"Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq, əks halda onlar danışıqlar masasına əyləşməyəcək..."
ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Kennedi "Fox News" telekanalında çıxışı zamanı prezident Donald Trampı Putini yerinə oturtmağa çağırıb.
Sozcu.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.
"Putin prezident Trampa verdiyi bütün vədləri pozub. O, ələ keçirdiyi bütün əraziləri saxlamaq istəyir. O, Ukraynanın NATO-ya üzv olmasını yasaqlamaq və Amerika ilə Avropanın Ukraynaya yardımı dayandırmasını istəyir", - respublikaçı bildirib.
"Putin düşünür ki, biz ondan qorxuruq, - Kennedi davam edib. - O, prezident Trampı hər addımda ələ salıb. O, bizim prezidentə hörmətsizlik göstərib. Mən hesab edirəm ki, vəziyyət o vaxta qədər dəyişməyəcək ki, biz cənab Putinə açıq şəkildə bildirməyək: onu və ölkəsini balıqlar üçün yeməyə çevirə biləcəyik".
Senator həmçinin qeyd edib ki, Moskvanın Kiyevlə qanlı müharibəni dayandırmaq niyyəti ilə danışıqlar masasına əyləşməsi üçün konkret nə etmək lazım olduğunu görür.
"Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq. Əks halda onlar danışıqlar masasına əyləşməyəcək", - Kennedi vurğulayıb və əlavə edib ki, Avropa Ukraynaya hərbi yardımı artırmaqda daha fəal olmalıdır.
"Əgər amerikalı vergi ödəyiciləri olmasaydı, Putin indi Parisdə olardı. Avropa daha çox şey etməlidir. Amma əsas odur ki, biz Putinə anlatmalıyıq: bizim prezidentimizi aldatdığı üçün müəyyən bir bədəl ödəməli olacaq", - Con Kennedi fikrini tamamlayıb.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bir daha Putini Ukraynaya qarşı hücumları dayandırmağa və danışıqlar masasına əyləşməyə çağırıb. Ağ Ev rəhbəri həmçinin bildirib ki, aprelin 24-ü, cümə axşamı Kiyevə raket hücumu nəticəsində 12 nəfərin ölməsi və 87 nəfərin yaralanması onu "çox məyus edib".
"Bir neçə gün ərzində nələrin baş verəcəyinə baxacağıq. Bizim razılaşma üçün bazamız mövcuddur. Mən istəyirəm ki, o, bunu imzalasın, hər şeyi bitirsin və sadəcə normal həyata qayıtsın", - Tramp jurnalistlərə deyib.
Bundan öncəTramp dəfələrlə bildirib ki, Putin danışıqlara hazırdır və "sülh istəyir". Lakin təkcə aprel ayında Rusiya ordusu Ukraynanın Krivoy Roq, Sumı və Kiyev şəhərlərinə üç kütləvi zərbə endirib və çoxlu sayda insan tələfatı olub.