Paşinyan XƏBƏRDARLIQ ETDİ - "...statusundan asılı olmayaraq..."

Paşinyan İrəvandakı etirazlarla bağlı hökumətə xəbərdarlıq edib. Sozcu.az bu barədə erməni mediasına istinadən xəbər verir. "Bizdə olan məlumata görə, hüquq-mühafizə sistemi bütün lazımi vasitələrə malikdir və mümkün təxribat və iğtişaşlara qarşı sərt tədbirlər görməyə hazırdır. Bütün təxribatçılar statusundan asılı olmayaraq saxlanılacaq”. - , deyə Ermənistanın baş naziri bildirib.

Delimitasiyaya qarşı çıxanlar İrəvana çatdılar – Mitinq keçirilir

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən yürüşünün iştirakçıları İrəvana çatıblar. Sozcu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, 16:00-dan etibarən Respublika meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirilir. Onlarla siyasi və ictimai təşkilat, həmçinin bir sıra ziyalılar müxalifət hərəkatı ilə həmrəy olduqlarını bildiriblər. “Bu hərəkat zorakılıq haqqında deyil, bizim xalqımız, ölkəmiz alçaldılmış vəziyyətdədir”, - deyə Baqrat Qalstanyan bildirib. Qeyd edək ki, “Vətən üçün Tavuş” hərəkatı sərhədlərin delimitasiyasına, həmçinin iki ölkə arasında dörd kəndin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmaya etiraz edir.

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - AÇIQLAMA

Anaları tərəfindən küçəyə atılan qız uşaqlarının kiçik bacısı da sığınacağa yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat paylaşıb. “Ötən gün anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağı sığınacağımıza gətirilmişdi. Uşaqların ən balacası isə evdə qalmışdı. Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq 3 bacı sığınacaqda qalacaq. Bacılar gələn gündən DYP əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır. Tezliklə uşaqların təhsilləri bərpa olunacaq”. Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlayıb. M.Zeynalova məlumatı təsdiqləyib: “Bacıları əvvəl də paylaşmışdıq. Onlar uşaq evində qalıblar. Daha sonra qızlardan biri analarını istəyib. Uşaq evi tərəfindən analarına təhvil verilib. Bir müddət sonra ana ona şiddət və zorakıllıq tətbiq edib. Sonra baxımsız vəziyyətdə küçəyə tərk edib. Kiçik uşaqları özündə saxlamışdı. əvvəlcə iki bacı Sosial Xidmət agentliyinin əməkdaşları tərəfindən buraya gətirildi. Daha sonra digərini də bizim sığınacağa yerləşdirdi. Üç bacı sığınacağımızda qorunur. Ümumilikdə beş uşaqdırlar. Böyüyü oğlandır. Gəlmək istəmir. Digəri isə xəstəxanada müalicə alır. Ananın yanında qalmaları təhlükəlidir. Hələ təhsilləri bərpa olunmayıb. Hazırda psixoloji yardım alırlar. Geyimlə təmin olunublar. Binəqədi rayonunda yaşayırdılar. Ataları bunları tərk edib. Analarının da psixoloji problemi var. Qohumları belə, körpələrə sahib çıxmaq istəmirlər”.

Kürdəmirdə bədbəxt hadisə: 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. "Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib. Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb . Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır. Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır. Faktla bağlı araşdırma aparılır.

Bakının məşhur bazarı söküləcək - Detallar

Ötən ilin dekabr ayında Nizami rayonunda yerləşən və “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin sökülməsinə dair məlumatlar dolaşırdı. Bu xəbər çox ciddi sosial təlatüm yaratdı. Həmin bazarda çalışan ticarətçilər narazılıq və narahatlıq ifadə etdilər. Sonradan “Vosmoy” bazarının sökülməyəcəyi ilə bağlı açıqlamalar oldu. Hazırda da sökülmə prosesinin təxirə salındığını görürük. Amma belə bazarların ömürlərini başa vurduğu və onların plana düşəcəyi ilə bağlı söz-söhbətlər və ehtimallar hələ də dövriyyədədir. Son günlər “Keşlə” bazarının söküləcəyi deyilir. Bu xəbər doğru olarsa, oradakı ticarətçilər hara köçürülə bilər? Belə hallarda ticarət mərkəzinin qiymətləndirilməsi hansı şəkildə aparılır? Mövzu ilə bağlı Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, “Keşlə” bazarının sökülməsi artıq öz təsdiqini tapıb. Onun sözlərinə görə, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə qədər olan hissədə yeni avtomobil yolunun çəkilişinə start verilib: “Həmin işlər çərçivəsində “Keşlə” bazarı da layihəyə düşən obyektlər sırasındadır. Hesab edirəm ki, ən azı bazarın bir hissəsi və ya hamısı söküləcək. Çünki yolun keçdiyi ərazi “Keşlə” bazarından keçir. Belə olan halda təbii ki, bazar da qiymətləndiriləcək. Bazarın qiymətləndirilməsi Azərbaycan Respublikasının Qiymətləndirmə Fəaliyyəti Haqqında qanunla, eyni zamanda milli və beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq müvafiq qurumların cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən həyata keçiriləcək. Buna uyğun olaraq da bazar rəhbərliyinə ödəniş olunmaqla o ərazilər dövlət ehtiyacları üçün mülkiyyətçidən alınacaq”. R.Osmanlı deyib ki, bazarla bağlı ümumi məlumat tərəflərə bildiriləcək: “Qiymətləndirmə məsələsi isə müvafiq sənədlər təqdim olunduqdan sonra qiymətləndirici tərəfindən prosesin necə həyata keçirilməsi sifarişçi və tərəflərə bildiriləcək. “Keşlə” bazarında çalışanların hara köçürüləcəyi təəssüf ki, mənə məlum deyil. Bilirəm ki, orada kifayət qədər çoxsaylı ticarət obyektləri var. Hər halda hökumət ticarətçilərin yerləşdirilməsi ilə bağlı da addımlar atacaq”.

