Prezident Nəsimi rayonuna yeni başçı təyin etdi

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident həbs edilən başçının yerinə onu təyin etdi

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Xatırladaq ki, bir müddət öncə DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirmiş, icra başçısı İslam Rzayev saxlanılmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Prezident Fuad Nəcəflini işdən çıxardı - Yeni TƏYİNAT

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Paşinyan Azərbaycanla bağlı söz verdi: “...ilin sonunadək açıqlayacağıq!”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla aparılan danışıqlara dair sənədlərin bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Paşinyan qeyd edib ki, bu qərar ATƏT-in Minsk Qrupunun tam ləğvi ilə bağlıdır: “Bu proses başa çatdıqdan sonra həmin sənədləri dərc edə biləcəyik. O zaman bu sənədlərin açıqlanmasına mane olan mənəvi və siyasi baryer aradan qalxacaq”. O, həmçinin, keçmiş prezident Serj Sarkisyanın başqa bir ölkə liderinə ünvanladığı məktubu da açıqlamaq niyyətində olduğunu təsdiqləyib. Paşinyan bildirib ki, sənədin məxfiliyinin aradan qaldırılması prosesi hazırda davam edir, lakin dərc üçün dəqiq tarix hələ müəyyən olunmayıb.

Sabah külək əsəcək, duman olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Havanın temperaturu gecə 9-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?

Dünən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin noyabrın 8-dən bəri uçuş istiqamətləri ortaya çıxıb. Sozcu.az xəbər verir ki, təyyarə noyabrın 8-də yerli vaxtla 10:46-da Sivasdan qalxaraq 13:21-də Gəncə hava limanına enir. Gəncədə bir neçə saat qaldıqdan sonra təyyarə 15:00-da birbaşa İstanbula uçub. Saat 17:18-də İstanbula enən C-130 1 saat sonra 18:19-da havaya qalxaraq Kayseriyə gəlib. Göründüyü kimi, C-130 təyyarəsi bir gün ərzində Sivas-Gəncə-İstanbul-Kayseri arasında uçuş həyata keçirib. Təyyarənin növbəti uçuşu noyabrın 10-da baş tutub. Səhər saat 09:31-də Kayseridən qalxan təyyarə 11:58-də Gəncəyə enib və elə həmin gün saat 15:36-da yenidən havaya qalxaraq, 18:34-də Kayseriyə qayıdıb. Noyabrın 11-də saat 09:34-də Kayseridən qalxıb və saat 12:04-də Gəncəyə enib. Gəncədən saat 14:19-da havaya qalxan təyyarə daha sonra Gürcüstan üzərində qəzaya uğrayıb. Bəzi məlumatlara görə, təyyarə həmin gün yenidən Gəncəyə qayıtmalı imiş. Qeyd edək ki, hərbi təyyarənin qəzaya düşməsi nəticəsində qardaş ölkənin 20 hərbçisi şəhid olub.

Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...

Türkiyədə təhlükəsizlik üzrə ekspertlər Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin noyabrın 11-də Gürcüstanda qəzaya uğramasının səbəbləri, o cümlədən xarici təsir ehtimalı ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hərbi ekspert Coşqun Başbuğ bildirib ki, müxtəlif versiyalar nəzərdən keçirilməlidir: “Qəzaya səbəb kimi texniki nasazlıq istisna edilməlidir. Eyni amil hava şəraitinə də aiddir, çünki pis hava olsaydı, müvafiq orqanlar məlumat verərdi. Qalan versiyalara isə havada toqquşma, təxribat və ya hücum daxildir”. Digər türkiyəli təhlükəsizlik eksperti İbrahim Keleş də oxşar versiya səsləndirib: “Fəlakətin səbəbləri ilə bağlı müxtəlif versiyaları nəzərdən keçirmək lazımdır: texniki nasazlıq, pilot xətası, mövsümi və hava şəraiti, zəif görmə. Amma xarici təsir ehtimalı da var”. Hərbi ekspert Kazım Dalkıran da öz növbəsində C-130-ların hava hücumundan müdafiə sistemləri ilə vurula biləcəyini istisna etməyib: “Sərhəd bölgələrində naməlum təyyarələr daimi döyüş hazırlığı vəziyyətində olan bəzi hava hücumundan müdafiə sistemləri tərəfindən avtomatik olaraq vurula bilər. Amma bu məsələdə təbii ki, Türkiyə Müdafiə Nazirliyinin açıqlamalarını gözləməliyik”.axar)

Ukrayna Rusiyanın neft-kimya zavodunu vurdu

Ukrayna Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb. Məlumata görə, hücum nəticəsində zavodda yanğın baş verib. Rusiya isə hava hücumundan müdafiə qüvvələrinin Ukrayna PUA-larını dəf etdiyini bildirib.

