Xətai İH indi də prospektdəki səkiləri zəbt edir – Foto

Xətai rayonunun Gəncə prospektində piyada səkilərinin zəbti başlayıb.

Sozcu.az xəbər verir ki, “Həzi Aslanov” metrostansiyasından Gəncə prospektinə qalxan Xudu Məmmədov küçəsində səkilər zəbt ediləndən sonra indi də prospektdəki piyada səkilərinin zəbtinə start verilib.

Belə ki, Xudu Məmmədov küçəsinin Gəncə prospekti ilə kəsişməsində yeni obyekt piyada səkisinin bir hissəsini “işğal edib”.

Qeyd edək ki, Xudu Məmmədov küçəsində vaxtaşırı olaraq piyada səkiləri zəbt edilir və cari təmir zamanı yolun eni azaldılaraq, yeni piyada səkisi düzəldilir. Ancaq az keçmir ki, yeni səki də zəbt edilir və növbəti dəfə eyni proses başlayır. İndiyə qədər davam edən “piyada səkisi düzəltmə və zəbt etmə” nəticəsində Xudu Məmmədov küçəsinin maşın zolaqları iki dəfə kiçilib.

Xətai rayon İcra Hakimiyyəti bunu obyekt sahiblərinin özbaşına etdiyini bildirsə də, prosesin artıq Gəncə prospektinə sıçraması təsdiqləyir ki, heç kim heç nəyi özbaşına etmir. Hər tikili üçün İcra Hakimiyyətinin razılığı mütləqdir. Əgər doğrudan da Gəncə prospekti kimi bir ərazidə tikilən obyektdən və səkinin zəbtindən Xətai rayon İH xəbərsizdirsə, demək, illərdir bu qurum öz işinin öhdəsindən gələ bilmir.

Beləliklə, “ilk addım” atıldı, yəqin ki, növbəti obyektlər piyada səkisinin tamamının zəbti ilə tikiləcək.axar

Facebook Comments