Özü II Dünya müharibəsində, oğlu I Qarabağ savaşında döyüşdü, nəvəsi şəhid oldu - 100 yaşlı VETERAN

Bu gün faşizm üzərində qələbənin 79 ili tamam olur. Tarixə İkinci Dünya müharibəsi kimi düşmüş savaşda Azərbaycandan da 600 min nəfər iştirak edib. Hazırda onlardan cəmi 30 nəfəri həyatdadır – sağdır. Sozcu.az-ın məlumatına görə, faşizm üzərində qələbədə payı olanlardan biri də Füzuli rayonunun sakini Rəşid Mənsim oğlu Qasımovdur. Maraqlıdır ki, Rəşid kişi Qələbə günündə həm də yubileyini qeyd edir - onun 100 yaşı tamam olub. Rəşid Qasımov 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, hitlerçilərlə döyüşlərin birində sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra rayonun təsərrüfat həyatının ön sıralarında olan Rəşid Qasımov aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. Rəşid kişinin oğlu və nəvəsi də Qarabağ savaşında iştirak ediblər. Belə ki, onun oğlu Nofəl Qasımov I Qarabağ savaşı dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Nofəl Qasımov 1992-1993-cü illər arasında – müharibənin ən qızğın vaxtlarında təxminən 9 ay Füzuli rayonunun müdafiəsinə rəhbərlik edib. Daha sonra ata və oğulun yolunu nəvə davam etdirib. Belə ki, Rəşid Qasımovun nəvəsi Səid Rəşidzadə 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Babasının adını soyad götürən Səid 2016-cı ildə baş verən Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında vuruşub. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib. 2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndən sonra könüllü olaraq hərbiyə qayıdıb. Baş leytenant Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Hadrutun girişində Şişqaya deyilən yüksəkliyinə bayraq sancan zaman snayper gülləsi ilə vurulub. Oktyabrın 11-də Səid şəhid olub, 12-də isə Hadrutun azad olunduğu elan edilib. Səidin şəhid olduğunu babasından gizlədiblər. Rəşid kişi nəvəsinin şəhidlik zirvəsinə yüksəlməsindən televiziya vasitəsilə xəbər tutub. Keçmiş icra başçısı, şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov 100 yaşlı atası Rəşid kişi haqqında belə deyib: “Atam əvvəlcə 50-ni də aşırdı, indi də 100 də çatdı, gerisi uca Allaha bağlıdır. Haqqına yaşadı, ədalətli yaşadı, zəhmətlə yaşadı, İkinci Dünya müharibəsində vuruşdu, Qarabağ müharibəsinin acılarını gördü, amma əyilmədi. Həyatımda nəyi düz etmişəmsə, atamdan öyrənmişəm, səhvlərim öz günahımdı. Doğma Füzuli rayonunda 100 yaşı keçən 3 kişi vardı, atam Rəşid Mənsim oğlu Qasımov 4-cü kişi oldu”.(Modern)

Türkiyədə dəhşətli zəlzələ gözlənilir: 16 şəhər təhlükə altındadır - ADLAR

Türkiyədə zəlzələ ilə bağlı anonslar verilməyə davam edir.  Yenisabah.az bildirir ki, Prof. Dr. Ahmet Ercan Türkiyənin zəlzələ riski ilə bağlı növbəti dəfə açıqlama verib. Qeyd edib ki, ölkənin bir sıra ərazilərində 7 bal gücündə zəlzələ ehtimalı yüksəkdir.  "Hər zəlzələ yeni bir enerji, bir geotermal doğuşdur" deyən professor riskli ərazilərin adının bir-bir sadalayıb. Ahmet Ercan Afyon, Germencik, Nazilli, Aydın, Dənizli, Buharkent, Salihli, Bursa, Balıkəsir, Simav, Dikili, Gümüldür, Ərzincan, Ərzurum, Ladik və Bolu şəhərlərinin adını deyərək, bu bölgələrə diqqət çəkib. 

