Ağsu dolaylarında olan restoranlar sökülür: Sahibkarlar narazıdır -FOTOLAR

Bir neçə gündür ki, Ağsu dolaylarında olan kafe və restoranların sökülməsinə başlanılıb.

Obyekt sahiblərinin Sozcu.az -a verdikləri məlumata görə, Prezident Administrasiyasından və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn nümayəndələr Ağsu rayonuna gələrək, rayon rəhbərliyinə Ağsu dolaylarında olan obyektlərin sökülməsi haqda tapşırıq veriblər. Bir neçə gündür ki, Administrasiyanın və nazirliyin əməkdaşlarının iştirakı ilə kafe və restoranların sökülməsinə başlanılıb.

Sahibkarlar bildirirlər ki, onlara yaxın günlərdə yeni tikinti layihəsi veriləcəyini deyən rəsmi şəxslər, sökülən kafe və restoranların yeni layihə əsasında tikilməsi üçün bir ay vaxt verirlər. Bir ay ərzində kim ki, həmin layihə əsasında obyektini yenidən tikə bilməsə, həmin obyekt əlindən alınacaq. Heç kimin o qədər maddi imkanı yoxdur ki, yenidən tikinti tiksin.

Baş verənlərlə bağlı prezidentə şikayət edəcəklərini deyən sahibkarlar, ölkənin bu çətin günündə dövlət başçısının sahibkarlara və aztəminatlı ailələrə dövlət dəstəyinin vacibliyini ifadə etdiyi halda, məmurların əhalini narazı salmaları, insanların alın təri ilə tikdikləri obyektləri sökməklə, onlarla insanı çörəksiz qoymağı, dövlətə qarşı bir təxribat olduğunu bildiriblər. Sahibkarlar qeyd ediblər ki, illərdir ki, yüksək çinli məmurlar Ağsu dolaylarına göz tikiblər və bu gün baş verənlər də həmin oyunun davamıdır.

Qeyd edək ki, Ağsu rayonunun əsas dolanışıq yerlərindən biri Ağsu dolaylarında olan kafe və restoranlardır. Onlarla rayon sakini həmin kafe və restoranlarda işləyərək, ailələrinə çörək aparırlar.

Elşən Əlisoy

 

Facebook Comments