“Bu adam işlədiyi müddətdə ölkəyə regionçuluq kimi xəcalətverici bir “xəstəlik” gətirdi. Yalan, riya, dələduzluq daha çox bu adamın dövründə çiçəklədi. “Boz kardinal” ayaması ilə tanınan bu adam Parlamenti öz “boz adamlar”ı ilə doldurdu. Rüşvəti və talançılığı “qanuniləşdirdi”.
Sozcu.az xəbər verir ki, bu sözləri dramaturq, filosof Firuz Mustafa öz sosial media hesabında yazıb.
O, Ramiz Mehdiyev haqqında münasibət bildirərək qeyd edib:
“Ramiz Mehdiyev 80-lərin sonunda Mərkəzi Komitədə “vurulandan” sonra indiki AMEA-ya göndərilmişdi. Açığını deyim ki, elə o vaxtlar da elm adamları onun adını eşidəndə üz-gözlərini turşudar, ünvanına xoş olmayan sözlər deyərdi. Yaşlı alimlərin dediyinə görə, Ramiz MK-da olarkən həmişə elmin inkişafına mane olmuş, öz mövqeyi olan institut rəhbərlərini sıxışdırmaqla məşğul olmuşdu. Bundan başqa, işdən çıxandan sonra qəzetlərə verdiyi müsahibələrdə özünü müdafiə tərifi ilə başqalarının ünvanına iftiralar deyir, onu irəli çəkən işıqlı simaları qaralayır, vaxtilə birlikdə “vuruşduqları” yaxın dostlarını “baqaja” qoyurdu”.
Firuz Mustafa bildirib ki, Mehdiyevlə şəxsi tanışlığı olmayıb, lakin onun elm aləminə münasibəti heç vaxt müsbət qarşılanmayıb:
“Xatırlayıram, onun təzə gələn vaxtları idi. Akademiyanın bir qrup gənci, aspirant və elmi işçiləri, elə foyedəcə qarşısını kəsib antimilli yazı və zərərli fikirlərinə görə onun “dərsini” verərkən, biz Mehdiyevlə üz-üzə gəldik. Mən cavanlardan xahiş etdim ki, onun “yaxasından” əl çəksinlər. O vaxt aspirantlara dərs deyirdim, məni tanıyırdılar, sağ olsunlar, Mehdiyevi “sərbəst” buraxdılar. Amma bu həngamə başa çatanda kənarda dayanıb bayaqdan söhbətimizi dinləyən yaşlı tarixçi alim tanışım yaxınlaşıb məndən soruşdu: “Müəllim, sən Ənvəroviçi tanıyırsan?” Dedim, yox. Dedi: “Yaxşı ki, tanımırsan. Tanısan bilərsən ki, yerin altında iki bu boyda Ramiz var”.
Dramaturq əlavə edib ki, Mehdiyev tez-tez Fəlsəfə İnstitutunda keçirilən toplantılarda iştirak edirdi:
“Ən çox Əfrand Daşdəmirov və Ramiz Rzayevlə görmək olurdu. Nə rusca düz-əməlli danışa bilirdi, nə də azərbaycanca. Pırpız qaşlarının altından vurnuxan qəzəbli gözləri hamıya şübhə ilə baxardı. Şimalın girovu olduğu hər kəlməsindən bilinirdi. Əlində həmişə qara rəngli iri bir portfel olardı. O, yol gedəndə həmin portfelin arxası və qara paltosunun ətəyi az qala yerlə sürünürdü”.
Firuz Mustafa qeyd edib ki, Mehdiyev sonradan yenidən vəzifəyə qayıdıb və bu dönəmdə də ölkəyə zərər vurub:
“Az sonra Ənvəroviç Şimaldakı dayaqlarının köməyi ilə yenidən vəzifəyə qayıtdı. Nələr elədiyinin çoxunuz, qiyabi də olsa şahidisiniz. Taleyin gərdişinə baxın ki, Ənvəroviç ikinci dəfə vəzifədən uzaqlaşdırılandan sonra yenə “elmə” qayıtdı. İndi onu silahlı cangüdənlər qoruyurdu. Sən demə, Ənvəroviç əvvəllər yığdığı ilə qane olmayıbmış. Az sonra mətbuat yazdı ki, o, Akademiyadan milyonlar çırpışdırıb. Bu da onun “elmə xidmətinin” son akkordları idi. O, ürəkdən nifrət etdiyi görkəmli elm adamlarının, istedadlı insanların son qəpiyinə də tamah salırdı”.
O, həmçinin bildirib ki, Mehdiyev vəzifədən getdikdən sonra da Akademiyada fəaliyyətini davam etdirib:
“İndi məlum olur ki, Ənvəroviç, Akademiya rəhbərliyindən uzaqlaşdırılandan sonra da orada “fəaliyyətini” davam etdirib. O, Rusiyadan gələn emissarları elə Akademiyadakı “keçmiş” bərbəzəkli kabinetində qəbul edirmiş. Deyirlər, Ənvəroviç 23 il ərzində 32 kitab yazıb. Xub. elə isə Ramiz müəllim heç olmasa həmin kitablardan birinin əlyazmasını göstərsin. Deyə bilərlər ki, kitabları bilgisayarda yazıb. Axı bu adam latın hərflərini düz-əməlli tanımır və kompyuterdən istifadə etmir”.
Sonda filosof əlavə edib:
“Yada düşmüşkən, orasını da deyim ki, akademik Ənvəroviç də öz dostu və kumiri akademik Primakov kimi “dənizçidir”. Yəni onlar ayrı-ayrı vaxtlarda Bakı Dənizçilik məktəbini bitiriblər.
P.S. Əgər günlərin bir günü Ənvəroviçin məhkəməsində onun üzünə duranların hamısının öz “seçmə kadrı” olduğunu görsəniz, təəccüblənməyin”.