Bu ərazilərə qar yağdı

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, Şahdağa qar, Xınalıqda isə sulu qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm-ə çatıb. Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Kürdəmirdə 27 mm, Cəfərxanda 19 mm, Biləsuvar, İmişlidə 16 mm, Neftçala, Şamaxıda 14 mm, Qrız, Oğuzda 12 mm, Lənkəranda 11 mm, Yevlax, Göygöl, Ordubad, Qobustan, Xaltan, Şəki, Mingəçevir, Lerik, Naftalan, Qax, Tərtər, Gədəbəy, Şahbuz, Sabirabadda, Altıağac, Göyçay, Yardımlı, İsmayıllı, Astara, Naxçıvan, Sədərək, Qusar, Zərdab, Beyləqan, Gəncə, Balakən, Şərurda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2 mm, Maştağa, Sumqayıt, Neft Daşları, Binədə 1 mm-dək olub. Naftalan, Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 11-14, dağlıq rayonlarda 4-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta olub.

Rus səfirdən təxribat: "Köçəri"ni erməni rəqsi adlandırdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində 9 May günü ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, o, müsahibəsində "Köçəri" rəqsinin ermənilərə məxsus olduğunu iddia edib. "Böyük Vətən Müharibəsində Sovet İttifaqı xalqlarının Qələbəsinin ən parlaq görüntülərindən biri də Reyxstaqın divarlarında ermənilətin "Köçəri" rəqsi olub", - səfir deyib. Qeyd edək ki, “Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilmişdir. “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur.

Bu tələbələri çətin günlər gözləyir: Qiymətlər artacaq...

Türkiyədə lirə dəyərdən düşməyə davam edir. Bu da ilk olaraq, həmin ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Sözügedən proses qardaş ölkədə həm də bir çox sahə və xidmətlərin qiymətlərində bahalaşmaya səbəb olub. Türkiyə həmçinin, Azərbaycanın idxal və ixracında mühüm rol oynayır. Ona görə də baş verən inflyasiya ölkəmizə də təsirsiz ötüşməyəcək. Bir sıra iddialar var ki, bu bahalaşma orada təhsil alan azərbaycanlı tələbələrin xərclərinin artmasına gətirib çıxaracaq.  Ekspertlər isə bu barədə birmənalı düşünmür. “Yeni Sabah”a danışan iqtisadi ekspert Eldəniz Əmirov bu prosesin tələbələrə necə təsir edəcəyini belə şərh edib:  “Ümumiyyətlə, Azərbaycanda təhsil Türkiyə və digər inkişaf etmiş ölkələrlə müqayisədə daha ucuzdur. Burada təhsil almaq imkanı daha genişdir. Ona görə də, zənn etmirəm ki, Türkiyədə təhsil haqqı və kirayə xərclərinin artması hansısa şəkildə bu istiqamətə gedən tələbələrin sayında azalmaya səbəb olmayacaq. Təbii olaraq qiymət faktoru hər zaman önəmli rol oynayır. Ancaq sözügedən prosesin bu sahəyə ciddi bir təsir edəcəyi ehtimal edilmir”.  İqtisadçı Eyyub Kərimli isə bildirib ki, lirə dəyərdən düşsə də, manatın sabit qalması bu prosesi müəyyən qədər tənzimləyir:  “Hazırda Türkiyədə durmadan artan infilyasiya və lirənin dəyərdən düşməsi xidmətlərin və təhsil qiymətlərinin artmasına təsir edəcək. Bu da həmin ölkəyə təhsil almağa gedən vətəndaşlarımızın artıq vəsait xərcləməsinə səbəb ola bilər. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycan manatı türk lirəsinə qarşı daha sabit və bahadır və milli pulumuzla Türkiyədən daha çox alışveriş etmək imkanı var.  Hesab edirəm ki, növbəti aylarda belə davam edərsə, bu proses bu ölkəyə turist olaraq səfər edən vətəndaşlarımızın, təhsil alan insanlarımızın büdcəsinə mənfi təsir göstərəcəkdir. Bu isə xərclərin artmasına gətirib çıxaracaq”. 

