“Hökumət devalvasiyaya getməzsə, bu, valyuta ehtiyatlarının əriməsinə səbəb olacaq”

İqtisadçı: “Hökumət pis seçimlə lap pis seçim arasında qalıb”

Prezident İlham Əliyev aprelin 14-də keçirdiyi müşavirədə manatın devalvasiyaya uğrayacağı barədə fikirlərin əsassız olduğunu bildirib.

Dövlət başçısı deyib ki, koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur:

“Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur”.

İlham Əliyev vətəndaşlara şayiələrə uymamaq çağırışı edib:

“Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-nin sorğusuna cavabında belə deyib:

“Yaxşı, devalvasiya olmasın, ancaq bu, nə iqtisadçı Qubad İbadoğlunun, nə də ölkə başçısı İlham Əliyevin istəyindən asılı məsələ deyil. Devalvasiya iqtisadi qanunların tələbidir, iqtisadi qanunlar bizi mövcud vəziyyətlə barışmağa və ona uyğun addımlar atmağa vadar edir. Artıq bu təcrübəni yaşamışıq, sovet dövründə bunu gördük, indi də ondan nəticə çıxartmaq lazımdır. Ölkəni bazar iqtusadiyyatı relslərinə çıxartmaq vacibdir, belə olanda davamlı inkişafa nail olmaq mümkündür”.

İqtisadçı hesab edir ki, hökumət devalvasiyaya getməzsə, bu, valyuta ehtiyatlarının əriməsinə, Mərkəzi Bankın rezervlərinin, Dövlət Neft Fondunun aktivlərinin azalması ilə nəticələnəcək. Eyni zamanda, sabit fiksal kurs həm də qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərəcək. Manat özünün tənzimləyəci funksiyasından istifadə edə bilməyəcək. Manat tədiyyə və tədavül vasitəsi kimi istifadə olunacaq”.

İqtisadçı deyir ki, bu, bankların da fəaliyyətinə pis təsir göstərəcək, çünki cəmiyyətdə devalvasiya gözləməsi neftin qiymətlərinin enməsi, qonşu ölkələrin valyutalarının məzənnəsinin aşağı düşməsi ilə bağlı olur: “Odur ki, yerli valyutanın devalvasiya gözləmələri artacaq və insanların banklara etimadı azalacaq. Digər tərəfdən, bu, Azərbaycanın idxal və ixrac əməliyyatlarına da təsirsiz ötüşməyəcək. Ölkəyə idxalı stimullaşdıracaq, ixracı isə tormozlayacaq”.

Qubad İbadoğlu hesab edir ki, bundan sonra vətəndaşlar pullarını başqa valyutada saxlamağa üstünlük verəcəklər və banklarda dollarlaşma səviyyəsi yüksələcək: “İqtisadiyyatda dollarlaşma səviyyəsinin yüksəlməsi Mərkəzi Bankın pul-kredit bazarına təsir imkanlarını zəiflədəcək. Ölkə daxilində pul-kredit tənzimlənməsi isə ABŞ Federal Ehtiyatlar Sistemində qəbul edilən qərarlarla daha çox bağlı olacaq, nəticədə Mərkəzi Bankın təsir alətləri öz imkanlarını itirəcək. Bununla da Azərbaycan xarici şoklardan asılı duruma düşəcək”.

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli təəssüflənir ki, manatın məzənnəsi iqtisadi kateqoriya olmaq çərçivısindən çıxaraq siyasi sabitlik simvoluna çevrilib: “Halbuki, istınilən ölkənin yerli valyutasının məzənnəsi iqtisadi kateqoriyada dəyərləndirilməlidir. Rusiyada rubl son iki ayda 15 faiz dəyərdən düşüb, ölkə dağıldımı?! Rublun məzənnəsi iqtisadi əsaslarla formalaşdığından ciddi ajiotaj doğurmadı. Çünki rublun oynaqlığı iqtisadi institutlar vasitəsilə tənzimlənməsinə səbəb oldu. O cümlədən, Türkiyədə 1 dollar 2 ay əvvəl 6 lirədən aşağı idisə, hazırda 7 lirəyə yaxınlaşır. Ümumiyyətlə, məzənnənin siyasiləşdirilməsi doğru yanaşma deyil. Azərbaycanda manatın məzənnəsi sabitlik simvoluna çevildiyindən hər hansı açıqlamaların olması, yaxud gözləntilərin formalaşması siyasi kontekstdən dəyərləndirilir”.

