Azərbaycanda 21 peşə məktəbi tikiləcək – Sərəncam

Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, Sərəncamda deyilir: “Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır. Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir. Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcək”. Sərəncama əsasən, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin ediləcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etməli və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim etməlidir. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamın 1-ci hissəsində göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutmalıdır.

Sertifikasiya saxtakarlığı: Rüşvət verən həkimlərin SİYAHISI

Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunur. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər. Sozcu.az xəbər verir ki, “Qafqazinfo” məsələnin hələ də gündəmdə qalmasını nəzərə alaraq cinayətin necə həyata keçirildiyini və kimlərdən rüşvət alındığını öyrənib. Xəbərin davamında rüşvət qarşılığında tibbi fəaliyyətə buraxılan həkimlərin adlarını tək-tək təqdim edəcəyik. Bu cinayət hadisəsi iki formada həyata keçirilib. Daha dəqiq desək, rüşvət iki növ şəhadətnamənin verilməsi müqabilində alınıb: 1. Xaricdə təhsil alan tələbələrin ölkə ərazisində praktiki fəaliyyətə buraxılması üçün verilən şəhadətnamə; 2. Beş illik sertifikasiya imtahanı nəticəsində tibb işçilərinə verilən şəhadətnamə. Ümumi qayda belədir ki, praktiki fəaliyyətə buraxılma üçün vətəndaş Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya müraciət edir. Bütün tələblərə cavab verirsə, müsbət geridönüş alır. Şəhadətnamə ala bilməyənlər isə beşillik sertifikasiyaya buraxılmayıblar. Həmin komissiyanın sədri isə səhiyyə nazirinin müavini İlqar Qasımov olub. Bu cinayət işinin əsas fiquru Səidə Rüstəmovadır. İttihamda deyilir ki, qanunsuz tibbi fəaliyyətə razılıq məhz onun tərəfindən verilib və bu razılıq əsasən rüşvət müqabilində olub. O, konkret olaraq birbaşa özü və ya vasitəçilərdən istifadə etməklə ümumilikdə 266 min 500 manat rüşvət, eləcə də nüfuz alveri yolu ilə 33 min manat pul alıb. Cinayət yolu ilə əldə etdiyi ümumilikdə 280 min manat vəsaiti isə leqallaşdırıb. İstintaq materiallarında Səidə Rüstəmovanın rüşvət aldığı şəxslərin adları yer alıb. Həmin siyahıda 18 həkimin adı var: 1. E.Dadaşova – Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyib. O, sertifikasiya imtahanından keçə bilmədiyi və işdən qovulduğu üçün xəstəxananın baş həkimi Leyla Seyidəliyeva vasitəsilə 25 min manat rüşvət verib. Bundan sonra əvvəlki vəzifəsinə bərpa edilib. 2. S.Qasımova – Azərbaycan Dəmir Yolları Xəstəxanasında həkim işləyib. Onun Bakıdakı 20 saylı Uşaq Poliklinikasında həkim-pediatr işləməsinə razılıq verilməsi üçün 5 min manat rüşvət alınıb. 3. T.Nurəliyeva – Zaqatala RMX-nin Muğanlı kənd məntəqəsində işləyib. Onun digər xəstəxanada fəaliyyətini davam etdirməsi üçün 3 min manat alınıb. 4. R.Bayramov – Şüa-diaqnostika ixtisası üzrə rezidentura təhsili olmadığı halda həmin ixtisas üzrə sertifikasiya imtahanına buraxılması üçün 20 min manat rüşvət verib. 5. P.Salmanova – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə praktiki fəaliyyətə buraxılması üçün 25 min manat rüşvət verib. 6. X.Cəfərov – İxtisasca ümumi cərrahdır. Amma rezidentura təhsili olmadığı halda plastik cərrah fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində 32 min manat rüşvət verib. 7. R.Həsənov – İxtisasca həkim-terapevt olub, endokrinoloq üzrə rezidentura təhsili olmadığı halda 20 min manat rüşvət verməklə həmin ixtisas üzrə sertifikasiya imtahanından keçib. 8. Ş.Abdullayeva – Xaricdə anesteziologiya-reanimatologiya üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə fəaliyyət göstərməsi üçün 16 min manat rüşvət verib. 9. S.Məmmədov – İxtisasca ümumi cərrahdır. Qanunsuz olaraq – 25 min manat rüşvət verməklə plastik cərrahiyyə üzrə sertifikasiyadan keçib. 10. O.Musayev – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Ölkədə fəaliyyət göstərməsi üçün sertifikasiya almaq məqsədilə 5 min manat rüşvət verib. 11. X.Qafarova – Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Həkim-bioloq üzrə rezidentura ixtisasına sahib olmadığı halda həmin ixtisas üzrə sertifikasiya almaq üçün 10 min manat rüşvət verib. 12. D.Xodjaxov – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 17 min manat rüşvət verib. 13. H.Pirzadayeva – Respublika Klinik Xəstəxanasında qanköçürmə şöbəsinin müdiri işləyir. Faktiki olaraq praktik fəaliyyətlə məşğul olmayıb. Həkim-terapevt kimi fəaliyyət göstərmək üçün sertifikatı 13 min manat müqabilində alıb. 14. A.Tağıyeva – Onun ölkədə diplomu tanınmayan “Loğman Təsərrüfat Hesablı Tibb Məktəbi”ni bitirdiyi qeyd olunur. Tibb bacısı kimi sertifikasiya imtahanından keçməsi üçün 2 min manat verib. 15. R.Kərimli – Rezidentura üzrə təhsili olmadığı halda plastik cərrahiyyə ilə məşğul olub. Bu fəaliyyət üçün 35 min manat rüşvət verərək sertifikat alıb. 16. A.Abdullayeva – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 25 min manat rüşvət verib. 17. S.Mamedova – Ukrayna vətəndaşıdır, orada mama-ginekologiya üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət üçün 20 min manat rüşvət verib. 18. G.Kazımova – Əmək müqaviləsinin uzadılması üçün 1500 manat rüşvət verib. Səidə Rüstəmova rüşvətin böyük hissəsini Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın köməkliyi ilə nazirlikdəki xidməti otağında qəbul edib. Bundan əlavə o, səhiyyə nazirinin keçmiş müavinləri Rahim Əliyev və mərhum Abbas Vəlibəyovun imzalarını xəbərsiz çap edərək qanunsuz fəaliyyətə əlavə edib. Prokurorluq müxtəlif qurumlar vasitəsilə də topladığı məlumatlarla müəyyən edib ki, Səidə Rüstəmova cinayət yolu ilə əldə etdiyi pullarla böyük əmlaka sahib olub. Həmin əmlakların çoxu da yaxınlarının adlarına rəsmiləşdirilib. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Səidə Rüstəmova və digər təqsirləndirilənlər ev dustaqlığındadır. Yekunda təqsirləri sübuta yetirilərsə, xanımları 10 ildən çox həbs cəzası gözləyir.