Rusiya qoşunları Ukrayna şəhərində mühasirəyə düşdü - Təcili

Ukrayna müdafiə bölmələri Krasnoqorovka şəhərinə daxil olan Rusiya hücum qrupunu mühasirəyə alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” qoşunlarının əməliyyat-strateji qrupunun nümayəndəsi, polkovnik-leytenant Nazar Voloşin deyib. “Düşmən kiçik qrupla şəhərə soxulub və zavod ərazisində yerləşib. Bölmələrimizin, xüsusilə 59-cu briqadanın səyləri nəticəsində düşmənin hərəkəti məhdudlaşıb və hələ də oradadır”, - deyə o bildirib. Voloşin qeyd edib ki, hazırda Rusiya hərbçilərinin sursat təchizatı kəsilib.

SON DƏQİQƏ: CHP lideri Azərbaycana GƏLİR

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, “Habertürk” kanalına müsahibəsində müsahibəsində məlumat verib. O, partiya sədri seçildikdən sonra ilk xarici səfərini Şimali Kiprə etdiyini xatırladıb. “Daha sonra Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – Özəl qeyd edib. O, səfərin qarşıdakı günlərdə baş tutacağını bildirib. “Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”, – Özəl müsahibəsində qeyd edib.

Övladlarını sobaya çırpdı, atasını... – BAKIDA DƏHŞƏTLİ AİLƏ FACİƏSİ

“2017-ci ildən hadisə olan günə qədər övladlarımı və valideynimi içib döydüyümü xatırlamıram. Həmin gün 2 litr araq içmişdim”. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri məhkəmə qarşısında atasını döyərək öldürməkdə və övladlarına mütəmadi olaraq döymək, zorakı hərəkətlərlə güclü fiziki ağrı, psixi iztirablarla əzab verməkdə təqsirləndirilən Namiq Məmmədov deyib. Qısa məlumat: Hadisə ötən ilin avqustunda paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində qeydə alınıb. Belə ki, Bakı şəhərində yaşayan, 47 yaşlı Namiq Məmmədov 2017-ci ildən hər gün spirtli içki qəbul etməyə başlayıb. İçkili evə gələrək 75 yaşlı atasını, 71 yaşlı anasını, 21, 20 və 15 yaşlı övladlarını döyüb. 2017-ci ilin əvvəlindən 2023-cü ilin avqust ayına qədər mütəmadi olaraq yaşlı anasını yumruq və təpiklə döyüb, çoxsaylı zərbələr endirib. Övladlarına isə bədənlərinin müxtəlif nahiyələrinə təpik zərbələri endirib, başına qazan qapağı çırpıb, qaldırıb döşəməyə atıb. Daha sonra, övladlarının başını divara, elektrik sobasının şüşəsinə vurub.   Hadisə günü spirtli içki qəbul edərək evə gəlib atası ilə mübahisə etməyə başlayıb. Atası ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənində dayanan atasının sinə nahiyəsinə qəsdən təpiklə zərbə vuraraq onun hər iki ağ ciyərini dağıdıb, qabırğalarını sındırıb. Nəticədə atası pilləkəndən aşağı daşın üzərinə düşərək, həyatını itirib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə cinayət işi açılıb. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə aparılıb. Məhkəmədə ifadə verən təqsirləndirilən Namiq Məmmədov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində hadisə günü 2 litr spirtli içki qəbul etdiyini deyib: “Son 1 ildir hər gün içki içirəm. Ailəmlə çox mehriban olmuşuq. Amma içkili olanda necə davrandığımı xatırlamıram. Nələr baş verdiyi də ağlımda deyil. Atamı öldürmək niyyətim olmayıb. İçki almaq üçün evdən pul götürmək istədim atam qoymadı. Buna görə onu itələdim. İtələdikdən sonra onun pilləkəndən düşdüyündən xəbərim olmayıb. Uşaqlarım deyirsə, deməli