C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasını texniki amillərlə izah etmək mümkündür. Ancaq bölgədə hərbi təyyarələrin və helikopterlərin artan qəzaları heç də hər zaman texniki nasazlıqla əlaqəli olmur. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Gəncədən qalxan və Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi haqda qeyd edib. “Digər tərəfdən müxtəlif ekspertlərin Amerika istehsalı hərbi karqo təyyarəsinin etibarlılığı barədə mülahizələri də suallar yaradır. Peşəkar pilotların idarə etdiyi etibarlı təyyarənin qəzaya uğraması detallı araşdırma tələb edəcək. Havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqənin kəsilməsi və radar siqnalının itməsi istər-istəməz 2019-cu ildə Xəzər üzərində qəzaya uğrayan Azərbaycan hərbi təyyarəsi olayını xatırladır. Həmin olayda da Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdi”, - politoloq vurğulayıb. Qeyd edək ki, Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub.

Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?

Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan kiçik zabitlər İlker Aykut və Berkay Karacanın ailələrinə acı xəbər çatdırılıb. Sozcu.az Savaşmedia.az-a istinadla xəbər verir ki, təyyarə texniki qərargah çavuşu İlker Aykut uçuşdan əvvəl atasına zəng edərək "Ata, qayıdırıq, tarlanı əkmisən?" deyib. Onun ailəsi ilə son telefon danışığı belə olub. Qəza xəbəri ailəsinə Tekirdağda verilib, anası Zülbiyyə Aykut xəbərdən sonra xəstəxanaya aparılıb.

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkesir bölgəsində yeraltı təkanlar səngimir. Sozcu.az xəbər verir ki, növbəti zəlzələ barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ 4.1 bal gücündə olub. Təkanların 8.12 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6.1 ballıq zəlzələ olub, üç bina dağılıb, 19 nəfər xəsarət alıb. Bundan sonra ərazidə müxtəlif maqnitudalı bir neçə zəlzələ olub.

21 dərəcə isti olacaq – Sabahın havası

Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.

Çoban itinin öldürdüyü kişi ötən il də hücuma məruz qalıbmış - TƏFƏRRÜAT

Çoban iti 83 yaşlı kişini boğaraq öldürüb. Hadisə Balakən rayonunun Mahamalar kəndində baş verib. Kənd sakini, 83 yaşlı Məhəmməd Qadalov oğlu Atayev çoban itin hücumuna məruz qalıb. İt kişinin üstünə hücum edərək onu öldürüb. Modern.az hadisə ilə bağlı bir sıra təfərrüatlar əldə edib. Məlumata görə, hadisə kənd ərazisində yerləşən meşəlik ərazidə baş verib. Məhəmməd Qadalovun həmin ərazidə pay torpağı olub və tez-tez ora gedirmiş. Mərhum ötən il də eyni ərazidə itlərin hücumuna məruz qalıb. Bu dəfə kişi itə müqavimət göstərə bilməyib. Çoban iti onu yerə yıxıb və boğaz nahiyəsindən dişləyib. Nəticədə Məhəmməd Atayev hadisə yerindəcə boğularaq ölüb.

Zakir Qaralovun 5 milyona yaxın vergi borcu var...

Keçmiş baş prokuror Zakir Qaralova məxsus "Akkord Korporasiyası" ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, "Akkord-Mingəçevir Maşınqayırma Zavodu"nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi. Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir. Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus olduğu deyilən 20-dən çox şirkətin külli miqdarda vergi borcu yaranıb. Qaralova məxsus "Qazax Sement Zavodu", "Akkord General Construction", "Akkord Asfalt", "Akkord Hydrotechnical Construction Company", "Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi", "Akkord Mərmər Qranit", "Akkord Novanord Construction", "Akkord Nəqliyyat", "Steel Force Construction Company", "Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası", "Akkord Tekstil", "Building Construction Group", "Property Investments", "Accopen", "Hydraulic Mechanisms Company", "Property Investments-1" və digər şirkətlərin ümumi vergi borcunun məbləği təxminən beş milyon manata yaxındır.