Natiq Cəfərli hökumətin bu il ərzində manatın məzənnəsinin sabit saxlamaq imkanının olduğunu düşünür. Ancaq iqtisadçı bunun üçün daha çox vəsaitə ehtiyacın yaranacağını əlavə edib:

“Problem ondadır ki, karantin səbəbindən iqtisadi fəallığın kifayət qədər zəifləməsi dollara tələbatı və istehlakı azaldıb. Ən azından sərhədlər bağlı olduğundan avtomobil gətirilmir, halbuki, ildə təqribən 400 milyon dollarlıq maşın gətirilirdisə, son 1 ayda idxal 0-a düşüb. Yəni istehlakın azalması manatın sabit qalmasına kömək etsə də, ürəkaçan hadisə deyil. Çünki idxalın azalması iqtsiadi fəallığın azalması ilə müşahidə olunur, bu isə idxal üzərində biznes quran fiziki şəxslərin, şirkətlərin gəlirini azaldır və avtomotaik olaraq iş yerlərinin azalmasına gətirir. Belə olduqda ilin sonuna qədər Dövlət Neft Fondu (DNF) təqribən 6 milyard dollara yaxın vəsait satmalıdır ki, həm büdcə öhdəliklərini yerinə yetirsin, həm də dollara olan tələbatını ödəsin. Amma ilin dördüncü ayında olsaq da, 6 milyardın üçdə birini satıb. Bu, onu deməyə əsas verir ki, ilin sonuna qədər DNF-dən 2.5 milyard dollara yaxın əlavə vəsait ayrılacaq. Eyni yolu 2015-ci ildə keçdik və doğru variant olmadığını da gördük. Devalvasiya bir il gecikdirildi, nəticədə Mərkəzi Bankın 15.8 milyard dollar ehtiyatının 10 milyardı xərcləndi. Amma bu da kömək etmədi və devalvasiyaya getməyə məcbur oldular”.

Natiq Cəfərlinin sözlərinə görə, hökumət pis seçimlə lap pis seçim arasında qalıb:

“Bəli, indiki pandemiya və sosial fəallığın zəifləməsi şəraitində devalvasiyaya getmək durumu gərginləşdirə bilər. Amma karantin dönəmi bitdikdən sonra iqtisadi fəallığa yönəlik addımların atılması fonunda manatın məzənnəsinin daha çevik olması doğru olardı. Çünki manatın məzənnəsinin saxlanılması xarici iqtisadi əlaqələrə də mənfi təsir göstərir. Manat baha olduqca, əsas ticarət tərəfdaşı olan qonşu respublikaların valyutaları dəyərdən düşdüyündən həmin ölkələrə ixrac etmək sırfəli olmur. Əksinə, idxal stimullaşır, karantindən sonra bu ölkələrdən gətirilən məhsulların həcmi artacaq və istehsala ciddi ziyan vuracaq. Bu baxımdan qonşu ölkələr yerli valyutalarında dəyişikliyə gedir və manatn məzənnəsi qalırsa, bu, yerli iqtisadiyyat üçün yaxşı deyil. Bir daha təkrar edirəm, DNF-nin ehtiyatları hesabına manatın məzənnəsini bir il də, hətta 2 il də saxlamaq olar, bəs buna ehtiyac varmı, lazımdırmı?!”

Azərbaycanda devalvasiya 2015-ci ilin 21 fevral tarixində baş verdi. Mərkəzi Bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu.

21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.

Sozcu.az

Facebook Comments