bu əzabları onlara etmişəm. Özüm xatırlamıram”. N.Məmmədovun istintaqdakı ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu zaman istintaqdakı verdiyi ifadə zalda elan olunub. O, həmin ziddiyyəti istintaq zamanı yazılan ifadəni oxumadan imzalaması ilə əlaqələndirib. Məhkəmədə onun anası Sima Məmmədova ifadə verib. Qadın oğlunun hadisə günü içkili halda bıçağı götürüb itin başını kəsəcəyini deyib: “Saat təxminən axşam 10 radələri idi. Namiq evə içkili gəldi. Qızı Könül ona ayran düzəldib, televizorda baxması üçün kino açdı. Bir az keçdi Könül gəlib atasının yatdığını dedi. Təxminən 40 dəqiqə keçmişdi ki, Namiq oyanıb, evin ortasında oğlu Fərmaili qışqırıb çağırdı. “Sən mənə sifət etdin” deyib, durduq yerə uşağı döydü. Fərmail qorxub o biri otağa qaçdı, yalvarmağa başladı. Həyat yoldaşımı oyadıb, vəziyyətin yaxşı olmadığını dedim. Elə bu zaman Namiq əlində bıçaq “iti gətirin başını kəsəcəm” dedi. Daha sonra, qızı Simanın başını divara vurmağa başladı. Atası Namiqə “ay bala döymə, yazıqdır” dedi. Buna əsəbiləşib Namiq təpiklə atasını vurdu. Yoldaşım pilləkəndan daşların üzərinə düşərək öldü”. Namiq Məmmədovun qızı, zərərçəkmiş Könül Məmmədova ifadəsində qeyd edib ki, atası bacısının pişikdən qorxduğunu bildiyi üçün üstünə pişik tullayırmış: “Atam hər zaman olduğu kimi evə içkili gəldi. Yatıb durduqdan sonra qışqıraraq qardaşımı çağırdı. Fərmaili döydü. O, qorxub qaçdığı üçün atam bacım Simanın yanına gəldi. Sima pişikdən çox qorxur. Bunu da atam bilirdi. Amma qəsdən onun üstünə pişiyi tullayıb, başını divara vurmağa başladı. Nənəm qışqıraraq qonşuları köməyə çağırdı, babam da pilləkəndə dayanıb yalvarırdı döyməməyi üçün. Atam əsəbiləşib onu möhkəm təpiklə vurub pilləkəndən yerə yıxdı. Babamın yıxıldığını görüb otağa girdi. Simaya “Hər şey pişik üzündən oldu” deyib, telefonu götürüb getdi”. Namiq Məmmədovun məhkəmədə ifadə verən digər qızı Sima Məmmədova atasının onu pişiyin çölə qaçdığı üçün döydüyünü bildirib: “Yuxudan durub içkili halda qardaşımı döyməyə başladı. Qorxudan mən otaqdan çıxmadım. Qardaşım qaçandan sonra gəldi mənim üstümə pişik atdı. Pişik qorxub otaqdan qaçdığı üçün məni döyməyə başladı. Boğazımdan tutub başımı divara vurdu. Atam babamı polisə zəng etdiyini düşündüyü üçün təpikləyib. Qorxduğum üçün otağa qaçdım, hadisənin davamını görmədim. Amma səsləri eşidirdim. Daşın qırılmasını, arxasınca bacımın və qardaşımın səslərini eşidib çölə çıxdım. Babamın hərəkətsiz şəkildə yerdə uzandığını və başından qan axdığını gördüm”. Zərərçəkmiş şəxsin hüquqi varisi, oğlu Fərmail Məmmədov məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirib. İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs arvadı ilə 2015-ci ildən ayrı yaşamağa başlayıb, 2016-cı ildə isə rəsmi olaraq boşanıblar. Bildirilib ki, o, yoldaşını da içki içərək hər gecə döyüb. Qadın buna dözməyərək onları qoyub evdən gedib. 1 il sonra rəsmi boşanıblar. Məhkəmənin qərarı ilə uşaqlar Namiq Məmmədovun himayəsinə verilib. Məhkəmənin yekun qərarı ilə Namiq Məmmədov cinayətdə təqsirli bilinib. O, 12 il müddətində azadlıqdan məhrum edilib. Azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Rusiyanın dondurulmuş pulları Ukraynaya "axacaq"

