Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına qarşı zorakılığı barədə sensasion xəbər şok effekti yaratdı. Təkcə ona görə yox ki, zorakılığı törədən şəxs ölkədə tanınmış şəxsin övladıdır, həm də ona görə ki, döydüyü, dəhşətli zorakılığa (fotolardan aydın görünür) məruz qoyduğu qadın həyat yoldaşı və üstəlik, hamilə olub. Nəticədə qadın övladını itirib. Məhəmməd Pənahovun törətdiyi hadisənin xəbər yükü də ilk növbədə bir qadına qarşı törədilən zorakılıqdır. Daha sonra isə onun məhz Məzahir Pənahovun övladı olması diqqəti çəkir. Amma bütün bunlara – oğlunun törətdiyi əməllərə görə Məzahir Pənahovun əlbəttə ki, heç bir məsuliyyəti yoxdur. Burada əsas məsələ Məzahir Pənahovun heç bir yerdə işləməyən oğlunun ABŞ-da, özü də bu ölkənin ən bahalı bölgələrindən olan Los-Ancelesdə yaşadığı dəbdəbəli həyatdır. Cütlük kifayət qədər lüks həyat şəraitinə malik olub. Oğul Pənahovun həyat yoldaşına qarşı zorakılığının səbəblərinin də dəbdəbəli həyatın yaratdığı pis vərdişlərdən qaynaqlandığı deyilir. Yayılan xəbərin yaratdığı ikinci sensasiya məhz budur: 2022-ci ildə Bakıda ailə həyatı quran oğul Pənahov ABŞ-a köçüb və Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir iş yeri, məşğuliyyəti, qazanc mənbəyi olmayıb, lakin bu onun Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağına maneçilik törətməyib. Los-Anceles, Hollivud ulduzlarının yaşadığı Bel-Eyr bölgəsi və 2 milyon 35 min 400 dollarlıq villa. Britaniyanın “Halifax”, “Natwest” bankları, ABŞ bankları, eləcə də Dubayda heç vaxt boş olmayan bank hesabları... Bu arayış bütün diqqəti məhz Məzahir Pənahovun üzərinə yönəldir. MSK sədri Məzahir Pənahovun aylıq vəzifə maaşı 3 min manatdır. Uzun illər fəaliyyət göstərdiyi postun yaratdığı müəyyən üstünlüklər də ola bilər, misal üçün, dövlət mükafatları, çoxillik iş təcrübəsinə görə mükafatlar və s. Amma Məzahir Pənahovun aylıq maaşı və rəsmi şəkildə əldə edə biləcəyi maliyyə imkanları Los-Ancelesdə 2 milyonluq villa almasına yetərli ola bilməz. Hesablamağa çalışaq: Məzahir Pənahovun aylıq maaşı 3 min manatdırsa, oğlunun aldığı 2 milyon 35 min 400 dollarlıq villanı almaq üçün yemədən-içmədən 679 ay işləməlidir və bu, 56 il 8 ay edir. 74 yaşlı Pənahov 2000-ci ildən MSK-nın sədridir. Belə bir hesablama bütün riyazi məntiqi alt-üst edir... Məzahir Pənahovun oğlunun hamilə arvadını döyməsi xəbərində ikinci, əslində əsas sensasiya da məhz burada gizlənib. Atası 3 min manat maaş alan, özü heç bir yerdə işləməyən oğul Pənahov 2 milyonluq villanı necə alıb? Ümumiyyətlə, oğul Pənahov ABŞ-da işləmirsə, orda biznesi yoxdursa, niyə və hansı vəsaitlə Los-Ancelesdə, ən bahalı məhəllədə yaşamalıdır? Sualın cavabı varmı?.. Asif Nərimanlı Axar.az

Nazirlikdən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır: "İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".