Teleqramda vətəndaşlara saxta iş təklifləri gəlir - Xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə Teleqram vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilir ki, "Temu iş təklifi" adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır. Dələduzlar vətəndaşlara "ev şəraitində onlayn qazanc", "asan iş", "sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir" kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər. ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər fərdi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.

Salyanda məktəbdə zəhərlənən şagirdlərin sayı artdı

15:34 Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. *** Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir. *** Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunanların sayı 18 (13 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) nəfərə çatıb. Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətə əlaqələr üzrə mütəxəssisi Leyla Nəsirova məlumat verib. O bildirib ki, xəstəxanaya hospitalizasiya olunan 17 nəfərdən sonra kişi cinsli bir uşaq daha hospitalizasiya olunub. "Zəhərlənmə əsasən 5-7-ci sinif şagirdləri arasında olub, vəziyyətləri yüngüldür", - o əlavə edib. *** Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 20 nəfər tüstüdən zəhərlənib. Bu barədə APA-ya Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, onların 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır. Həmin şəxslərin bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bakıda obyektdə partlayış oldu: 3 nəfər... - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb. FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Şəmkirdə məktəb iki ildir ki, təmir-bərpa adı ilə bağlanıb

Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən şəhid Etibar Həsənov adına 1 saylı orta məktəb ikinci tədris ilidir ki, təmir-bərpa adı ilə şagirdlərin üzünə bağlıdır. Həmin məktəbin müəllimləri artıq ikinci ildir ki, qonşu Seyfəli kəndində yerləşən məktəbdə tədrisi həyata keçirirlər. Görünür ki, bu gedişlə onların öz doğma məktəblərinə qayıtması real görünmür. Qeyd edim ki, bu məktəbin ilk tədris ili 1987-ci ildən başlayır. Sovetlərin sonuna yaxın yaradılmış məktəb 10 minə yaxın əhalisi olan Çinarlı qəsəbə sakinlərinin istifadəsində olan ikinci məktəb kompleksidir. Bu gün həmin məktəb ilkin təəssüratda xarabalığı xatırladır. Pəncərələrin şüşələri yox, qapılar sınmış vəziyyətdə, sinif otaqları Amerikanın Yaponiya atdığı atom bombasından sonrakı vəziyyətinə bənzəyir. Buradan hörmətli Təhsil naziri Emin Əmurallayevə səslənirəm. Görünür ki, başınız o qədər lazımsız məsələlərə qarışıb ki, buradakı vəziyyət haqqında sizi məlumatlandırmırlar və yaxud da qəsdən rəva görürsünüz ki, mütərəqqi ölkələrdə təhsilə qiymət verdikləri məqamda, siz bizim ölkədə məktəblərin xaraba vəziyyətdə qalmasından zövq alırsınız. Bilmək istərdik bu rəzalət, məsuliyyətsizlik, hesabatsızlıq nə vaxta qədər davam edəcək?  Çinarlı qəsəbə sakinləri öz yaşadıqları məkanda məktəb ola-ola niyə iki ildir başqa kəndin ərazisindəki məktəbə getməlidir ? Ceyhun Nəbi