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadə olunması barədə ilkin razılıq əldə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçika hökuməti məlumat yayıb. Bildirilib ki, Aİ səfirləri Rusiyanın immobilizasiya edilmiş aktivlərindən qaynaqlanan gəlirlərlə bağlı tədbirlər haqqında prinsipial razılığa gəliblər. “Pul Rusiya təcavüzü kontekstində Ukraynanın bərpası və hərbi müdafiəsini dəstəkləməyə xidmət edəcək”, – məlumatda qeyd olunub. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen müvafiq razılaşmanı təqdir edib. Aİ rəsmisi bu barədə “X” hesabında paylaşım edib: “Mən Rusiyanın immobilizasiya edilmiş aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadə edilməsi təklifimizlə bağlı bugünkü siyasi razılaşmanı alqışlayıram. Bu, Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha güclü simvol və daha böyük fayda ola bilməz”.

“4 ildir ki, nə özün varsan, nə səsin...” - Milli Qəhrəmanın oğlundan təsirli sözlər

“Canım Atam! Bu gün sənin 51 yaşın tamam oldu. Ancaq heyf, biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm, görəsən, 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi? Yoxsa elə 47 yaşda olduğu kimi qalardın?” Sozcu.az xəbər verir ki, bunu şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev sosial şəbəkə hesabında yazıb. O, atasının doğum gününü bu sözlərlə təbrik edib: “Heyf bilməyəcəyik, çox heyif. Axı, biz necə razı ola bilirik bu hala? Necə səni hər ziyarət etdikdən sonra tək buraxıb gələ bilirik evə? Axı, çox vaxt görüşəndə sən də bizlə gələrdin evə. Artıq 4 ildir ki, nə özün varsan, nə səsin. Ad günün mübarək, qəhrəman atam. Səni çox istəyirik. Sən bizim ailənin, Azərbaycanın, millətin fəxrisən. İllər ötəcək, bizlər yox olub gedəcəyik. Ancaq sənin kimi adını şanlı tarixə yazdırmış qəhrəman Vətən övladları heç vaxt unudulmayacaq və yaddan çıxmayacaq”. Qeyd edək ki, İlqar Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordeni ilə təltif edilib. 2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun artilleriya rəisi təyin olunub. 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycannın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. İlqar Mirzəyev ailəli idi. Bir oğul və bir qız övladı qalıb.bakupost)

Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki,  Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.

“Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü” - Şəhidin qardaşı

“Atam son nəfəsində qardaşımın şəklini qucaqlayıb dünyadan köçdü”. Bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna mayın 8-də İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Ayaz Həbibulla oğlu Ağayevin qardaşı Eynulla Ağayev bildirib. O, atasının ötən illər ərzində bir dəqiqə də olsa, ümidini üzmədiyini və oğlunun yolunu gözlədiyini bildirib: “Atamın uzun illər ərzində qardaşımı tapmaq üçün döymədiyi qapı, müraciət etmədiyi qurum qalmadı. Həmişə də bizə dönə-dönə deyirdi ki, əgər ömrüm vəfa etməsə, məndən sonra da qardaşınızı axtarıb tapın. Bu gün artıq atamın da ruhu şad və rahatdır”.

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ

Təhsil TV tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı proqram yayımlanır. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a bildirilib ki, "Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri" proqramı cari ildə sertifikatlaşdırma imtahanı keçiriləcək fənləri əhatə edir. Proqramda həmin fənlər, metodika və pedaqogika üzrə mövzuların izahı təqdim olunur. Müəllimlər bu proqramı Elm və Təhsil Nazirliyi, həmçinin Təhsil TV-nin rəsmi feysbuk səhifələri üzərindən izləyə bilərlər.

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim

30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü il tarixdə keçirilən imtahanda 40 imtahan və 21 müsahibə balı olmaqla cəmi 61 bal toplamışam. Buna baxmayaraq, neçə ildir Sabunçu rayon 271 saylı məktəbin direktoru Səbinə Qasımova mənə ibtidai sinif vermir və mən yalnız ibtidai siniflərə musiqi və texnologiya fənlərini tədris edirəm. Bu sözləri Axar.az-a şikayətində 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova deyib. “Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram”, - şikayətçi bildirib. S.Bağırova məktəbdə biabırçılıqların baş verdiyini qeyd edib: “Məktəbi bir dəfə yoxlasalar, görərlər ki, necə biabırçılıqlar baş verir. 271 saylı məktəbin 10 və 11-ci sinif şagirdləri dərsə gəlmir, dərs saatlarının pulunu da müəllimlərlə direktor öz aralarında bölür. Bundan başqa, məktəbimizdə 7-ci saatın dərsləri də keçirilmir, məşğələlər olmur, direktor sözügedən dərs saatlarını münasib bildiyi müəllimlərin adına yazır və sonradan dərs saatlarına ödənilən pulları ona geri verirlər. Məktəbimizdə bağban ştatı var, amma maaşını direktor alır. Ayşən və Sevər adlı şəxslər də ştat cədvəlində xadimə kimi müqavilə bağlayıblar, sadəcə, faktiki olaraq laborant işləyirlər. Müəllimlərin sertifikasiyasından keçməyən dörd nəfər ibtidai sinif müəllimi iki aklad sinif aparırlar, mənə isə normal dərs saatı belə verilmir”. Müəllim hətta məktəbi Sicilya mafiyasına bənzərdib: “271 nömrəli məktəbdə Siciliya mafiyasına bənzər mafiya yaradılıb. Qocaman və daha təcrübəli Ofeliya Arazova gənc direktor Səbinə Qasımovanı tam idarə edir, kiminlə necə danışmaq, kimi sıxışdırmaq olar, hamısını o həll edir. Bir sözlə, mafiyanın başçısı Ofeliya Əkrəm qızı Arazovadır”. Onun sözlərinə görə, direktor başqa müəllimləri də hədələyir, amma işdən çıxarılma təhlükəsinə görə hamı qorxusundan susur: “Məktəbimizin müəllimlərinin tən yarısı direktor Səbinə Məmmədağa qızı Qasımovanın onlara münasibətindən çox narazıdırlar, bütün bunları onlar ikilikdə mənə etiraf edirlər və bildirirlər ki, işlərini itirəcəklərindən qorxduqları üçün susurlar. Ən dəhşətlisi isə odur ki, direktor ibtidai sinif müəllimələrindən birini evində nökər kimi işlədir, bunu da ərazidə hamı bilir. Onu da əlavə edim ki, direktor və müavini məni intihar həddinə çatdırıblar”. Qeyd edək ki, məsələ ilə bağlı 271 saylı tam orta məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxladıq. Direktor iddiaları təkzib etdi və bildirdi ki, Səltənət Zahid qızı Bağırova Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməlidir.

