82 yaşlı kişi sobanın üzərinə düşdü, yanaraq öldü

Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Qovlar kəndində 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə düşüb və yanaraq ölüb. Alov evin bir hissəsinə də keçib, amma tikili tam yanmayıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ vitse-prezidenti regiona gəlir - İrəvanda hazırlıq

ABŞ-dan olan nümayəndə heyəti bir neçə gün əvvəl Ermənistana gəlib. Onların gəlişi ABŞ-ın vitse-prezidenti Ceyms Vensin regiona səfərinə hazırlıqla əlaqəli olduğu bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, nümayəndə heyəti üçün Armenia Marriott otelinin ayrıca mərtəbəsi ayrılıb. ABŞ vitse-prezidenti C.D.Vensin İrəvana səfərinin 9 fevrala planlaşdırıldığı bildirlib. Onun daha sonra Bakıya səfər edəcəyi gözlənilir.

“İdrak” liseyində faciə - Bu məşhurların övladları orada oxuyur

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib. Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.  Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. “İdrak” liseyi Azərbaycanda ödənişli təhsil verən məktəblərdən biridir və şagirdlər burada illik 10000 - 16500 AZN arası təhsil haqqı ödəyirlər. Sozcu.az xəbər verir ki, lisey həmçinin bir sıra məşhur simaların övladlarına da təhsil verib və verməkdə davam edir. Onların arasında: Aparıcılar Zaur və Günay Baxşəliyevanın qızı Dilavər Əməkdar artist Aqşin Abdullayevin oğlu Akif Rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseyn (Əvvəl təhsil alıb) Müğənni Nazənin Salayevanın oğlu Orxan Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Dərya (yenisabah)

“İmişli”ni İmişlidə, “Araz-Naxçıvan”ı Naxçıvanda görənə mükafat veriləcək!

Rəşad Ergün Əksəriyyətimiz, hətta hamımız həmişə “bölgələr Azərbaycan Premyer Liqasında komanda ilə təmsil olunmalıdır” tələb-istəyindəyik. AFFA cari mövsüm başlamazdan əvvəl təqdir olunacaq iki addım atdı: legioner limitini ləğv etdi və Premyer Liqada komanda sayı 12-yə qaldırıldı. Əla! Super! Amma vəziyyət necədir? “Araz-Naxçıvan” təmsil etdiyi Naxçıvanda oynayır? “Kəpəz” ev oyunlarını Gəncədə keçirir? Bəlkə, imişlilər “İmişli”ni bu mövsüm doğma rayonlarında görüblər? “Turan Tovuz” da Tovuzdakı stadionunda yaranan problemlər səbəbindən Bakıya üz tutub. Bircə “Qəbələ” ilə “Şamaxı” adlarını daşıdıqları şəhərlərdə ev oyunlarını keçirir. Vəssalam, şüttamam. Yaxşı, bunun harası “bölgələrin Azərbaycanın futbol elitasında təmsilçiliyi” oldu? Naxçıvanlılar “Araz-Naxçıvan”ı Naxçıvanda görməyəcəksə, bu komandanın Muxtar Respublikanın adını daşımasının nə mənası var? “İmişli” bütün mövsüm ərzində ev oyunlarını orda-burda, indi də Qubada keçirəcəkdisə, İmişlinin adını niyə daşıyır? Bilmirsən, bütün bu biabırçılığı “faciə” ilə təsnifləndirəsən, ya “komediya” ilə. “Qarabağ” isə bütün bu həngamənin içindən çıxıb Çempionlar Liqasında “Nyukasl”la oyunlar keçirməlidir. Keyfiyyətsiz süni örtüklü meydançalardan, “İmişli”nin rəqiblərini aparıb saldığı palçığın içindən – Qubadakı “stadion”dan sağ-salamat çıxmalıdır. “Qarabağ”ın Çempionlar Liqasında qarşılaşdığı “Benfika”, “Kopenhagen”, “Ayntraxt” keyfiyyətsiz süni örtüklü meydançalarımızı, Qubadakı “stadion”u görsəydilər, “kül bizim başımıza, gör kimə uduzmuşuq” deyərdilər. Deyərdilər, mütləq deyərdilər. Amma yaxşı ki, onların gördüyü təkcə “Qarabağ”ın özüdür…(Komanda.az)

“İdrak” liseyi ilə bağlı ŞOK FAKTLAR - Qayınata-gəlin davası, kriminal hadisələr...