ABŞ Rusiyaya təzyiq üçün variantlar hazırlayıb

Prezident Vladimir Putin Ukraynada müharibəni dayandırmağa tələsmədiyi üçün ABŞ administrasiyası Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədilə bir sıra variantlar hazırlayıb. Sozcu.az xəbər verir ki, “Blumberq” adının açıqlanmasını istəməyən Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb. “Diplomatik səylər davam etdiyi üçün Prezident Donald Tramp hələ qərar verməyib. Yekun qərar yalnız prezident tərəfindən veriləcək”, - məlumatda qeyd olunub.

Xocalıda hərbi sursat partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci il 2 may tarixində hərbi sursatın partlaması hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub. Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Sərhədçilərimizə atəş açıldı - Ölən və yaralanan var

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, mayın 1-i saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb. Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilib, xəbərdarlıq atəşi açılıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb. Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayıb. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir. Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd “Garmin” markalı GPS və 1 ədəd “THURAYA” markalı peyk telefonu aşkarlanaraq götürülüb. İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran vətəndaşları – 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məzahir Pənahovun oğlu arvadına dəhşətli işgəncələr verib - İDDİA + FOTO

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. Sozcu.az xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb. Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub. Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.

Bunları antiteror əməliyyatlarında gördük - Eyvazov

Müasir döyüş üsullarının öyrənilməsi, yeni tendensiyaların orduya tətbiq edilməsi yollarını antiteror əməliyyatlarında gördük. Sozcu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında peşəkarcasına döyüşən ordu fəaliyyət göstərib. “Qarabağda heç bir mülki insana, abidələrə zərər gəlməməli idi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni birləşmələrinin qalıqlarını ölkə ərazisindən təmizlədi”, - deyə o bildirib.

Bakıda makler 5 sahibkarın yarım milyonunu mənimsədi

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manat dələduzluqda təqsirləndirilən Vüsal Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Cəfərov 7 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, V.Cəfərov "Dərnəgül" tikinti materialları bazarında sahibkarlardan ümumilikdə 509 min 400 manatlıq tikinti materialları alsa da, həmin materialların pulunu mənimsəyib. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bakıda sərxoş kişi küçədə 2 xəstə qardaşı bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki qardaşa xəsarət yetirməkdə təqsirləndirilən Üzeyir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ü.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki parkda baş verib. Şəhər sakini Ü.Məmmədov Dəniz adlı sevgilisi ilə birlikdə spirtli içki qəbul edərək parkdakı söhbətgahda əyləşərək yenidən yemək yeyib, içki qəbul etməyə başlayıb. Həmin vaxt söhbətgahda Nicat və Rəşad adlı iki qardaş da olub. Üzeyir söhbətgahda olan pişiyi söydüyü üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Üzeyir epilepsiya xəstəsi olan Rəşada bıçaqla xəsarət yetirib. Rəşadın epilepsiya keçirdiyini görən kar və lal olan qardaşı Nicat ona yardım etmək istəyərkən Üzeyir onu da bıçaqlayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü.Məmmədov saxlanılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərdiyi iddia edilib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı söylənib. Sözügedən iddialara cavab almaq üçün aprelin 26-da Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya cavab veriləcəyi bildirilsə də, 6 gündür cavablandırılmayıb. Qeyd edək ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

7-ci sinif şagirdi vəfat etdi

Sumqayıt şəhər 39 saylı orta məktəbin yeddinci sinif şagirdi Fuad Bəylərli vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. F.Bəylərli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Rusiya hələ də Ukraynanı və Azərbaycanı yenidən ram etməyi xəyal edir"

"Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi, işğal etməyi arzulayan bir ölkə var..." Bu gün verilən bir çox sualın cavabını keçmişdə tapmaq olar. Dünyanın müxtəlif ölkələri üçün müxtəlif dövrlərdə eyni tarixi düşmənin mövcud olduğu tez-tez ortaya çıxır. Sozcu.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna İctimai Birliyinin sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb. O, qeyd edir ki, bu fikirdə şübhəsi olanlar ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun "Delfi" nəşrinə verdiyi müsahibə ilə tanış ola bilər. "Fikrimcə, Putin açıq şəkildə bütün Ukraynanı istəyir. O, Rusiya imperiyasını yenidən qurmağa çalışır. Bu səbəbdən, Ukraynada nə baş verməsindən asılı olmayaraq, keçmiş SSRİ respublikaları daim Moskvanın təhdidi altındadır. Ukraynanın Rusiyaya vurduğu itkiləri nəzərə alsaq, Kreml yeni əraziləri ələ keçirmək iqtidarında deyil. Amma düşünürəm ki, Kremlin hədəfləri təkcə Ukrayna ilə məhdudlaşmır. Belarus bu gün demək olar ki, Rusiyanın bir hissəsidir. Azərbaycan, Gürcüstan, Ermənistan və Orta Asiya respublikaları da risk altındadır. Baltikyanı ölkələr isə şübhəsiz ki, Kreml siyahısındadır", - Con Bolton bəyan edib. Cavadov davam edir: "Onunla qiyabi mübahisə etmək olar. Amma anlamaq vacibdir ki, bu, tanınmış və məlumatlı bir siyasətçinin şəxsi nəticəsidir. Bəli, bu, artıq baş vermiş hadisələrin təsdiqi deyil, bir proqnozdur. Lakin gəlin Azərbaycan və Ukrayna tarixindən dərs götürək,  paralellər tükürpədicidir. 28 aprel 1920-ci il demokratik Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik ordusunun hücumu altında süqut etdiyi gün kimi tarixə yazılıb. Bu hadisə hələ də yaddaşlarda ağrı və həsrət yaradır. Cəmi 23 ay ərzində gənc Azərbaycan parlamentli demokratiya qurmağa, milli ordu yaratmağa, islahatlar aparmağa və özünü dünyaya tanıtmağa müvəffəq olub. Lakin yüz ildən artıq öncə bunların hamısı bir gündə puç edilib. Ukrayna Xalq Respublikasının yolu da demək olar ki, eyni olub. Hər iki dövlət - Azərbaycan və Ukrayna Birinci Dünya müharibəsindən və imperiyaların süqutundan sonra dünya siyasi xəritəsində meydana çıxıb. Hər ikisi müstəqillik uğrunda mübarizə aparır, dünyəvi, demokratik dövlətlər qururdu. Hər ikisi beynəlxalq səviyyədə tanınmışdı. Amma hər ikisi sovet Rusiyasının ekspansiyasının qurbanı oldu, bu ekspansiya proletar beynəlmiləlçiliyi şüarları ilə pərdələnmişdi. Ukrayna Xalq Respublikası 1917-ci ildə elan edilib və artıq 1919-cu ilin yanvarında bolşeviklər Kiyevi işğal edib. Ukrayna müvəqqəti olaraq dövlətçiliyini itirib. Bakıda da eyni hadisə bir il sonra təkrarlanıb: 1920-ci il aprelin 27-də səhər Qızıl Ordu hücuma keçib, aprelin 28-də isə Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. Hər iki halda Moskva öz nizamını zorla qəbul etdirib. Bu, 70 ildən çox davam edən bir işğal olub. Bu gün, yüz ildən artıq bir zaman keçib, Ukrayna yenidən həmin imperiya məntiqinə - məhz 1920-ci illərdə onu azadlıqdan məhrum edən məntiqə qarşı mübarizə aparır. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan da suverenliyin itirilməsinin nəyə başa gəldiyini yaxşı xatırlayır. Odur ki, Con Boltonun xəbərdarlığı bizim ölkələr və xalqlar üçün növbəti ciddi xəbərdarlıqdır. Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi,  işğal etməyi arzulayan bir ölkə var. Və biz tarix dərslərinin tənəyə çevrilməməsi üçün birgə hərəkət etməliyik", - Cavadov yazıb.moderator)

Suriyada şəhər meri və oğlu güllələndi

Suriyanın Sahnaya şəhərinin meri Husam Barur və onun oğlu naməlum şəxslər tərəfindən güllələnib. Sozcu.az xəbər verir ki, bu barədə Suriya TV telekanalı məlumat yayıb. Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır. Bildirilir ki, bundan öncə H.Barur druzlarla bağlı yaranmış vəziyyətə görə, əhalidən Suriya hakimiyyətinə dəstək göstərmələrini xahiş etmişdi.

