Qərbi Azərbaycanda təhsili tərk edən uşaqların sayı çoxalıb

Üşnü fərmandarı təhsilini yarımçıq tərk edən məktəblilər barədə danışıb.

Qərbi Azərbaycan əyalətinin Üşnü (Üşnəviyyə) şəhərinin fərmandarı Seyid Əli Turabi son iki ildə şəhərdə təhsilini yarımçıq tərk edən məktəblilər barəsində danışıb.

Onun sözlərinə görə, son iki ildə koronovirusdan irəli gələn problemlər və başqa çətinliklər səbəbindən toplam 486 məktəbli təhsilini yarımçıq buraxıb.

Turabi məişət problemləri, qızların az yaşda ailə qurmağa məcbur edilməsi və uşaqların işə cəlb olunmalarının onların təhsildən qalmalarının əsas səbəbləri olduğunu deyib.

Qeyd edək ki, Qərbi Azərbaycanda təhsil sahəsində olan problemlər, məktəb və təhsil işçilərinin çatışmazlığı, məktəblilərin təhsili yarımçıq tərk etməyə məcbur olmaları barədə əyalətin təhsil məsulları dəfələrlə xəbərdarlıq ediblər.

Bundan öncə bu barədə rəsmi statistikalara istinad edərək Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Sepide Təyyib Qasimi açıqlama verib.

Əyalətin təhsil sahəsindəki problemlərindən danışan Sepide Təyyib Qasimi bildirib ki, Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutur.

Facebook Comments