazla qızdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə idarədən bildirilib. Belə ki, Beyləqan rayonunda 4 məktəbdə, İmişli rayonunda 4 məktəbdə, 1 bağçada, Saatlı rayonunda 3 məktəbdə, 3 bağçada, Sabirabad rayonunda 1 məktəbdə və 1 bağçada qazla təminat işləri aparılır.

İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi ucaldılır

İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi ucaldılır. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 44 günlük Vətən müharibəsinin xatirəsinə qoyulan abidənin ətrafında 44 daş kitabə olacaq. Onların hər birinin üzərində müharibənin bir gününü əhatə edəcək xronika yazılacaq. Abidənin üzərində Vətən müharibəsi şəhidlərinin adları yazılacaq. Abidənin müəllifi üç azərbaycanlı gəncdir.

COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək? - RƏSMİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb. Sozcu.az RİNN-ə istinadən xəbər verir ki, həmin tədbirlərə “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masa, “Yaşıl şəhər nəqliyyatı”, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzularında nazirlərin dəyirmi masası, həmçinin “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir. “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masada Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirləri ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir. Dəyirmi masada “Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası”, “Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi”, “Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması”, “Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi”, “Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması” mövzuları müzakirə olunacaq. Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masada “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək. Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq. Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir. Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək. Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək növbəti - “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masada isə Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq. Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək. Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq. Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək. “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək. Bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək. Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2 %-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “xalis sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.

Aliment ödəməyən 66 nəfər HƏBS EDİLDİ

2024-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının icraatına aliment tələbinə dair 765 icra sənədi daxil olub, icraatda olan aliment tələbinə dair 580 icra sənədi icraatdan çıxarılıb. Sozcu.az xəbər verir ki, bunu nazirliyin icra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev deyib. O bildirib ki, 2024-cü ilin müvafiq dövrü ərzində icraatda olmuş 3699 aliment tələbinə dair icra sənədi üzrə 6243 yetkinlik yaşına çatmayan uşağı saxlanılması üçün ümumilikdə tələbkarlara 3.385.326 manat aliment ödətdirilib. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini üzrsüz səbəbdən icra etmədiyinə görə 66 nəfər borclu inzibati qaydada həbs edilib, 1 nəfər borclu inzibati qaydada cərimə edilib, həmçinin 107 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini qərəzli olaraq ödəmədiyindən 1 nəfər borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb. Hazırda icrası davam etdirilin 3179 icra sənədi üzrə ümumilikdə 5025 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tələbkarlara alimentin ödənilməsi davam etdirilir.

ABŞ-ın şou-biznes ulduzları hansı namizədi dəstəkləyir? - ADLAR

Amerikalı məşhur müğənni Cennifer Lopes 5 noyabr prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini elan edib. Modern.az BBC-yə istinadən xəbər verir ki, Cennifer Lopez demokrat namizəd Kamala Harrisin Las-Veqasda(Nevada ştatı)  keçirilən mitinqində çıxış edib. Həmin vaxt respublikaçı Donald Tramp da Arizonada mitinq keçirib. Lopes “mən qadınların gücünə inanıram. Qadınların bu seçkidə fərq yaratmaq gücü var”, - deyə mitinqdə çıxış edib və Latın amerikanları Harrisin xeyrinə səsverməyə çağırıb. Nevada qarşıdan gələn seçkilərin nəticələrinə qərar verəcək əsas ştatlardan biridir. Latın amerikan seçicilər ştat əhalisinin təxminən dörddə birini təşkil edir. 2020-ci ildə Co Bayden 33,500 səs fərqi ilə Nevada ştatını qazanmışdı. Bu arada seçkilərə 4 gün qalmış Amerika şou-biznesinin digər ünlü nümayəndələrindən kimlərin hansı namizədə səs verəcəkləri məlum olub. ABŞ mətbuatında dərc olunan xəbərlərə görə, Kamala Harris və Donald Trampı dəstəkləyən ulduzları aşağıdakı kimi bölünüb: Kamala Harrisi dəstəkləyənlər: Robert De Niro, Eminem, Sara Cessika Parker, Teylor Svift, Şer, Lizzo, Mark Entoni, Aşer, Olivia Rodrigo, Keşa, Con Lecend, Kardi Bi, Billi Ayliş, Beyons, Corc Kluni, Barbara Streyzard, Rozi O'Donnell, Ceymi Li Körtis, Sintia Nikson, Mindi Kalinq, Toni Qolduin, Kerri Vaşinqton, Nik Offerman, Ceyn Fonda, Ben Stiller, Keti Qriffin, Con Stamos, Ed Helms, Tiffani Heddiş, Mett Deymon, Ayk Barinholts, Lin-Manuel Miranda, Obri Plaza, Cenifer Eniston, Mel Bruks, Entoni Hopkins, Linda Karter, LeVar Berton, Entoni Repp, Mişa Kolinz, Mark Hemill, Cenifer Lourenz, Fren Dreşer, Enn Heteuvey, Brayan Krenston, Arnold Şvarssenegger. Donald Trampı dəstəkləyənlər: Zakari Levi, Denis Kueyd, Con Voyt, Rozanna Bar, Kid Rok, Ember Rouz, Snup Dog, Aziliya Benks, Kris Censon, Ceyson Oldin, Mayk Tayson (boksçu).

Aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə edilməli olacaqlar. Sozcu.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib. O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər: "İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və "Terminal 2"də vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 üzrə marşrut hava limanı - "28 may" ərazisini, H2 üzrə marşrut isə hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edir".