"ABŞ vətəndaşlarının 39 faizi Trampın fəaliyyətini dəstəkləyib, 55 faizi mənfi münasibət bildirib..."
Donald Trampın Ağ Evdə keçirdiyi 100 günün yekunlarına görə onun prezidentlik reytinqi son 80 ildə qeydə alınmış ən aşağı göstəriciyə enib. ABŞ vətəndaşlarının cəmi 39 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyib, 55 faizi isə bu fəaliyyətə mənfi münasibət bildirib.
Sozcu.az xəbər verir ki, bu nəticələr aprelin 27-də "Ipsos" tədqiqat şirkəti, "ABC News" telekanalı və "The Washington Post" qəzeti tərəfindən ABŞ-ın 2464 seçicisi arasında keçirilmiş birgə sorğunun nəticəsində bəlli olub. Məlumatı "dw.com" nəşri yayıb.
"Amerikalıların əksəriyyəti hesab edir ki, prezident səlahiyyətlərini genişləndirmək cəhdlərində "həddini aşır" - o, federal işçi qüvvəsini azaltmaq məqsədilə dövlət qulluqçularını vəzifədən azad edir, federal agentlikləri bağlayır və siyasi rəqiblərinə qarşı tədbirlər görür", - nəşrin sorğunun nəticələrinə dair şərhində bildirilir.
Qəzetin dərc etdiyi və ABŞ prezidentlərinin adlarını əks etdirən cədvəldə görünür ki, Trampın indiki reytinqi ən aşağıdır. "Trampın dəstək reytinqi istər birinci, istərsə də ikinci prezidentlik müddətinin ilk 100 günündə istənilən əvvəlki prezidentdən daha aşağıdır", - cədvələ əlavə edilmiş qeyddə deyilir.
Respondentlərin 40 faizdən çoxu maddi vəziyyətinin pisləşdiyini bildirib. Xüsusilə, sorğu iştirakçılarının 67 faizi respublikaçının birjada baş verən son eniş dövründəki fəaliyyətindən narazı qalıb, 64 faizi xarici mallara tətbiq edilən gömrük rüsumlarını dəstəkləməyib, 61 faizi isə ABŞ-ın digər ölkələrə qarşı siyasətindən narazılığını ifadə edib.
Respondentlərin 72 faizi əmindir ki, Trampın atdığı addımlar yaxın zamanda iqtisadi tənəzzülə səbəb olacaq, 40 faizdən çoxu isə şəxsi maliyyə durumunun pisləşdiyini qeyd edib.
Fevral ayında Tramp bir sıra fərmanları imzaladıqdan sonra, onu amerikalıların 45 faizi dəstəkləyib, 53 faizi isə fəaliyyətini bəyənməyib. Trampın ilk prezidentlik müddətində o, 100 gün tamam olanda indiki göstəricidən 3 faiz bənd daha yüksək dəstəyə malik olub.
"Artıq ölkəmizdə azad və ədalətli "mətbuat" yoxdur. Bizim mətbuat yalnız mənfi xəbərlər yazır və sorğuların nəticələrini kütləvi şəkildə saxtalaşdırır. O, iflasa uğrayıb və korrupsiyaya bulaşıb. Təəssüf doğurur!" - "Tramp Truth Social" platformasında sorğu nəticələrinə münasibət bildirərkən razılaşmayıb.
O, medianı özünü daim mənfi şəkildə təqdim etməkdə ittiham edib və onları "xalqın düşməni" adlandırıb. "Onlar həqiqətən də xalqın düşmənidir! Mən onlara hər şeyin ən yaxşısını arzulayıram, amma Amerikanı yenidən möhtəşəm etmək üçün mübarizəni davam etdirəcəyəm!" - Ağ Ev rəhbəri yenidən söz verib.