Təyyarə qəzasının zərərçəkəni: Əsəb xəstəliyinə tutulmuşam

Bu gün Azərbaycanın aviasiya tarixinin ən ağrılı faciələrindən birinin ildönümüdür. Bir il öncə AZAL-ın Bakı-Qroznı reysilə uçan təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış, göyərtədəki 67 nəfərdən 38-i həlak olmuş, 29-u xəsarət almışdı. Qəzanın zərərçəkənlərindən biri Zaqatala rayonunun Danaçı kənd sakini, 2007-ci il təvəllüdlü Nizami Cəlilovdur. O, Modern.az-a açıqlamasında faciə anlarını açıq gözlə izlədiyini söyləyib. Nizami müxtəlif xəsarətlər alıb. Ayaqları ağır dərəcədə əzilib və qəzadan sonra bir ay ərzində əlil arabası ilə gəzib. Ona burun sınığı və daxili orqanların əzilməsi diaqnozu da qoyulub: “Qroznı səmasında bir neçə saniyə ərzində iki dəfə partlayış səsi eşitdim. Sonra Hökumə xanımın müraciətini.  Təyyarə yerə çırpılanda ayıq vəziyyətdə idim. Oturduğum yerdə tərsinə çevrilmişdim. Kəmər bədənimi bərk sıxıb daxili orqanlarımı zədələyib. Kəməri özüm açıb yıxıldım. Qapıya doğru getdim. Çıxışda kimsə mənə yardım etdi. Bir gün Aktau xəstəxanasında qaldıqdan sonra Bakıya gətirilmişik. 1 ay Bakıdakı Yeni Klinikada müalicə almışam. Burnum sınıb, amma bunun üçün əməliyyat qərarını hələ verməmişəm. Hadisədən sonra məndə əsəb xəstəliyi yaranıb. Mingəçevir Şəhər Xəstəxanasında bunun üçün növbəti iki aylıq müalicə kursu yazılıb. 20 min manat dövlət təzminatı almışıq. Müalicəmi davam etdirəcəm”.

Azərbaycana bu ölkədən gələn turistlərin sayı AZALIB

Azərbaycana Rusiyadan gələn turistlərin sayı azalıb. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə keçən ilin eyni dövrü ilə müqayisədə rusiyalı turistlərin sayında 10% azalma müşahidə olunub. Azərbaycana bu ilin 9 ayında  159 min rusiyalı turist gəlib.

Təhsil kreditini gecikdirən tələbəyə görə valideyn cavabdehdir? - AÇIQLAMA

Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlərə heç bir hüquqi və maliyyə məsuliyyəti yaratmır, bütün öhdəlik yalnız tələbənin üzərində qalır. Sozcu.az xəbər verir ki, bunu TTKF-nın 4 illik fəaliyyətinə dair hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.  O qeyd edib ki, təqdim olunan təhsil kreditləri zamin və girov olmadan verildiyi üçün valideynlərin kredit üzrə məsuliyyəti yoxdur və bu gecikmələr onların gələcəkdə kredit götürmək imkanlarına təsir etmir. Kreditin geri qaytarılmasına görə isə, yalnız tələbə cavabdehdir: “Məhkəmə qərarından sonra borcun qaytarılması icra qaydasında təmin olunur. Tələbənin əmək müqaviləsi olduqda, ödənişlər əməkhaqqından tutulmalar yolu ilə həyata keçirilir. Geri ödəmə imkanı olmayan hallarda isə borcun ödənilməsi məhkəmə qərarı əsasında tələb olunur”. Sədr əlavə edib ki, hazırda gecikməsi olan 125 tələbə ilə aktiv iş aparılır: “Qurum bu tələbələrin, o cümlədən işsiz və müvəqqəti maliyyə çətinliyi yaşayan şəxslərin əmək bazarına inteqrasiyasına dəstək göstərərək kredit vəsaitinin geri ödənilməsinin təmin edilməsinə çalışır”.

Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

11:19 Bu gün Bakının Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb. Sozcu.az xəbər verir ki, səhər saatlarında baş verən hadisə zamanı 2 nəfər ölüb. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 25-də saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub: "Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb". *** DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb. Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mersedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mersedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 qadının meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Əhalinin banklara borcu artdı

Bu ilin 11 ayında bankların kredit portfeli 1% vә ya 281.7 mln. manat artaraq 29 milyard 685.5 mln. manat təşkil edib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, kredit portfelinin 53.2%-ni (15,804.8 mln. manat) biznes kreditlәri, 31.4%-ni (9,318.8 mln. manat) istehlak kreditlәri, 15.4%-ni (4,561.9 mln. manat) ipoteka kreditlәri təşkil edib. Kredit portfelində vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat (1,8%) təşkil edib. Bu ilin əvvəlinə nisbətən 24,2%, son 1 ildə isə 12,3% artım deməkdir.

Füzuli Ələkbərovun dövlətə milyonlarla manat borcu var

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - İmprotex İndustries MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestrində məlumat yer alıb. Bildirilib ki, “İmprotex İndustries” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcu var. Qeyd edilib ki, “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur. 2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb. “Improtex” qrupu isə 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə “Rolls Royce”, “BMW”, “MAN Truck & Bus SE”, “Bobcat”, “Massey Ferguson”, “Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.

Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı

Siyəzən rayonununda 2 yaşlı uşaq avtomobildə yanaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini 2023-cu il təvəllüdlü Bağırlı Seyfəl Hüseynağa oğlu yaşadıqları evin həyətində atasına məxsus “VAZ 2107” markalı avtomobilə oynamaq məqsədilə daxil olub. İlkin ehtimala görə, avtomobil daxilində baş verən qısaqapanma nəticəsində yanıb. Bədbəxt hadisə nəticəsində Seyfəl Bağırlı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dəm qazından boğulmamaq üçün nə etmək lazımdır? - Sabiq rəis sirləri açdı

“Vaxtilə abonentlərin sayı 300-400 min civarında idi, hazırda isə bu rəqəm təxminən 2 milyona çatıb. Soyuq aylarda maksimal qaz tələbatı sutkada 30 milyon kubmetrdən artıq olur”. Bunu “Yeni Sabah”a açıqlamasında “Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, mavi yanacaq sahəsi üzrə ekspert Nüsrət Qasımov deyib. Hər il onlarla ailənin dəm qazının görünməyən, amma amansız təsiri ilə faciə yaşadığını bildirən ekspert ehtiyatlı olmağı tövsiyə edib: “Normal halda qaz göy rəngli alovla yanmalıdır. Lakin bəzən alovun içindən sarı və qırmızı rəngli məşəllər çıxır. Bu isə qazın tam təmizlənmədiyini göstərir. İkinci əsas problem əhalinin yetərincə maarifləndirilməməsidir. Əhali qazdan təhlükəsiz istifadə qaydaları ilə mütəmadi şəkildə məlumatlandırılmalıdır. Digər mühüm məsələ tüstü bacaları ilə bağlıdır. Bir çox binalarda tüstü bacaları 40 ildən artıqdır ki, təmizlənmir. Bacaların kimə məxsus olduğu və hansı qurumun bu işə cavabdeh olduğu dəqiq bilinmir. Mövcud olan təmizləmə şirkətləri isə bir tüstü bacasının təmizlənməsi üçün 20 manat tələb edir. Əhalinin bütün təbəqələri bu məbləği ödəmək imkanına malik deyil. Kasıb təbəqənin mövcudluğu hamıya məlumdur. Nəticədə illərlə tüstü bacaları təmizlənmir”. N.Qasımov xüsusilə su qızdırıcıları və İran sobalarından istifadə edənlər üçün riskin daha böyük olduğunu bildirib: “Qaz istifadəçiləri, xüsusilə su qızdırıcıları və İran sobalarından istifadə edənlər üçün problem daha ciddidir. Bu cihazların tüstü bacaları çox vaxt düzgün quraşdırılmır. Normalda tüstü bacası dam səviyyəsindən azı yarım metr hündür olmalıdır ki, zəhərli qazlar, xüsusilə karbon monoksid, təhlükəsiz şəkildə havaya ötürülsün. Hazırda isə bəzi hallarda bacalar pəncərədən çıxarılır, bəzən isə divar deşilərək quraşdırılır ki, bu da düzgün deyil. Bakı şəhərində küləyin sürəti bəzən 40 km/saata çatır. Güclü külək tüstünü bacadan geri itələyərək otağın içinə doldura bilir. Əgər həmin otaqda insanlar yatırsa, dincəlirsə və ya hamamda olurlarsa, zəhərlənmə riski çox yüksək olur. Təəssüf ki, bu səbəbdən tez-tez ölüm halları baş verir”. Ekspert qeyd edib ki, bu məsələdə həm “Azəriqaz”, həm də əhali məsuliyyət daşıyır: “Əhali “Azəriqaz”ın xəbəri olmadan yeni qaz cihazları quraşdırır, tüstü bacalarını düzgün çəkmir.Nəticədə dəm qazı evin daxilində toplanır və insan cəmi 7 dəqiqə ərzində bu qazı nəfəs alarsa, zəhərlənə bilər. Bu, açıq-aşkar məsuliyyətsizlikdir. Əhali qohum-əqrəba və ya tanış vasitəsilə usta tapır, lisenziyası olub-olmamasına baxmadan qaz qurğularını quraşdırdırır. Halbuki qaz cihazlarının quraşdırılması, onlara texniki xidmət göstərilməsi və şəbəkəyə qoşulması yalnız ixtisaslı, sertifikatlı və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. Bəzi hallarda deyilir ki, evdar qadınlar qaz cihazlarına qulluq etməlidirlər. Bu, absurddur. Evdar qadınlar yemək bişirməyi bilər, amma injeksion kalonka ilə diffuzion kolonkanın fərqini haradan bilməlidir? Bu cihazlara düzgün qulluq üçün xüsusi bilik, sertifikat və lisenziya tələb olunur”. N.Qasımov qaz sızması zamanı iy hiss edilməsi üçün qaza hökmən “odoran” maddəsi vurulmalı olduğunu deyib: “Digər vacib məsələ qaz detektorlarıdır. Bu cihazların qiyməti təxminən 30 manatdır. Qaz detektorları yataq otaqlarında, mətbəxdə və hamamda quraşdırılmalıdır. Bu ağıllı cihazlar qaz sızması və ya karbon monoksid olduqda dərhal səsli və vizual siqnal verir və insanları vaxtında xəbərdar edir”.

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə Sozcu.az-a DDLA-dan məlumat verilib. Xəbərdarlığa əsasən, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycanın rayonlarında sabah gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə dekabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.

İki aya Ağdama 1164 ailə köçürüləcək

2026-cı ilin yanvar-fevral aylarında 1164 ailə (4772 nəfər) Ağdama köçürüləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı məlumat verib. Bildirilib ki, həmçinin, dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur.

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib. “Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”, - dövlət başçısı qeyd edib.

Ukrayna ordusu Rusiyada strateji yerləri vurdu

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən kauçuk zavoduna, Krımda pilotsuz katerlərin saxlanma yerlərinə, Luqansk vilayətində sursat anbarına, hava hücumundan müdafiə obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı Teleqram kanalında məlumat yayıb. Məlumata görə, zərbəyə məruz qalmış Yefremov sintetik kauçuk zavodunun məhsulları plastik partlayıcı maddələr və bərk raket yanacağı istehsalında istifadə olunur. Zərbə nəticəsində zavodda güclü yanğın başlayıb. Səhər saatlarında Rusiyanın Saratov şəhəri yaxınlığında yerləşən neftayırma zavodunun da dron hücumuna məruz qaldığı haqda məlumat yayılıb. Zərbə nəticəsində zavod ərazisində güclü yanğının görüntüləri sosial mediada yayımlanıb.

