“Evlənməmişdi, toy etməmişdi, cavan uşaq idi…” – Elşən Xəzər Vüqardan danışdı

“Axırıncı dəfə görüşüb, dərdləşdik. Söylədim ki, “Vüqar, narahat olma sağalacaqsan”. Amma xəstəliyi ciddi idi. Ona görə ürək-dirək verirdik. İstəyirdi mənim kimi dini aləmə gəlsin, meyxanadan çəkilsin, ilahi qəzəllər oxusun. Mən də onu hər zaman gözlədiyimi bildirdim”.

Sozcu.az xəbər verir ki, bunu Sherg.az-a meyxanaçı Elşən Xəzər deyib. Bir neçə gün öncə vəfat edən tanınmış meyxanaçı, şair Vüqar Biləcəri haqda danışan həmkarı bildirib ki, O, Vüqara bir yerdə işləməyi təklif edib:

“Uzun-uzun söhbət etdik. Vüqar İmam Hüseyn aşiqi, Allahına bağlı insan idi. Son görüşümüz belə oldu. Təkidlə deyirdi ki, Hacı, çox istəyirəm meyxanadan uzaqlaşım. Səninlə bir yerdə islami toylarda çıxış edim. Mən də hər zaman yanında olduğumu söylədim. Sonra İmam Hüseynə olan eşqindən bəhs edirdi. İndi hadisələrin hamısı, birgə keçirdiyimiz günlər gözümdə canlanır. Adam bilmir nə desin. Evlənməmişdi, toy etməmişdi, cavan uşaq idi… “

Ələkbər Yasamallı Vüqarın vaxtsız gedişindən səsi titrəyə-titrəyə danışıb: “Onsuz da hamımız öləcəyik, bu dünyada qalmayacağıq. Lakin zamansız oldu. Aydın bizi ölümünə öyrəşdirdi. Bir neçə dəfə halı pisləşdi, dedilər ölüb. Sanki hamımızı psixoloji cəhətdən ölümünə hazırladı. Amma Vüqar… Bacım oğlundan sonra ikinci şoku Vüqarın ölümü ilə yaşadım. Ona görə 2020-ci ilin qurtarmağını səbirsizliklə gözləyirəm. Bu il bitsin, dərd-bəladan xilas olaq”.

Vüqar Biləcərinin digər dostu meyxanaçı Balaəli Maştağalı: “Avqustun 24-ü ad günündə bir yerdə idik. Rəşad, Orxan, mən Ruslan getmişdik. Hal-əhval tutduq. Vüqar çox sadə, mehriban insan idi. Deyib-gülürdük, tort kəsirdik. Hələ videosu da var. Vüqar bıçağı uzadır ki, tortun üzərindəki şəklinin baş hissəsindən kəssin. Orxan da deyir ki, başını kəsmə, o da dərhal cavab verir: neyləyim, qulağını kəsim? Allah rəhmət eləsin“.

Orxan Lökbatanlı hələ də inana bilmir dostunun ölümünə, qəbrini ziyarət edib, qayıtdığını bildirir kövrək şəkildə: “Özümüzə də inandırıcı gəlmir. Üç gündür biz onun qardaşları, yaxınları olaraq inana bilmirik ki, Vüqar ölüb. Dünyadır, bir gün hamı gedəcək. İnsan getmək üçün gəlib dünyaya. Amma vaxtsız oldu. Avqustun 24-də ad günü idi rəhmətliyin. Getdik, sonrakı gün də görüşdük. Hamımız ümid edirdik ki, sağalacaq. Alınmadı”.

Facebook Comments