Xəbər verdiyimiz kimi, bu gün Bakıda fəaliyyət göstərən “İdrak” liseyində şagird müəllimi güllələyib. Gündəm olan bu xəbərdən sonra liseylə bağlı “Yeni Sabah”a maraqlı məlumatlar daxil olub. Bildirilib ki, əslində, bu tədris mərkəzində əvvəllər də oxşar kriminal hadisələr baş verib. Məsələn, təxminən 2 il əvvəl “İdrak”da şagirdlər bir-birini bıçaqlayıb. Lakin lisey rəhbərliyi məsələni gizlədib, ictimailəşməsinə imkan verməyib. Bundan başqa, “İdrak”ın rəhbərliyi haqda da maraqlı məlumatlar var. Belə ki, liseyin təsisçisi Möhsüm Ədil oğlu Alışovdur. Lakin hüquqi olaraq “İdrak”ın direktoru Möhsüm Alışovun gəlini Natavan Alışovadır. Eyni zamanda məktəbdə əsas söz sahibi Möhsüm Alışovun nazirliklərin birində yüksək vəzifə tutan oğlu İdris Alışovdur. İdris Alışovun qardaşının dinin fəaliyyəti ilə bağlı da maraqlı xəbərlər mövcuddur. Məlumata görə, lisey ilk olaraq Sumqayıtda fəaliyyətə başlayıb, sonradan Bakıda da eyni məktəb yaradılıb. Məktəbin idarəçiliyi ilə bağlı zaman-zaman ata-oğul, qayınata-gəlin arasında problemlər yaranıb. İdrislə Natəvan cütlüyünün qızları isə İngiltərədə təhsil alır. Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Yaralı müəllim xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsinin direktoru vəzifəsindən kənarlaşdırılıb. Bu barədə liseydə təhsil alan şagirdin valideynlərindən biri məlumat verib. Valideynlər məktəbdə təhlükəsizlik tədbirlərinin zəif təşkil olunduğunu iddia edərək, rəhbərliyin məsuliyyət daşıdığını bildirirlər. Xatırladaq ki, Bakıda yerləşən “İdrak” liseyində müəllimin güllələnməsi faktı ilə bağlı daha əvvəl məlumat yayılmışdı. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Məlumatlara görə, silahlı şagirdin vəzifəli şəxslərdən birinin övladı olduğu iddia edilir. Bu fakt isə cəmiyyətdə ciddi narahatlıq doğurub və digər valideynlər arasında təhlükəsizliklə bağlı suallar yaradıb. Valideynlər bildirirlər ki, yüksək təhsil haqqı tələb olunan özəl məktəbdə elementar mühafizə tədbirlərinin yetərli olmaması qəbuledilməzdir. Onların sözlərinə görə, məktəbə şagirdin silahla daxil olması mühafizə sistemində ciddi boşluqlardan xəbər verir. Qeyd edək ki, hadisədən sonra liseyin rəsmi saytına girişdə problemlər yaranıb. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, “İdrak” liseyi professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində təsis edilib, 2014-cü ildən Bakı filialı fəaliyyət göstərir. Liseydə ibtidai, ümumi orta və tam orta təhsil pillələri, həmçinin məktəbəqədər hazırlıq tədris olunur. Təhsil Azərbaycan, rus və ingilis dillərində (IB – Beynəlxalq Bakalavr proqramı üzrə) təşkil edilir. Bildirilir ki, valideynlər müəyyən saatlarda onlayn kameralar vasitəsilə dərs prosesini izləyə bilir, şagirdlər gündə iki dəfə yeməklə təmin olunur və müəssisə mühafizə xidməti tərəfindən qorunur, kənar şəxslərin girişinə məhdudiyyət tətbiq edilir. Bununla belə, ictimaiyyəti düşündürən əsas sual açıq qalır: ciddi mühafizə sistemi mövcud olduğu iddia edilən təhsil müəssisəsinə şagird silahı necə keçirə bilib və onu haradan əldə edib? İstintaqın nəticələrinin bu məqamlara aydınlıq gətirəcəyi gözlənilir.Tezadlar.az)