Dönərdən zəhərlənənlərin 15-i UŞAQDIR

Zaqatalada zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb.  Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.  “Mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.  Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb.  Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”, - açıqlamada deyilir. 

Dövlət qurumuna sərt ittiham: “Onların ucbatından insanlar ölür”

“Ümumiyyətlə, Azərbaycanda qida zəhərlənmələri illər boyu gizlədilir. Bu hələ AQTA yaranmamışdan öncə başlayıb və hələ də davam edir". Bunu "Yeni Sabah"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. O, mayın 7-də Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı danışıb. Xatırladaq ki, hazırda dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb. Onların hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış qidadan istifadə etdiyi iddia olunur. Baş verən hadisə bir daha ölkədə qida zəhərlənmələri ilə bağlı problemləri gündəmə gətirib. Mövzu ilə bağlı Yenisabah.az-a danışan AİB sədri Eyyub Hüseynov da qida zəhərlənmələrini ciddi problem hesab edir: “AQTA-nın saytına baxsaq, görərik ki, qida zəhərlənmələrinə görə Azərbaycan dünyanın ən xoşbəxt ölkəsidir. Bütün bunlara baxmayaraq, insan ömrünün uzunluğuna görə Azərbaycan 190 ölkə arasında 119-cu yerdədir. Afrikanın və Asiyanın bir sıra geridəqalmış ölkələrindən belə geridəyik. Bu o deməkdir ki, qidalarımız heç də təhlükəsiz deyil. Agentlik yarananda düşünürdük ki, bu problemlər həll olunacaq, lakin bu belə olmadı. Mən 2 il AQTA-da ictimai şuranın üzvü oldum və dəfələrlə dönərxanalarda vəziyyətin düzəldilməsi ilə bağlı məsələ qaldırdım. Lakin bu çıxışlarım qurumda ironiyaya səbəb oldu. Dönərxanalarda xüsusən quş ətləri ilə bağlı ciddi problemlər var. Məsələ təkcə ətdə deyil, eləcə də mayonez və dönərə əlavə olunan digər əlavələrdədir. Mayonezin saxlama müddəti qabı açıldıqdan sonra 5 saatdan artıq deyil. Amma bir çox dönərxanaya mayonez açıq şəkildə gətirilir və isti şəraitdə saxlanılır. Bundan başqa, bu gündən sabaha qalan, boyat dönərin satışı problemi var”.  Eyyub Hüseynov qanunvericilikdə də ciddi boşluqların mövcudluğunu vurğulayıb: “Dönər elə bil məhsuldur ki, hansı şəraitdə saxlanmasından asılı olmayaraq, 1 gün qaldıqda mütləq kiflənir. Ona görə də elə bil nəzarət sistemi qurulmalıdır ki, bu gündən sabaha saxlanılan dönərin satışı qadağan olunsun. Çox təəssüf,  AQTA-nın çatışmayan fəaliyyətlərindən biri də budur ki, mallardan arxayın olmaq üçün sənəd, sertifikat yoxdur. Sadəcə olaraq AQTA istehsalçı müəssisələrini dövlət büdcəsinə kiçik bir məbləğ ödəməklə reysterə daxil edir. Ciddi çatışmazlıq olan məsələlərdən biri də qanunlardakı boşluqdur. AQTA-nın elə bir səlahiyyəti yoxdur ki, istənilən məntəqəyə cəld müdaxilə edə bilsin. AQTA-nın əsasnaməsinə mütləq dəyişiklik edilməlidir. Belə bir vəziyyətdə, əlbəttə, zəhərlənmələr çoxalacaq. Hesab edirəm ki, Zaqataladan baş verən zəhərlənməmin mənbəyi xammaldan gəlir. Dönərxanalar eyni məntəqədən mal götürür və orada ciddi çirklənmə baş verib. Ona görə bu istiqamətdə AQTA ciddi araşdırma aparmalıdır”.

Oteldə zəhərlənən 4 dost haqda ilginc faktlar: Biri gömrükdə rəis müavinidir

Bakıda “My Music” otelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb.  Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib.  İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib edirlər: “Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər”.  Hadisə nəticəsində dünyasını dəyişmiş 1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı, diqqətində olub.  1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.  1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır. 1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır. Prezidentin şəxsən tapşırığı ilə onlara ev verilib. Onun Astara Gömrük İdarəsinə müavin təyin olunması da bundan sonra baş verib.  Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.  Qeyd edək ki, Səbail rayonunda yerləşən “My Music” otelində 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilir ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.  Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.  Hazırda araşdırmalar davam etdirilir. 