ABŞ-İran danışıqları təxirə salındı

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar logistik səbəblərə görə təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Naziriliyi məlumat yayıb. Xatırladaq ki, Oman iki ölkə arasında danışıqlarda vasitəçi kimi çıxış edir.

Bu ərazilərdə binalar söküləcək - Komissiya YARADILDI

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb. Sozcu.az xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq. Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur. Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.

Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək. Bununla yanaşı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

İranda güclü zəlzələ oldu: xəsarət alanlar var

09:27 İranın Xorasan Rəzəvi əyalətinin Rəştxar şəhərində səhər saatlarında 5 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib. *** İranda zəlzələdə xəsarət alanların sayı 19-a çatıb. Bu barədə İRNA məlumat yayıb.

NATO ekspertləri Bakıda hərbçilərimizə kurs keçirlər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına "Hava əməliyyatlarının planlanması və aparılması" mövzusunda kurs keçirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, keçirilən kursun əsas məqsədi NATO-da hava məkanının idarə olunması, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində aviasiya heyətinə özünüqiymətləndirmə (SEL) və NATO qiymətləndirməsi (NEL) fəaliyyətlərinin əsas prinsiplərini izah etmək, dinləyicilərin öz ixtisasları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirməkdir. Kurs müddətində işçi qruplarla praktiki və nəzəri tapşırıqlar icra ediləcək. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək. Qeyd edək ki, təlim kursu mayın 2-dək davam edəcək.

Bazar günü imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 4-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək. İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 118 binada təşkil olunacaq.   İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.  İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şəxslər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur: dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;  oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).  İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda ümumilikdə 27337 (Bakıda 18917, Sumqayıtda 1087, Abşeronda 1088, Naxçıvanda 82, Gəncədə 1782, Şəmkirdə 87, Tovuzda 184, Mingəçevirdə 217, Yevlaxda 85, Şəkidə 147, Zaqatalada 336, Balakəndə 227, Qəbələdə 197, Qaxda 185, Bərdədə 223, Göyçayda 253, Şirvanda 357, Lənkəranda 350, Qubada 283, Qusarda 626, Xaçmazda 624) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.   İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi ayrılıb, 363 buraxılış rejimi əməkdaşı (mühafizə), 118 bina nümayəndəsi ayrılıb. İmtahanda 53  nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

I sinfə qəbulla bağlı portala girişdə problem…

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu gündən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib: "Hazırda sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür".

ABŞ-Ukrayna sazişinə nələr daxildir?

ABŞ və Ukrayna arasında imzalanmış “Amerika–Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında” saziş 57 mineralı əhatə edir və sənəddə ABŞ-dan hərbi yardım məsələsi də qeyd olunur, lakin bir sıra məsələlər ətraflı izah olunmayıb. Sozcu.az xəbər verir ki, bunu sənədlə tanış olan “Yevropeyskaya pravda” nəşri yazıb. Bildirilir ki, danışıqlar zamanı Ukrayna və ABŞ sazişi bir neçə hissəyə bölməyə qərar verib: “Xüsusilə, Vaşinqtonda imzalanmış ikitərəfli saziş hökumətlər arasında bəzi sahələrdə əməkdaşlığın siyasi çərçivələrini müəyyən edir. Bunlara yeraltı sərvətlərin işlənməsi, faydalı qazıntıların satışı, ABŞ tərəfindən, o cümlədən hərbi sahədə, Ukraynaya göstəriləcək gələcək yardım daxildir”.

