DYP və “Azəravtoyol” biabırçı “Vaz dairəsi” layihəsinə niyə düzəliş etmir? -VİDEO

DYP və “Azəravtoyol”un 100 minlərlə əhaliyə sözün əsl mənasında zülm verən biabırçı layihəsi ilə bağlı çəkdiyim etiraz videosuna sosial şəbəkələrin müxtəlif seqmentlərində 100 minlərlə baxış olub.

Bilməyənlər üçün xatırladım ki, heç bir əsası olmayan layihə keçmiş “Vaz dairəsi” deyilən ərazidə aparılıb. Güya tıxacın(?) qarşısınl almaq adı ilə oradakı dairəni ləğv ediblər. Nəticədə Xırdalan şəhərinə, Bakı Mühəndislik Universitetinə və Bakı şəhərinə getmək üçün avtomobil sahibləri əlavə 6 kilometr yol qət etməlidir.

Yazılan minlərlə şərhin analizi göstərir ki, həmin yoldan istifadə edən vətəndaşlarımız buna kütləvi şəkildə etiraz edirlər. Dünən DYP rəhbərliyindən mənimlə əlaqə saxladılar. Onlarla apardığım fikir mübadiləsindən hiss etdim ki, haqlı iradlarla razılaşırlar.

Bildirdilər ki, məsələ “Azəravtoyol”la müzakirə edilir, yaxın zamanlarda əhaliyə verilən əziyyətə son qoyulacaq. Mən hiss edirəm ki, bu məsələdə dirənişi “Azəravtoyol” və onun rəhbəri Saleh Məmmədov göstərir. Adı indiyə qədər ən dəhşətli korrupsiya qalmaqalında hallanan bu adam niyə xalqa bu şəkildə züllm etməkdən zövq alır?

Onsuz da tıxac olan Bakı-Sumqayıt yolundan istifadə edən bir adamın şəhərə getmək üçün yolu niyə 8 kilometr uzadılmalıdır? Sizin heçmi insafınız yoxdur? Yoxsa, bunu qəsdən edirsiniz ki,camaat hökümətdən narazı düşsün? Buna başqa nə ad verək?

Çağırın ən güclü mütəxəsisslərinizi gəlsin mənimlə debata çıxsın və əsaslandırsın ki, bu iyrənc layihənin zərrə qədər də olsun xalqa xeyiri var. Edə bilmızlər. Əlaqədar qurumlardan xahiş edirəm, böyük narazılıq yaradan bu təxribat layihəsi ilə bağlı ölkə rəhbərliyinə məruzə etsinlər.

Hiss edirəm ki, biabırçılığa imza atanlar etiraz edənləri “yola verməklə” prosesin unudulmasını və sonda yolun belə də qalmasını istəyirlər. Çünki edilən yanlışın nə zaman düzələcəyi ilə bağlı konket vaxt deyilmir. Bilin ki, mən bu məsələdə sona qədər mübarizə aparacam!

İmkan vermək olmaz ki, kimlərsə şəxsi mənfəətlərini güdmək məqsədilə dövlətin adından ürəkləri istəyən addımları atsınlar. Şərh bölümündə həmin ərazidən hazırlanan videoreportajın linkini yerləşdirəcəm.

Məhəmmədəli Qəribli,
 Azinforum.az saytının rəhbəri

Facebook Comments