İslamabadda məsciddə partlayış - Ölənlər var

Pakistanın paytaxtı İslamabadda şiə məscidində partlayış törədilib.  Sozcu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb. Hadisə nəticəsində bir neçə insanın həlak olduğu bildirilib.  Polis rəsmisi Zafar İqbal deyib ki, partlayış cümə namazı zamanı baş verib. “Bir neçə nəfəri xəstəxanalara çatdırmışıq. İndilik neçə nəfərin öldüyünü dəqiq deyə bilmərəm, amma bəli, insanlar ölüb”, - o qeyd edib.

Həmin şagirdin sinif yoldaşı: “Dünən liseydə dedi ki…”

Hazırda “İdrak” liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar. Sozcu.az xəbər verir ki, “Yeni Sabah”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır. Şagirdlər evə göndərilir. İçəridən çıxan şagirdlərin əksəriyyəti hadisənin şokundadır. Onlar danışmaq istəmirlər. Valideynlər isə güllələnmənin necə və nəyə görə baş verdiyi barədə məlumatsız olduqlarını bildirirlər. Şagirdlərdən biri isə deyib ki, Ə.Ş. hadisəni əvvəlcədən planlaşdırmışdı. “Dünən liseydə dedi ki, hadisə olacaq. Bu gün də belə etdi. Dərs oxuyan uşaq idi, amma narazı idi”, – həmin şagird bildirib. Övladı “İdrak”da təhsil alan valideyn Aqşin Abdullayev isə deyib ki, uşaqlarının durumuna görə narahatdırlar. “Xəbər tutan kimi bura gəldim. Məktəbə girərkən ümumi yoxlama var, amma dəmir yoxlayan aparat yoxdur”, – o söyləyib. Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

13 dərəcə isti olacaq - Sabahın havası

Fevralın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

"İdrak" liseyində güllələnən müəllimin - Fotosu

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Sozcu.az Unikal-a istinadla güllələnən müəllimin fotosunu təqdim edir:

Güllələnən müəllimin vəziyyəti... - TƏBİB

6 fevral 2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzindən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: “Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”. Qeyd edək ki, bu gün liseydə 10-cu sinif şagirdi liseydə fəaliyyət göstərən riyaziyyat müəlliməsinə atəş açıb.

Müəllimin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir. Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

İdrak Liseyində şagird müəllimi güllələdi - Yeniləndi

10:26 Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin 29 yaşlı qadın riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir. Valideynlər hazırda öz övladlarını liseydən götürürlər. Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib: "Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib". *** "İdrak" liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub. Şahidlərin Report-a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib. Bildirilib ki, güllə Şəhla Kamilova adlı müəllimənin boyun nayihəsinə dəyib.

Kişi evində vurulan iynədən şoka düşərək öldü

Yevlax sakini evində vurulan iynədən şoka düşərək ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rayon sakini, 54 yaşlı Z.Quliyev sağlamlığında yaranan problem səbəbindən evində antibiotik iynə vurulub. Bundan sonra onun halı pisləşərək şoka düşüb. Zərərçəkən Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

İnsidentin baş verdiyi liseydə təhsil haqqı nə qədərdir?

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Sozcu.az xəbər verir ki, sözügedən lisey ölkədə ən prestijli özəl təhsil müəssisələrindən biridir. Bu təhsil ocağında illik təhsil haqqı ibtidai pillədə ödəniş 10000-12500 manat, orta siniflər üzrə isə 10500-16500 manat təşkil edir. Liseydə qiymətlər tədris dilinə, dərs vəsaitlərinə, qidalanma (səhər və günorta yeməyi), məşğələlər, müəllimin yerli və ya xarici olmasına, eləcə də təhsil pilləsinə görə fərqlənir. Xatırladaq ki, "İdrak" liseyinin baş direktoru Mövsüm Alışovdur.

Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı

Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qız barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsində qərar qəbul edilib. Nizami Rayon Prokurorluğu tərəfindən yeniyetməyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Qeyd edək ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onu da qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.

Zelenski açıqladı: Bu ərazilər Rusiyaya birləşməyəcək!

İşğal olunmuş Ukrayna ərazilərinin statusunu dəyişdirən heç bir sənəd imzalamayacağam. Xüsusilə, müvəqqəti işğal olunmuş Ukrayna ərazilərini Rusiya Federasiyasının bir hissəsi kimi tanımayacağıq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Polşa Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.

6 yaşlı uşağa işgəncə verən şəxs “general-mayor”un oğlu imiş

Bakıda əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli saxlanılıb. Buna onun azyaşlıya işgəncə verməsi səbəb olub. Məlumata görə, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir. Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. (News24.az)

Fevralın 6-sı ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası fevralın 5-də davam etdirilib. Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib. Sozcu.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər. Məhkəmə qərarında elan olunub ki, dövlət ittihamını müdafiə edən prokurorların təklifi nəzərə alınmaqla məhkəmə tərəfindən Arayik Arutyunyana, Arkadi Qukasyana, Bako Saakyana, Davit İşxanyana, Levon Mnatsakanyana, David Babayana və David Manukyana cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq təqsirli bilindikləri aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə dair cəza təyin edilməyib. Qeyd edilib ki, təqsirləndirilən şəxslər Arkadi Qukasyan və Bako Saakyan ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, hökm çıxarılanadək 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Təqsirləndirilən şəxslər Arayik Arutyunyana, Arkadi Qukasyana, Bako Saakyana, Davit İşxanyana, David Babayana, Levon Mnatsakanyana, David Manukyana, Madat Babayana, Melikset Paşayana, Qarik Martirosyana, Davit Allahverdiyana, Vasili Beqlaryana, Qurgen Stepanyana, Levon Balayana və Erik Qazaryana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlar həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib. Bundan başqa, ittihamın Arkadi Qukasyana, Bako Saakyana, Levon Mnatsakanyana və David Manukyana aid hissəsindən Cinayət Məcəlləsinin 218.1, 218.2, 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib. Həmçinin Arayik Arutyunyana, Davit İşxanyana, David Babayana, Madat Babayana, Melikset Paşayana, Qarik Martirosyana, Davit Allahverdiyana, Vasili Beqlaryana, Qurgen Stepanyana, Levon Balayana və Erik Qazaryana qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib. Daha sonra məhkəmə iclasına sədrlik edən elan edib ki, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Levon Henrixi Mnatsakanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. David Azati Manukyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Davit Rubeni İşxanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. David Klimi Babayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin. Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan (Ğukasyan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bako Sahaki Saakyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Madat Arakeli Babayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Melikset Vladimiri Paşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qarik Qriqori Martirosyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Davit Nelsoni Allahverdiyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Levon Romiki Balayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Vasili İvani Beqlaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qurgen Homerosi Stepanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Erik Roberti Qazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

ABŞ-İran danışıqları ləğv olunur? - AÇIQLAMA

İran-ABŞ danışıqları sabah Omanda keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi X-də yazıb. O, Oman tərəfinə bütün zəruri tədbirləri təşkil etdiyi üçün təşəkkür edib. Xatırladaq ki, ötən gün Qərb mediası amerikalıların görüş yerini Türkiyədən Omana köçürməkdən imtina etməsi səbəbindən danışıqların baş tutmayağını bildirdiyini yazmışdı.

Güclü külək Bakıda 78 ağacı sındırdı

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağacın sınması, 40 ağacın budaqlarının qırılması qeydə alınıb. Bu barədə Sozcu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bu günlərdə gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb və ərazi təmizlənib.

Bakıda qar, çovğun… - Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Ana və 3 övladı dəm qazından zəhərləndi

Mingəçevirdə ana və 3 övladı yaşadıqları evdə dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, zərərçəkmiş 2010-cu il təvəllüdlü D.Yusifli, 2014-cü il təvəllüdlü N.Yusifli, 2015-ci il təvəllüdlü E.Yusifli və 1988-ci il təvəllüdlü N.Yusifova xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.