Netanyahu barədə həbs qərarı verildi

İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahunun da daxil olduğu 37 nəfər barədə “soyqırım” ittihamı ilə həbs qərarı verib. Sozcu.az bu barədə TRT kanalına istinadən xəbər verir. Məlumata görə, qərar Qəzza zolağında həyata keçirilən hücumlar nəticəsində çoxsaylı mülki şəxsin, xüsusilə qadın və uşaqların həlak olması ilə bağlı aparılan istintaq çərçivəsində qəbul edilib. Prokurorluq sözügedən şəxslərin beynəlxalq hüquqa əsasən “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər” törətdiyini iddia edir. Hazırda Türkiyə tərəfindən beynəlxalq axtarış və hüquqi prosedurların başladılması istiqamətində addımlar atılır.

Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi

2016-cı ildə Aprel döyüşlərində şəhid olan Teymurov Pəncəli Nurməmməd oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına (ölümündən sonra) layiq görülüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Mühid Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə həlak olub. Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. 11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.

Prezident onlara “general” rütbəsi verdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd olunub: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: "general-leytenant" ali hərbi rütbəsi general-mayor Kənan Əlihüseyn oğlu Seyidova general-mayor Ağamir Əzizxan oğlu Sultanova "general-mayor" ali hərbi rütbəsi polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə polkovnik Anar Tofiq oğlu Hüseynova polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova "kontr-admiral" ali hərbi rütbəsi 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova".

Tramp Zəngəzur dəhlizindən danışdı

TRIPP layihəsi (beynəlxalq sülh və rifah üçün Tramp marşrutu) dünyanın iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəsindən keçən nəqliyyat dəhlizidir. Layihə Xəzər dənizinin digər tərəfində ticarət fəaliyyətinin artımını stimullaşdırmaq və Orta Asiya ölkələrinin inkişafına töhfə vermək üçün hazırlanıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump C5 + 1 görüşü zamanı bildirib. Trampa görə, bu marşrutun icrası Azərbaycan ilə Ermənistan arasında tarixi saziş sayəsində mümkün olub. "Bu tarixi saziş yeni bir “Tramp marşrutu” yaradır. Bu heyrətamizdir. Onlar - Azərbaycan və Ermənistan  bu marşruta mənim şərəfimə Tramp adını verdilər və mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Bu əslində böyük bir nailiyyətdir. Trampın yeni marşrutu beynəlxalq sülhün yoludur. İqtisadi cəhətdən əhəmiyyətli bir bölgədən keçir və Orta Asiya xalqlarına kömək edərək Xəzər dənizi boyunca ticarəti təşviq edəcəkdir. Əminəm ki, bu gün burada iştirak edən hər bir ölkə ortaya çıxan imkanlardan yararlana biləcək", - Tramp deyib. Donald Tramp ötən gün Ağ Evdə “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında region ölkələrinin liderlərini qəbul edib. Görüşdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak ediblər.

Zəfər Gününün hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

ABŞ-dan Orbana çağırış: Rus neftindən imtina…

Demokratlar və Respublikaçılardan ibarət bir qrup senator Macarıstanı Baş nazir Viktor Orbanın Vaşinqtona səfəri ərəfəsində Rusiyadan enerji almağı dayandırmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” senatorların hazırladığı qətnaməyə istinadla məlumat yayıb. “Sənəddə 10 senator Macarıstanın Rusiyanın yanacaqlarından asılılığını azaltmaq üçün heç bir əlamət göstərməməsindən narahatlığını ifadə edib. Onlar Orban hökumətini Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiyanın enerji idxalını tamamilə dayandırmaq təşəbbüsünə qoşulmağa çağırıb”, - məlumatda bildirilib. Qeyd edək ki, Orban noyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətində olduğunu açıqlayıb.

“Lukoyl” xarici aktivlərini sata bilmədi: ABŞ-dan qadağa

ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərini satmasının qarşısını alıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, ABŞ Maliyə Nazirliyi Ukraynadakı münaqişə davam etdiyi müddətcə “Gunvor” şirkətinə “Lukoyl”ın xarici aktivlərini almağa icazə verməyib. Qeyd edək ki, ABŞ sanksiyalarına məruz qalan “Lukoyl” xarici aktivlərinin olduğu “LUKOİL İnternational GmbH” şirkətini almaq üçün İsveçrənin “Gunvor” qrupundan təklif aldığını açıqlamışdı.

Tehran təxliyə olunmalıdır - Pezeşkian

Tehranda artıq su yoxdur və dekabr ayından suyu kvota ilə verməyə məcbur olacağıq. Sozcu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “Suyu kvota ilə versək də, yağış yağmayacağı təqdirdə paytaxt təxliyə olunmalıdır”, - o bildirib. Bununla eyni vaxtda Tehran əyalətinin Su və Kanalizasiya Şirkəti paytaxtda su çatışmazlığının təhlükəli həddə çatdığı haqda xəbərdarlıq edib.

Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bunu Sərkisyanın tərəfdarlarından olan Armen Aşotyan deyib. O bildirib ki, sabiq prezidentə yeni ittiham irəli sürülüb.

Belarusun ən böyük neft emalı zavodunda yanğın...

Belarusun ən böyük neft emalı zavodu olan “Naftan”da yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Naftan ASC-nin ərazisindəki texnoloji blokda baş verən yanğın söndürülüb”, - məlumatda bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı şəraitdə baş verməsi araşdırılır.

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan ərazisindən keçməklə Ermənistana gətirilən Rusiya buğdası Qida Təhlükəsizliyi Xidməti tərəfindən yoxlanılacaq. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Qida Məhsullarının Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya, Konsaltinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anuş Arutyunyan deyib. O, prosesin ümumi olduğunu və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində həyata keçirilən bütün tranzitlərdə məhsulların yoxlanıldığını bildirib: “Fitosanitar ekspertiza üçün nümunə götürüləcək və beləliklə məhsulun keyfiyyəti yoxlanılacaq. Aİİ ölkələri arasında yükdaşıma qaydası var, buna görə sərhəd nəzarəti həyata keçirilmir. Lakin yük boşaldıldığı yerdə yoxlanılacaq”. Qeyd edək ki, Azərbaycan tərəfi Rusiya buğdasının əvvəlcə ölkə ərazisi, sonra Gürcüstandan keçməklə Ermənistana çatdırılmasına icazə verib.

Bolqarıstan "Lukoyl"un zavodunu belə ələ keçirir

Bolqarıstan Rusiyanın neft nəhəngi “Lukoyl”a məxsus Burqasdakı neft emalı zavodunu nəzarətə götürməyə və başqa bir sahibkara satmağa imkan verən qanunvericilik dəyişiklikləri hazırlayır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, qanun layihəsi xüsusi təyin olunmuş menecerə neft emalı zavodunun satışına nəzarət etməyə imkan verəcək və onun sahibi “Lukoyl” şirkətinin qərara səs vermək və ya etiraz etmək hüququ olmayacaq.

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. İşğal tarixi, postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə səfirlərə məlumat verib. Bununla yanaşı, bölgədəki mina təhdidi diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Onkoloji xidmətlər icbari sığortaya daxil edilsin! - Komitə sədrindən TƏKLİF

“Təəssüf ki, icbari tibbi sığort ailə əhatə olunan dövlət proqramlarının tərkibində onkoloji xidmət yoxdur. Büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil”.  Sozcu.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün target və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur: “Bu dərman vasitələrinin qiyməti isə kifayət qədər yüksəkdir. Ayrılan vəsait bu dərmanların alının Azərbaycana gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb Azərbaycana gətirilməsinə əlavə vəsaitin ayrılması da nəzərdən keçirilməlidir. Çünki bu preparatlar olmadan onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari dövlət sığorta ilə əhatə olunması ilə həll ediləcək”.

Çiskin, duman, 23 dərəcə isti... - Sabahın habvası

Bakıda və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Rusiyanın iki neft emalı zavodu vuruldu

Ukrayna bu gün Rusiyanın neft emalı zavodlarına PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Volqoqrad vilayətində “Lukoyl” neft emalı zavodu vurulub. Zərbələr nəticəsində zavodda yanğınlar baş verib. Krımdakı “Krımneftesbıt” neft emalı zavodu da PUA hücumuna məruz qalıb.

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub. Sozcu.az xəbər verir ki, lirənin manat qarşısında dəyəri sabit qalıb və 100 lirə 4.04 manata bərabər olub. Avronun məzənnəsi artaraq 1.9561 manatda qərarlaşıb. 100 rublun məzənnəsi isə azalaraq 2.0897 manat təşkil edib.

Rusiyanın nəhəng elektrik stansiyası vuruldu

Rusiyanın Kostroma vilayətindəki enerji infrastrukturlarına PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində Kostroma DRES-də partlayışlar və yanğınlar baş verib. Stansiyanın ciddi zədə aldığı bildirilir. Qeyd edək ki, Kostroma DRES gücünə görə Rusiyanın üçüncü ən böyük İES-i hesab olunur. 3720 MVt gücü olan stansiya Rusiyanın mərkəzi regionlarının əhəmiyyətli hissəsini elektrik enerjisi ilə təmin edir.

Azərbaycanda ər odlu silahla arvadını öldürdü

Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Türkiyə aviaşirkəti Monteneqroya uçuşları ləğv etdi

Türkiyənin “Peqasus” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə Monteneqro Hava Limanı məlumat yayıb. “Türkiyənin aşağı büdcəli aviaşirkəti “Peqasus Airlines” noyabr 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa - Sabiha Gökçən istiqamətində aviareysləri isə davam etdirir”, - məlumatda bildirilib. Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Monteneqro” və Turkiyə Hava Yolları tərəfindən həyata keçirilməyə davam edir.

ABŞ Rusiyaya qarşı qabaqlayıcı nüvə raket zərbəsi məşqi keçirdi

ABŞ Rusiyaya qarşı qabaqlayıcı nüvə raket zərbəsi məşqi keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib. O, nüvə raket zərbəsi məşqinin oktyabr ayında keçirildiyini vurğulayıb.

Qriqoryan: TRİPP-in məqsədi Azərbaycanla...

TRİPP layihəsinin məqsədi təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə əlaqələr qurmaq, Ermənistan nəqliyyat marşrutlarının Avrasiya məkanı da daxil olmaqla daha geniş şəbəkələrə inteqrasiyasını təmin etməkdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib. O qeyd edib ki, TRİPP marşrutu təhlükəsizliyin təmin edilməsində mühüm vasitədir.

Fransada 35 yaşlı kişi maşını piyadaların üstünə sürdü, 10 nəfər yaralandı

Fransanın Oleron adasında sürücü maşını piyadaların və velosipedçilərin üzərinə sürüb. APA “NDTV”yə istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alıb və onlarda 4-nün vəziyyəti ağırdır. Hadisəni törədən 35 yaşlı şəxs polis tərəfindən saxlanılıb.  Yerli prokurorluğun bildirdiyinə görə, sözügedən şəxs Fransa hüquq-mühafizə orqanlarının izlədiyi radikal şəxslərin siyahısında olmayıb. Onun adanın yerli sakinlərindən olduğu bildirilib və cinayəti törətmək motivinin naməlum olduğu qeyd olunub. Detallar araşdırılır.

Sabunçuda hindliləri saxlayan pakistanlı tutuldu

Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib. Sozcu.az “Qaynarinfo"ya istinadən xəbər verir ki, məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Məhəmməd barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İrşad Məhəmməd azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib. O, Hindistanın "Surjit" adlı turizm şirkətinin müdiri Surcit Sinq ilə Bakıda tanış olub. Daha sonra tərəflər razılığa gələrək işbirliyinə başlayıblar. Razılaşmaya əsasən, Surcit hər bir Hindistan vətəndaşından 1 000 ABŞ dolları almaqla onları Bakıya işləməyə göndərəcək, Bakıda isə həmin şəxslər Beynəlxalq Dəniz Limanında aylıq 800 dollar maaşla işlə təmin ediləcəklər.  Bakıya gəldikdən sonra 31 hindistanlı İrşad Məhəmmədin Sabunçu rayonunda kirayələdiyi evdə bir aydan artıq qalıb. Təqsirləndirilən şəxs onların hər birindən əlavə olaraq 2 500 dollar alıb. Sabunçuda gizli yaşayan hindistanlılar ərazidəki sakinlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar ediliblər. Məhkəmədə İrşad Məhəmməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Hindistan və Pakistan arasında gərgin münasibətlərə istinad edərək, hindistanlıların ondan qisas almaq məqsədilə istintaqa yalan ifadələr verdiklərini iddia edib. Aparılan araşdırma nəticəsində İrşad Məhəmmədin həqiqətən də Surcit Sinq ilə cinayət əlaqəsinə girərək, 31 Hindistan vətəndaşının ölkədə qalma müddəti bitdikdən sonra onların qanunsuz şəkildə Azərbaycanda qalmasını təmin etdiyi və təkrarən qanunsuz miqrasiyanı təşkil etdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə İrşad Məhəmməd 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.