"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran narkotik maddələr qəbul edirmiş. Sozcu.az-ın Türkiyənin DHA agentliyinə istinadən yaydığı məlumata görə, narkotik maddələrlə bağlı istintaq çərçivəsində Sadettin Saranın saç nümunəsindən götürülən kokain testi müsbət nəticə verib. Hazırlanan rəy İstanbul Respublika Baş Prokurorluğuna təqdim olunub. AA isə xəbər verir ki, Saranın qan, sidik və dırnaq nümunələrində aparılan testlərin nəticəsi mənfi olub. "Fənərbaxça" Klubunun prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəli qismində İstanbul Respublika Baş Prokurorluğuna dəvət olunmuş və ifadə vermişdi. Prokurorluqdakı dindirilmədən sonra Ədliyyə Tibb Qurumuna göndərilən Saranın saç və qan nümunələri götürülmüşdü. Prosedurların ardından Sadettin Saran sərbəst buraxılmışdı. Qeyd edək ki, Saranın ifadəyə çağırıldığı gün onun evində də axtarış aparıldığı bildirilir. Axtarış zamanı müəyyən materialların aşkarlandığı iddia olunsa da, bununla bağlı rəsmi qurumlardan ətraflı açıqlama verilməyib.

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

İsraildə dekabrın 22-də üçtərəfli sammit keçirilib. Sammitdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyə əleyhinədir. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Bildirib ki, Yunanstan, Kipr və İsrail Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok təsis ediblər: “İsrailin Baş naziri Benyamin Netanyahu üçlü ittifaqın Türkiyə əleyhinə olduğunu bu sözlərlə ifadə edib: “İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unudun. Belə olmayacaq. Bu barədə heç düşünməyin”. Aydındır ki, Netanyahu “imperiyaların bərpası” ifadəsi adı altında Avrasiya bölgəsində güclənən Türkiyəni nəzərədə tutub. İsrail, Yunanıstan və Kipr liderləri Aralıq dənizində ortaq “hərbi reaksiya qüvvələrinin” yaradılması mövzusunu müzakirə ediblər. Bu “qüvvələr” Aralıq dənizi bölgəsində “təhlükəsizliyin gücləndirilməsini” və “hərbi koordinasiyanı” həyata keçirəcəklər. Liderlər Qüdsdə keçirilən ortaq mətbuat konfransında təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirəcəklərini bildiriblər”. Politoliq qeyd edib ki, Yunanstanla Kipr Respublikasının Türkiyə əleyhinə siyasət yürütdükləri bəlli fakt olsa da, hazırki üçlü ittifaqın təşəbbüskarı İsrailin Baş naziri Benyamin Netanyahudur: “O, Türkiyənin bölgədə, o cümlədən qonşu Suriya və İraqda artan rolundan narahatdır. PKK-nın tərk-silah olunmağa başlaması da İsrailin hakim dairələrinin narahatlığına səbəb olub. Çünki İsrailin hərbi və kəşfiyyat dairələri illər uzunu bölgədəki silahlı kürdlərlə gizli təmaslara malik olublar. Mövcud vəziyyət Azərbaycana çətinliklər yaradır. Azərbaycan İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bununla yanaşı Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə görə Azərbaycana hücum olarsa, Türkiyə müttəfiqini müdafiə etmək hüququna malik olacaq. Eyni ilə Türkiyəyə hücum olarsa, Azərbaycan müttəfiqini müdafiə etməlidir. Yəni İsrailin formalaşdırdığı üçlü ittifaq Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin İsrail, Yunanıstan və Kipr Respublikasıyla mümkün qarşıdurmasında müttəfiqi ilə koordinasiya içində olacaq. Azərbaycan belə təhlükəli ssenarinin reallaşmasını istəmir. Ancaq Azərbaycanın istəyindən asılı olmayaraq “üçlü ittifaq” İsraillə Türkiyə arasında gərginliyi artıracaq. Təəssüf ki, İsrail Türkiyə ilə qarşıdurmaya gedərkən bunun Azərbaycanla münasibətlərə mənfi təsirlərini hesablamayıb”.

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

İnsan orqanlarının ticarəti ilə məşğul olan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayına qədər qadın “qara bazar”da yenidən satış üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb. Ukrayna vətəndaşının 5 il beynəlxalq axtarışda olduğu və bu yaxınlarda Polşada təsadüfən aşkar edilərək saxlanıldığı bildirilir. Qazaxıstan məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.     

