Guya ziyalıdır, amma arvadının dədəsinin goruna söyür…

Nahaq deməyiblər ki, qulaq gündə bir söz eşitməsə, kar olar. Amma bəzən elə sözlər eşidirik ki, kar yox, lal oluruq. Nitqimiz quruyur, deməyə söz tapmırıq…

Xüsusi təqdimata ehtiyacı olmayan müğənni Əli Mirəliyev deyib ki, Azərbaycan telekanallarına baxmır. Səbəbini gizlətməyib. Açıqsözlü adamdır axı. Deyib ki, Azərbaycan telekanalları səviyyəsizdir, mənasız verilişlərlə, gic-gic şoularla tamaşaçıların zəhləsini tökür.

Bəli, düz oxudunuz. Bunu adı tez-qalmaqallarda hallanan müğənni Əli Mirəliyev deyib. Bu həmin adamdır ki, bir müddət əvvəl canlı efirdə müğənni xanımla güləşirdi. Axtarış verib həmin görüntüləri internet resurslarından tapa, baxa bilərsiniz. Dəqqiq xatırlayıram ki, həmin verilişdən sonra tanıdığım bir neçə nəfər Azərbaycan telekkanallarından üz döndərdi.

Sən demə, Nadir Qafarzadə də yerli televiziyalara baxmırmış. O da bəyənmirmiş. Hətta dəfələrlə efirdən imtina edib. Nə deyəcəyimi bilmirəm. Yazdım axı, adam gündə bir söz eşitməsə kar olar. Bunları eşidəndə, lal oldum…

Dörd-beş il əvvəl efirlərə tez-tez çıxırdım. Bəzən bir gündə iki ayrı telekanalda 5 saat canlı yayında olurdum. Tamaşıçıların musiqi zövqünü korlayan şou əhlini qamçılamaqdan xüsusi zövq alırdım. Bir dəfə canlı yayında bu kateqoriyaya daxil olan müğənnilərdən birini sərt tənqid etmişdim. Verilişdən sonra Cavid parkında bir kişi qabağımı kəsdi. Həmişə mənə qol-qanad verən rəhmətlik atamın demədiyi tərifləri üzümə dedi. Təsadüfən həmin axşam eyni toyda iştirak etdik. Məclisi gündüz tənqid etdiyim həmin müğənni aparırdı. Ağsaqqal onun yanından əl çəkmirdi. Hətta arvadını çağırıb üç-dörd dəfə xatirə şəkli çəkdirdi…

Dostlarım da təsdiq edər: mən məclis adamıyam, yasda kədərləndiyim kimi, toyda yeyib-içməyi, əylənməyi bacarıram. Bu ikiüzlülüyü görəndən sonra həmin axşam boğazımdan nəinki bir tikə çörək, heç bir qurtum su da keçmədi…

Oxuculara bir tövsiyəm var: eşitdiyiniz hər söz inanmayın. Efirdə qadına sevgidən, məhəbbətdən danışan, ailə dəyərlərindən dəm vuran, özünü ziyalı hesab edən ekspertin reklam fasiləsində həyat yoldaşının haqq dünyasında olan dədəsinin goruna söydüyünü öz qulaqlarımla eşitmişəm.

Heç kim inciməsin, biz beləyik. Əgər belə olmasaq, gündüz söydüyümüz müğənnini axşam toyda görəndə qabağına qaçmarıq.

Elə buna görə də Əli Mirəliyev Nadir Qafarzadə ilə birləşib bizi ələ salır…

Seymur VERDİZADƏ

Facebook Comments