REPETİTORLUQ NƏYƏ MANE OLUR?

Repetitorluq fəaliyyəti, yəni şagirdlərin və tələbələrin fərdi və ya qrup şəklində əlavə dərs alması müxtəlif ölkələrdə fərqli səviyyələrdə yayılmışdır. Bu fəaliyyətin yayılma səviyyəsi ölkənin təhsil sisteminin keyfiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesləri və cəmiyyətin təhsil ənənələri kimi amillərdən asılı olaraq dəyişir.
Azərbaycanda repetitorluq fəaliyyəti müstəqillik illərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı qaydalarında ciddi dəyişiklik prosesində yaranmağa başladı. Səbəb çox sadə idi. Dəyişiklikdən əvvəl qəbul imtahanı zamanı baş verən kütləvi korrupsiya hallarının müşayiəti ilə gedən qəbul imtahanları zamanı hər şey “təbii axarı” ilə gedirdi. İndi isə fərqli bir vəziyyət yaranmışdı.
   Dəyişiklik isə özü ilə qaydalar gətirdi. Ədalətli və şəffaf imtahan prosesi güclü abitutiyentlərin qələbəsi ilə nəticələnirdi. Həm də elə abituriyentlərin ki, dəyişiklikdən əvvəl ali məktəbə qəbulu ağlına gətirə bilməzdi. Eyni zamanda yeni qaydalarla imtahan vermək müəyyən çətiliklər yaratdı: həm şagirdlər, həm də müəllimlər arasında. Şagirdlər tez bir zamanda uyğunlaşa bilsələr də, xeyli müəllim testdən baş çıxara bilmirdi. Əvvəl müxtəlif yollarla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan yetirmələri ilə fəxr edən xeyli müəllim çaş-baş vəziyyətdə test üsulunu qınamağa başladı.
  İndi yeni zaman yeni tip müəllimlər də yetişdirdi. Tədricən bu müəllimlər işgüzar müəllimlərə çevrildilər və oldular REPETİTOR. Get-gedə “qonşudan qalma geri” prinsipi çoxlarını repetitora çevirdi. Amma repetitor bazarı rəqabət mühiti də yaratdı. Onlar növlərə bölündülər: bunker müəllimi, kurs müəllimi, savadlı və peşəkar müəllim və “yanıma gəlməsən, belini qıraram” müəllimləri. Növlərə bölünmüş repetitorlar öz ranqlarına uyğun qiymətlər də təyin etməyə başladılar. Əvvəlki korrupsiya halları indi başqa formada valideynlərin narazılığna səbəb olmağa başladı. Artıq bu narazılıq kütləvi hal alıb.
   Əvvəldə qeyd etdiyimiz kimi repetitorluq bir çox inkişaf etmiş ölkələrdə də mövcuddur. Amma bizdə olan kimi çox söz-söhbətə səbəb olmur. Ölkədə təhsil sistemini “vurmaq” üçün ən tutarlı faktlardan biri sayılır. Təhsil sisteminin çöküşünə səbəb olan sabiqlər də əlinə fürsət düşən kimi hücuma keçir və bir neçə fakt sadaladıqdan sonra repetitorluq fəaliyyətinin geniş yayılmasının səbəbini yarıtmaz fəaliyyətdə görürlər.
  Bəli, təhsil sisteminin ciddi islahatlara ehtiyacı var. İslahat isə həmin an nəticə verməyə bilir. Çünki təhsil sistemi elə bir qurumdur ki, orada edilən dəyişiklik öz nəticəsini müəyyən prosesdən sonra göstərir.
  Bəs repetitorluq fəaliyyətinin neqativlərini yox etmək üçün hansı addımlar atılmalıdır?
Bu zaman ilk addım dünya təcrübəsini nəzərdən keçirmək lazım gəlir. Bəzi ölkələrdə bu fəaliyyət qanunlarla tənzimlənir. Fikrimizcə, bu, kompleks tədbirlər nəticəsində mümkündür.
Atılacaq ilk addım sinifdə dərslərin keyfiyyətini artırmaq olmalıdır. Dərsin keyfiyyəti isə peşəkar və daim yenilənən müəllim tərəfindən təmin oluna bilər. Dərsin  keyfiyyətinə nəzarəti təşkil etmək, mentorluq sistemini təkmilləşdirmək də dərsin keyfiyyətini şərtləndirən amillərdəndir.
Növbəti addım tədris prosesi ilə buraxılış imtahanları arasındakı məzmun və forma fərqlərini, bəzi hallarda ziddiyyətləri aradan qaldırmaq olmalıdır. Bu fərq və ya ziddiyyət ETN və DİM tərəfindən birgə aradan qaldırılmalıdır.
Ən vacib olan isə repetitorluq fəaliyyətinin qanunla tənzimlənməsidir. Məsələn, müəllimin öz şagirdinə repetitorluq etməsi xüsusi razılıqla olmalıdır. Doğrudur, bu, bəzən neqativ hallara da yol aça bilər. Belə olduqda rəhbərlik, valideyn, müəllim və şagird konsensusu nəzərə alına bilər. 
Repetitorluq fəaliyyətinin vergi orqanlarında qeydiyyatı, DİM və MİQ ekspertlərinə bu fəaliyyətlə məşğul olmalarına müəyyən hədd qoyulması da vacib addımlardan ola bilər.
Hidayət Allahverdi, 
Müsavat Partiyası Təhsil Komiyyasının sədri

Share on Facebook