Rusiyada daha bir neft emalı zavodu vuruldu

Rusiyanın Saratov vilayətinə PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Saratovdakı neft emalı zavoduna zərbələr endirib. Nəticədə zavodun ərazisində yanğınlar baş verib. Saratov vilayətinin qubernatoru Roman Busargin hücum nəticəsində mülki infrastrukturun da ziyan gördüyünü bildirib.

Xocalı qatili Vitali Balasanyan sərsəmlədi: "Qarabağa qayıdaram"

Xocalı qatili Vitali Balasanyan ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib. Sozcu.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdan qovulmuş separatçıların keçmiş rəhbərlərindən olan Balasanyan 9 noyabr tarixli sənədin ləğv edilmədiyini deyib. "Ümid edirəm ki, bu sənəd tətbiq olunacaq", - deyə Balasanyan bildirib. Qarabağa qayıtmağın təhlükəsiz olub-olmadığı soruşulduqda, V.Balasanyan dünyanın heç bir yerində mütləq təhlükəsizlik və ya sülh olmadığını qeyd edib. Təhlükəsizlik zəmanətləri təmin edilərsə, o, Qarabağa qayıtmağa hazırdır. "Əlbəttə ki, mütləq", - deyə Balasanyan əlavə edib. Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.

Fransanın eks-prezidenti həbsdən buraxıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apelyasiya şikayətinə baxılana qədər Paris məhkəməsi tərəfindən şərti olaraq həbsdən azad edilib. Sozcu.az xəbər verir ki, France24 belə məlumat yayıb. O, 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya diktatoru Müəmmər Qəzzafidən milyonlarla avro alınmasında - “Liviya işi” adlandırılan cinayətkar sövdələşmədə iştirak etməkdə təqsirli bilib. Bu yaxınlarda 5 il həbs cəzasına məhkum edildikdən sonra üç həftə təcridxanada qalıb. Sarkozi korrupsiya və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi də daxil olmaqla digər ittihamlardan bəraət alıb. Məhkəmə Fransanın keçmiş prezidentinin ölkəni tərk etməsinə icazə verilməyəcəyinə qərar verib. Apelyasiya dinləməsinin daha sonra keçiriləcəyi gözlənilir.

Şimali Kiprin yeni Prezidenti ilk səfərini bu ölkəyə edəcək

Bir neçə gün öncə Şimali Kipr Türk Respublikasının (ŞKTR) yeni Prezidenti seçilmiş Tufan Erhürman ilk xarici səfərini Türkiyəyə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X" sosial media hesabında yazıb. Onun sözlərinə görə, Tufan Erhürman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 13-də Türkiyəyə rəsmi səfər edəcək.

İmişlidə maşın aşdı: ölən var

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qəza olub. Sozcu.az xəbər verir ki, hadisə zamanı "Azsamand" markalı minik avtomobili aşıb. Qəza nəticəsində sərnişin Əbil Ədilli ölüb, sürücü isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Torpaq üstündə qohumuna balta ilə xəsarət yetirdi

Qubada kişi balta xəsarəti alıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, Çartəpə kəndində 34 yaşlı Kamran Rüstəmov yaşadığı evdə balta xəsarətləri alıb. K.Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Ona xəsarət yetirməkdə, qohumu 43 yaşlı G.Nəcəfova şübhəli bilinir. Hadisənin torpaq sahəsi üstündə mübahisəyə görə, baş verdiyi bildirilir. DİN-in Mətbuat xidmətinin əməkdaşı Xəyal Talıbov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Sabahın hava proqnozu

Noyabrın 11-ə aid hava proqnozu açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq.

Dönərdən kütləvi zəhərlənmə – İki ayrı dönərxanada

Şəmkirdə iki ayrı dönərxanada zəhərlənmə hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisələr noyabrın 9-u saat 01 və 03 radələrində qeydə alınıb. Şəhər ərazisində yerləşən "Mahmud" dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev , "Mersin" dönərxanasından isə şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, onun qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bakıda dəhşət: Arvadını balta ilə öldürdü

Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonunda baş verib. Məlumata görə, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminə Bədəlovanı balta ilə öldürüb və sonradan özünü asıb. Faktla bağlı araşdırma aparılır.

"Mercedes" aşdı – Sürücüsü öldü

Salyanda baş verən qəzada bir nəfər həlak olub. Sozcu.az APA-ya istinadla bildirir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobili idarə edən Bakı sakini, 34 yaşlı Cəfərov Asif Rafiq oğlu idarəetməni itirərək yoldan çıxıb və nəticədə, avtomobil aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.