“Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?”

Rusiya rəsmiləri Azərbaycanı Qubadlıda tətbiq etdiyi NBM-ləri Laçında təkrarlamasına çalışır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Azərbaycan Laçın dəhlizindən iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir, xarici vətəndaşlar və beynəlxalq təşkilatlar da daxil olmaqla sülməramlı fəaliyyətin həyata keçirilməsi zonasına səfərlərin qaydasını rus sülhməramlı kontingentinin komandanlığı müəyyənləşdirib, bu, Azərbaycan və erməni tərəflərinə yaxşı məlumdur” bəyanatı, Azərbaycan ilə Rusiya arasında mövcud olan əlaqələrə zərər yetirmək məqsədilə səsləndirilib və bu, ilk dəfə deyil ki, baş verir. Xatırlayırsınızsa, Mariya Zaxarova keçən ilin avqustun 19-da keçirdiyi brifinqdə növbəti dəfə Rusiyanın Azərbaycan ilə Ermənistan arasında başa çatan münaqişəni nizamlanmaq əvəzinə İrəvana silah tədarük etməsinə aid suala verdiyi “Silah tədarükü Rusiyanın suveren hüququdur” cavabı rəhmətlik ATƏT-in həmsədri və Qarabağda sülhün təminatçısı qismində Birgə Bəyanatı imzalayan Rusiyanın rəsmisinin məsuliyyətsiz bəyanatı kimi dəyərləndirilmişdi.

M.Zaxarovanın əvvəlki bəyanatı, sülhmramlı fəaliyyətin neytrallıq və bitərəflik prinsiplərinə zidd idisə, bu dəfə səsləndirdiyi bəyanat Azərbaycan ərazilərində hansısa rus komandanın qaydalar müəyyənləşdirməsi ilə suverenliyimizi şübhə altına almasından başqa bir şey deyil. Sanki, Mariya Zaxova gah “balans” barədə səsləndirdiyi fikirləri, gah da rus əsgərin Laçın dəhlizində giriş və çıxışa dair qayda müəyyənləşdirməsini və bundan Azərbaycan rəhbərliyinin xəbərdar olmasını iddia etməklə, başa çatan münaqişənin alovlandırmağa, ən azından adı çəkilən dəhlizin Azərbaycan tərəfindən nəzarətə götürməsi məqsədilə atılan addım kimi dəyərləndirilməlidir.

Bu rəsmi vəzifə daşıyan birisinin ya artıq dediklərinin fərqində olmadığını, ya da bunları bilərəkdən səsləndirməklə 15 ay silahlıların Xankəndindən çıxarılmamasından əsəbləri tarıma çəkilən Azərbaycanı Qubadlıda tətbiq etdiyini NBM-ləri Laçında təkrarlamağa təhrik etmək niyyətini göstərir. Eyni fəaliyyətlərə və səhvlərə N.Paşinyan da Vətən Müharibəsindən əvvəl tez-tez yol verirdi. Nəticəsi isə həm Rusiya, həm də Ermənistan üçün çox ağrılı olduğu faktdır.
M.Zaxarovaya rus əsgərin Laçın dəhlizində giriş və çıxışa dair qayda müəyyənləşdirməsi barədə verdiyi bəyanatla bağlı bir neçə məqamı onun diqqətinə çatdırmağı vacib hesab edirəm:

1. Sülhməramlı funksiyasını üzərinə götürən tərəfin, münaqişə tərəflərindən biri və qalib tərəf olsan Azərbaycan ərazisində hansı qaydanı və hansı hüquqla müəyyənləşdirə bilərsiniz? Mariya xanımın Ermənistanla Azərbaycanı qarışıq salmadığına ümid edirəm.

2. Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib? Bundan niyə M.Zaxarovadan başqa kimsənin xəbəri yoxdur?

3.Rus sülhməramlı kontingentinin komandanlığı Azərbaycan ərazilərində qayda müəyyənləşdirmək əvəzinə, məsuliyyət daşıdıqları zonada atəşkəsə nəzarət etməklə bərabər erməni silahlılarını oradan çıxarmaqla məşğul olsunlar.

4. Səslənən son bəyanat, Azərbaycanın suveren hüqularını şübhə almaqla bərabər, Azərbaycan rəhbərliyinin rus kontingenti tərəfindən giriş-çıxış qaydalarını müəyyənləşdirmək üçün razılıq verdiyi anlamına gəlir. Buna aydınlıq gətirilməlidir.

5. Ermənistanın 30 ildə Azərbaycana qarşı silahlandırılmasını həyata keçirən bir ölkənin hərbi rəhbərliyi suveren ərazilərimizdə hansısa qaydalar müəyyənləşdirilməsi barədə səslənən bəyanat, rəsmi Bakı üçün qəbuledilməzdir və buna münasibət bildirilməlidir.

6. Sərsəm bəyanatın məhz 20 yanvar faciəsi günüdə səsləndirilməsi isə Mariya Zaxarovnın bu məsələdə məqsədlərinin daha uzağa getdiyindən xəbər verir.

7. Mariya xanım unutmasın ki, Ermənistanda Qarabağın itirilməsini Rusiyadan verilən silahların aşağı keyfiyyəti ilə əlaqələndirən ermənilərin sayı, dizertir erməni ordusunun fərarilərinin sayından daha çoxdur. Mariya xanım, lütfən insaf edin, əzik ermənilərin son ümidi olan Laçın dəhlizinin bağlanmasına və ya Bakıdakı dənizkarı bulvara yaxın ərazidə yerləşən Hərbi Qənimətlər Parkının genişlənməsinə razı olmayın.

M.Zaxarovanın məsuliyyətsiz bəyanatı mütləq şəkildə Azərbaycan Xarici işlər Nazirliyi tərəfindən ən qısa zamanda və adekvat tonda cavablandırılmasını gözləyirik.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments