Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer dönəmində oyunçulara komandadan ayrılmaq ehtimalından söz açıb. Sozcu.az xəbər verir ki, bu barədə o,  Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğıub etdikləri matçdan sonra danışıb. “Bəzi təkliflərdən sonra futbolçuların başı gedir. Yəni pul onların gözünü örtür. Mən də onlara bildirirəm ki, belə olmaz. Həm klub rəsmiləri, həm də menecerlər tərəfindən o qədər lazımsız təkliflər gəlir ki… Amma bilmirlər ki, bunlar 3-5 manata oynayır. Belə halda 1-2 ay oyunçunun fikri dağılır. Elə olanda da gərək Çempionlar Liqasının qrupunda oynamayaq. Mən də bir baş məşqçi olaraq daim məsləhət verirəm. Amma özü, ailəsi düşünməlidir. Mənim üçün bu dəqiqə “Qarabağ”ı, bu futbolçuları əldə saxlamaq böyük bir problemə çevrilib. 90 faiz oyunçulara təklif var. Biri Çindən, biri Səudiyyə Ərəbistandan… Juninyonu verdik. Braziliya ona 5 milyon, “Sevilya” isə 3 milyon verdi. Amma biz İspaniyaya getməyinə razı idik, daha yaxşı yerə getməsini istəyirdik. Zənglər çoxdur".

Ukrayna ordusu üçün 4,1 milyard toplandı

Çexiyanın Qərb ölkələri hesabına Ukrayna ordusunu üçüncü ölkələrdən alınan sursatla təmin etmək təşəbbüsü 100 milyard kron (təxminən 4,1 milyard avro - red.) vəsait toplayıb. Sozcu.az xəbər verir ki, bu barədə Çexiyanın sabiq xarici işlər naziri Yan Lipavski deyib. Onun sözlərinə görə, Çexiya bu təşəbbüs çərçivəsində əsasən Niderland və Danimarka ilə əməkdaşlıq edir. Ukrayna bu il 1,8 milyon, proqramın başlamasından (2023-cü ilin əvvəlində) bəri isə ümumilikdə təxminən 4 milyon mərmi alıb.

ABŞ daha bir neft tankerini saxladı

ABŞ ordu qüvvələri Venesuela sahillərində neft tankerini saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb. ABŞ sanksiyalar siyahısında olan "Bella 1" adlı tankeri dayandırıb. Panama bayrağı altında üzən gəmi Venesuelaya neft yükləmək məqsədilə hərəkət edirmiş. Hadisə Vaşinqtonun daha əvvəl elan etdiyi dəniz blokadası çərçivəsində baş verib. Məlumata əsasən, tanker ABŞ qüvvələri tərəfindən Venesuela sahillərinə yaxın ərazidə ələ keçirilib. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Yeni hücum Putin üçün ölümcül olacaq - Rutte

Hazırda İkinci Dünya müharibəsindən bəri ən təhlükəli dövrlə qarşılaşırıq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. Onun sözlərinə görə, müttəfiqlər sülh müqaviləsindən sonra Ukraynanın bir daha Rusiya tərəfindən hücuma məruz qalmamasını təmin etməyə çalışırlar. "Putin başa düşməlidir ki, yeni bir hücum onun üçün ölümcül olacaq. Burada üç səviyyə var. İlk olaraq Ukrayna ordusu, ikinci "istəklilər koalisiyası”, sonuncu isə ABŞ...”, - deyə Rutte bildirib.

Qəzzada dəhşətli fırtına - 22 bina uçdu

Qəzzada güclü fırtına nəticəsində İsrail hücumları zamanı zərər görmüş 22 bina uçub. Sozcu.az xəbər verir ki, dağıntılar altında qalan 18 nəfər həyatını itirib. Fələstin Mülki Müdafiə Xidmətinin açıqlamasına görə, əlverişsiz hava şəraiti 10 dekabrdan bu yana davam edir.  Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya genişmiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində bölgədə minlərlə ev və mühüm infrastruktur obyektləri dağıdılıb.

Bakıda ağır qəza: 19 yaşlı gənc öldü

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, 77-GK-835 dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Naxçıvanda ər-arvad dəm qazından öldü

Naxçıvanda ər-arvad dəm qazından ölüb. Sozcu.az xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib. Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

Makron Merzə xəyanət etdi, əvəz ödəyəcək... - KİV

Fransa Prezidenti Emmanuel Makron dondurulmuş Rusiya aktivləri ilə bağlı Almaniya kansleri Fridrix Merzə xəyanət edib. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yüksək rütbəli AB-li diplomata istinadla məlumat yayıb. “Makron Merzə xəyanət etdi və o, bunun üçün əvəz ödəməli olacağını bilir. Amma o qədər zəifdir ki, Corciya Meloninin arxasında gizlənməkdən başqa çarəsi qalmadı”, - mənbə bildirib.

İsveç Rusiya bayrağı altında üzən gəmini saxladı

Dekabrın 21-i gecəsi İsveç hakimiyyəti mühərrikində nasazlıq yarandıqdan sonra ölkənin cənub sahillərində lövbər salmış Rusiya bayrağı altında üzən "Adler" gəmisini yoxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə İsveç Gömrük Xidməti məlumat yayıb. Gömrük rəsmiləri gəmiyə minərək Sahil Mühafizəsindən kömək istəyiblər. Eyni zamanda Milli Operativ Qrup da əməliyyatda iştirak edib və İsveç Təhlükəsizlik Polisi (SEPO) və Dövlət Prokurorluğu istintaqa cəlb olunub. İsveç gömrük nümayəndəsi Martin Höglund bildirib ki, hazırda gəmidə axtarışlar davam edir: "Biz yükü və sənədləri sistemli şəkildə yoxlayırıq; bütün bunları gömrük yoxlaması zamanı etmək hüququmuz var. Gəmi İsveç sularındadır və məlum səbəblərdən burada lövbər salmamalı olduğu üçün gömrük bəyannaməsini təqdim etməyib. Ekipaj iddia edir ki, mühərrikdə problemlər mövcuddur". "Adler" gəmisi 20 dekabr gecəsi Öresund boğazından şimala doğru hərəkət edərkən mühərriki sıradan çıxıb. İsveç sahillərində təcili yardım siqnalı alındıqdan sonra gəmi Kulla yarımadasında lövbər salıb. Gəmi ABŞ və AB sanksiya siyahılarında olan Rusiyanın "M Leasing LLC" şirkətinə məxsusdur.

Bu gün Azərbaycana QIŞ GƏLƏCƏK

Bu gün 19:03-də Azərbaycana qış fəsli daxil olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Bakıda yağış, rayonlarda duman - SABAHIN HAVASI

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Tərtərdə bir nəfər kanalda batdı

11:12 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən xəbər verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. *** Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub. Məlumata görə, Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir. Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.

Polisin əmrinə tabe olmadı, ağır qəza törətdi: 5 ölü

Türkiyədə ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Çanaqqala şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya çatıdırılıb. Məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin sürücüsünün yol hərəkəti qaydasını pozması olub. Sürücü polisin "saxla" tələbinə tabe olmayıb, nəticədə avtomobil qarşıdan gələn nəqliyyat vasitəsisinin yoluna çıxaraq onunla toqquşub.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1397-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 196 740 hərbçi, 11 435 ədəd tank, 23 770 ədəd zirehli döyüş maşını, 35 298 ədəd artilleriya sistemi, 1 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 263 hava hücumundan müdafiə sistemi, 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 70 789 ədəd avtomobil texnikası, 92 604 ədəd PUA, 4 073 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 029 xüsusi avadanlıq itirib.

Bakıda 19 yaşlı gənc qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırma aparılır.(Mənbə “Qafqazinfo”)

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi 3 azərbaycanlının həbs qətimkan tədbirinin müddətini uzadıb. Əziz Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev istintaq təcridxanasında qalacaqlar. Sozcu.az Lent.az -a istinadla bildirir ki, onların hər üçü Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsi üzrə ittiham olunur (əvvəlcədən əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən, tamah məqsədi ilə və ya sifariş əsasında törədilmiş qətl). Abbasov, Lalayev və Gənciyev 2026-cı il martın 29-dək həbsdə saxlanılacaqlar. İstintaq iddia edir ki, guya bu 3 nəfər mütəşəkkil cinayət qrupunun üzvləri olublar. Qeyd edək ki, bu ilin iyun ayında Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirilib. Nəticədə 50-yə yaxın həmyerlimiz saxlanılıb və əməliyyat zamanı onlardan 2-si qətlə yetirilib.

1396-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1396-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 195 610 hərbçi, 11 433 ədəd tank, 23 769 ədəd zirehli döyüş maşını, 35 287 ədəd artilleriya sistemi, 1 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 263 hava hücumundan müdafiə sistemi, 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 70 721 ədəd avtomobil texnikası, 92 488 ədəd PUA, 4 073 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 028 xüsusi avadanlıq itirib.

Maşın hasara çırpıldı: ölən var

Qazax rayonunda avtomobil hasara çırpılıb. Sozcu.az xəbər verir ki, hadisə Dəmirçilər kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Nicat Alıyev ölüb, 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Prezident kreslosundan yapışmaq niyyətim yoxdur - Zelenski

Prezidentlik postunda qalmaq niyyətim yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Prezident kreslosundan yapışmaq niyyətim qətiyyən yoxdur. Bütün imkanlar təmin edilərsə, demokratik seçkilər keçirməyə hazıram”, - deyə o bildirib.

Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırdı…

Tikinti sahəsində fəaliyyət göstərən “Royal Construction” şirkəti xeyli miqdarda cərimələnib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub. Belə ki, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət barədə protokol tərtib edilib. Məlum olub ki, “Royal Construction” Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində tikinti fəaliyyəti ilə bağlı çalışan əməkdaşları ilə əmək müqaviləsi imzalamayıb. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, “Royal Construction” 20 min manat məbləğində cərimələnib.

Ukrayna Rusiyanın Xəzərdə daha bir platformasını vurdu

Ukrayna ordusu Rusiyanın Xəzər dənizindəki üçüncü neft platformasına dronlarla zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, “Lukoyl” şirkətinin “Rakuşeçnoye” yatağında yerləşən müəssisəsi vurulub.

Beyləqanda azyaşlı quyuya düşərək öldü

Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Tatalılar kəndində baş verib. Kənd sakini 2023-cü il təvəllüdlü Uğur İmanzadənin evin həyətindəki kanalizasiya quyusuna düşərək öldüyü bildirilir. Faktla bağlı araşdırma başlanıb.

Ukraynadan şok: Aralıqda rus tankeri vuruldu

Rusiyanın “kölgə donanması”na məxsus tanker Aralıq dənizinin neytral sularında Ukrayna dronları tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində QENDİL adlı tanker ciddi xəsarət alıb və fəaliyyətini davam etdirə bilməyib.