Qəzvində etiraz aksiyası keçirən fəhlələr həbs edilib

Güney Azərbaycanın Qəzvin şəhərində etiraz aksiyası keçirən sayğac zavodunun işçilərindən ikisi saxlanılıb.

Məlumata əsasən, sentyabrın 12-də Qəzvin Məhkəmə İdarəsinin binası qarşısında keçirilən aksiyadan sonra həbs edilən işçilərin kimliyi və hazırda harada saxlandığı barədə heç bir məlumat verilməyib.

Aksiyada iştirak edən işçilər neçə aylıq maaşlarının ödənilməməsinə, eləcə də iş vəziyyətlərinin naməlum olmasına etiraz edərək zavodun özəlləşdirməsinə qarşı şüarlar səsləndiriblər.

Etirazçıların dediyinə görə, Koronavirus infeksiyasının yayılmasından sonra zavodun fəaliyyəti dayandırılıb. Bundan 5 ay keçməsinə baxmayaraq zavodun yenidən fəaliyyətə başlaması və işçilərin ödənilməmiş əmək haqlarının ödənilməsi ilə bağlı heç bir tədbir görülməyib.

Qəzvinin Kooperasiya, Əmək və Sosial Rifah idarəsinin direktoru Rza Gərusi “İLNA” xəbər agentliyinə verdiyi açıqlamada sayğac zavodu işçilərinin problemləri rəhbərlik etdiyi qurumu maraqlandırmadığını deyib.

“Sayğac zavodu işçilərinin zavodla əmək əlaqəsinin kəsildiyinə görə, onların problemlərini həll etmək əmək idarəsinin səlahiyyətində deyil,”- deyə Gərusi iddia edib.

Qeyd edək ki, sayğac zavodunun bəzi işçiləri 26 aydır ki maaş almırlar. İşçilərin sığorta haqqının tam ödənilmədiyinə görə, fəhlələrin işsizlik sığortası ilə təmin olunması da mümkün olmayıb.

Zavodun işçiləri ötən həftələrdə də Qəzvin Valiliyinin binası qarşısında etiraz aksiyası keçirmişdir. Onlar aksiyanın işlərini itirmə təhlükəsi və gecikən əmək haqları ilə əlaqədar olduğunu bildirmişdilər.

Facebook Comments