Sabah hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı

Ötən gecə Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində baş verən güclü yanğınla bağlı cinayət işi açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məılumat yayıb. Bildirilib ki, massivdə yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər AR Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb. Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"28 May"da yolları su basdı - Foto

Bakı Metropoliteninin "28 May" stansiyasının yaxınlığında güclü yağışlardan sonra yollarda suyun yığılması nəqliyyatın hərəkətində çətinlik yaradıb. Sozcu.az xəbər verir ki, ərazidə kanalizasiya sisteminin işləməməsi nəticəsində yağış suları yolda toplanıb.

MN-in Tibbi Sənədlər Arxivinin rəisi saxlanıldı

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində şübhəli bilinir. Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib. Hazırda o, Baş İdarədə dindirilmədədir.

Lökbatanda yanğında həlak olan ana və övladlarının FOTOLARI

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları müəyyənləşib. Sozcu.az xəbər verir ki, hadisə zamanı həlak olan şəxslər ana, 2 övladı və qonşu olub. Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953). Qeyd edək ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib.

Yevlaxda da yanğın oldu: 1 ölü, 2 yaralı

Yevlaxda yanğın hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yanıq xəsarətləri alıb. Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb. Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.

Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Məlumata görə, rayonun A.M.Şərifzadə küçəsində yerləşən xəstəxanada Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova doğuş zamanı ölüb. Faktla bağlı araşdırma aparılır.

Anar Əliyev onu işdən çıxardı

Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri Əbdül Bayramov vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Onun yerinə kimin təyin olunacağı barədə məlumat verilməyib.

SSRİ bayragı qaldıran onkoloqun şikayəti rədd edildi

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bəzi şəxslərin videogörüntüləri yayılıb. DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. Noyabrın 26-da Nizami Rayon Məhkəməsində Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə Abdulla İbrahimli və İbrahim Əsədli barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, tanınmış həkim-onkoloq olan İbrahim Əsədli qərarla razılaşmayıb. Belə ki, o, qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Əsədli barəsində seçilən həbs-qətimkan dəyişdirilməyib. Qeyd edək ki, İbrahim Əsədli və onunla birlikdə saxlanılan şəxslər Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub: “Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.

DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimli üçün nəzərdə tutulmuş sovqat qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə AXCP-nin məlumatında bildirilib. Vəkili Aqil Layicin sözlərinə görə, Əli Kərimliyə kimlərin sovqat aparacağı əvvəlcədən DTX-ya bildirilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir

"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və həmişəlik sülhün təmin olunmasına imkan yaradacaq”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.

Pokrovskun şimalına nəzarət edirik - Sırski

Ukrayna qüvvələri Pokrovskun şimal hissəsini nəzarətdə saxlamağa davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. “Pokrovsk və Mirnoqrad bölgəsində düşmənin hücum piyada qrupları toplamaq və bu yaşayış məntəqələri ətrafında irəliləmək cəhdləri fəal şəkildə əngəllənir. Şəhərlərin özündə də əsgərlərimiz müəyyən əraziləri ələ keçirməyə davam edirlər”, - o bildirib. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Pokrovsk şəhərinin tamamilə ələ keçirildiyini məruzə etmişdi.

Laçın və Kəlbəcərdə yanğın: 2 helikopter cəlb olundu

Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub. Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.

ABŞ Ukraynaya görə Yunanıstana təzyiq edir

ABŞ Yunanıstana Ukrayna üçün Amerika silahlarının alınması layihəsinə qoşulması üçün təzyiq göstərir. Sozcu.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb. “NATO Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində ABŞ-ın Afinadakı səfirliyinin nümayəndələri Vaşinqtonun Yunanıstanın PURL təşəbbüsünə qoşulması ilə bağlı istəyini çatdırıblar. Amerikalı diplomatlar Yunanıstana Ukrayna ilə bağlı prinsipial mövqeyinə görə minnətdarlıqlarını bildirib və eyni zamanda Afinanın sözügedən təşkilatda iştirakını elan etməsində israr ediblər”, - məlumatda deyilib.

Hikmət Hacıyev Qriqoryanla görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə foruma qatılacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb. Məlumata görə, hər iki rəsmi "Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirələrində iştirak edəcək.

Beşmərtəbəli binada yanğın oldu

Bakının Binəqədi rayonunda yanğın olub. Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mingəçevirdə 63 yaşlı qadın faciəvi şəkildə öldü

Mingəçevirdə qadın dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 3-ü saat 13 radələrində baş verib. Belə ki, Mingəçevir şəhər sakini Əntiqə İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Mərhumun 63 yaşı olub.