Misirdə partlayış: ölənlər var

Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Youm7" portalı məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb. İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.

"Trampın reytinqi 100 gündə son 80 ilin minimumundan da aşağı düşüb"- sorğunun nəticələri

"ABŞ vətəndaşlarının 39 faizi Trampın fəaliyyətini dəstəkləyib, 55 faizi mənfi münasibət bildirib..." Donald Trampın Ağ Evdə keçirdiyi 100 günün yekunlarına görə onun prezidentlik reytinqi son 80 ildə qeydə alınmış ən aşağı göstəriciyə enib. ABŞ vətəndaşlarının cəmi 39 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyib, 55 faizi isə bu fəaliyyətə mənfi münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu nəticələr aprelin 27-də "Ipsos" tədqiqat şirkəti, "ABC News" telekanalı və "The Washington Post" qəzeti tərəfindən ABŞ-ın 2464 seçicisi arasında keçirilmiş birgə sorğunun nəticəsində bəlli olub. Məlumatı "dw.com" nəşri yayıb. "Amerikalıların əksəriyyəti hesab edir ki, prezident səlahiyyətlərini genişləndirmək cəhdlərində "həddini aşır" - o, federal işçi qüvvəsini azaltmaq məqsədilə dövlət qulluqçularını vəzifədən azad edir, federal agentlikləri bağlayır və siyasi rəqiblərinə qarşı tədbirlər görür", - nəşrin sorğunun nəticələrinə dair şərhində bildirilir. Qəzetin dərc etdiyi və ABŞ prezidentlərinin adlarını əks etdirən cədvəldə görünür ki, Trampın indiki reytinqi ən aşağıdır. "Trampın dəstək reytinqi istər birinci, istərsə də ikinci prezidentlik müddətinin ilk 100 günündə istənilən əvvəlki prezidentdən daha aşağıdır", - cədvələ əlavə edilmiş qeyddə deyilir. Respondentlərin 40 faizdən çoxu maddi vəziyyətinin pisləşdiyini bildirib. Xüsusilə, sorğu iştirakçılarının 67 faizi respublikaçının birjada baş verən son eniş dövründəki fəaliyyətindən narazı qalıb, 64 faizi xarici mallara tətbiq edilən gömrük rüsumlarını dəstəkləməyib, 61 faizi isə ABŞ-ın digər ölkələrə qarşı siyasətindən narazılığını ifadə edib. Respondentlərin 72 faizi əmindir ki, Trampın atdığı addımlar yaxın zamanda iqtisadi tənəzzülə səbəb olacaq, 40 faizdən çoxu isə şəxsi maliyyə durumunun pisləşdiyini qeyd edib. Fevral ayında Tramp bir sıra fərmanları imzaladıqdan sonra, onu amerikalıların 45 faizi dəstəkləyib, 53 faizi isə fəaliyyətini bəyənməyib. Trampın ilk prezidentlik müddətində o, 100 gün tamam olanda indiki göstəricidən 3 faiz bənd daha yüksək dəstəyə malik olub. "Artıq ölkəmizdə azad və ədalətli "mətbuat" yoxdur. Bizim mətbuat yalnız mənfi xəbərlər yazır və sorğuların nəticələrini kütləvi şəkildə saxtalaşdırır. O, iflasa uğrayıb və korrupsiyaya bulaşıb. Təəssüf doğurur!" - "Tramp Truth Social" platformasında sorğu nəticələrinə münasibət bildirərkən razılaşmayıb. O, medianı özünü daim mənfi şəkildə təqdim etməkdə ittiham edib və onları "xalqın düşməni" adlandırıb. "Onlar həqiqətən də xalqın düşmənidir! Mən onlara hər şeyin ən yaxşısını arzulayıram, amma Amerikanı yenidən möhtəşəm etmək üçün mübarizəni davam etdirəcəyəm!" - Ağ Ev rəhbəri yenidən söz verib.