"Bakı ölüm zonası hesab olunur"

"Əhalinin Bakıya cəmlənməsi insanların ömrünün qısalmasına səbəb olan amillərdən biridir".  Sozcu.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Yusifov deyib. Onun sözlərinə görə, Bakıda insanların məskunlaşması ciddi problemlərə səbəb olur: "Bütövlükdə Qafqaz coğrafiyası uzun ömürlülər diyarı olub. İnsanın uzun ömür sürməsi üçün bütün faktorlar mövcuddur. Ona görə də Azərbaycan xalqı bu coğrafiyada həmişə uzun ömürlülər statistikasına daxil olub. Ancaq təəssüflər olsun ki, son 15-20 ildə Azərbaycan orta yaş həddinə görə sonuncu yerdə olan ölkələrin sırasında gəlir". Sosioloqun fikrincə, bunun səbəbləri çoxdur: "Həm təbii, həm də sırf insanla bağlı süni səbəblər var. Azərbaycan təbiəti kütləvi şəkildə özünün xarakterini dəyişir. Məsələn, Bakı şəhərində statistikaya əsaslansaq, yaşıllıqların ümumi sahəsi 1991-ci illə müqayisədə ən azı 50% azalıb. Bunun müqabilində isə isə insanların sayı kifayyət qədər çoxalıb". Ekspert bildirib ki, Bakı yaşayış üçün təbii baxımdan ən əlverişsiz zonaya çevrilib: "Səbəbi budur. İnsanın yaşadığı ərazidə hava ekoloji baxımdan təmiz, okisgenlə zəngin olmalıdır. Mütəxəssislərin verdiyi rəyə görə Bakı şəhərində okisgenin səviyyəsi yaşayış üçün tələb olunan səviyyədən iki dəfə azdır. Ona görə də bu mənada Bakı ölüm zonası hesab olunur. Okisgenin azlığı insan orqanizminin immun sisteminin aşağı düşməsinə, onun yaddaşının və bütövlükdə orqanizmin tez zəifləməsinə gətirib çıxardır". Sosioloq əlavə edib ki, Azərbaycan əhalisinin təxminən yarısı Bakı şəhərində yaşayır: "10 milyon əhalinin təxminən 2 milyonu Rusiyada, 1 milyona yaxını Türkiyədə, Ukraynada və digər ölkələrdədir. Deməli, Azərbaycanda real əhalinin 7 milyon civarında götürmək olar. Bunun da 3 milyon yarımı Bakı şəhərindədirsə, Azərbaycan əhalisinin təxminən yarısı paytaxt şəhərində cəmlənib. Ona görə də uzun ömürlülərin sayı azalır. Çox yaşamağın şərtləri də çoxdur. Burada psixoloji-sosial, təbii coğrafi faktorlarda var. Bakı şəhərində təbii yaşayış üçün tələb olunan şərtlərin heç biri mövcud deyil. Bakının nə uca dağları, nə də meşə örtüyü var. Nə çəmənləri, nə axar çayları mövcuddur. Bakı tarixən səhra zonasıdır".  Sosiloq hesab edir ki, xalqın bu gün istifadə etdiyi ərzaqların keyfiyyəti köklü sürətdə dəyişib: "İnsanlar əvvəllər təbii ərzaqlarla qidalanırdısa bu gün az qala 90% əhali zərərli qatqıları olan məhsullarla qidalanır. Bunun nəticəsində orqanizimdə təbii qocalma prosesi sürətlənir. Məsələn, bu gün hamının böyük market şəbəkələrindən aldığımız məhsullar kimyəvi qatqılıdır. Onlar insan orqanizmində hüceyrələr tərəfindən sorulmur. Nəticədə orqanizmin qocalmasını sürətləndirir. Azərbaycan xalqının yenidən uzun ömürlülər siyahısına qayıtması üçün əvvala Ərzaq Təhlükəsizliyi mükəmməl şəkildə işlənməlidir və ölkəyə gətirilən trans yağlar, geni dəyişdirilmiş meyvələr tamamiylə bazardan yığışdırılmalı və insanların qida rasionundan çıxarılmalıdır". Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda uzun ömürlülərin statistiksa açıqlanıb. 2024-cü ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı 280 nəfər təşkil edib. Onların 36 nəfəri kişi, 244 nəfəri isə qadındır. 

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb - YENİLƏNİB-2

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. *** Saart 21:20 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub. Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb. Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır. *** Saat 20:35 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələrdə var. Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər. Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər. Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb. *** Saat 18:17 Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.