Qız uşağı doğuş zamanı öldü

Ağcabədidə doğuş zamanı qız uşağı ölüb. Sozcu.az xəbər verir ki, Zərdab rayon sakini 2001-ci il təvəllüdlü Rəhimova Ləman Abbas qızı hamiləlik sanıcısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Doğuş zamanı bətnində olan qızı övladı ölüb. Xəstəxanadan verilən məlumata görə ananın drumu vəziyyətə görə orta ağırdır. Faktla bağlı araşdırma başlanıb. (Mənbə Trend)

Prezident və xanımı Xankəndidədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İki aylıq körpə qidadan boğularaq həyatını itirdi

Xırdalanda iki aylıq körpə ölüb. Sozcu.az xəbər verir ki, dekabrın 22-si saat 14 radələrində bu il noyabrın 23-də dünyaya gələn Rəvanə Heydər qızı Muxtarova yaşadığı Xırdalan şəhərindəki evdə boğazında qida qalmasından boğularaq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Hərbçimiz Türkiyədə vəfat etdi

Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, o, Türkiyədə müalicə aldığı hospitalda dünyasını dəyişib. Qeyd edək ki, E.Qurbanov Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.

Ukrayna Tulada bu zavodu vurdu

Ukrayna Rusiyanın Tula vilayətinin Yefremov şəhərinə silsilə PUA hücumları edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Yefremov Sintetik Kauçuk Zavodu ASC-da yanğın baş verib.

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Ankara yaxınlığında qəzaya uğrayan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu təyyarənin qara qutusu tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya “TRT Haber” telekanalının efirində deyib. “Qara qutu bu gün yerli vaxtla saat 02:45-də (Bakı vaxtı ilə 03:45) tapılıb. Hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə açıqlanacaq”, - nazir bildirib. Nazirin sözlərinə görə, “Falcon 50” təyyarəsi çərşənbə axşamı yerli vaxtla saat 20:17-də Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Saat 20:32-də heyət göyərtədə təcili vəziyyət barədə məlumat verib və hava limanına qayıtmaq istəyib. Təyyarə ilə əlaqə saat 20:36-da kəsilib. Qalıqlar saat 22:00-da Ankaranın Haymana rayonunda aşkar edilib. Göyərtədə beş sərnişin və 3 heyət üzvü olub.

Türkiyədə Baş Qərargah rəisi ilə birgə ölənlər – Siyahı

Ankara yaxınlığında qəzaya uğrayan təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadla birgə olanların adı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, qəza nəticəsində Məhəmməd əl-Həddadla yanaşı, Liviya Quru Qoşunlarının komandanı Qərib Əl-Fayturi, Hərbi Sənaye Qurumunun rəhbəri Mahmud əl-Qativi, Liviya ordusu Baş Qərargah rəisinin müşaviri Məhəmməd əl-Əsavi kimi rəsmilər də həlak olublar.

Rusiya NATO ölkələrindən birinə hücum edəcək - Vadeful

Rusiya Ukrayna ilə müharibədən sonra NATO ölkələrindən birinə hücuma cəhd edə bilər. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib. “Ukraynaya dəstək birbaşa bütün Avropanın təhlükəsizliyi ilə bağlıdır. Ukrayna maraqlarını nə qədər tez qoruya və vəziyyəti sabitləşdirə bilsə, qitə bir o qədər təhlükəsiz olacaq”, - nazir bildirib. Vadeful Rusiyanın NATO-ya hücum ehtimalını qiymətləndirməkdən imtina edib, lakin belə bir ssenariyə də hazırlığın vacibliyini vurğulayıb. Almaniyalı nazir xəbərdarlıq edib ki, Rusiya ordusunun Ukraynadakı davamlı hərbi uğuru NATO üçün ciddi təhlükə yaradacaq.

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - Yenilənib

16:08 Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi, qanunsuz olaraq satışının təşkil edilməsi və digər bu kimi əməllərin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks, sistemli və ardıcıl tədbirlər görülür. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumara görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir. Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq: - 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), - 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və - 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktiki rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov, gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib. Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq - 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), - 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), - 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır, sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkar birliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Qeyd edək ki, Ruslan Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. Xatırladaq ki, bir neçə gün öncə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru, Bəylər Eyyubovun digər qardaşı oğlu Həsən Eyyubov da vəzifəsindən azad edilib.